Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-134/2025 09.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli 2-1(116)-1294/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “odlu silah yaralanması səbəbiylə (şəkər xəstəliyi insulin tələbli İİ tip ağır forma) İİ qrup əlilliyinin xx.xx.2017-ci il tarixdən etibarən müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-990/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(116)-670/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-990/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. İddianın əsaslarına görə, iddiaçı, 31 yanvar 1993-cü il tarixində (birinci Qarabağ müharibəsi zamanı) döyüş əməliyyatları rayonunda (Qubadlı rayonu) gedən döyüşlərdə sol bud sümüyünün orta 1/3-nin hissəsinin deşib keçən güllə yarası ilə yaralanmışdır. 1 fevral 1993-cü il tarixdə Bakı şəhəri Travmatologiya institutuna gətirilmiş, 16 mart 1993-ci il tarixinə kimi həmin institutda əməliyyat olunaraq müalicə almışdır. Nəticədə ona sol bud sümüyünün çoxsaylı qəlpəli qırığı diaqnozu qoyulmuşdur.
7. xx.xx.1995-ci il tarixində ona həkim komissiyası tərəfindən İİİ qrup daimi əlillik təyin olunaraq pensiya təyin edilmişdir.
8. xx.xx.2007-ci ildə Zaqatala həkim komissiyasının tərəfindən ayağından çirk gəlmə səbəbiylə onun 3-cü qrup əlilliyi 2-ci qrup olaraq dəyişdirilmişdir. Həmin tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə ikinci dərəcə əlil hesab edilmişdir. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdən əlillik müddəti 5 il müddətinə artırılmış, nəticədə fasiləsiz olaraq ikinci dərəcə əlilliyi 10 ildən artıq davam etmişdir.
9. xx.xx.2021-ci il tarixində isə "‘növbəti müayinə səbəbiylə” onun əlilliyi dayandırılmışdır. Əlilliyinin müddətsiz müəyyən edilməsi üçün tibb müəssisəsi tərəfindən göndərişin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Bu səbəblə Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-i tərəfindən 0256003AANB2 nömrəli göndəriş (Forma 88) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, həmin göndəriş xx.xx.2021-ci il tarixində qiymətləndirilərək “şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə, həmin ağırlaşmalar altı (və ya uyğun olaraq iki) aylıq müayinə və müalicədən sonra aradan qalxmadığı hallarda yeni göndəriş verilməlidir” şəklində qərar qəbul edilərək imtina edilmişdir. xx.xx.2022-ci il tarixində yenidən TSERA-ya yenidən göndərişlə müraciət olunsa da, xx.xx.2022-ci il tarixində ona eyni məzmunlu imtina verilmişdir.
10. İddiaçı hesab edir ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır ki, bu şərt də, ona münasibətdə mövcuddur.
11. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:
12. Zaqatala Rayon sakini İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün xidmətə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 34 nömrəli Şəhadətnamə verilmişdir. Həmin qərarda “Sol budun orta 1/3-ində güllə yarasından sonrakı vəziyyət" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik" kimi müəyyənləşdirilmişdir.
13. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol budun orta 1/3-ində qüllə yarasından sonrakı vəziyyət'' diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə'’yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
14. Zaqatala Rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERAda əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.
15. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 34 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir.
16. Həmin şəhadətnamədə "Sol budun orta 1/3-rtin odlu silah yaralanması nəticəsində çoxqəlpəli sınığı. Diz oynağının artrozu və ətraf funksiyasının mülayim dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi Travmadır; Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.
17. Xəstənin müayinəsi zamanı şikayətləri sol aşağı ətrafında ağrıdan olmuşdur. Baxış zamanı sol budun orta 1/3-nin ön səthində yumşaq toxuma defektli çapığı izlənmiş, irin axması müşahidə olunmamışdır. Aşağı ətraflarda vətər və sümüküstü reflekslər canlı çağrılmış, əzələ atrofiyası və ya hipotrofiyası aşkar edilməmişdir.
18. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 01,02.2022-ci il tarixli Arayışında qeyd olunmuş diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır.
19. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 03 oktyabr 2024-cü il tarixli 2-1(116)-1294/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
21. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
22. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2-1(116)-1294/2023 nömrəli qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi”nin xx.xx.2024-cü il tarixli T510/2024 saylı ekspert rəyinə görə, “iddiaçının adına Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 0256003AAPWQ nömrəli forma 88 göndərişində qeyd edilmiş diaqnozlar şəxsin stasionarda müalicəsi zamanı anamnestik, obyektiv instrumental müayinələri əsasında qoyulsa da, əyani müayinə zamanı aşağı ətraflarda vətər və sümüküstü reflekslərin canlı çağırıldığından, əzələ atrofıyası və ya hipotrofıyası aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının hər hansı bəndini aid etmək mümkün olmadı”. Halbuki, məhkəmə tibbi ekspertizasının təyin olunması barədə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında, qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı (bundan sonra - 413 nömrəli Qərar) ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı xəstəliklərin əhatə dairəsinə düşdüyünün qeyd edilməsi vurğulanmışdır. Ancaq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6-Təcrübə və Tədris Birliyinin” xx.xx.2024-cü il tarixli rəyini isə 413 nömrəli Qərara əsasən yox, 187 nömrəli Qərara əsasən vermişdir. Başqa sözlə, iddiaçıya münasibətdə hüquq müəyyənedici əsas, ekspert rəyində istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” yox, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarıdır. Eyni zamanda iddiaçı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6-Təcrübə və Tədris Birliyi”ndə canlı müayinə zamanı məlum olmuşdur ki, canlı müayinə edən ekspertlərdən biri də iş üzrə cavabdeh olan TSERA-nin əməkdaşı olmuşdur. İddiaçı tərəfindən təkrar məhkəmə tibbi- ekspertizası təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə vəsatət göndərilsə də, bu vəsatət məhkəmə tərəfindən nəzərə alınmamışdır. xx.xx.2007-ci il tarixindən başlayaraq ona ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin əlillik xx.xx.2016-cı il tarixədək hər dəfə bir il müddətinə artırılmışdır. xx.xx.2016-cı il tarixdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair Əsasnaməmin şərtlərinə uyğun olaraq mənim ikinci dərəcə əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılmışdır. Yəni 2009-cu ilin iyunundan başlayaraq 2021 -ci ilin fevral ayına qədər fasiləsiz olaraq onun ikinci dərəcə əlilliyi mövcud olmuşdur. Başqa sözlə cavabdeh iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etsə də, təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1294/2024 nömrəli qərarında qeyd olunur ki (6-cı səhifə, sonradan 2-ci abzas), “məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ) məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair’’ Əsasnamədə “Sol diz oynağının kontrakturası bükmə 110, açma 85” M24.5-3.1.43, “Ataktik yeriş” R26-3.1.39, “Xronikiosteomielit” M861-3.1.43, “Əzələ atrofıyası” M62-3.1.43, “Dartıcı çapıq toxuması” L910-3.1.17 meyarlarına uyğundur. Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silahdan yaralanması W 33 meyarlarda öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozlarla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə sözügedən bəndlər “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”-nın müəyyən edilməsini nəzərdə tutmuşdur”. Məhkəmə də bunu əsas gətirərək, mənə qoyulmuş diaqnozların əlillik təyininə əsas verməməsi ekspert rəyi ilə sübuta yetirildiyindən və müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi də, qoyulmuş diaqnozların istinad olunan “Əsasnamə”də ikinci dərəcə əlilliyin təyin edilməsini nəzərdə tutan xəstəliklərin deyil, “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”-nın müəyyən edilməsini nəzərdə tutan xəstəliklərin əhatə dairəsinə düşməsini bildirdiyindən məhkəmə cavabdeh orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir. Odur ki, iddiaçı Şəki İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2-1(116)- 1294/2024 saylı qərarının ləğv edilməsini, odlu silah yaralanması səbəbiylə İl qrup əlilliyin xx.xx.2022-ci il tarixdən etibarən müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh TSERAnın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiyini bildirmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsasız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə sədirlik edənin sualına cavab olaraq İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir.
24. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
25. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - TSEK-in xx.xx.2022-ci il tarixli imtina cavabı, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu, Azərbaycan Respublikası Sahiyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-in xx.xx.2024cü il tarixli məktubu və ona əlavə edilmiş №T510/2024-li Ekspert Rəyi.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
27. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
32. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”
1. Ümumi müddəalar: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
2. Əlilliyin müəyyən olunması meyarları. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); 2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20- F20.9); 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9); 2.3.7. İİ mərhələ bədxassəli şişlər (C00-C97); 2.3.8. İİV-infeksiyasının İ-İİ mərhələləri (B20-B24); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0); 2.5.2. birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması (Q71.3,); 2.5.3. bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (Q71.3, M24.6); 2.5.4. baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası Z89.8,Z97.1); 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72- Q72.7); 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6); 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6); 2.5.8. hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı (Q65.0, M16.2-M16.9); 2.5.9. bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu (Q65.0, M16.3, M16.5); 2.5.10. bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0); 2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi (M40-M41.3); 2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40- M41.9); 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3); 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4); 2.5.15. çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları (K10.0-K10.9) 2.5.16. hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq) (E23.0,E23.7); 2.5.17. hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri (D66-D68.1); 2.5.18. subklinik əlamətlərlə gedən hemofiliya (D66); 2.5.19. subklinik əlamətlərlə gedən talassemiya minor (D56.1); 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) 2.5.21. kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq ) qüsuru (S02-S02.1); 2.5.22. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (Q60, N18-N18.9); 2.5.23. bir ağciyərin olmaması (Q33.3, Z90.2); 2.5.24. gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79); 2.5.25. etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06).
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 26 dekabr tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” 1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”) (çıxarılmışdır) 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Maddə 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Maddə 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Maddə 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Maddə 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Maddə 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
37. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. Apellyasiya məhkəməsi araşdırması zamanı İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “xx.xx.2022-ci il tarixdən hərbi xidmət dövründə 3-cü dərəcə müddətisiz əlilliyin bərpa edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2025-ci il tarixli, 2-1(107)-134/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
40. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respubilkası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 34 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə “Sol budun orta 3/1nin odlu silah nəticəsndə çoxqəlpəli sınığı. Diz oynağının artozu və ətraf funksiyasının mülayim dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respubilkasının müdafiəsi zamanı alınmışdır” Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarı ilə İddiaçı “Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə daimi üçüncü dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir.
41. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2007-ci ildə Zaqatala həkim komissiyasının tərəfindən ayağından çirk əlmə səbəbiylə onun 3-cü qrup əlilliyi 2-ci qrup olaraq dəyişdirilmişdir. Həmin tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə ikinci dərəcə əlil hesab edilmişdir. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdən əlillik müddəti 5 il müddətinə artırılmış, nəticədə fasiləsiz olaraq ikinci dərəcə əlilliyi 10 ildən artıq davam etmişdir. xx.xx.2021-ci il tarixində isə "‘növbəti müayinə səbəbiylə” onun əlilliyi dayandırılmışdır. Əlilliyinin müddətsiz müəyyən edilməsi üçün tibb müəssisəsi tərəfindəngöndərişin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Bu səbəblə Zaqatala rayon Mərkəzi Xəstəxanası PHŞ-i tərəfindən 0256003AANB2 nömrəli göndəriş (Forma 088) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, həmin göndərişxx.xx.2021-ci il tarixində qiymətləndirilərək “şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə, həmin ağırlaşmalar altı (və ya uyğun olaraq iki) aylıq müayinə və müalicədən sonra aradan qalxmadığı hallarda yeni göndəriş verilməlidir.” şəklində qərar qəbul edilərək imtina edilmişdir. xx.xx.2022-ci il tarixində yenidən TSERA-ya yenidən göndərişlə müraciət olunsa da, xx.xx.2022-ci il tarixində ona eyni məzmunlu imtina verilmişdir.
42. Bundan sonra iddiaçı həmin imtina cavabını aldıqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
43. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1294/2024 saylı qərardadı ilə iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nə (iddaçıya əlilliyin təyin edilməsindən ilkin imtina cavabının verilməsində birbaşa iştirak etmiş cavabdehin nümayəndələrinin iştirakı olmadan) həvalə edilmişdir. Sonuncunun xx.xx.2024-cü il tarixli 3887 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində İddiaçı adına Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 025600344PWQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silah yaralanmasından (1995) sonrakı sol budun orta 3/1-nin qeyri-düzgün bitişmiş sınığı. Xroniki osteomielit. Sol diz oynağının deformasiyaedici artrozu, kanturakturaları. Xəstə gəzərkən axsayır, budun ön səthində ağrılı dartıcı çapıq toxuması var. Budun ön baldır əzələləri atrofiyalıdır. Bükmə və açma hərəkətləri məhduddur. Ataktik yeriş. Kəskin osteomileitin digər formaları. Xroniki osteomielit. Bud sümüyünün sınığı, sol budun orta 3/1-nin qeyri-düzgün bitişmiş sınığı (1995). Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası, üzülməsi, sol budunön baldır əzələləri atrofiyalıdır. Sümük sınığının bitişməməsi (psevdoartroz), sol budun orta 3/1-nin qeyridüzgün bitişmiş sınığı. Qonartroz (diz oynağının lll dərəcə qonartrozu), Kəskin ağrı diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, obyektiv instrumental müayinələri əsasında qoyulsa da, əyani müayinə zamanı aşağı ətraflarda vətər və sümüküstü reflekslərin canlı çağırıldığından, əzələ atrofiyası və ya hipotrofiyası aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respubilkasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bir bəndini ona aid etməyə əsas verməməsi nəticəsinə gəlinmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən TSERA-nın nümayəndələri ekspertizanın aparılmasında iştirak etməməli olduqları halda, iş üzrə ekspertizanın həyata keçirilməsində iştirak etmişdirlər. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli T 510/2024 nömrəli ekspert rəyinə əsasən rəy vermiş ekspertlərdən birinin (X1) DTSERA-nın nümayənədəsi olması müəyyən olunmuşdur.
45. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində təyin olunmuş ekspertizanın TSERA-nın nümayəndələrinin iştirakı ilə aparıldığını bildirmiş və ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi halları nəzərə alaraq xx.xx.2025-ci il tarixli əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi ilə bağlı qərardad qəbul etmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlliləri nəzərə alaraq iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü müəyyən etmək və onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı xəstəliklərin əhatə dairəsinə düşməsini aydınlaşdırmaq üçün qərardadla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi”-nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2025-ci il tarixli T206/2025 saylı ekspert rəyində göstərilmişdir ki,İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə tibbi müayinədən keçirilərkən “X2 və Ortopediya İnstitutu” PHŞ-yə göndərilmiş və xx.xx.2025-ci il tarixdə müayinəsi zamanı “Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol budun orta-aşağı 1/3-nin qeyri düzgün bitişmiş sınığı. Bud sümüyünün xroniki osteomieliti. Budun ön səthinin ağrılı dartıcı çapıq toxuması. Sol diz oynağının deformasiyaedici postravmatik artrozu, kontrakturası. Açma~160°, bükmə -85°. Sol aşağı ətrafın 4(dörd)sm qısalığı. Sol bud-çanaq oynağının deformasiyaedici artrozu, uzaqlaşdırıcı kontrakturası. Axsama. Daimi ağrı sindromu. Dayaq-hərəkət funksiyasının pozulması. XBT: S72; M84.1; M84.4; L91; M86.6; M84.0; R52.0; M16; M17; M24.5; W32; Y36.4; R52.2; R26.8; M21.7” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən M24.5; M84.1 əlamətləri 3-cü dərəcə müddətsiz əlilliyə xarakteristik olan xüsusiyyətlərdir.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyinqiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4cü maddəsinəuyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
48. Belə olan halda iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçıya əlillik təyin edilməlidir.
49. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
50. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.
51. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
52. İddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi Zaqatala rayon mərkəzi Xəstəxanası PHŞ birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, odlu silah yaralanmasından sonra vəziyyət "Sol diz oynağının kontrakturası bükmə 85, açma 160" XBT: S72; M84.1; M84.4; L91; M86.6; M84.0; R52.0; M16; M17; M24.5; W32; Y36.4; R52.2; R26.8; M21.7” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən M24.5; M84.1 əlamətləri 3-cü dərəcə müddətsiz əlilliyə xarakteristik olan xüsusiyyətlərdir.
53. Göründüyü kimi iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozlarla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin bəndləri ilə uyğundur.
54. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin İddiaçı barəsində 2 dərəcəli əlililiyin əlaməti olmadığına görə təyin etməsədə, üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul etməməsi əsassız olmuşdur. Belə ki, iddiaçıya müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi tərəfindən qoyulmuş diaqnozların əlillik təyininə əsas verməsi ekspert rəyi ilə təsdiq tapdığından, həmin qoyulmuş diaqnozların istinad olunan “Əsasnamə”-də üçüncü dərəcə əlilliyin təyin edilməsini nəzərdə tutan xəstəliklərlə eynilik təşkil etdiyindən cavabdeh orqanın üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul etməməsi əsassız olmuşdur.
55. Bundan başqa, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agetliyi İddiaçı barəsində xx.xx.1995-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3 (üçüncü) dərəcə təyin edilmiş əlilliklə bağlı hər hansı bir qərar qəbul edilməmişdir. Belə ki, xx.xx.2007-ci ildən xx.xx.2021-ci il tarixədək İddiaçı fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə TSERA tərəfindən şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gəldiyindən 2-ci dərəcə əlil hesab edilmişdir.
56. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 20 iyun 2025-ci il tarixli, 3-1-1/2-12345/2025 nömrəli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2008-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə (xx.xx.2009-cu il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə vətəndaş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 0256003AAPWQ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə məhkəmə kollegiyasının nəzərinə çatdırılmışdır ki, vətəndaşa dair sonuncu dəfə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edildiyindən, öncəki bütün müayinə işləri qüvvədən düşmüş sayılmışdır.
57. İş materiallarından göründüyü kimi, Zaqatala həkim komissiyası tərəfindən xx.xx.2007-ci ildən xx.xx.2021-ci il tarixədək İddiaçı fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə 2-ci dərəcə əlil hesab edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə TSERA tərəfindən “şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə, həmin ağırlaşmalar altı (və ya uyğun olaraq iki) aylıq müayinə və müalicədən sonra aradan qalxmadığı hallarda yeni göndəriş verilməlidir” şəklində imtina qərarı qəbul edilmişdir.
58. Cavabdeh tərəfindən əvvəllər təyin edilmiş müddətsiz əlilliyin yenidən qiymətləndirilməməsinin qanunsuz və əsassız olduğuna dair iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 3-ci qrup müddətsiz təyin edilmiş əlillik dərəcəsinin təyin edildiyi dövrdə də saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
59. Belə ki, iş materiallarında olan AR ƏƏSMN-nin 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, 325 nömrəli müayinə aktından çıxarışdan müəyyən olunur ki, iddiaçının əlilliyi xx.xx.1995-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3 (üçüncü) dərəcə əlillik təyin edilmişdir. Daha sonra, xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş və həmin tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə ikinci dərəcə əlillik müyyən edilmişdir.
60. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən əyani müayinəyə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə aparılan əyani müayinə zamanı Komissiya müəyyən etmişdir ki, iddiaçının tibbi sənədlərində qeyd edilənlər onun mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmir. Komissiya təkrar qiymətləndirmə ilə bağlı müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uygun olaraq əlillik əlaməti təyin etməməsini qərara almışdır.
61. Kollegiya hesab edir ki, birinci instansiya məhəkəməsi icraatla bağlı qanunvericiliyin tələblərinə riayət olunmadığına dair nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, belə nəticəyə gəlməyə imkan verən həcmdə iş üçün əhəmiyyətli halları aydınlaşdırmamışdır.
62. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz üçüncü dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olubolmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir.
63. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın göstərişlərinə əsasən Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. Göstərilən normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
64. İstinad olunan normaya əsasən, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, 2022-ci il tarixdə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. İddiaçıya əlilliyin təyin edilməməsini cavabdeh orqan inzibati akt qəbul etməklə həyata keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2022-ci il tarixli təkrar qiymətləndirilmə ilə bağlı protokol qərarından görünür ki, müayinənin nəticələrinə əsasən xx.xx.1995-ci ildən müddətsiz təyin olunmuş 3cü dərəcə əllilik dəyişdirilərək, İddiaçı 02 mart 2008-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi qərara alınmışdır.
65. Cavabdeh orqan 12 mart 2022-ci il tarixli iddiaçıya ikinci dərəcə əlillik dərəcəsi olmadığına əsas gətirərək əlilik təyin edilməsədə, lakin, əvvələr təyin edilmiş daimi üçüncü dərəcəli əlilliyinə dair qərarına hüquqi qiymət vetilməsi barədə aktın qəbul edilməli olduğu halda, bu barədə hər hansı akt qəbul edilməmişdir. Cavabdehin xx.xx.1995-cı ildə təyin edilmiş 3 dərəcə daimi əlillik təyininə dair qərarın qəbul edilməsi barədə hər hansısa sübutu məhkəmə kollegiyasına təqdim edilməmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda, həmin qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməli idi.
66. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur.
67. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.1995-ci ildə təyin edilmiş 3-cü dərəcə daimi əlillik barədə inzibati akt öz qüvvəsindədir.
68. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
69. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırıl masına yönəldilmiş qərar qəbul etmişdir.
70. Beləliklə, göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapmişdır, ona qoyulmuş diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan həmçinin İddiaçı Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.1995-cı ildə təyin edilmiş 3-cü dərəcə daimi əlillik barədə inzibati akt qüvvəsində olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
71. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
73. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2022-ci il tarixdən Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar daimi 3-cü dərəcə əlilliyin bərpa edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməlidir.
74. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2-1(116)-1294/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.1995-ci il tarixdə təyin edilmiş daimi 3-cü dərəcəli əlilliyin bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.