Məhkəmə qərarları › İş №2-1(107)-133/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-133/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-133/2025 19.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X6 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2- 1(116)-2136/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2136/2024 nömrəli qərardadı ilə X15, X12 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.

3. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Cavabdeh üzərinə Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış yeri üzrə qeydiyyata alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 08 may 1999-cu ildə X16 ilə nikaha girməklə evlənmişdir. Birgə evlilikdən 23 fevral 2005-ci il təvəllüdlü Fidan, 29 mart 2006-cı il təvəllüdlü Türkan adlı qızları olmuşdur. X4 09 iyul 2015-ci ildə vəfat etmişdir. İddiaçı 09 avqust 2016-cı ildə Mingəçevir şəhər Məhkəməsində mərhum əri və onun anası Xatın Tağıyevanın yaşadığı və sonuncunun mülkiyyətində olmuş Mingəçevir şəhəri Ərəş küçəsi 44 saylı evə istifadə hüququnun tanınmasına dair iddia qaldırmışdır. Müxtəlif mübahisələrdən sonra Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(107)- 177/2024 saylı qərardadı ilə iddiaçının cavabdehlər X13, X14, X7, X8 və X9 qarşı Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata – iddiaçının Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı evdən qanunla müəyyən edilmiş qaydada istifadə hüququ olduğundan və həmin hüquqla bağlı mübahisə olmadığından - xitam verilmişdir. Qərardaddan iddiaçının qərardad əsasında qeydiyyata düşə bilməyəcəyi əsasında kassasiya şikayəti versə də şikayəti təmin olunmamışdır. Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(107)-177/2024 saylı qərardadını Mingəçevir regional «Asan xidmət» Mərkəzinə təqdim edərək yaşayış yeri üzrə qeydiyyata düşmək üçün müraciət etmişdir. 12 mart 2024-cü il tarixdə cavabdeh orqan ərizənin təmin edilməsindən imtina etmişdir. İddiaçı məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir.

6. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs X19 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Sözügedən mənzilin paylı mülkiyyətçiləri, üçüncü şəxslər X15 və X12 məhkəməyə teleqramla müraciət edərək iddiaçının həmin ünvana qeydiyyata alınmasına etiraz etmədiklərini bildimişdirlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 22 oktyabr 2024-cü il tarixli 2- 1(116)-2136/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

10. Üçüncü şəxs X18 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız İddiaçı dediyinə istinad edərək bildirmişdir ki, o bu evə ailə üzvü kimi köçürülmüşdür. Guya qayınanası ilə birlikdə təsərrüfat idarə edir. Həmin evdə ondan başqa da gəlinlər yaşamış və hal-hazırda da ailələri ilə birlikdə yaşayırlar. 70 il bu evdə doğulub böyüyən adamlar evin kiçik bir hissəsində yaşamağa məcburdurlar. Evin ona məxsus böyük bir hissəsini zəbt edərək blokadaya alaraq yiyənlənmiş və özlərinin inşa etdikləri evə və sanitar qovşağına əvvəllər pulla (50 qəpik) sonra isə tam qıfıllayaraq bizi buraxmır. X18 bu evdə daimi qeydiyyatdadır, yəni evin 90% qədəri, yəni 34/40 hissəsində onun mülkiyyət hüququ vardır. xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarış vardır. İddiaçı Taığyeva Arzu özünə məxsus istifadə hüququndan da üstün olan mülkiyyət hüququndan və iki dəfə də istifadə hüququndan könüllü olaraq imtina etmişdir. Onun bu evə heç ehtiyacı da yoxdur. İddiaçı öz mülkiyyətidə ola evi vardır və sərbəst şəkildə ora qeydiyyata düşə bilər. Onun bu evə qeydiyyata düşmək fikri məkrli xarakter daşıyır. Onun pay mülkiyyətinin çox olduğunu və evin əsas hissəsinin ona məxsus olduğunu dəqiq bilir, lakin ona o evə girməyə icazə vermir. Onun məqsədlərini daha yaxşı bildiyi üçün onun bu evə qeydiyyata düşməyinə hüquqi varis və üçüncü şəxs kimi buna qəti etirazını bildirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)-2136/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)- 2136/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh iddiaçıların ilkin müraciətinin təmin olunmasından imtina etmişdir.

2. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunun surəti.

3. 2022005668 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ərəş küçəsi 44 saylı ev X15, X12, İddiaçı, X20 və X10 ümumi paylı mülkiyyətindədir.

4. Mingəçevir şəhəri MKT İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 587 nömrəli arayışından görünür ki, X15, X1 şəhəri Ərəş küçəsi ev 44 ünvanında qeydiyyatsız yaşayırlar.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2024-cü il tarixli 2(107)-177/2024 saylı qərardadının surəti.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli 2(102)-1550/2024 saylı qərarının surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir... 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

18. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

19. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İş materialları ilə müəyyən olunur ki, Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış evi üzərində ümumi paylı mülkiyyət hüququ üçüncü şəxs X18 və digər şəxslərə məxsusdur. Üçüncü şəxslər X15, X2 Arzu Qəhraman qızının övladları, X3 Arzu Qəhraman qızının baldızıdır. X16 ilə İddiaçı Qəhraman qızı arasında nikah xx.xx.1999-cu il tarixdə bağlanmışdır, X16 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı fərdi yaşayış evinin paylı mülkiyyətçiləri olan övbladlları ilə birlikdə həmin ünvanda yaşayır.

27. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2024-cü il tarixli 2(107)-177/2024 saylı qərardadının icrasının təmin etməməmişdir.Həmin Qərardadda qeyd etmişdir ki, iddiaçı mübahisəli evə və torpaq sahəsinə həmin əmlakları vərəsəlik qaydasında əldə etməzdən öncə ailə üzvü kimi köçürülmüş, həmin torpaq sahəsi və evdən istifadə hüququ əldə etmiş və iddiaçının mərhum qayınanasının istəyinə uyğun olaraq onunla birgə təsərrüfat aparmışdır. Onun həmin evdən istifadə hüququ yaranmışdır və bu hüquq məhdudlaşdırıla bilməz.

28. Göründüyü kimi üçüncü şəxslər Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçilərindən biridir, iddiaçı isə onun ailə üzvləridir. Bu isə o deməkdir ki, iddiaçının həmin mənzildən istifadə etmək, yəni əmlak hüquqları mövcuddur. Bu hüquq mülki mühakimə icraatı qaydasında məhkəmə tərəfindən təsdiq olunmuşdur.

29. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən iddiaçının tələbdə qeyd olunan ünvanda qeydiyyatı üçün zəruri olan şərtlər: daimi və ya daha çox yaşaması şərti mövcuddur.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

32. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan qərarında yaşayış sahəsində faktiki yaşama və ya istifadə hüququ olmanı zəruri şərtlər olaraq müəyyən etmişdir ki, hazırkı tələbə münasibətdə hər iki şərt yerinə yetirilir.

33. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, belə olan halda digər üçüncü şəxslərin, iddiaçıların həmin mənzilə qeydiyyata alınmasına razılıq verib-verməməsinin heç bir əhəmiyyəti qalmır.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmamasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)-2136/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar