Məhkəmə qərarları › İş №2-1(107)-138/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-138/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-138/2025 22.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Göyçay rayonu Cəyirli bələdiyyəsinə qarşı “Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarının faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-2810/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X1 və digərlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında TEKUİS-də aradan qaldırılması, həmin koordinatlara uyğun X1 və digərlərinin adlarına “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan-ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya və ailə üzvlərinə Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.16 ha torpaq sahəsi verilmiş, JN-615, kod 40808048 №-li “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir.

3. Həmin torpaq sahəsi naturada ölçülüb vətəndaşlara verilərkən Kürdəmiş kənd sakinləri ilə Cəyirli kənd sakinləri arasında mübahisə yarandığından Göyçay rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli qərarı ilə torpaq sahələri dəyişdirilmişdir. Lakin həmin dəyişdirilməyə uyğun dövlət aktları tərtib edilib vətəndaşlara təhvil verilməmişdir.

4. Qeyd edir ki, həmin 1.16 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin 25 ildir istifadəsindədir, torpaq sahəsində bağ salınmışdır. 250 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir.

5. İddiaçıya və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsini qanuni əsaslarla 25 ildir iki yerdə istifadə olunmasına baxmayaraq, elektron uçot informasiya sistemində məlum olmayan yerdə işlənmişdir.

6. Mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X3 X4 (TEKUİS-də) aradan qaldırılması barədə müraciətinə baxılan zaman akt tərtib edilmiş, həmin aktla müəyyən edilmişdir ki, müraciətinin təmin edilməsini məqsədə müvafiq hesab edir.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-282/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə İddiaçı faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulması qərara alınmışdır.

8. Göründüyü kimi iddiaçıya və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsinin 0,23 ha hissəsi ilə bağlı mübahisə öz həllini tapmışdır.

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-282/2024 nömrəli qərarında qeyd edilir ki, göründüyü kimi iddia olunan torpaq sahəsi də əvvəllər Dövlət Aktı əsasında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi olmuş, cavabdeh orqan dürüstləşdirmə qaydasında sözügedən Dövlət Aktının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasını təmin etmişdir. Qeyd olunan hal, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə dürüstləşdirilmiş məlumatların TEKUİS-ə daxil etməsi ilə bağlı cavabdeh orqanın inzibati praktikasının mövcud olmasını aşkar sübut edir.

10. Lakin bununla belə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi müraciətinin təmin edilməsindən qanunsuz olaraq imtina edilmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı ərazi idarəsinin əməkdaşları vəzifə saxtakarlığı edərək, öz vəzifə səlahiyyətlərini aşaraq ona və ailə üzvlərinə məxsus olan 1.16 ha torpaq sahəsini qanuni əsaslarla 25 ildir iki yerdə istifadə olunmasına baxmayaraq, elektron uçot informasiya sistemində onlara məlum olmayan yerdə işlənmiş, qanunsuz olaraq həmin əraziyə başqa şəxsin adına çıxarış və plan-ölçü sənədi işlənmiş, bununla da Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının tələbləri pozulmuşdur. Cavabdeh orqan ilkin imtina cavabını onunla əsaslandırmışdır ki, JN-615 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə iddiaçının ümumibirgə mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında faktiki vəziyyətə uyğun olaraq işlənilmişdir.

12. Yeni uçot nəticələrində işlənilmiş 615 nömrəli parselin cənub hissəsindən təqribi olaraq 0.30 ha azaldılaraq iddiaçıya məxsus fərdi yaşayış evinin ətrafında yerləşən torpaq sahəsi ilə əvəzləşdirilməsi xahiş edilmiş və bununla bağlı yeni uçot nəticələrində müvafiq düzəlişlərin edilməsi üçün idarənin mütəxəssisləri tərəfindən naturada göstərilən torpaq sahəsinə baxış keçirilmiş və çöl ölçmə işləri aparılmışdır. Kameral şəraitdə aparılan araşdırma zamanı məlum olmuşdur ki, naturada göstərilən torpaq sahəsinin bir hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış digər reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

13. Bu səbəbdən də çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatları emal edərək müvafiq düzəlişin aparılması üçün aidiyyəti üzrə təqdim edilməsi mümkün olmamışdır.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıya bir daha izah edilmişdir ki, JN-944 saylı Dövlət Aktında göstərilən 4 ha torpaq sahəsi X2 Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 08 saylı qərarı ilə satılmışdır.

15. Sözügedən 4.0 ha torpaq sahəsi iki konturdan ibarət olmaqla **********07 reyestr nömrəli qeydiyyatın aparıldığı 1.8901 ha torpaq sahəsi JN-944 saylı Dövlət Aktının 944A planşetində qeyd edilmiş 18901,47 kv.m torpaq sahəsidir.

16. Həmin 1.89 ha torpaq sahəsini Maraqlı şəxs alqı-satqı müqaviləsi ilə əldə etmiş və JN-944A nömrəli “Torpağa mülkiyyət hüququna Dövlət Aktı”nın elektron baza məlumatlarında göstərilmiş (DVJ) 1.89 ha hissəsinə **********07 reyestr nömrəli çıxarış tərtib edilmişdir.

17. Daha sonra bağlanmış əqdlər nəticəsində torpaq sahəsi üzərində bir neçə dəfə digər subyektlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə A1120218 №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən iddiaçıya satılmışdır.

18. İddiaçı faktiki istifadə ilə sənəd arasında uyğunsuzluqların aradan qaldırılmasını və **********07 reyestr nömrəli çıxarışın faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvini tələb etməklə əslində həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun özünə məxsus olmasını iddia edir. Yəni, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə iddiaçının son nail olmaq istədiyi hüquqi nəticə faktiki istifadəsində olan və **********07 reyestr nömrəli çıxarışla üst-üstə düşən 0,27 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır.

19. Belə olan halda iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə müvafiq torpaq sahəsinin ayrılmasının ilkin hüquqi əsasını təşkil edən Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 08 saylı qərarını 0,27 ha torpaq sahəsinə aid hissədə mübahisələndirməlidir.

20. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmışaraq cavabdehin və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, Göyçay rayonu Cəyirli bələdiyyəsinin cavabdeh qismində qəbul edilməsini, Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003cü il tarixli, 08 saylı qərarının 0,27 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsini xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2810/2024 nömrəli qərardadı ilə cavabdehin və iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

22. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahat verərək dəyişdirilmiş məzmunda iddia tələbinə mahiyyəti üzrə baxılmasını və tələbinin təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 noyabr 2024-cü il tarixli 2-1(116)-2810/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

24. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

25. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə əsasən əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-2810/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)- 2810/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

28. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

29. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

30. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

31. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

33. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı sözügedən torpaq sahəsindən nə vaxt və hansı əsasla istifadə etməyə başladığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmin torpaq sahəsinə dair iddiaçının adına hazırlanmış hər hansı hüquq müəyyənedici və texniki sənəd mövcud olmadığından iddiaçının mübahisəli torpaq sahəsindən faktiki istifadəsinin heç bir hüquqi əsası müəyyən edilmir. Torpaq sahəsindən faktiki istifadə hər hansı əmlak hüququ yaratmadığından və konkret halda “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanının mübahisəli torpaq sahəsinə tətbiqi istisna edildiyindən hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ da olmayacaqdır (0,27 ha torpaq sahəsinə münasibətdə faktiki istifadə - zəbtetmə faktı iddiaçının subyektiv hüququnun mövcudluğunu təsdiq edə bilməz).

34. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

35. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

36. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

37. Belə ki, Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, Göyçay rayon Kürdəmiş kənd sakini İddiaçı 2000-ci il tarixdən Göyçay rayon Kürdəmiş kəndində istifadəsində 0.27 ha torpaq sahəsi vardır. İddiaçı Göyçay rayon Kürdəmiş kəndində fərdi yaşayış evi tikmiş 2007-ci il tarixdən həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır.

38. xx.xx.2025-ci il tarixli Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Cəyirli kənd bələdiyyəsinin sədri, Kürdəmiş kənd sakinləri tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Göyçay rayon Kürdəmiş kənd sakini İddiaçı 2000-ci il tarixdən Göyçay rayon Kürdəmiş kəndində istifadəsində 0.27 ha torpaq sahəsi vardır. İddiaçı Göyçay rayon Kürdəmiş kəndində fərdi yaşayış evi tikmiş 2007-ci il tarixdən həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır.

39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, elektron baza məlumatlarına əsasən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********07 reyestr nömrəli çıxarışla Maraqlı şəxs mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi JN-615 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Əlavə olaraq İddiaçı naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi olan 0.50 ha torpaq sahəsinin 0.27 ha hissəsi **********07 reyestr nömrəli çıxarışla Maraqlı şəxs mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi ilə üst-üstə düşür.

40. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarının faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi ilə bağlı olmuşdur.

41. Məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərdən də göründüyü kimi mübahisə predmeti olan 0.27 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş 2007-ci il tarixdən həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadında Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 0.50 ha torpaq sahəsindən 0.23 ha torpaq sahəsinin iddiaçıya məxsus olmasını qeyd etsə də mübahisələndirilən torpaq sahəsinin 0.27 ha hissəsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinin kimə məxsus olması, harada yerləşməsi, eyni zamanda iddiaçının hansı hüquqmüyənedici sənədlər əsasında həmin torpaq sahəsinə sahiblik etməsi, torpaq sahəsində iddiaçıya məxsus yaşayış evi olmaqla yanaşı, orada ailə üzvləri ilə birlikdə yaşaması, qeyd edilən torpaq sahəsi bələdiyyənin qərarına əsasən satılmışdırsa həmin qərarın əldə edilərək araşdırılması, bələdiyyə tərəfindən hansı əsaslarla torpaq sahəsinin digər şəxslərə satılması barədə tam araşdırma aparmamış, yalnız formal mülahizələrə əsaslanaraq iddia tələbini mümkünsüz saymış və bununla da İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinin tələblərini pozmuşdur.

43. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarının araşdırılması prinsipinin tələblərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmalı, o cümlədən iş üzrə sorğular edilərək lazımi sənədləri əldə etmək, zəruri olduğu halda mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi almaq, ekspertiza təyin etmək, həmin torpaq sahəsi ilə bağlı aidiyyatı olan şəxsləri üçüncü şəxs qismində cəlb etməklə iş üzrə yenidən araşdırma aparmalıdır.

44. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-2810/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar