Məhkəmə qərarları › İş №2-1(107)-135/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-135/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-135/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialına qarşı “1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda işlədiyi 23 il 5 ayı müddətin sosial sığorta stajına daxil edilməsi və 25 fevral 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-1191/2020 nömrəli qərarından iş üzrə cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 1955-ci il tarixində Qəbələ rayonu, Əmirvan kəndində anadan olmuşdur. 1965-ci ildə atası vəfat etdiyindən uşaq yaşlarından ailəsinin dolanışığını təmin etməkdən ötrü işləmək məcburiyyətində qalmışdır. Ona görə də təhsili olmadığından əvvəl 1966-cı ildən 1969-cu ilə kimi Qutqaşen (indiki Qəbələ) rayonu, Əmirvan kəndindəki keçmiş “Oktyabr” adına kolxozda mal-qaraya baxan çoban vəzifəsində, 1969-cu ildən 1974-cü ilə kimi isə mexanizatorçu vəzifəsində işləmiş və əmək haqqı almışdır. 29 may 1974-cü il tarixindən 08 iyun 1976-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin kolxazda 1976-cı ildən 1996-cı ildə daxil “Oktyabr” adına kolxoz ləğv edilənə kimi vəzifəsi üzrə mexanizatorçu işləmiş və əmək haqqı almışdır. Amma keçmiş “Oktyabr” adına kolxozda işlədiyi dövrlərə görə həmin kolxozun məsul vəzifəli şəxsi tərəfindən onun adına əmək kitabçası açılmamış və müvafiq qeydiyyat aparılmamışdır. Qeyd etdiklərinə baxmayaraq müraciəti əsasında Qəbələ rayon Dövlət Arxivindən 19.06.2020-ci il tarixli arxiv arayışına əsasən onun “Oktyabr” adına kolxozda illər üzrə 1966-ci ildən 1974-cü ilə və 1976-cı ildən 1996-cı ilə kimi iş günləri öz əksini tapmışdır. Həmçinin, onun keçmiş “Oktyabr” adına kolxozda 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi işləməyi faktını onunla bir yerdə işləmiş iş yoldaşları da şahid kimi təsdiq edə bilərlər. O, DSMF-nin Qəbələ rayon Şöbəsinə 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda əvvəl çoban, sonradan maxanizatorçu vəzifəsində işlədiyi üçün Qəbələ rayon Dövlət Arxivindən 19.06.2020-ci il tarixli 42 nömrəli arxiv arayışı təqdim etməyinə baxmayaraq həmin sənədlər nəzərə alınmamışdır. Ona görə də hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı 11.11.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda işlədiyi 23 il 5 ayı müddətin sosial sığorta stajına daxil edilməsi və 25 fevral 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh etirazında bildirmişdir ki,Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. İddiaçı iş stajını təsdiq edən əmək kitabçası yoxdur. Vətəndaş bunun əvəzinə 1974-1976-cı illərədə hərbi xidmətdə olmasını təsdiq edən hərbi bilet və 1966-96-cı illərdə “Oktyabr” adına kolxozda işləməsi barədə X2 tərəfindən verilmiş 19.06.2020-ci il tarixli 42 saylı arayış təqdim etmişdir. Lakin həmin arayışda İddiaçı əmək qabiliyyətli hesab olunduğu 15 yaşının tamam olmadığı 1966-ci ildən 1969-cu ilədək olan dövrdə işləməsi qeyd olunmuşdur. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda qeyd olunan 1966- 1996-cı illərdə “Oktyabr" adına kolxozda işlədiyi illər, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması bir növündən başaq növünə keçirilməsi və ödənilməsi qaydaları"nın 3.2.1-ci maddəsinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün, ümumi iş stajına aid edilməməlidir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. İddiaçı təqdim etdiyi arayışda isə, 15 yaşı tamam olmadığı 1966-1969-cu illərədə işləməsi qeyd olunmuşdur ki, həmin dövrün iş stajına daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il, 2-1(116)-1191/2020 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialının üzərinə İddiaçı 1966-cı ildən 1974-cü və 1976cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda işlədiyi 23 il 5 ayı müddətin sosial sığorta stajına daxil edilməsi və 25 fevral 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan DSMF-nun məhkəmə mübahisələri ilə iş mərkəzi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçı iş stajını təsdiq edən əmək kitabçası yoxdur. Vətəndaş bunun əvəzinə 1974-1976-cı illərədə hərbi xidmətdə olmasını təsdiq edən hərbi bilet və 1966-96-cı illərdə “Oktyabr” adına kolxozda işləməsi barədə X2 tərəfindən verilmiş 19.06.2020-ci il tarixli 42 saylı arayış təqdim etmişdir. Lakin həmin arayışda İddiaçı Ağamnməd oğlunu əmək qabiliyyətli hesab olunduğu 15 yaşının tamam olmadığı 1966-ci ildən 1969-cu ilədək olan dövrdə işləməsi qeyd olunmuşdur.Hesab etmişdir ki, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda qeyd olunan 1966-1996-cı illərdə “Oktyabr” adına kolxozda işlədiyi illər, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması bir növündən başaq növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün, ümumi iş stajına aid edilməməlidir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. İddiaçı təqdim etdiyi arayışda isə, 15 yaşı tamam olmadığı 1966-1969-cu illərədə işləməsi qeyd olunmuşdur ki, həmin dövrün iş stajına daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" ilə müəyyən edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Yuxarıda qeyd olunan hallara əsasən, Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-1191/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2-1(116)-1191/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş Mərkəzinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2-1(116)-1191/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Qəbələ rayon şöbəsinin 22.06.2020-ci il tarixli **********4 nömrəli imtina məktubu, DSMF-nin Qəbələ rayon şöbəsində Pensiya təyin edən komissiyanın 19.06.2020-ci il tarixli 49 nömrəli qərarı, 03.07.2020-ci il tarixli Akt, DSMF-nin Qəbələ rayon şöbəsinin 06.08.2020ci il tarixli **********4 nömrəli məktubu, Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialının 02.11.2020-ci il tarixli etirazı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-1191/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.06.2020-ci il tarixli 42 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1966-1974, 19761979, 1981-1996-cı il tarixlərdə “Oktyabr” adına kolxozda işləmişdir. İş materiallarında olan DSMF-nin Qəbələ rayon şöbəsinin Pensiya sektorunun 06.08.2020-ci il tarixli Aktından görünür ki, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.06.2020-ci il tarixli 42 nömrəli arxiv arayışında qeyd olunan bütün məlumatların düzgünlüyü təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1966cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Oktyabr” adına kolxozda işlədiyi dövr Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.06.2020-ci il tarixli 42 nömrəli arxiv arayışı və DSMF-nin Qəbələ rayon şöbəsinin Pensiya sektorunun 06.08.2020-ci il tarixli Aktı ilə öz təsdiqini tapır. Göründyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı işlədiyi illərin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. (mübahisələndirilməyən sığorta stajı 2 il hərbi xidmət dövrü + mübahisələdirilən sığorta stajı 23 il 5 ayı = 25 il 5 ay) 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi məktub və etirazlardan iddiaçının arxiv arayışında qeyd olunan işlədiyi müddətlə bağlı mübahisənin olmadığı müəyyən olunur. Cavabdeh inzibati orqanın etirazının əsassını iki hal təşkil edir. Birinci hal arxiv arayışına əsasən stajın ümumiyyətlə sosial sığorta stajına daxil edilməsinin yolverilməzliyidir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (başdirektorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İkinci hal ondan ibarətdir ki, iddiaçının arxiv arayışında qeyd olunan 15 yaşı tamam olmadığı 1966-1969-cu illərədə işləməsi qeyd olunmuşdur ki, həmin dövrün iş stajına daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə təqdim olunmuş arxiv arayışının qarşılıqlı yoxlama aktında da həmin dövrlərdə (1966 və 1967) iddiaçının adının qarşısında şagird sözünün qeyd edildiyi yazılıb. Həqiqətən də iddiaçının həmin dövrdə 15 yaşına çatmaması müəyyən olunur. Lakin onun əmək hüququnun 15 yaşdan sonra yaranması əsası ilə həmin yaşa qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməməli olması barədə cavabdehin dəlilini məhkəmə kollegiyası ən azından ədalətsiz hesab etməklə qanunsuz olduğu qənaətinə gəlir. İddiaçının əmək hüququ olmadan əmək fəaliyyətinə cəlb olunması əsası ilə onu işə götürən məsuliyyət daşıya bilər, iddiaçının işləməsini, həmin dövrdə ona müvafiq staj qazanmasını isə inkar etmək olmaz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. -38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. -71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1777/2020 saylı, 18.11.2020-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-1191/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(116)-1191/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar