Məhkəmə qərarları › İş №2-1(107)-135/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-135/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-135/2024 21.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı Qərarına əsasən Yolmaş Zavodunun Sağlamlıq Kollektiv bağçılıq təsərrüfatında iddaçı İddiaçı ayrılmış Mingəçevir Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən olan siyahıda iddiaçının adına 18 sıra nömrəsi ilə qeyd olunmuş, 0.06 ha torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1991/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Mingəçevir İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı Qərarına əsasən Yolmaş Zavodunun Sağlamlıq Kollektiv bağçılıq təsərrüfatında İddiaçı ayrılmış Mingəçevir Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən olan siyahıda iddiaçının adına 18 sıra nömrəsi ilə qeyd olunmuş, 0.06 ha torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, uzun illər Yolmaş zavodunda işləmişdir. xx.xx.1980-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 102 saylı qərarına əsasən zavoda Bozdağın ətəyindən bağçılıq üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Mingəçevir Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən olan siyahıda iddiaçının adına 18 sıra nömrəsi ilə qeyd olunmuşdur. Həmin torpaq sahəsinə dair zavod həmkarlar komitəsinin bölgü siyahəsına əsasən Mingəçevir şəhər “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatından iddiaçının istifadəsinə verilmişdir. Torpaq iddiaçının istifadəsinə verildikdən sonra oradan bağ kimi istifadə etmiş, ağac əkib becərmişdir. O, qanuni istifadəsinə verilmiş 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış və texniki pasport verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh 12 sentyabr 2022-ci il tarixli **********80 №-li məktubla ərizənin təmin edilməsindən imtina etmişdir.

3. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, vətəndaş tərəfindən təqdim olunmuş protokol Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında öz əksini tapmadığı üçün 0.05 ha sahəsinə plan-ölçü sənədinin hazırlanması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi idarənin imkanı xaricindədir. Adı siyahıda qeyd olunmuş vətəndaş İddiaçı 0.06 ha torpaq sahəsinin yerləşmə vəziyyətini və döngə nöqtələrinin koordinatlarını özündə əks etdirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş yerquruluşu planını 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil edəcəyi təqdirdə onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxıla bilər. Əlavə olaraq bildirilir ki, torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kv-luq yüksək gərginlikli hava elektrik xəttləri keçir. Belə olan halda iddiaçıya rəsmi qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qeyri-mümkün olduğu bildirilmiş, eləcə də ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Gərginliyi 1000 voldan yuxarı olan elektrik səbəkələrinin mühafizə qaydaları”na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 30 metr təşkil edildiyi diqqətinə çatdırılmışdır. Bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qoruma zolağı gözlənilməmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 6 dekabr 2023-cü il tarixli 2- 1(116)-1991/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçir. Belə olan halda iddiaçıya rəsmi qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qeyri-mümkün olduğu bildirilmiş, eləcə də ona “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 30 metr təşkil edildiyi diqqətinə çatdırılmışdır. Mülkiyyət hüquqları onu təsdiq edən ilkin hüquqmüəyyənedici sənədlərlə birlikdə həmin torpaq sahəsinə dair tərtib edilmiş yerquluşu planı, ilkin torpaqayrıma sxemi və ya cizgi-plan sənədi ilə yerinin müəyyən edilməsindən sonra qeydiyyata alınması məsələsinə baxılmalıdır. Faktiki vəziyyətdə isə iddiaçı tərəfdən qeyd edilən sənədlərdən hər-hansı biri ərizəyə əlavə edilməmişdir. Belə olan halda mütəxəssis tərəfindən ölçülən ərazinin həqiqətən iddiaçıya məxsus olması faktı sübut olunmamış qalır. Torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçir. Belə olan halda iddiaçıya rəsmi qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qeyri-mümkün olduğu bildirilmiş, eləcə də ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 30 metr təşkil edildiyi diqqətinə çatdırılmışdır. Bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qoruma zolağı gözlənilməmişdir. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsinin dövlət mülkiyyəti olaraq elektron bazaya işlənilməsi faktiki olaraq yüksək gərginlikli hava elektrik xəttinin altında yerləşməsi səbəbindəndir. Çünki hazırki vəziyyətdə iddia edilən torpaq sahəsi dövlət mülkiyyəti kimi dövlətin balasında olan torpaq sahəsidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1991/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1991/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1991/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv sənədlərinə əsasən xx.xx.1980-ci il tarixli 102 nömrəli qərarına Yol maşınları zavodunun bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçının adı Yol maşınları zavodunun “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyasınında 18 sıra nömrəsi ilə qeyd edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3210/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar (ümumi istifadədə olan torpaq sahəsi) mülkiyyət növü dövlət mülkiyyətidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.İddiaçı ayrılmış 0.06 ha torpaq shaəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmamışdır.Naturada göstərilən torpaq sahəsi elektron bazada olan torpaq sahəsi ilə eyni ərazidə yerləşir.İddia olunan torpaq sahəsi “Yolmaş zavodunun Sağlamlıq Kollektiv” bağçılıq üçün ayrılmış ərazidə yerləşir.

5. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçıya Mingəçevir İcraiyyə Komitəsinin 7 mart 1980-ci il tarixli 102 saylı Qəraı ilə verilən zaman DWG baza məlumatlarına əsasən təyinatı (kateqoriyaya)- yaşayış məntəqələrinin torpaqları daxilində, dövlət mülkiyyətinə aid torpaq sahəsidir. İddia olunan torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətləri keçir.

6. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Ərazi İdarəsinin cavab məktubu məhkəmənin müvafiq sorğusuna əsasən qərarla torpaq sahəsinin verildiyi tarixə, yəni 1980-ci ilə nəzərən tərtib edildiyindən və həmin tarixdə ümumiyyətlə “Bələdiyyə” və ya “Xüsusi mülkiyyət” ifadələrinin hüquqi əsaslılığı olmadığından, yeganə mülkiyyət növü olan “dövlət mülkiyyəti” ifadəsindən istifadə edilmişdir. xx.xx.2001-ci il tarixdə qəbul edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqları mülkiyyəti statusunu almışdır. Həmin dövrlərdə tərtib edilmiş bələdiyyə xəritəsinə əsasən mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Lakin faktiki vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış TEKUİS elektron xəritə baza materiallarında həmin ərazi dövlət mülkiyyəti kimi qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

16. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının: 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

20. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır.

21. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı uzun müddət Yolmaş zavodunda çalışmışdır. İddiaçıya torpaq sahəsinin ayrılmasına dair Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv sənədlərinə əsasən xx.xx.1980-ci il tarixli 102 nömrəli qərarına əsasən və Mingəçevir şəhər “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyasına əsasən də iddiaçının istifadəsində olmuş torpaq sahəsinin müvafiq qaydada ayrıldığı öz təsdiqini tapmışdır.

28. Cavabdehin apellyasiya şikayətini ayrılan torpaq sahəsinin yerləşmə vəziyyətini təsdiq edən sənədin təqdim edilməməsi və iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçməsi ilə əsaslandırmışdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan iddiaçının faktiki istifadəsində 600 kv.m torpaq sahəsi mövcud olmuşdur. İstifadə olunan torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı məhkəmənin sualına cavab olaraq qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi “Yolmaş zavodunun Sağlamlıq Kollektiv” bağçılıq üçün ayrılmış ərazi daxilində yerləşir. Bu hal iddia olunan torpaq sahəsinin ona ayrılan torpaq sahəsi ilə eyniləşdirmə aparılmasına imkan yaradır.

30. Göründüyü kimi, iddia olunan torpaq sahəsi İddiaçı ayrılan torpaq sahəsi olmaqla onun qanuni istifadəsindədir.

31. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kv-luq yüksək gərginlikli hava elektrik xətlərinin keçməsini göstərsə də məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının qeyd edilən əsaslara görə imtinası nəzərdə tutulmamışdır.

32. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.

33. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X2 “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatı tərəfindən iddaçı İddiaçı ayrılmış, faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alaraq çıxarış və plan-ölçü sənədinin verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1991/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar