Məhkəmə qərarları › İş №2-1(107)-135/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-135/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-135/2022 12.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının adına verilmiş AZ-T 031403 nömrəli doğum haqqında şəhadətnamədə doğum tarixinin dəyişdirilərək 28 dekabr 1958-ci il kimi qeyd olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(116)-456/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı və onun etibarnamə üzrə saləhiyyətli nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı AZT 031403 nömrəli doğum haqqında şəhadətnamədə doğum tarixinin 01.02.1957-ci il düzgün olmamasının müəyyən edilməsi, doğum tarixində 01.02.1958-ci il olmasının müəyyən edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı 28.12.1958-ci ildə Balakən rayonunda anadan olmuşdur. X3, anası isə X1r. İddiaçının bütün sənədlərində onun doğum tarixi 28.12.1958-ci il göstərilsə də, Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən ona verilmiş AZ- T 031403 nömrəli doğum haqqında şəhadətnamədə iddiaçının doğum tarixi xx.xx.1957-ci il olaraq qeyd edilmişdir. Uyğunsuzluğun aradan qaldırılması məqsədilə iddiaçının nümayəndəsi və vəkili cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 22.10.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 01.02.1958-ci il tarixdə tərtib edilmiş 05 nömrəli doğum akt qeydində doğum tarixi xx.xx.1957-ci il olaraq qeyd edilmişdir. Doğum akt qeydində və nikah akt qeydində doğum tarixi xx.xx.1957-ci il göstərildiyindən doğum aktında doğum tarixinə düzəliş edilməsi mümkün deyildir. İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinə 16.02.2022-ci il tarixdə daxil olan “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizədə “İddiaçı adına verilmiş AZ-T 031403 nömrəli doğum haqqında şəhadətnamədə doğum tarixinin dəyişdirilərək 28 dekabr 1958-ci il kimi qeyd olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin həmin tarixli iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh 06.01.2022-ci il tarixli məktubunda 22.10.2021-ci il tarixli imtina məktubunda göstərilənləri qeyd etmiş və qeyd edilən səbəbə görə də müraciətin təmin edilməsinin mümkün olmadığını bildirmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaçı, iddiaçının nümayəndəsi və vəkili bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh 06.01.2022-ci il tarixli məktubunda iş yükünün çoxluğunun nəzərə alınaraq, hazırkı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan: 01.02.1958-ci il tarixli 5 nömrəli “Doğum haqqında akt qeydi”nin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı xx xxxxxx 1957-ci ildə Balakən rayonunda anadan olmuşdur. 031403 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı xx.xx.1957-ci ildə Balakən rayonunda anadan olmuşdur. İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli Səyyar-Asan10 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı xx.xx.1957-ci ildə Balakən şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin 03.12.2021-ci il tarixli 2-18/801 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçıya münasibətdə Əhalinin Dövlət Reyestrindən çıxarışda qeyd edilir ki, İddiaçı xx.xx.1957-ci ildə Balakən rayonunda anadan olmuşdur. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı 28.12.1958-ci ildə Balakən rayonunda anadan olmuşdur. 333444 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq edilmiş surətində iddiaçının 28.12.1958-ci ildə Balakən rayonunda anadan olduğu qeyd edilmişdir. 30.12.1980-cı il tarixli 10179 qeydiyyat nömrəli təhsil haqqında şəhadətnamənin təsdiq edilmiş surətində iddiaçının 28.12.1958-ci ildə anadan olduğu qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 16 fevral 2022-ci il tarixli, 2- 1(116)-456/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “adına verilmiş AZ-T 031403 nömrəli doğum haqqında şəhadətnamədə doğum tarixinin dəyişdirilərək 28 dekabr 1958-ci il kimi qeyd olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(116)-456/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, işin hallarının araşdırılması zamanı Şəki İnzibati Məhkəməsi qeyd edir ki, Cavabdeh tərəfindən 06.01,2022-ci il tarixli 05 nömrəli məktubla məhkəməyə təqdim edilmiş 01.02.1958-ci il tarixdə tərtib edilmiş 05 nömrəli “Doğum aktı qeydi”nə əsasən müəyyən edilmişdir ki, onun doğum tarixi xx.xx.1957-cı il kimi göstərilmişdir. Uşaq haqqında məlumat qrafasında soyadı Səmədzadə, adı Həqiqət, ata adı Tofik cinsi qadın kimi qeyd olunmuşdur. Doğulmuş uşaq sayı bir kimi yazılmışdır. Doğum aktı qeydində uşağın atası və anası haqqında məlumat qralasında X3 (yaş 27), anası X2 (yaş 25). milliyyətləri Azərbaycanlı kimi qeyd edilmişdir. “Uşağın doğulmasına dair təqdim edilən sənəd və şahidlərin familiyaları və ünvanları” adlı 18-ci qrafada “Balakən doğum evinin 21.01.1958 tarixli yoxlama” qeydi vardır. “Doğum haqqında verilən şəhadətnamə nömrələri və seriyası, onun alınmasına dair imza və təkrarı verilən şəhadətnamə haqqında qeyd” adlı 19-cu qrafada 1-ME №528117 nömrəsi qeyd olunmuşdur, qarşısında imza vardır. Göründüyü kimi, doğum aktı qeydinə əsasən xx.xx.1957-cı il tarixdə doğulmuş ona münasibətdə 21.01.1958-ci il tarixli Balakən doğum evinin yoxlama onun doğumundan sonra tərtib edilmişdir. Məhkəmə qeyd etmişdir ki, doğum aktı qeydinə əsasən xx.xx.1957-cı il tarixdə doğulmuş ona münasibətdə 21.01.1958-ci il tarixli Balakən doğum evinin yoxlama onun doğumundan sonra tərtib edilmişdir. Belə olan halda onun doğum tarixinin dəyişdirilərək 28 dekabr 1958-ci il kimi qeyd olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi də əsassızdır. Belə ki, onun iddia etdiyi kimi onun 28.12.1958-ci il tarixdə doğulmasına nəzərən, hələ doğulmamış şəxsə münasibərdə 11 ay qabaqcadan 21.01.1958-ci il tarixli yoxlama qeydinin verilməsi, və 10 ay əvvəl 01.02.1958ci il tarixli doğum akt qeydinin tərtib edilməsi mümkünsüz olardı. Bununla bağlı qeyd edir ki, xx.xx.1957-cı il tarixdə o, deyil bacısı dünyaya gəlib. Çox az bir vaxtda sonra dünyasını dəyişib. Sonra o, anadan olmuşdur. Valideynləri ona yeni doğum haqqında şəhadətnamə almamışlar. Valideynləri vəfat edən bacısının doğum şəhadətnaməsini saxlayıblar. O, həqiqətən 1958-ci il 28 dekabr tarixində anadan olmuşdur. Onun bütün sənədləri 1-ci sinifə gedən, oxuduğu illərin, diplom, hərbi bilet, şəxsiyyət vəsiqəsi, ZAQS kağızını və.s bütün sənədləri 1958-ci il 28 dekabr tarixi kimi qeyd olunub. Odur ki, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(116)-456/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. İddia tələbinin əsaslarından da göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı məhz doğum haqqında şəhadətnamədə doğum tarixinin düzgün qeyd olunmadığını iddia edərək, dəyişdirilməsindən və cavabdehin hərəkətlərinin mübahisələndirilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166-cı maddəsi doğumun qeydə alınması qaydasını tənzimləməkdədir. Həmin maddənin tələbinə görə: 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29.11.2013-cü il tarixli “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 13-N nömrəli Qərarının 7.1-ci bəndinə əsasən qeydiyyat şöbəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1.7. doğumun, nikahın bağlanmasının, övladlığa götürmənin, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamələr vermək; “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. İşin hallarının araşdırılması zamanı Cavabdeh tərəfindən 06.01.2022-ci il tarixli 05 nömrəli məktubla məhkəməyə təqdim edilmiş 01.02.1958-ci il tarixdə tərtib edilmiş 5 nömrəli “Doğum aktı qeydi”nə əsasən müəyyən edilmişdir ki, iddiaçının doğum tarixi xx.xx.1957-ci il kimi göstərilmişdir. Uşaq haqqında məlumat qrafasında soyadı Səmədzadə, adı Həqiqət, ata adı Tofik, cinsi qadın kimi qeyd olunmuşdur. Doğulmuş uşaq sayı bir kimi yazılmışdır.Doğum aktı qeydində uşağın atası və anası haqqında məlumat qrafasında X3 (yaş 27), anası X2 (yaş 25), milliyyətləri azərbaycanlı kimi qeyd edilmişdir. “Uşağın doğulmasına dair təqdim edilən sənəd və şahidlərin familiyaları və ünvanları” adlı 18-ci qrafada “Balakən doğum evinin 21.01.1958 tarixli yoxlama” qeydi vardır. “Doğum haqqında verilən şəhadətnamə nömrələri və seriyası, onun alınmasına dair imza və təkrarı verilən şəhadətnamə haqqında qeyd” adlı 19-cu qrafada 1-ЧЕ №528117 nömrəsi qeyd olunmuşdur, qarşısında imza vardır. Göründüyü kimi, sonradan verilmiş nikahın bağlanması haqqında şəhadətnamə, təhsil haqqında şəhadətnamə və hərbi bilet ilkin sənəd olan doğum haqqında şahadətnamə və doğum aktı qeydi əsasında verilmişdir. İlkin sənədlərdə isə iddaçının doğum tarixi xx xxxxxx 1957-ci il kimi göstərilmiş və həmin akt imzalanmış və mübahisələndirilməmişdir. Doğum aktı qeydinə əsasən xx.xx.1957-ci il tarixdə doğulmuş İddiaçı münasibətdə 21.01.1958-ci il tarixli Balakən doğum evinin yoxlama aktı tərtib edilmişdir. 5 nömrəli “Doğum aktı qeydi” də 01.02.1958-ci il tarixdə, yəni iddiaçının doğumundan sonra tərtib edilmişdir. Belə olan halda iddiaçının doğum tarixinin dəyişdirilərək 28 dekabr 1958-ci il kimi qeyd olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi də əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi kimi onun 28.12.1958-ci il tarixdə doğulmasına nəzərən, hələ doğulmamış şəxsə münasibərdə 11 ay qabaqcadan 21.01.1958-ci il tarixli yoxlama qeydinin verilməsi, və 10 ay əvvəl 01.02.1958-ci il tarixli Doğum akt qeydinin tərtib edilməsi mümkünsüz olardı. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdehnə qarşı “iddiaçının adına verilmiş AZ-T 031403 nömrəli doğum haqqında şəhadətnamədə doğum tarixinin dəyişdirilərək 28 dekabr 1958-ci il kimi qeyd olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(116)-456/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar