Məhkəmə qərarları › İş №2-1(107)-134/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-134/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-134/2024 24.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşına çatdığı və əmək şəraiti xüsusilə zərərli işlərdə işlədiyi üçün ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-1212/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1978-ci ildə əmək fəaliyyətinə başlamışdır. İddiaçı 13 yanvar 1993-cü ildə Azərbaycan Dövlət Rayon X1 Ölçü cihazları və Avtomatikası sexinə “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1993-cü il tarixdə idarə aparatı “kompüter təminatı qrupu”na operator, xx.xx.1993-cü il tarixdə X4 və Avtomatikası sexinə “operator” vəzifəsinə qəbul edilmişdir. xx.xx.1998-ci ildə İdarə aparatı kompüter qrupuna “Elektrik maşınları üzrə operator”, xx.xx.2003-cü ildə İdarə Aparatı ümumi şöbəyə “operator”, xx.xx.2003-cü ildə İdarə aparatı “Kompüter qrupuna” operator vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci ildə İdarə aparatı Mühasibatlıq şöbəsinə kompüter qrupuna operator, xx.xx.2009-cu il tarixdə X4 və Avtomatik İdarəetmə sisteminin “kompüter qrupuna” operator, xx.xx.2017-ci ildə isə Elektrik sexinə mütəxəssis vəzifəsinə təyin olunmuşdur və hazırda həmin vəzifədə işləyir. Qeyd edilən vəzifələr zərərli hesab olunur və buna görə də əmək haqqına hər ay 12 faiz həcmində əlavə əmək haqqı ödənilmiş və hazırda əmək məzuniyyətinə çıxdıqda da 6 təqvim günü məzuniyyət günlərinə əlavə olunmuşdur. İddiaçı pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubu göndərmişdir.

3. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçı S.K.X2 təqdim etdiyi ИТ-0448325 nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin 27 may 2022-ci il tarixli 07-57 nömrəli və 5 avqust 2022ci il tarixli 07-79 nömrəli arayışlarda xx.xx.1993-cü il tarixdən bugünədək Azərbaycan Dövlət Rayon X1 Ölçü Cihazları və Avtomatika sexində elektron hesablama maşınlarının operatoru, İdarə aparatında kompüter təminatı qrupuna operator, İdarə aparatında ümumi şöbədə operator, İdarə aparatında mühasibatlıq şöbəsində kompüter qrupuna və elektrik sexində mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bundan başqa, iddiaçının təqdim etdiyi sözügedən müəssisəyə dair 1 iyul 2009-cu il tarixli, həmçinin 24 may 2021-ci il tarixli 32 və 100 nömrəli əmək şəraiti üzrə iş yerinin attestasiya xəritələrində işlədiyi istehsalat sahələrinin UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələri olması ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəblərdən də iddiaçının güzşətli iş stajı yoxdur. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkili iddia ərizəsinə, iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 noyabr 2023-cü il tarixli 2- 1(116)-1212/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı S.K.X2 təqdim etdiyi ИТ-0448325 nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin 27 may 2022-ci il tarixli 07-57 nömrəli və 5 avqust 2022-ci il tarixli 07-79 nömrəli arayışlarda xx.xx.1993-cü il tarixdən bugünədək Azərbaycan Dövlət Rayon X1 Ölçü Cihazları və Avtomatika sexində elektron hesablama maşınlarının operatoru, İdarə aparatında kompüter təminatı qrupuna operator, İdarə aparatında ümumi şöbədə operator, İdarə aparatında mühasibatlıq şöbəsində kompüter qrupuna və elektrik sexində mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bundan başqa, iddiaçının təqdim etdiyi sözügedən müəssisəyə dair 1 iyul 2009-cu il tarixli, həmçinin 24 may 2021-ci il tarixli 32 və 100 nömrəli əmək şəraiti üzrə iş yerinin attestasiya xəritələrində işlədiyi istehsalat sahələrinin UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələri olması ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəblərdən də iddiaçının güzşətli iş stajı yoxdur. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-1212/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-1212/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)- 1212/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İ-ИЕ seriya nömrəli 815980 nömrəli iddiaçıya aid “Doğum haqqında Şəhadətnamə”in surəti; İİ-ЖГ seriyalı 383927 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti; ИТ-İ seriyalı ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının təsdiqlənmiş surəti; Azərbaycan Respublikasının Azərenerji ASC "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-10/2-196 nömrəli məktubu; Azərbaycan Respublikasının Azərenerji ASC Azərbaycan İstilik Elektrik stansiyası MMC-nin xx.xx.2022-ci il tarixli 07-57 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş peşə və vəzifədə işləmişdir; "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 38 nömrəli qərarına əsasən, "xxxx" MMC-nin sex və sahələrində 5 ildən gec olmayaraq müqavilə əsasında Xüsusi Mərkəzləşdirilmiş Laboratoriya tərəfindən iş yerlərinin attestasiyası keçirilir. Xüsusi laboratoriya tərəfindən keçirilmiş attestasiyanın nəticəsi olaraq hər bir iş sahəsi üçün əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi tərtib edilərək müəssisəyə təqdim edilir. xx.xx.2009-cu il üçün tərtib edilmiş xəritədə YT (yüksək tezlikli), Maqnit sahəsi V/m 0,25- 0,53; ƏYT (ən yüksək tezlikli), Elektrik sahəsi V/m 25-84 olmuşdur. Göstərilən faktorlar 2015 və 2021-ci illərdə keçirilən iş yerlərinin attestasiyasının nəticəsinə görə tərtib edilmiş xəritələrdə mövcud olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

15. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

16. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-1212/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 16 mart 2020-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının ümumi iş stajı 25 ildən, güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 10 ildən çox olmaqla aşağıdakı kimi hesablanmalıdır.

24. İddiaçı 13 yanvar 1993-cü ildə Azərbaycan Dövlət Rayon X1 Ölçü cihazları və Avtomatikası sexinə “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1993-cü il tarixdə idarə aparatı “kompüter təminatı qrupu”na operator, xx.xx.1993-cü il tarixdə X4 və Avtomatikası sexinə “operator” vəzifəsinə qəbul edilmişdir. xx.xx.1998-ci ildə İdarə aparatı kompüter qrupuna “Elektrik maşınları üzrə operator”, xx.xx.2003-cü ildə İdarə Aparatı ümumi şöbəyə “operator”, xx.xx.2003-cü ildə İdarə aparatı “Kompüter qrupuna” operator vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci ildə İdarə aparatı Mühasibatlıq şöbəsinə kompüter qrupuna operator, xx.xx.2009-cu il tarixdə X4 və Avtomattik İdarəetmə sisteminin “kompüter qrupuna” operator, xx.xx.2017-ci ildə isə Elekrtik sexinə mütəxəssis vəzifəsinə təyin olunmuş və 31 may 2023-cü il tarixində işdən azad olunmuşdur.

25. İddiaçının “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlədiyi istisna edilmir. Lakin Siyahının istinad edilən müddəasının məzmunundan göründüyü kimi, həmin məzmunda (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) şərtin ödənilməsi tələb olunur. Bu zaman, nəzərə alınmalıdır ki, işçinin fərdi mühafizə vasitələrindən faktiki istifadə edib-etmədiyi əhəmiyyət kəsb etmir. Müəyyən edilməli hal ondan ibarətdir ki, həmin iş yerlərində şüalanmadan fərdi mühafizə vasitələrinin mütləq tətbiqi normativ qaydada nəzərdə tutulmuş olsun. Belə ki, işin icra yerində şüalanma mənbəyinin sağlamlıq üçün zərərli həddə olduğu digər göstəricilərlə yanaşı, həm də həmin şərtin nəzərdə tutulması ilə müəyyən edilə bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-773/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

27. Həmin hüquqi mövqeyə əsasən məhkəmə tərəfindən iddiaçının iş yeri üzrə sorğu verilmiş, Azərenerji ASC "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-10/-196 nömrəli məktubunda bildirilmişdir ki, həmin iş yerində mütəxəssis vəzifəsində işləmiş İddiaçı "xxxx" MMC-nin mərkəzləşdirilmiş kompüter qrupu sahəsində 2015-ci il may ayınadək işlədiyi müddətdə Xüsusi Laboratoriya tərəfindən aparılmış əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticəsinə əsasən YT, ƏYT, iş yerində havanın temperaturunun, əməyin ağırlıq dərəcəsinin və nisbi rütubətin normadan artıq olması, 2021-ci il may ayınadək işlədiyi sahədə karbon qazının, səs küyün və əməyin ağırlığının yüksək olduğu müəyyən edilmiş və ona hər ay əmək haqqının 12% həcmində əlavə əmək haqqı ödənilmişdir. Lakin 2021-ci ildə aparılmış təkrar əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticəsinə əsasən iddiaçının Elektrik sexində mütəxəssis vəzifəsində işlədiyi sahədə səs-küyün və əmək ağırlığının yüksək olduğu müəyyən edilərək ona əmək haqqının 8% həcmində əlavə əmək haqqı ödənilmişdir.

28. Həmçinin, iddiaçının vəzifəsini icra etdiyi zaman xüsusi işçi geyim, işçi ayaqqabısı, mühafizə dəbilqəsi ilə təmin edildiyi bildirilmişdir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 24-cü bəndində elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsində işləyən mütəxəssis güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir.

30. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 60 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub).

31. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu edilmiş, "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 38 nömrəli qərarına əsasən, "xxxx" MMC-nin sex və sahələrində 5 ildən gec olmayaraq müqavilə əsasında Xüsusi Mərkəzləşdirilmiş Laboratoriya tərəfindən iş yerlərinin attestasiyası keçirilir. Xüsusi laboratoriya tərəfindən keçirilmiş attestasiyanın nəticəsi olaraq hər bir iş sahəsi üçün əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi tərtib edilərək müəssisəyə təqdim edilir. xx.xx.2009-cu il üçün tərtib edilmiş xəritədə YT (yüksək tezlikli), Maqnit sahəsi V/m 0,25- 0,53; ƏYT (ən yüksək tezlikli), Elektrik sahəsi V/m 25-84 olmuşdur. Göstərilən faktorlar 2015 və 2021-ci illərdə keçirilən iş yerlərinin attestasiyasının nəticəsinə görə tərtib edilmiş xəritələrdə mövcud olmamışdır.

32. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır.

33. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya 60 yaşına çatdığı və əmək şəraiti xüsusilə zərərli işlərdə işlədiyi üçün xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-1212/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar