Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-138/2021 26.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı “cavabdehin 671671 saylı pensiya işi üzrə pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı 01 dekabr 2019-cu il tarixdən bərpa edilməsi, ondan əsassız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən halhazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2- 1(116)-581/2020 nömrəli qərarından iş üzrə cavabdeh DSMF publik hüquqi şəxsin Oğuz rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək Oğuz rayon Avtonəqliyyat müəssisəsində çilingər, 1986-1995-ci illərdə Oğuz rayon “Xaçmaz” kolxozunda kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Oğuz rayonunda anadan olmuşdur. İddiaçı 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək Oğuz rayon Avtonəqliyyat müəssisəsində çilingər, 1986-1995-ci illərdə Oğuz rayon “Xaçmaz” kolxozunda kolxozçu işləmişdir. İddiaçının Oğuz rayon Avtonəqliyyat müəssisəsində əmək fəaliyyəti illərinə dair onun əmək kitabçasında müvafiq qeydlər aparılsa da, 1986-1995-ci illərdə Oğuz rayon “Xaçmaz” kolxozunda işlədiyi müddət qeyd edilməmişdir. Hal-hazırda müəssisə və kolxoz fəaliyyət göstərmir. İddiaçı Oğuz rayon X8 rayon “Xaçmaz” kolxozunda işlədiyinə və əmək haqqı almasına dair arxiv arayışı əldə etsə də, Oğuz rayon Avtonəqliyyat müəssisəsinin 1984-1986-cı illərə dair çilingər və yük parkı işçilərinin şəxsi hesab kitablarının arxivə təhvil verilməməsi səbəbindən müvafiq arxiv arayışı əldə edə bilməmişdir. İddiaçı pensiya yaşına çatdığı üçün 19.05.2017-ci il tarixdən əmək pensiyası alır. Lakin cavabdeh orqan tərəfindən ona 09.12.2019-cu il tarixli məktub göndərilərək “Xaçmaz” kolxozunda işlədiyi dövr üçün əmək kitabçasının surətini, Oğuz rayon Avtonəqliyyat müəssisəsində işlədiyi dövr üçün isə əmək haqqı arayışını təqdim edə bilmədiyi üçün həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmiş və bu səbəblə də təyin olunmuş pensiya ödənişinin dayandırıldığı qeyd olunmuş, 19.05.2017-ci il tarixdən 01.12.2019-cu il tarixədək olan bütün müddət ərzində ödənilmiş pensiya məbləğinin geri qaytarılması iddiaçıdan tələb edilmişdir. İddiaçı məhkəməyə 16.06.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbində düzəlişlər aparmış və “cavabdehin 671671 saylı pensiya işi üzrə pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı 01 dekabr 2019-cu il tarixdən bərpa edilməsi, həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi, həmçinin əsassız geri alınmış məbləğin birdəfəyə ona qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə yenidən ünvanladığı 21.09.2020-ci il tarixli ərizəsində cavabdehin 671671 saylı pensiya işi üzrə pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamına əsasən 13 dekabr 2019-cu il tarixdə artıq alınmış təqaüd qismində YXO-nun tərkibində olan Oğuz Rayon Maliyyə İdarəsinin ******************** nömrəli hesabına X5 adından 1500 (bir min beş yüz) manat və öz adından 3155 (üç min bir yüz əlli beş) manat, cəmi 4655 (dörd min altı yüz əlli beş) manat məbləğində pul ödədiyini bildirərək, “cavabdehin 671671 saylı pensiya işi üzrə pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı 01 dekabr 2019-cu il tarixdən bərpa edilməsi, əsassız geri alınmış 4655 (dörd min altı yüz əlli beş) manat məbləğində pulun və 01 dekabr 2019-cu il tarixdən halhazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.12.2020-ci il tarixli iclasında ərizə protokol qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının tələbinə münasibət bildirirərək qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq 19.05.2017-ci il tarixdən 12 il 09 gün iş stajına uyğun olaraq (tələb edilən norma 12 ildir) 140.72 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək Oğuz Rayon Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr, yəni 01 il 11 ay 18 gün hesablamadan çıxarılmışdır. Nəticədə vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi 01.01.2020-ci il tarixdən dayandırılmışdır. Bu barədə vətəndaşa şöbə tərəfindən 09.12.2019-cu il tarixli **********8 №-li məktubu ilə rəsmi məlumat verilmişdir. X6 09.12.2019-cu il tarixdə müraciət edərək 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək X1 işlədiyi dövrə dair 06.12.2019-il tarixli 208 №-li Oğuz Rayon Dövlət Arxivindən verilmiş arxiv arayışını və 06.12.2019-cu il tarixli 207 №-li Arxiv arayışını təqdim edərək iş stajının yenidən hesablanmasını tələb etmişdir. Vətəndaşa bildirilmişdir ki, "Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması Qayda"larının 3.1.1-ci bəndinə görə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyasının hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına müəyyən edilir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 09.12.2020-ci il tarixli, 2-1(116)-581/2020 saylı qərarı ilə, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialının 671671 saylı pensiya işi üzrə İddiaçı pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialının üzərinə təyin olunmuş pensiyanın əsassız dayandırıldığı 01 dekabr 2019-cu il tarixdən bərpa edilməsi, əsassız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb İddiaçı ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF publik hüquqi şəxsin Oğuz rayon filialı tərəfindən apellyasiya şikayəti verilmnişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçı X4 19.05.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində onun 1986-1995-ci il tarixlərində “Xaçmaz” kolxozunda və 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək X1 işlədiyi dövrə dair əmək haqqı arayışı təqdim edilmədiyindən həmin dövr yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamış və nəticədə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial siğorta stajı olmadığı aşkarlanmışdır. Bu səbəbdən iddiaçıya təyin edilmiş əmək pensiyası üzrə ödənişlər 01,12.2019-cu il tarixdən dayandırılmış və bu barədə iddiaçıya tərəfimizdən 09.12.2019-cu il tarixli, **********8 nömrəli məktub ilə rəsmən məlumat verilərək pensiya ödənişinin təyin edildiyi 19.05.2017-ci il tarixindən həmin ödənişlə dayandırıldığı 01.12.2019-cu il tarixinədək ona qanunsuz ödənilmiş 4655 manat (dörd min altı yüz əlli beş) pensiya ödənişinin geri qaytarılması bildirilmişdir. İddiaçı qanunsuz ödənilmiş 4655 manat pensiya ödənişini tam şəkildə geri ödəmişdir. İddiaçı 09.12.2019-cu il tarixində Filiala müraciət edərək, onun 1986-1995-ci il tarixlərində “Xaçmaz” kolxozunda və 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixə kimi X1 işlədiyi dövrlərə dair Oğuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.12.2019-cu il tarixli 207 nömrəli və 06.12.2019-cu il tarixli 208 nömrəli arxiv arayışlarını təqdim edərək onun iş stajının yenidən hesablanmasını tələb etmişdir. Filial tərəfindən iddiaçıya bildirilmişdir ki, onun “Xaçmaz” kolxozunda işlədiyi 1986-1995-ci il tarixləri üçün əmək kitabçasının surətini Filiala təqdim edə bilmədiyinə, habelə X1 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək işlədiyi dövr üçün əmək haqqı arayışı təqdim edə bilmədiyinə görə qeyd olunan müddətlər sosial siğorta stajı hesablanarkən nəzərə alına bilməz. Belə ki, məhkəmə qərar qəbul edərkən iddiaçının 1986-1995-ci il tarixlərində Xaçmaz kolxozunda və 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək X1 işlədiyini təsdiq edən arxiv arayışları mövcud olduğundan həmin faktların doğruluğunu əsas gətirərək Oğuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.12.2019-cu il tarixli 207 və 208 nömrəli arxiv arayışlarına əsaslanmışdır. Halbuki, Oğuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.12.2019-cu il tarixli 2İ nömrəli arxiv arayışına əsasən iddiaçının 1986-1995-ci illərdə “Xaçmaz” kolxozunda işlədiyi müddət qeyd olunmuşdur. Kolxozla bağlı iş stajı hesablanarkən işin xüsusiyyətləri nəzərə alınaraq iddiaçının faktiki işlədiyi müddətə əsasən müəyyən edilir. Odur ki, iddiaçının faktiki iş stajı arxiv arayışına əsasən 2 il 5 ay 26 gündür. Həmçinin bildirmişdir ki, iddiaçının yuxarıda adıçəkilən arxiv arayışında qeyd olunmuş 1986-1995-ci illərdə “Xaçmaz” kolxozunda işlədiyi dövr əmək kitabçasında öz əksini tapmamışdır. Tərəfimizdən məhkəməyə müraciət edilərək həmin dövrlərin niyə əmək kitabçasında qeyd edilməməsi faktının araşdırılması xahiş edilsə də, məhkəmə bu faktı ətraflı araşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102) 1287/2020 saylı is üzrə 1 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən arxiv arayışında qeyd edilən dövrlərin hansı səbəbdən əmək kitabçasında qeyd olunmamasını araşdırılmalıdır. Oğuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.12.2019-cu il tarixli 208 nömrəli arxiv arayışını nəzərdən keçirsək, X2 Oğuz Rayon Dövlət Arxivində mühafizə olunan sənədlərində 1984-1986-cı illərin çilingər və yük parkı işçilərinin şəxsi hesab kitabları Arxivə təhvil verilmədiyindən əmək haqqına dair arayışın verilməsinin mümkün olmaması qeyd edilmişdir. Odur ki, həmin arayış iddiaçının sözügedən dövrdə X1 işləmə faktını təsdiq edən sübut kimi nəzərə alına bilməz. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2-1(116)-581/2020 nömrəli qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində iddiaçı məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş Mərkəzinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2-1(116)-581/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin 09.12.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu, Oğuz Rayon Dövlət Arxivinin 06.12.2019-cu il tarixli 207 nömrəli arxiv arayışı, Oğuz Rayon Dövlət Arxivinin 06.12.2019cu il tarixli 208 nömrəli arxiv arayışı, ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surəti, 10.02.2020-ci il tarixli Aktlar, cavabdeh orqanın 11.02.2020-ci il tarixli **********0 nömrəli məktubu, 09.07.2020-ci il tarixli **********5 nömrəli məktubu, cavabdeh orqanın 17.11.2020-ci il tarixli **********3 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2-1(116)-581/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki: - Oğuz Rayon Dövlət Arxivinin 06.12.2019-cu il tarixli 207 nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçı “Xaçmaz” kolxozunda 1986-1995-ci illərdə cəmi 634 iş günü (iddiaçı 1986-cı ildə 104 iş günü, 1987-ci ildə 199, 1988-ci ci ildə 48, 1989-cu ildə 93, 1990-cı ildə 46, 1991-ci ildə 3, 1992-ci ildə 2, 1993-cü ildə 129 və 1995-ci ildə 10 iş günü işləmişdir) olmaqla (minimum norma 1986-cı ildə 200 gün, 1987- 1995-ci illərdə 260 gün olmuşdur) əmək fəaliyyəti ilə məşğul olmuşdur. (cəmi 2 il 5 ay) - Oğuz Rayon Dövlət Arxivinin 06.12.2019-cu il tarixli 208 nömrəli arxiv arayışından müəyyən edilir ki, Oğuz rayon Avtonəqliyyat müəssisəsinin Oğuz rayon Dövlət Arxivində mühafizə olunan sənədlərində 1984-1986-cı illərin çilingər və yük parkı işçilərinin şəxsi hesab kitabları Arxivə təhvil verilmədiyindən iddiaçının əmək haqqına dair arayışın verilməsi mümkün olmamışdır. - ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək Oğuz rayon Avtonəqliyyat müəssisəsində çilingər işləmişdir. - 10.02.2020-ci il tarixli Aktdan müəyyən edilir ki, Oğuz Rayon Dövlət Arxivi tərəfindən verilən 06.12.2020-ci il tarixli 207 nömrəli arxiv arayışında yazılan qeydlərin düzgünlüyü cavabdehin mütəxəssisləri və arxiv müdirinin iştirakı ilə yerində yoxlanılmış və iddiaçının 1986-1995-ci illərdə “Xaçmaz” kolxozunda kolxozçu işləməsi faktı öz təsdiqini tapmışdır. - 10.02.2020-ci il tarixli Aktdan müəyyən edilir ki, Oğuz Rayon Dövlət Arxivi tərəfindən verilən 06.12.2020-ci il tarixli 208 nömrəli arxiv arayışında yazılan qeydlərin düzgünlüyü cavabdehin mütəxəssisləri və arxiv müdirinin iştirakı ilə yerində yoxlanılmış və məlum olmuşdur ki, X2 1984-1986-cı illər üzrə çilingər və yük parkı işçilərinin şəxsi hesab kitabları arxivə təhvil verilməmiş və bu səbəbdən də iddiaçının həmin müəssisədə işləməsinə dair müvafiq məlumatların əldə edilməsi mümlün olmamışdır. - 155 nömrəli “Pensiya işi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, cavabdehin əmək pensiyası təyin edən komissiyasının 25.05.2017-ci il tarixli 155 nömrəli Qərarı ilə iddiaçıya 19.05.2017-ci il tarixdən daimi yaşa görə 140.72 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Pensiya işində tələb olunan iş stajı 12 göstərilməklə iddiaçının 2 il 01 ay 07 gün hərbi xidmət illəri və 09 il 11 ay 02 gün iş stajı olmaqla cəmi iş stajının 12 il 09 gün olduğu qeyd edilmişdir. İş materiallarında olan cavabdeh orqanın 17.11.2020-ci il tarixli **********3 nömrəli məktubunda həmçinin qeyd olunur ki, iddiaçının göstərilən 12 il 09 gün iş stajının hesablanması aşağıdakı kimi olmuşdur: 73.05.10 - 75.06.17 (hərbi xidmət dövrü) 75.09.05 - 80.02.18 (Mingəçevir RT) 80.02.19 - 80.04.22 (Mingəçevir çörək zavodu) 80.11.03 - 84.03.01 (Vartaşen Tikinti İdarəsi) 84.06.06 - 86.05.24 (Avtonəqliyyat müəssisəsi) 392-33-43 405-20-82 -392-33-43 11-11-39 (12 il 09 gün cəmi iş stajı) Cavabdeh orqanın 09.07.2020-ci il tarixli **********5 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı X4 yaşa görə əmək pensiyasının təyin edilməsində iş stajının hesablanması aşağıdakı qaydada aparılmışdır. Vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən 09 il 11 ay 02 gün, hərbi xidmət dövrünə görə 2 il 01 ay 07 gün olmaqla, cəmi 12 il 09 gün ümumi iş stajı olmuşdur. Vətəndaşa 12 il 09 gün iş stajına görə (12 il x2.56 x30.72 x144 =4423.68) BH-110.00, SH- 30.72 Cəmi 140.72 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək Vartaşen (Oğuz) Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə dair əmək haqqı arayışı təqdim edilmədiyinə görə 1 il 11 ay 18 gün ümumi iş stajından çıxarılmışdır. Nəticədə tələb edilən 12 il iş stajı norması yaranmadığına görə pensiya işi ləğv edilmişdir. Vətəndaşın mübahisə edilməyən iş stajı 10 il 21 gün, mübahisə edilən iş stajı 1 il 11 ay 18 gün olmuşdur. Pensiya işinin dayandırılması barədə sərəncamın surətindən görünür ki, iddiaçının pensiya ödənişi 01.12.2019-cu il tarixindən dayandırılması və ödənilmiş məbləğin geri qaytarılmasının təmin edilməsi qərara alınmışdır. Kapital Bank ASC-nin 48607 və 48619 nömrəli qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 13.12.2019-cu il tarixində cəmi 4655 manat Oğuz rayon maliyyə idarəsinə ödənilmişdir. Ödənişin təyinatı artıq ödənilmiş pensiya qeyd olunmuşdur. İddiaçıya cavabdeh orqan tərəfindən 19.05.2017-ci il tarixində pensiya təyin edilmiş, sonradan iddiaçının 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək X1 işlədiyi 01 il 11 ay 18 gün dövr əmək haqqı arayışı təqdim edilmədiyinə görə onun iş stajından çıxarılmış, tələb olunan 12 il staj tamamlanmadığına görə pensiya dayandırılmış və ödənilmiş pensiya məbləği iddiaçıdan geri tələb edilmişdir. İddiaçı cavabdeh orqanın hərəkəti ilə razılaşmamış, ona müraciət etmiş, lakin tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. 1 yanvar 2006-cı il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Belə ki, iddiaçının yaşa görə pensiya almaq hüququ 19 may 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə 19.05.2017-ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq 19.05.2017-ci il tarixdən 12 il 09 gün iş stajına uyğun olaraq (tələb edilən norma 12 ildir) 140.72 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın 06.06.1984-cü il tarixdən 24.05.1986-cı tarixədək X1 işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr, yəni 01 il 11 ay 18 gün hesablamadan çıxarılmış və vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi 01.12.2019-cu il tarixdən dayandırılmışdır. İddiaçının 19.05.2017-ci il tarixə tələb olunun 12 il sığorta stajından artıq staja malik olması iş materiallarına əlavə olunmuş pensiya işi, əmək kitabçasının surəti və arxiv arayışı ilə təsdiq olunur ki, cavabdeh tələb olunan əmək stajının öz təsdiqini tapmaması əsası ilə iddiaçıya yaşa görə təyin edilmiş pensiyanı dayandırmaqda haqlı olmamış, bununla da iddiaçının pensiya hüquqlarını məhdudlaşdırmışdır. İddiaçının tələbinin “ondan əsassız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi” hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinçi instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 671671 saylı pensiya işi üzrə pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncam ləğv edilməli, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı 01 dekabr 2019cu il tarixdən bərpa edilməsi, ondan əssasız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən halhazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb iddiaçıya ödənilməsi öhdəliyi qoyulmalıdır. Apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X3 06.06.1984-cü il tarixdən 24.05.1986-cı il tarixədək Oğuz rayon Avtonəqliyyat müəssisəsində çilingər, 1986-1995-ci illərdə Oğuz rayon “Xaçmaz” kolxozunda kolxozçu işlədiyi illər iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2-1(116)-581/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh DSMF publik hüquqi şəxsin Oğuz rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh DSMF publik hüquqi şəxsin Oğuz rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2-1(116)-581/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-138/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-138/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver