Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-139/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X5 Filialına qarşı “xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-ci il tarixli, 2-1(116)-2821/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 317-1/2-/189257/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 1980-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü vəzifəsində işləmişdir. Bu barədə əmək kitabçasında və X7 filialı tərəfindən verilmiş arayışda qeydiyyat aparılmışdır. Əmək kitabçasında və arxiv arayışına əsasən iddiaçının 15 il 11 ay tütünçü kimi güzəştli sosial sığorta stajı olmaqla, cəmi 16 il 1 ay iş stajı vardır. xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək xx.xx.1985-ci il təvəllüdlü Elşən adlı övladına görə analıq məzuniyyətində olduğu 8 ay müddət və xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək xx.xx.1938-ci il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan anası X2 bir mənzildə yaşayaraq qulluq etdiyi 5 il 9 ay müddətlər də nəzərə alınmaqla 22 il 5 ay ümumi sosial sığorta stajı yaranır ki, bu da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi təyin etmək üçün kifayətdir. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Şəki "xxxx" Şirkətində baramaaçan şagirdi vəzifəsində işləmişdir. Həmin illərdə iqtisadi vəziyyətə görə birinci növbə kolxoza, ikinci növbədə isə baramaaçan şagirdi işləmişdir.İddiaçı güzəştli şərtlərlə əmək pensiyasınınn verilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Həmin orqan müraciətinə xx.xx.2023-cü il tarixdə cavab verərək güzəştli şərtlərlə pensiya təyini barədə tələbindən imtina etmişdir
3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçıya tələbi üzrə 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı - xx.xx.2006-cı il tarixədək 10 il güzəştli iş stajı. İddiaçının ümumi iş stajına münasibətdə bildiririk ki, iş materiallarında olan İddiaçı və anası X1 xx.xx.2023-cü il tarixli **********249 nömrəli notariat qaydada təsdiq olunmuş ərizələrinə əsasən İddiaçı xx.xx.2009-cu il tarixdən anası xx.xx.1938-ci il təvəllüdlü R.Atayevaya bir mənzildə yaşayaraq qulluq etmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının xx.xx.2009-cu il tarixindən ahəl şəxsə qulluq etdiyi müddəti ümumi iş stajına daxil edilmişdir.İddiaçının ümumi iş stajı xx.xx.2023-cü il tarixədək 30 i 10 ay 03 gün təşkil edir: - 1980-1997-ci il tarixləri arasındakı Şəki rayonu Qoxmuq kənd “ 1 May kolxozun”da fəaliyyət dövrü (16 il 03 ay) - xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındakı qulluq dövrü (14 il 07 ay 03 gün). Qeyd olunanlardan aydın olur ki, iddiaçının tələbi üzrə onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 16 il 03 ay təşkil edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli iş stajı qanunvericiliyin tələblərinə əsasən kifayət etmədiyindən iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiasını müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 noyabr 2023-ci il tarixli, 2- 1(116)-2821/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İnzibati Məhkəmə tərəfindən əsassız qərar qəbul edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun hansı maddəsində qeyd edilir ki, qadınlar üçün güzəştli şərtlərlə əmək pensiyası təyini üçün xx.xx.2006-cı il tarixədək 25 il ümumi staj tələb olunur. O, iddia ərizəsində “Əmək pensiyaları haqqında" Qanunun 9.8 maddəsinə əsasən deyil, 9.1 maddəsinə əsasən əmək pensiyası təyin edilməsi tələbini irəli sürmüşdür. Belə ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan "Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsində istinadən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlardan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Şəki inzibati Məhkəməsinin qərarında yuxarıda qeyd etdiyi maddəyə əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olması sübuta yetirilmişdir. Belə ki, 1980-1997-ci illərdə kolxozda tütünçü kimi güzəştli sosial sığorta stajı - 15 il 11 ay və xx.xx.2009-cu ildən xx.xx.2014-cü il tarixədək 5 il 9 əy anasına qulluq etmə müddəti ümumi sosial sığorta stajıma nəzərə alınmışdır. Deməli, məhkəmə qərarının əsaslandırma hissəsində həm 10 il güzəştli, həm də 20 i! ümumi stajının olması göstərilmiş və əsaslandırılmışdır. Ancaq heç bir səbəb olmadan iddia tələbi əsasız olaraq təmin edilməmişdir. Səbəb isə qeyri məlum və hüquqi əsası olmayan xx.xx.2006-cı il tarixədək 25 il ümumi sosial sığorta stajının olmaması olmuşdur. Yuxarıdakılardan bir daha aydın olur ki, məhkəmə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmasını sübuta yetirsə də, iddia tələbini təmin etməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-ci il tarixli, 2-1(116)-2821/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-ci il tarixli, 2-1(116)-2821/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 01 iyul 2022- ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə X5 Filialının üzərinə qoyulması barədə qərar qəbul edəsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən ərizə icraata qəbul edilmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-ci il tarixli, 2-1(116)-2821/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu. - İddiaçıya məxsus 155 nömrəli 1980-cı il tarixli əmək kitabçası. - X3 filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı; - АЗ seriyalı 254464 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə İddiaçı doğum haqqında şəhadətnamə verilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz ərizəsi və ona əlavə olunan sənədlər,o cümlədən iddiaçının ilkin müraciəti.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
14. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
15. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 1980- 1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “ keçmiş “1 May” kolxozunda tütünçü işləmişdir. Həmin peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ nəzərdə tutulan peşələrdəndir. Lakin iddiaçının hazırkı tələbə əsasən hüququnun yaranması üçün iki əsas mövcud olmalıdır. Birincisi xx.xx.2006-cı ilədək iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı olmalıdır.İkincisi ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçının ümumi sosial sığorta stajına daxil edilən digər müddət xx.xx.2009- cu ildən xx.xx.2014-cü il tarixədək olan dövrü əhatə edir.Göründüyü kimi iddiaçının mövcud ümumi sosial sığorta stajı tələb olunan dövrdən sonra yaranmışdır.Yəni,xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi sosial sığorta stajı yaranmamışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı işə apellyasiya qaydasında baxılan zaman iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını 01 iyul 2022-ci il tarixdən hesablanaraq ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli qanuna əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (maddə 9.1). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 7).
25. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli qanunun 2-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbinə, yəni ona xx.xx.2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması tələbinə münasibətdə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1 və 7-ci maddələri tətbiq edilməlidir.
27. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə X5 Filialının üzərinə qoyulmalıdır.
28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-ci il tarixli, 2-1(116)-2821/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə X5 Filialının üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.