Məhkəmə qərarları › İş №2-1(107)-136/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-136/2020

07.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-136/2020 07.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan 3 yaşına çatanadək körpə uşağına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-420/2020nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçıya xx.xx.2019-cu il tarixdə ümumi xəstəlikdən üçüncü qrup əlillik dərəcəsi təyin olunmuşdur. xx.xx.1980-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Şəki Tikiş fabrikində, xx.xx.1991-ci il tarixdən hal-hazıradək Şəki şəhər 1 №-li orta məktəbdə, Şəki şəhər qarışıq tipli internat məktəbdə işləmiş və hal-hazırda “xxxx” MMC-də işləyir. Həmçinin xx.xx.1988ci il tarixdə Ruslan adlı övladı anadan olmuşdur. İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional «Asan Xidmət» Mərkəzi vasitəsilə ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmişdir. Lakin şöbə tərəfindən göndərilmiş məktubda tələb olunan pensiya kapitalı olmadığından əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Belə ki, xx.xx.1988-ci il tarixdə uşağı doğulmuşdur. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun iş stajına daxil edilir. Bu maddəyə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan müddət işləməyərək 3 yaşına çatanadək körpə uşağına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinadən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Əmək kitabçasına əsasən xx.xx.2006-ci il tarixədək onun 21 il 6 ay 28 gün sosial sığorta stajı vardır. 01.01,2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək isə fərdi hesabında 4060,94 manat pensiya kapitalı vardır. xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işləməyərək 3 yaşına çatanadək körpə uşağına qulluq etdiyi 2 il 4 ay 19 gün müddət xx.xx.2006-cı il tarixədək olan sığorta stajına əlavə olunduqda, 23 il 11 ay təşkil edər. Belə olduqda cəmi pensiya kapitalı 21340,76 manat təşkil edər ki, bu məbləğ də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə əsasən ona əmək pensiyası təyin olunması üçün hüquq yaradar. İddiaçının izahatı: İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin izahatı: İddia tələbinə etiraz edib təmin edilməməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. İddiaçıya əlillik təyin olunarkən 56 yaşı tamam olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən əmək pensiyası təyin olunması üçün 13 il 8 ay sosial sığorta stajı və 19680,0 manat pensiya kapitalı tələb olunur. Vətəndaşın təqdim etdiyi əmək kitabçası və fərdi uçot məlumatlarına əsasən vətəndaşın xx.xx.2006-cı il tarixədək 21 il 6 ay 28 gün sosial sığıorta stajı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında olan 4060,94 manat pensiya kapitalı nəzərə alınmaqla, cəmi 19658,48 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. İddiaçının məhkəmə qərarı əsasında xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işləməyərək 3 yaşına çatanadək körpə uşağına qulluq etdiyi 2 il 4 ay 19 gün müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, xx.xx.2006-cı il tarixədək olan sığorta stajı 23 il 11 ay təşkil edər. Belə olduqda cəmi pensiya kapitalı 21340,76 manat təşkil edər ki, bu məbləğ də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya əmək pensiyası təyin olunması üçün hüquq yaradar. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı, ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, əlilliyə dair TSEK-in arayışı, DSMF-nin Şəki şəhər Şöbəsinin imtina məktubu, xx.xx.2019-cu il tarixli məlumatı, xx.xx.2020-ci il tarixli **********9 nömrəli münasibəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Vİ-AK seriyalı 390558 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2019-cu il tarixli 04 nömrəli arayış aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. İşləməyərək körpə uşağına qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq deyildir, çünki bu müddətdə vətəndaş heç bir sosial sığorta haqqı ödəməmişdir.Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 12 fevral tarixli, 2-1(116)-420/2020 nömrəli iş üzrə Qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə Apellyasiya instansiyasında qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1988-ci ildə anadan olmuşdur, atası X1, anası isə İddiaçıdır. İddiaçıya əlillik təyin olunarkən 56 yaşı tamam olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən əmək pensiyası təyin olunması üçün 13 il 8 ay sosial sığorta stajı və 19680,0 manat pensiya kapitalı tələb olunur. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx xxxxxx 2019-cu il tarixdən üçüncü qrup əlillik təyin edilmişdir. Ona İİİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubuda qeyd edilmişdir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün minimum 13 il 8 ay sosial sığorta stajı və 19680 manat pensiya kapitalı tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədəkişləməyərək körpə uşağına qulluq etdiyi illər iş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan müddət iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 19680 manat pensiya kapitalı tamamlanacaqdır. (xx.xx.2006-cı ilə qədər mübahisələndirilməyən 21 il 6 ay 28 gün sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında olan 4060,94 manat pensiya kapitalı, cəmi 19658, 48 manat pensiya kapitalı+körpə uşağına qulluq etdiyi 2 il 4 ay 19 gün = 23 il 11 ay sığorta stajı, 21340,76 manat pensiya kapitalı). xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-420/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar