Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-134/2022 27.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2-1(116)-480/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0.75 ha ona, 0.25 ha mərhum qardaşı X2 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərilməklə DƏDRX-nin 29 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən 25.11.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq iddia ərizəsində olan nöqsanların aradan qaldırılması təklif edilmiş və bunun üçün 10 gün müddət təyin edilmişdir.
3. İddiaçı 15.02.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
4. Hazırkı iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddiaçının ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 fevral 2022-ci il tarixli 2- 1(116)-480/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0.75 ha ona, 0.25 ha mərhum qardaşı X2 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərilməklə DƏDRX-nin 29 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Şəki İnzibati Məhkəməsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "mülkiyyətlərində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0,75 ha ona, 0,25 ha mərhum qardaşı X2 məxsus olan torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərilməklə DƏDRX-nin 29 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa düzəliş edilməsi və yeni Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, eyni zamanda eyni iddia tələbi ilə cavabdehin olduğu yerin məhkəməsinə, yəni Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi məktubla ona müraciət edərək mərhum qardaşı X1 adına qeydə alınmış 0,25 ha torpaq sahəsi barəsində vərəsəlik işinin həll edilməsinin vacib olduğunu, əks təqdirdə həmin hissədə məhkəmə araşdırılması aparılmayacağını bildirmişdir. O, vərəsəlik işinin aparılmasının, vərəsələrin bir araya gətirilməsinin və sənədləşmə işlərinin aparılmasının bir qədər vaxt alacağını nəzərə alaraq 15.02.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək həmin vərəsəlik işi həll olunana kimi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Lakin hakim qəbul etdiyi 18 fevral 2022-ci il tarixli 2-1(116)-480/2022 nömrəli qərardadla İPM-in 55-ci maddəsinə istinad edərək onun vərəsəlik işinin həll olunmasına kimi iddia ərizəsini və digər sənədləri geri götürmək barədə xahişini iddiadan imtina kimi qiymətləndirmişdir. Halbuki, həmin maddədə iddiaçının iddiadan imtina etməsindən bəhs olunur. O isə iddia tələbindən imtina etməmişdir. Bundan başqa həmin qərardadda İPM-in 55.3-cü maddəsinə istinad olunaraq qeyd olunur ki, iddiaçı 30 gündən çox müddətdə məhkəmə icraatından yayınmışdır. Yuxarıda qeyd etdiyi kimi vərəsəlik işinin aparılması uzun müddət aparan bir prosesdir. Digər tərəfdən o, həm səkkiz yaşlı oğlunun xəstə olması və cavabdehin Bakı şəhərində olması ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə də eyni iddia tələbi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2-1(112)-3821/2022 nömrəli qərardadı ilə onun iddia ərizəsi aidiyyatı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin həmin qərardadını 2 fevral 2022-ci il tarixində almışdır. O isə 15 fevral 2022-ci ildə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Yəni iddiaçı 13 gün keçəndən sonra Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hər iki məhkəmə eyni hüquqlu məhkəmədir və eyni predmeti və eyni hüquq münasibətini və eyni tərəfləri araşdırıb qərarlar çıxarıblar. Yəni iddiaçı məhkəmə icraatından yayınmamışdır və iddia tələbindən imtina etməmişdir. Şəki İnzibati Məhkəməsinin qeyd olunan qərardadı onun gələcəkdə, yəni mərhum qardaşının adına olan torpaq sahəsi barədə vərəsəlik işini həll etdikdən sonra eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək hüququndan məhrum edir və bu səbəbdən də ləğv edilməlidir. Qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 18.02.2022-ci il tarixli qərardadı 12.03.2022-ci ildə yaşadığı ünvana verilmişdir. Qəbələ rayonunda olduğu üçün qərardadı vaxtında ala bilməmişdir. Qərardaddn şikayət vermə müddətinin sonuncu günləri bayram ərəfəsinə düşdüyündən və iş günü olmadığından həmin şikayəti 29.03.2022- ci il tarixdə verməyə məcbur olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2-1(116)-480/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X3 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmək istəyir. Yəni, iddiaçı hazırkı iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.
15. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı geri götürülmüş saymaqla və iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2-1(116)-480/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Məhkəmə kollegiyası bir daha iddiaçının nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2-1(116)-480/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.