Məhkəmə qərarları › İş №2-1(107)-137/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-137/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-137/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-910/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Müxtəlif təşkilatlarda və kolxozda işləmiş, hərbi xidmətdə olmuşdur. 2006-cı il tarixədək hərbi xidmətlə birlikdə cəmi 22 il 8 ay stajı vardır. 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmalı olduğu halda, bu günə qədər pensiya təyin olunmamışdır. Belə ki, o, 2013-2016-cı illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ödədiyi məbləğlərin fərdi hesabına işlənilməsi üçün dəfələrlə cavabdeh orqana müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. 40400058-230 saylı akta əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ona ******* və **********6 sığortaedənin uçot nömrəsi verilmişdir. O, 2013-cü ildə 1 dəfə olmaqla 20,0 manat, 2014cü ildə 3 dəfə olmaqla 17,0 manat, 2015-ci ildə 5 dəfə olmaqla 100,0 manat, 2016-cı ildə 4 dəfə olmaqla 100,0 manat qeyd etdiyi uçot nömrələri üzrə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmçinin cavabdeh orqan tərəfindən ona **********213 №-li Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. Lakin bu qədər ödədiyi vəsaitdən heç biri fərdi hesabına işlənilməmişdir. O, bu barədə cavabdeh orqana yazılı ərizə ilə müracət etmişdir. Lakin orqan tərəfindən ona vaxtında hesabat təqdim etmədiyindən ödədiyi vəsaitlərin fərdi şəxsi hesabına işlənilmədiyi bildirilmişdir. Lakin ilk vəsaiti ödədiyi xx.xx.2013-cü il tarixdən bu günə qədər ona hesabat təqdim etməyi barədə rəsmi məktub göndərilməmiş, xəbərdarlıq edilməmişdir. Cavabdeh orqan tərəfindən məcburi inzibati icraat tədbirləri görülməmişdir. Nəticədə şöbə tərəfindən onun konstitusiyon hüquqları pozulmuşdur. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan iddianın dəqiqləşdirilməsi barədə ərizəsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək penisyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün yaşı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində əsasən, xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçının təqdim etdiyi sənədlərə, əmək kitabçası, hərbi bileti, diplomunun surətlərinə əsasən 11 il 6 ay 23 gün mübahisələndirilməyən stajı və 8309.0 manat pensiya kapitalı mövcuddur. Mübahisələndirilən stajı isə X4 filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 34 №-li arayışa əsasən 1987-1997-ci illərdə Oxud kənd Nərimanov adına kolxozda işlədiyi müddətdir. Çünki, həmin illər əmək kitabçasında qeyd olunmamışdır. Həmin arxiv arayışına əsasən iddiaçının sosial sığorta stajı 9 il 10 aydır. (6 il minimum bitirən illər - 1988-1993; minimum bitirməyən illər- 1987, 1994-1997-861: 220 = 3.9 x 12 = 46 ay - 3 il 10 ay). Cəmi iş stajı 21 il 4 ay təşkil edir. İddiaçı tələbində 2013-2016-cı illərdə kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarına görə xx.xx.2019-cu il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.1 maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi iddiasını qeyd etmişdir. Lakin iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən bu məbləğləri onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır. Nəticədə iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə pensiya kapitalı qeydə alınmamışdır. Buna görə də iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.1 maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyini mümkün olmamışdır. Həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya 23040 manat pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-910/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. . Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Şəki İnzibati Məhkəməsi qərarın əsaslandırma hissəsində qeyd etmişdir ki, iddiaçının cəmi 21 il 4 ay sığorta stajı var. Həmçinin iddiaçı cəmi 13 ay torpağa görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir ki, həmin müddət də onun digər stajı ilə toplandıqda tələb olunan 25 il stajı tamamlanmır. Buradan aydın olur ki, birinci instansiya məhkəməsi onun 13 ay torpağa görə məcburi dövlət sosial sığorta haqqını ödədiyini qəbul edir və bu müddəti sosial sığorta stajına daxil edir. Buradan belə bir sual meydana çıxır: Əgər onun 24 il stajı olsa idi, torpağa görə olan 13 ay stajı nəzərə alaraq 25 il staj tamam olduğu üçün Məhkəmə tərəfindən ona pensiya təyin edilməsi öhdəliyi qoyulacaqdımı? Daha sonra isə Məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsini təfsir edərək qeyd edir ki, onun x xxxx 2018-ci il tarixə fərdi hesabında pensiya kapitalı olmadığı üçün iddiası rədd edilməlidir. Burada ziddiyət yaranır. Məhkəmə əvvəl torpağa görə 13 ay stajı olduğunu qeyd edir, sonra isə özü bunu təkzib edir. Bu necə ola bilər? Məhkəmə x xxxx 2018-ci il tarixə fərdi hesabında pensiya kapitalı olmadığını hansı səbəbdən olmadığını araşdırmamış, cavabdehə bu barədə sual verməmiş və nəticədə antikonstitusion qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 12.1 maddəsində deyilir: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin Məhkəmə tərəfindən belə bir araşdırma aparılmamışdır. Həmçinin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Lakin onun tərəfindən irəli sürülən faktlar araşdırılmamış, ancaq cavabdehin əsassız etirazına istinad edilmişdir. Belə ki, iddiaçı müxtəlif vaxtlarda ƏƏSM naziri Sahil Babayevə, DSMF-nın direktoru Himalay Məmişova yazmış olduğu ərizələrində cavab olaraq ünvanına 2 dəfə DSMF tərəfindən məktub göndərilmişdir. Hər iki məktubda onun 2014- 2016-cı illərdə MDSSH ödədiyi qeyd olunur. xx.xx.2020-ci il tarixli DSMF İH-nin sədr müavini Mətin Əsgər tərəfindən imzalanmış məktubda B3 hesabatlarının təqdim edilməsi üçün işlərin aparıldığı, işlər yekunlaşdırıldıqdan sonra məlumat veriləcəyi bildirilmişdir. Lakin bu günə qədər heç bir məlumat verilməmişdir. Bu məktubdan aydın olur ki, DSMF B3 hesabatlarının təqdim olunmamasında öz məsuliyyətsizliyini etiraf edir, lakin əməli iş görmək istəmir. İnformasiya texnologiyasının inkişaf etdiyi indiki dövrdə bu məsələni həll etmək belə çətindirmi? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmişə qeyd edir ki. ən güclü elektron informasiya sistemi bizim Nazirliyə məxsusdur. Lakin uzun müddətdir ki, bu məsələ həllini tapmır. Hesab edir ki, DSMF bilərəkdən bu məsələni həll etmir. Hər iki məktubu proses zamanı Şəki İnzibati Məhkəməsinə təqdim etmişdir. Lakin heç bir reaksiya verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 3-cü bəndində Fondun vəzifələri, 4cü bəndində isə hüquqları göstərilmişdir: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır: 3.1.4. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək; 3.1.9. işəgötürənlərdən və sığortaolunanlardan dövlət sosial sığorta sistemində fərdi uçot qanunvericiliyində müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 4.1. Fond öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 4.1.3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, eləcə də sığortaolunanlardan məcburi dövlət sosial sığortasına aid olan məlumatları və sənədləri tələb etmək; 4.1.7. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işəgötürənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərini tətbiq etmək; Buradan aydın olur ki, Fond tərəfindən vəzifələr icra olunmamış, hesabat təqdim etməyim barədə mənə xəbərdarlıq edilməmiş, digər inzibati-icraat tədbirləri həyata keçirilməmişdir. Ödədiyim 237,0 manat vəsaitin təsnifatı üzrə hesaba işlənilməsi təmin edilməmiş, «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-910/2020 nömrəli qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazında bildirmişdir ki, Şəki inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-910/2020 nömrəli qərarı ilə iddia əsaslı olaraq təmin edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində 2006-cı il tarixədək hərbi xidmətlə birlikdə cəmi 22 il 8 ay stajı olduğunu qeyd etmişdir. 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmalı olduğu halda, bu günə qədər pensiya təyin olunmamışdır. O, bu barədə DSMF-nin Şəki şəhər filialına yazılı ərizə ilə müraciət etmiş, ona vaxtında hesabat təqdim etmədiyindən ödədiyi vəsaitlərin fərdi şəxsi hesabına işlənilmədiyi bildirilmişdir. Göründüyü kimi, şöbə tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində 2006-cı ilədək 22 il 8 ay iş stajı olduğunu qeyd etsə də, bunu təsdiq edən sənəd iş materiallarında öz əksini tapmamışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Lakin eyni zamanda iddiaçının yaşa görə əmək pensiyasına çıxması üçün “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır İddiaçının iş materiallarında olan Milli Arxiv İdarəsi Şəki şəhər filialı tərəfindən verilmiş arxiv arayışında 1987-1997-ci illərdə Şəki rayonu Oxud kənd Nərimanov adına kolxozda işlədiyi qeyd edilmişdir. Lakin işin tam, obyektiv araşdırılması üçün tərəfimizdən Milli Arxiv idarəsinin Şəki şəhər filialına sorğu göndərilmiş, sorğuya cavab gəlməmişdir. İddiaçının təqdim etdiyi sənədlərə: əmək kitabçası, hərbi bileti, diplomun surətlərinə əsasən 11 il 6 ay 23 gün mübahisələndirilməyən stajı və 8309,0 manat pensiya kapitalı mövcuddur. Mübahisələndirilən stajı isə X4 filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 34 nömrəli arayışa əsasən 1987-1997-ci illərdə Oxud kənd Nərimanov adına kolxozda işlədiyi müddətdir. Çünki həmin illər əmək kitabçasında qeyd olunmamışdır. Həmin arxiv arayışına əsasən iddiaçının sosial sığorta stajı 9 il 10 aydır. Cəmi iş stajı isə 21 il 4 ay təşkil edir. İddiaçı tələbində 2013-2016-cı illərdə kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi iddiasını qeyd etmişdir. Lakin iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən bu məbləğləri onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-910/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 910/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2-1(116)-910/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Dövlət Sosial Sığorta Şəhadətnaməsinin təsdiqlənmiş surəti, Mədaxil qəbzlərinin təsdiqlənmiş surətləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Birinci instansiya məhkəməsi qərarının əsaslandırma hissəsində müəyyən olunmuşdur ki, İddiaçı cəmi 21 il 4 ay sığorta stajı var. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı cəmi 13 ay torpağa görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir ki, həmin müddət də onun digər stajı ilə toplandıqda tələb olunan 25 il staj tamamlanmır. Məhkəmə qeyd etmişdir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslıdır və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-910/2020 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: DSMF-nin Şəki şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, **********6 saylı məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan 40400058-230 saylı torpaq aktına verilən **********6 sığortaedənin uçot nömrəsinə ödədiyi məcburi dövlət sığorta haqqının hesabatını vaxtında təqdim etmədiyindən İddiaçı və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır. İş materiallarında olan DSMF-nin Şəki şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, **********3 saylı məktubundan görünür ki, İddiaçı 2013-cü ildən 2016-cı ilədək mülkiyyətində olan kənd təsərüfatına yararlı torpaqlardan istifadəyə görə ödəməli olduğu məbləğ ailə üzvləri ilə birlikdə 376,04 manat təşkil edir. Ödəniş müxtəlif aylarda müxtəlif məbləğlərdə olmuşdur. İddiaçının öz payına düşən məbləğ 75,20 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, sığortaedən İddiaçı tərəfindən 2014-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara” (Forma B2) əsasən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Sığortaedən tərəfindən təqdim edilmiş 2014-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat “ (Forma B2) məlumatlarının və ödənilmiş vəsaitlərinin Nazirliyin “X1 Sistemi”nin Sığorta (Hesabat) altsisteminə konvertasiya edilməsi ilə əlaqədar tərəfimizdən müvafiq işlər aparılır. Aparılan işlər yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 2013-cü ildən 2016-cı ilədək mülkiyyətində olan kənd təsərüfatına yararlı torpaqlardan istifadəyə görə ödəməli olduğu məbləğ ailə üzvləri ilə birlikdə 376,04 manat olmuş və iddiaçının öz payına düşən məbləğ 75,20 manat təşkil etmişdir. Əgər (Forma B3) hesabatı vaxtında təqdim olunsaydı İddiaçı 2013-cü ildən 2016-cı ilədək mülkiyyətində olan kənd təsərüfatına yararlı torpaqlardan istifadəyə görə odədiyi 75,20 manat məcburi dövlət sosial sığorta haqqı onun fərdi şəxsi hesabında qeydə alınardı. Həmin məbləğə görə sosial sığorta stajının təmin edilməməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, İddiaçı 2013-cü ildən 2016-cı ilədək mülkiyyətində olan kənd təsərüfatına yararlı torpaqlardan istifadəyə görə ailə üzvləri ilə birlikdə sosial sığorta haqlarını ödəmiş, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması, iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmənin təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Əmək Pensiyaları haqqında Qanunun 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; -21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. “Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən; 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2-1(116)-910/2020 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə alaraq, 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu, xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. . İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-910/2020 nömrəli qərarı ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar