Məhkəmə qərarları › İş №2-1(107)-138/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-138/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-138/2022 29.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2-1(116)- 386/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbinin əsaslarına görə, iddiaçı N92-ci ilin noyabr ayında İsmayıllı rayon keçmiş Hərbi Komissarlığından hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində xidmət etmiş, ölkəmizin müdafiəsi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı xidmət etdiyi hərbi hissənin tərkibində Tərtər və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələri istiqamətlərində gedən döyüşlərdə, həmçinin, Murovdağ istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı onun hərbi biletində müvafiq qeydiyyat aparılaraq Ağdərə rayonunun Mehmanə kəndi və Murovdağ bölgələrində aparılmış döyüşlərdə iştirakı göstərilmişdir. Birinci Qarabağ müharibəsində məlum atəşkəs elan olunduqdan sonra iddiaçı bir müddət xidmətini döyüş bölgələrində davam etdirmiş və N96-cı ilin fevral ayında qanunveriliklə müəyyən edimiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibindən tərxis olunmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

3. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2017-ci il tarixli iclasında baxılmış və 415 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin sərəncamının icrasının təmin edilməsi məqsədilə ünvanladığı xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, inzibati iş materiallarından, həmçinin etiraza əlavə edilmiş Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli arxiv arayışı və əmrlərdən çıxarışlardan müəyyən edilmişdir ki, iddiaçı Hərbi Polis İdarəsi rəisinin 16 noyabr N92-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, 06 fevral N93-cü il, 03 aprel N93-cü il, 20 iyul N93-cü il tarixli əmrlərlə döyüş əməliyyatları rayonuna göndərilmişdir. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin 4 avqust N93 - dekabr N94-cü il tarixli, fevral N96-cı il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bununla əlaqədar olaraq, qeyd etmək zəruridir ki, iddiaçının xidmət keçdiyi Gəncə Şəhər Hərbi Polis Şöbəsi “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən döyüş əməliyyatlarında iştirak etməmişdir (müvafiq arayış etiraza əlavə edilir). Digər tərəfdən etiraza əlavə edilmiş Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 25 noyabr 2021-ci il tarixli arxiv arayışında və müvafiq əmrlərdən çıxarışlarda iddiaçının Ağdərə, Toğana, Seyfəli döyüş əməliyyatları rayonuna ezamiyyətə göndərilməsi qeyd edilsə də, ezamiyyətin məqsədi döyüş tapşırığı və ya döyüş təminatının yerinə yetirilməsi ilə əlaqəli olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyul 2015-ci il tarixli qərarı ilə qüvvəyə minmiş “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın 8.2-ci bəndinə əsasən döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri: Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. Beləliklə də iddiaçının xidmət keçdiyi Gəncə Şəhər Hərbi Polis Şöbəsi bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyindən, iddiaçının döyüş zonasına ezamiyyətinin məqsədi döyüş tapşırığının və ya döyüş təminatının yerinə yetirilməsi ilə əlaqəli olmadığından, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” statusu verilə bilməz.

5. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 fevral 2022-ci il tarixli 2- 1(116)-386/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından 17 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin 3-cü Hərbi Polis Bölməsinə məktub ünvanlanaraq, İddiaçı Gəncə Hərbi Polis rəisinin xx.xx.N93-cü il tarixli 28 nömrəli əmrinə əsasən, Ağdərə döyüş əməliyyatları bölgəsinə, xx.xx.N93-cü il tarixli 72 nömrəli əmrinə əsasən, xx.xx.N93-cü ildən Toğana kəndi döyüş əməliyyatları bölgəsinə və xx.xx.N93-cü il tarixli 164 nömrəli əmrinə əsasən, Seyfəli döyüş əməliyyatları bölgəsinə hansı məqsədlə göndərilməsi, eyni zamanda iddiaçının N92-N96-cı illərdə hansı hərbi hissədə qulluq keçməsinə dair rəsmi məlumatın təqdim edilməsi barədə sorğu edilmişdir.

10. xx.xx.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin 3-cü Hərbi Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1071 nömrəli sorğuya cavab məktubuna əsasən, İddiaçı N92- N96-cı illərdə hansı hərbi hissədə qulluq keçməsi, həmin ərəfədə döyüş əməliyyatları bölgəsinə hansı məqsədlə göndərilməsi barədə rəsmi məlumatın verilməsi mümkün deyildir. Belə ki, Müdafiə nazirinin müvafiq qərarları ilə təsdiq edilən “Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənələrinj saxlanma müddətləri göstərilmiş siyahısı” haqqında Təlimatın tələblərinə əsasən göstərilən tarixlərdə tərtib edilən sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmiş və ya məhv edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı tamamilə əsassız və qanunaziddir. Çünki, məhkəmə işə baxarkən tərəflərin münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş, maddi hüquq normalarını, inzibati icraat və inzibati-prosessual qanunvericiliklərin müddəalarını səhv tətbiq və təfsir edərək onun bir vətəndaş olaraq hüquqlarının pozulmasına göz yummuşdur. İş materiallarında olan sənədlərdən də görünür ki, o, N92-ci ilin sentyabr ayında hərbi xidmətə çağırılmış, Azərbaycan Ordusunda xidmət edərək müxtəlif vaxtlarda döyüş bölgələrində döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmiş, N96-cı ilin fevral ayında da qanunvericiliklə müəyyən edilmiş qaydada tərxis olunmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarında olan və onun döyüş bölgələrində xidmətini əks etdirən sənədlərə tamamilə səhv yanaşma nümayiş etdirmişdir. Belə ki, işdə olan arayışlardan da görünür ki, o, 6 fevral N93-cü il, 3 aprel N93-cü il, 20 iyul N93-cü il tarixli əmrlərlə döyüş əməliyyatları rayonlarına göndərilmişdir. Birinci instansiya məhkəməsi həmin əmri ilə bağlı məntiqsiz bir nəticəyə gəlmişdir ki, bu göndərişlər döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmamış və bu zaman hər hansı qanun normasına istinad etməmişdir. Sual oluna bilər ki, N93-cü ildə Azərbaycan Ordusunun hərbi qulluqçusu döyüş əməliyyatları zonasına göndərilirsə, döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı deyilsə bəs nə ilə bağlıdır? Hər halda o, hərbi hissə komandirinin əmri ilə N93-cü ildə Qarabağ dağlarından gül-çiçək yığmaq, yaxud da Ağdam bazarında meyvə-tərəvəz satmaq üçün hərbi əməliyyatların aparıldığı zonaya ezam olunmamışdır. Onun qulluq etdiyi hərbi hissənin bir neçə hərbi qulluqçusu məhz bu cür ezamiyyətlər zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid düşmüşlər. Belə ki, Zaqatala rayonundan olan şəhid X2 və Şəki rayonundan olan şəhid Pərviz Mustafayev onun xidmət etdiyi Gəncə Hərbi Polis hissəsində xidmət etdikləri dövrdə hərbi əməliyyatlar zonasında şəhid olmuşlar. Həmçinin, soyadını unutduğu Nəcəf adlı zabit də həmin dövrdə məhz ezamiyyət zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuşdur. Birinci instansiya məhkəməsinin məntiqinə əsasən adı çəkilən şəhidlərə də gərək şəhid statusu verilməyərdi. Göründüyü kimi, cavabdeh olan dövlət qurumunun qərəzli münasibəti ucbatından o bugünədək veteran adı ala bilməmişdir. Hərbi xidmətdən N96-cı ildə tərxis olunmasına və hərbi qeydiyyata düşməyinə dair iş materiallarında kifayət qədər sübutlar olduğu halda məhkəmə bunu şübhə altına salmağa çalışmış, onun N94- N96-cı illərdə Gəncə Hərbi Polis İdarəsində xidmətini əks etdirən sənədlərin olmadığını bildirmişdir. Halbuki, məhkəmə zamanı bildirmişdir ki, sonradan o, Şəmkir Hərbi Polis İdarəsinə keçirilmiş və N96-cı ilədək orada xidmət edərək həmin hərbi hissədən tərxis olunmuşdur. Məhkəmə bu faktı qətnamədə göstərsə də anlaya bilməmişdir ki, deməli o, həmin dövrlərdə Hərbi Polis İdarəsində deyil, Şəmkir Hərbi Polis İdarəsinə xidmət keçmişdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi qərəzli və ədalətsiz olmaqla onun müharibə veteranı kimi hüquqlarının pozulmasına səbəb olmuşdur ki, bu hal da həmin qərarın ləğvini zəruri edir. Beləliklə, sadalananlardan aydın olur ki, məhkəmə cavabdehin mövqeyini qanuni və əsaslı saymaqla yanlışlığa və aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə də cavabdehin məntiqsiz və inzibati icraat haqqında qanunvericiliyə zidd olan bu mövqeyi ilə razılaşaraq inzibati məhkəmə icraatının prinsiplərinə və mahiyyətinə uyğun olmayan şəkildə hərəkət etmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə iş materiallarında olan sənədlərin, mübahisəli faktiki halların tədqiqinə yönəlmiş və iş üzrə müəyyən edilmiş hallara uyğun olaraq obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin bu şəkildə pozulmasına da hər hansı hüquqi qiymət verməyərək növbəti qanun pozuntusuna yol vermişdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verə bilməmiş, formal mülahizələr əsasında cavabdehin onun müraciətinə düzgün imtina verməsinə dair əsassız qənaətə gəlmişdir. Nəticədə məhkəmə hər hansı əsasa söykənmədən iddia tələblərini rədd etmişdir. Bütün bu sadalananlar məhkəmə tərəfindən yol verilmiş qanun pozuntuları ilə çıxarılmış məhkəmə qərarının qeyri-obyektivliyini və müvafiq qanun normalarına zidd olduğunu tam aydınlığı ilə göstərmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2-1(116)-386/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2-1(116)-386/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir.

14. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Cavabdeh orqanın etiraz məktubuna əlavə edilən xx.xx.2021-ci il tarixli 4/3-1552 nömrəli məktubda qeyd edilmişdir ki, Hərbi Polis İdarəsinin Gəncə şəhər şöbəsi döyüş əməliyyatlarında iştirak etməmişdir. - Cavabdeh orqanın etiraz məktubuna əlavə edilən xx.xx.2021-ci il tarixli 4/2-1898 nömrəli məktubda qeyd edilmişdir ki, Hərbi Polis İdarəsi rəisinin 16.11 N92-ci il tarixli 153 №-li əmrilə (əsas: səh 15, sıra 18) İddiaçı “sıravi” hərbi rütbəsi verilərək Gəncə şəhəri Hərbi Polis şöbəsinin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək atıcı vəzifəsinə təyin edilmişdir. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.N92-ci il tarixli 67 №-li əmrində (əsas: səh 40, §3, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) «Д.M.Mиpзaлиев» in qazan təminatına daxil edilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.N93-cü il tarixli 28 №-li əmrində (əsas: səh 16, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı Ağdərə döyüş əməliyyatları rayonuna göndərilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.N93-cü il tarixli 30 №-li əmrində (əsas; səh N, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı Ağdərə döyüş əməliyyatları rayonundan gəlməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.N93-cü il tarixli 72 №-iı əmrində əsas səh 49, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı Toğana döyüş əməliyyatları rayonuna göndərilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.N93-cü il tarixli 74 №-li əmrində (əsas: səh 51, § 2, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı döyüş əməliyyatları rayonundan gəlməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.N93-cü il tarixli 164 №-li əmrində (əsas: səh 33, əmr rus əlifbası ilə yazılmış, adı tam və atasının adı yazılmamışdır) « Д.M.Mиpзaлиев» in Seyfəliyə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.N93-cü il tarixli 176 №-li əmrində (əsas: səh 45, əmr rus əlifbası ilə yazılmış, adı tam və atasının adı yazılmamışdır) « Д.M.Mиpзaлиев» in Seyfəlidən qayıtması barədə məlumat vardır. Qeyd edilmişdir ki, Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.N93-dekabr N94-cü il tarixli, fevral N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsinə görə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Belə olan halda, iddiaçıya veteran adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin: - 1-ci bölməsində göstərilmişdir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. - 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. N. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

20. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müharibə veteranı statusunu almaq üçün döyüş əməliyyatlarında iştirak etdiyini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirak etməsi sübut edilmədiyindən inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Şəki Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından 17 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin 3-cü Hərbi Polis Bölməsinə məktub ünvanlanaraq, İddiaçı Gəncə Hərbi Polis rəisinin xx.xx.N93-cü il tarixli 28 nömrəli əmrinə əsasən, Ağdərə döyüş əməliyyatları bölgəsinə, xx.xx.N93-cü il tarixli 72 nömrəli əmrinə əsasən, xx.xx.N93-cü ildən Toğana kəndi döyüş əməliyyatları bölgəsinə və xx.xx.N93-cü il tarixli 164 nömrəli əmrinə əsasən, Seyfəli döyüş əməliyyatları bölgəsinə hansı məqsədlə göndərilməsi, eyni zamanda iddiaçının N92-N96-cı illərdə hansı hərbi hissədə qulluq keçməsinə dair rəsmi məlumatın təqdim edilməsi barədə sorğu edilmişdir. xx.xx.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin 3-cü Hərbi Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1071 nömrəli sorğuya cavab məktubuna əsasən, İddiaçı N92-N96-cı illərdə hansı hərbi hissədə qulluq keçməsi, həmin ərəfədə döyüş əməliyyatları bölgəsinə hansı məqsədlə göndərilməsi barədə rəsmi məlumatın verilməsi mümkün deyildir. Belə ki, Müdafiə nazirinin müvafiq qərarları ilə təsdiq edilən “Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahısı” haqqında Təlimatın tələblərinə əsasən göstərilən tarixlərdə tərtib edilən sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmiş və ya məhv edilmişdir. Həmçinin, Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.N93-dekabr N94-cü il tarixli, fevral N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı Gəncə Hərbi Polis İdarəsində xidmət etmişdir. Müəyyən edilmişdir ki, Gəncə Hərbi Polis İdarəsi döyüş əməliyyatlarında iştirak etməmişdir.

29. Bu səbəblə də məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, iddiaçıya “Müharibə veteranı” adının verilməsindən cavabdeh orqanın imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə və məhkəmə kollegiyası tərəfindən edilən sorğuya verilən cavabla öz təsdiqini tapmır.

30. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

31. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2-1(116)-386/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar