Məhkəmə qərarları › İş №2-1(107)-138/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-138/2020

28.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-138/2020 28.04.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən, məruzəçi) Rəfiyev Rövşən Raqfiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “1975-1981 və 1984-1991-ci illərdə Azad kolxozunda, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Balakən rayon Təsərrüfatlararası Meliorasiya müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-227/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1954-cü il tarixdə Balakən rayon Hənifə kəndində anadan olmuşdur. O, 1975-ci ildən 1981-ci ilədək və 1984-cü ildən 1991-ci ilədək Hənifə kəndində yerləşən Azad kolxozunda, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Balakən rayon Meliorasiya müəssisəsində işləmişdir. xx.xx.2017-ci ildə 63 yaşı tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyası üçün cavabdehə təqdim etmişdir. Cavabdeh orqan iddiaçının işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə görə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmiş və iddiaçının işlədiyi illər əmək kitabçası olmadığına görə həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun olmamasını bildirmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi arxiv arayışlarına əsasən kolxozda iş stajı 9 il 7 ay, Meliorasiya müəssisəsində 5 ay 27 gün və hərbi xidmət dövrü 2 il 1 ay 6 gün olmaqla, cəmi 12 il 2 ay ümumi stajı var. İddiaçının xx.xx.2017-ci il tarixindən 63 yaşı və 12 il sığorta stajı tamam olduğuna görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 227/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin üzərinə iddiaçınınüzərinə İddiaçı oğlunun 1975-1981 və 1984-1991-ci illərdə Hənifə kəndi “Azad” adına kolxozda, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixədək Balakən rayonu X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının işlədiyi illər şəxsin sığorta stajını təsdiq edən sənəd olan əmək kitabçasında qeyd edilmədiyindən həmin illərin onun sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, qanunun normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclası barədə tərəflərə məlumat verilmiş, “Azərbaycan Respublikasinda Koronavirus (covid-19) infeksiyasinin yayilmasi təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli 06 nömrəli qərarında qeyd edilən tövsiyələri nəzərə alaraq hazırkı iş üzrə məhkəmə baxışı şifahi dinləmələr keçirilmədən aparılmışdır. Bununla bağlı tərəflərin etirazı və məhkəmə iclasının tərəflərin iştirakı ilə keçirilməsi barədə hər hansı bir vəsatətləri daxil olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hazırkı işə Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinin tələblərinə əsasən şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli X2 surəti, Cavabdehin xx.xx.2019-cu il tarixli 276 nömrəli məktubu, Balakən Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 196 nömrəli, xx.xx.2017-ci il tarixli 243 nömrəli arxiv arayışları, Hənifə kənd İcra Nümayəndəsinin xx.xx.2019-cu il tarixli 843 nömrəli, Cavabdeh orqanın xx.xx.2019-cu il tarixli **********1 nömrəli və xx.xx.2020-ci il tarixli arayışları, SHXÇDX Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 377 nömrəli arayışı, cavabdeh orqanın və arxiv təşkilatının nümayəndələrindən ibarət tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktı və digər sənədlər daxildir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM)) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubundan görünür ki, iddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı mövcuddur. Belə ki, onun işlədiyi dövr, həmçinin təhsil müddəti onun sosial sığorta stajına daxil edildiyi təqdirdə o əmək pensiyası almaq hüququ əldə edəcəkdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Balakən rayon Hənifə kəndində anadan olmuşdur. O, 1975-ci ildən 1981-ci ilədək və 1984-cü ildən 1991ci ilədək Hənifə kəndində yerləşən Azad kolxozunda, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Balakən rayon Meliorasiya müəssisəsində işləmişdir. Bu fakt Balakən Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 196 nömrəli və xx.xx.2017-ci il tarixli 243 nömrəli arxiv arayışları ilə təsdiq olunur. Cavabdeh inzibati orqan iddiaçının işləməsi faktını təsdiq edən arxiv arayışından qeyd edilən illərin onun əmək kitabçasında qeyd edilmədiyinə əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir, orada iddiaçının işlədiyi illər və həmin vaxt aldığı əmək haqqı barədə məlumatlar müfəssəl göstərilmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Kollegiya aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə ki, “Əmək pensiları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin - ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bundan başqa, qanunun tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi arayışlar nəzərə alınır. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli **********1 nömrəli və xx.xx.2020-ci il tarixli məktublarında Balakən rayon qeyd edilən arxiv arayışlarına əsasən Balakən rayon təsərrüfatları üzrə illik adam günü norması 200 adam günü və ya 1400 adam saatı nəzərə alınarsa iddiaçının “Azad” kolxozundakı 1975-1981-ci illərdə 6 il tam, 1984-1991-ci illərdə işlədiyi illər üzrə minimum adam günü norması nəzərə alınmaqla 3 il 7 ay, həmçinin xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Balakən rayon Meliorasiya müəssisəsində 5 ay 27 gün və hərbi xidmət dövrü 2 il 1 ay 6 gün də əlavə edilməklə onun ümumi iş stajı 12 il 2 ay təşkil etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında müəyyən etdi ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olduğundan onun pensiya yaşı xx.xx.2017-ci il tarixdən 63 yaşı tamam olmuş qanunvericiliyin tələbinə görə həmin dövr üçün iddiaçının əmək pensiyası hüququnun yaranması üçün 12 il sığorta stajı kifayət edirdi. Belə ki, xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, x xxx 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə edilən dəyişikliyədək qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəsnin Qeydində göstərilirdi ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqdim edilən işin faktiki hallarına və həmin hallara münasibətdə tətbiq edilən hüquq normalarının tələblərinə əsasən birinci instansiya məhkəməsi hazırkı mübahisəni düzgün həll etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının müvafiq kolxozda işlədiyi illər üzrə yerinə yetirdiyi əmək iştirakı normasını nəzərə almaqla işlədiyi faktiki adam günlərini müəyyən edib qəbul etdiyi qərarın məzmununda qeyd edərək 1975-1981 və 1984-1991-ci illərdə Hənifə kəndi “Azad” adına kolxozda işlədiyi 9 il 7 ayın, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixədək Balakən rayonu X1 işlədiyi 5 ay 27 günün sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalı olması qənaətinə gəlsə də, məhkəmə qərarının nəticə hissəsində iddiaçının əmək iştirakı normasına uyğun faktiki sığorta stajının müddətini göstərməmişdir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən iddiaçının əmək iştirakı normasına uyğun Azad” adına kolxozda faktiki işlədiyi müddət 9 il 7 ay təşkil etməsi ilə bağlı müddəa əlavə edilməklə dəyişdirilməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-227/2020 nömrəli qərarı dəyişdirilərək “Azad” adına kolxozda sözlərindən sonra “9 (doqquz) il 7 (yeddi ay) faktiki işlədiyi müddət” sözləri əlavə edilməklə dəyişdirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar