Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-135/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-269/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1963-cü ildə Tərtər rayonu Sarov kəndində anadan olmuşdur. O, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək keçmiş Sovet ordusunda hərbi xidmət keçmişdir. Onun H3 seriyalı ******* nömrəli hərbi biletində bu barədə qeyd vardır. Bundan başqa, hərbi biletdə olan digər qeyddə deyilir ki, o, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ döyüşlərində iştirak etmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina etmiş və xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1992-ci il və yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat olmadığına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, ölkənin ərazi bütövlüyü uğrunda xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində olan M-2 özünümüdafiə batalyonunun Şuşa-Ağdərə-Goranboy rayonları istiqamətindəki döyüşlərində iştirak etmişdir. Cavabdeh orqanın gətirdiyi əsaslar qanunsuzdur. Cavabdeh iddiaya etirazını belə əsaslandırmışdır ki, Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2019-cu il tarixli arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1992-ci il və yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmadığına görə iddia təmin edilməməlidir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-269/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-269/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-269/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-269/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ döyüşlərində iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/N-9853 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-9118 nömrəli arayışına əsasən, iddiaçının N nömrəli hərbi hissə komandirinin may-dekabr 1992-ci il və yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 11/6061 nömrəli etiraz məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1992-ci il və yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat yoxdur. - Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli 16/4991 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material aşkar edilməmişdir. - Şəki ŞRPŞ-nin xx.xx.2019-cu il tarixli 189-29593-1219 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki, iddiaçının barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Füzuli Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-269/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatla birlikdə qiymətləndirərək hesab edir ki, iddia mümkün olsa da əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsinə görə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə olan halda, iddiaçıya veteran adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Normanın məzmunundan da göründüyü kimi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi),əvvəllər ehtiyata və ya istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Birinci instamsiya məhkəməsinin məhkəmə araşdırmasından məlum olmuşdur ki, şəxsin döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletdə olan qeydiyyat o halda müharibə veteranı adının verilməsinə əsas verir ki, hərbi bilet şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmiş olsun. İddiaçı hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları isə mövcud deyil. Belə olan halda, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletində olan qeydiyyat ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün kifayət etməmişdir. Bununla bağlı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 53 nömrəli qərarı; 1998, № 5, maddə 351; 1999, № 9, maddə 558; 2001, № 2, maddə 116; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2004, № 10, maddə 871; 2006, № 7, maddə 641, №11, maddə 993; 2007, № 5, maddə 544; 2008, № 6, maddə 584; 2010, № 12, maddə 1116; 2015, № 5, maddə 668; 2016, № 9, maddə 1585, № 11, maddə 1926; 2017, № 4, maddə 620) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsaslanaraq kollegiya qeyd edir ki, iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və ya istefaya buraxıldığına dair sübutununolmaması iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun: - 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, İddiaçımüharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina barədəAzərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İPM-in 87.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-269/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-135/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-135/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver