Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-14/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh və ya DƏDRX-in 12 saylı Ərazi İdarəsi) qarşı "A seriyalı 352735 nömrəli və A seriyalı 352736 nömrəli torpaq sahəsinin plan-ölçü sənədlərində göstərilən 0,80 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1366/2018 nömrəli qərarından DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 2007-ci ildə yaşadığı Şəki rayonu Böyük Dəhnə Bələdiyyəsinə müraciət edərək sahibkarlıqla məşğul olmaq üçün kəndin yuxarı hissəsindən yararsız torpaqdan 0,80 ha torpaq sahəsinin ona satılmasını xahiş etmiş, Böyük Dəhnə Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 08 saylı qərarı ilə ona kəndin yuxarı hissəsindən sahibkarlıqla məşğul olmaq üçün 0,80 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsi xx.xx.2007-ci il tarixli 3196 nömrəli Rəyində bildirmişdir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0.80 ha olmaqla Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətinə aiddir, alqı-satqı predmetidir, satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsinin sxemi tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsinin müdiri, Böyük Dəhnə Bələdiyyəsinin sədri və alıcı İddiaçı tərəfindən imzalanmışdır. Böyük Dəhnə Bələdiyyəsinin sədri Elman Məmmədkərimovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsinin müdiri Nizami Aslanovun və alıcı İddiaçı aralarında xx xxxxxx 2007-ci il tarixdə həmin 0,80 ha torpaq sahəsinin alqısatqısına dair akt tərtib edilərək imzalar və inzibati orqanların möhürləri ilə təsdiq edilmişdir. İddiaçı ona satılan torpaq sahəsinin dəyəri olan 3100 (üç min bir yüz) manat pulu xx xxxx 2007-ci il tarixdə əvvəlcədən ödəniş qaydasında AAE seriyalı 330197 saylı kassa mədaxil orderinin qəbzi ilə Böyük Dəhnə Bələdiyyəsinin hesabına ödəmişdir. Bundan sonra həmin torpaq sahələrinin barəsində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 352735 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi (6000 kv.metr hissədə) işlənib hazırlanaraq Dövlət X7 xx.xx.2011-ci il tarixdə 849 nömrə ilə və A seriyalı 352736 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi (2000 kv.metr hissədə) işlənib hazırlanaraq Dövlət X7 xx.xx.2011-ci il tarixdə 850 nömrə uçota alınmışdır. Alqı-satqının baş verdiyi vaxtdan indiyə kimi sözügedən torpaq sahəsi iddiaçının istifadəsindədir, həmin torpaq sahəsindən onun istifadə etməsinə hər hansı fiziki və ya hüquqi şəxs, o cümlədən Böyük Dəhnə Bələdiyyəsi tərəfindən etiraz edilməmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 06.07. 2018-ci il tarixli **********96 nömrəli məktubla bildirmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş xəritə materiallarına əsasən həmin torpaq sahəsi örüş sahəsinə düşür. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kənan Vəliyev) xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1366/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, DƏDRX-in 12 saylı Ərazi İdarəsinin üzərinə A seriyalı 352735 nömrəli və A seriyalı 352736 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 0,80 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. DƏDRX-in 12 saylı Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1366/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(107)-61/2019 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli 2-1(84)-1366/2018 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, Şəki rayonu Böyük Dəhnə Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı satılmış və A seriyalı 352735 nömrəli və A seriyalı 352736 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində koordinatları müəyyən edilmiş 0,80 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan DƏDRX-in 12 saylı Ərazi İdarəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(102)- 1875/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(107)-61/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının surəti, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarından çıxarış, Dövlət X3 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 150/22 nömrəli arxiv arayışı, Mingəçevir Çınqıl-Beton Zavodu “Kür” X1 pasportunun surəti, cavabdeh inzibati orqanın xx.xx.2017-ci il tarixli **********49 nömrəli imtina məktubu və digər sənədlər daxildir. Apelyаsiyа şikаyətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 0.80 ha torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş xəritə materiallarına əsasən örüş sahəsi olduğu müəyyən edildiyindən və “Torpaq islahatı haqqında” Azərbaycan RespublikasıQanunun 7-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verildiyindən xüsusi mülkiyyətə verilə bilməz. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X9 verdiyi izahatında iddia tələbini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsini iddiaçı mülkiyyət əldə etmək məqsədi ilə satın almışdır, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. Həmin torpaq sahəsinin satın alınması üçün tələb olunan məbləği də o özü ödəmişdir. Odur ki, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-in 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında Üçüncü şəxs Şəki rayon Böyük Dəhnə bələdiyyəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, həmin torpaq sahəsi əvvəlki bələdiyyə sədrinin fəaliyyəti zamanı satılmışdır. Lakin, bildirir ki, həmin torpaq sahəsi təyinatına görə örüş sahəsidir. Göstərilənləri nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Şəki rayonu Böyük Dəhnə Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 08 nömrəli iclas protokolunun təsdiq edilmiş çıxarışından görünür ki, kənd sakini İddiaçı xx.xx.2007-ci il tarixli ərizəsi nəzərə alınaraq ona sahibkarlıqla məşğul olması üçün kəndin yuxarı hissəsindən bələdiyyəyə məxsus olan yararsız torpaq sahəsindən 0.80 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Torpağın ayrılması ilə əlaqədar lazım olan sənədlərin, rəy və sxemin hazırlanması DTXK-in Şəki Rayon Şöbəsindən xahiş edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli, 3196 nömrəli rəyindən görünür ki, satılması nəzərdə tutulan torpaq sahəsi 0.80 ha olmaqla Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətinə aiddir və alğı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsinin sxemindən görünür ki, Sxem Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsinin müdiri, Böyük Dəhnə Bələdiyyəsinin sədri və alıcı İddiaçı tərəfindən imzalanmışdır. Həmin Sxem DTXK-in Dövlət Torpaq Kadastrı və Monitorinqi X4 X6 xx xxxx 2011-ci il tarixdə daxil olmuşdur. xx xxxxxx 2007-ci il tarixli Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, İddiaçı Şəki rayon Böyük Dəhnə bələdiyyəsi ərazisindən 0.80 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli qərar qəbul edilmiş və alıcı tərəfindən bələdiyyənin hesabına 3100 (üç min bir yüz) manat ödənilmişdir. Həmin Akt Böyük Dəhnə Bələdiyyəsinin sədri Elman Məmmədkərimovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsinin müdiri Nizami Aslanovun və alıcı İddiaçı imzaları və inzibati orqanların möhürləri ilə təsdiq edilmişdir. AZE seriyalı 330197 nömrəli kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı ona satılan torpaq sahəsinin dəyəri olan 3100 (üç min bir yüz) manat pulu Böyük Dəhnə Bələdiyyəsinin hesabına ödəmişdir Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 352735 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi (6000 kv.metr hissədə) işlənib hazırlanaraq Dövlət X7 xx.xx.2011-ci il tarixdə 849 nömrə ilə və A seriyalı 352736 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi (2000 kv.metr hissədə) işlənib hazırlanaraq Dövlət X7 xx.xx.2011-ci il tarixdə 850 nömrə uçota alınmışdır. DƏDRX-in 12 saylı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx xxxx 2018-ci il tarixli **********96 nömrəli imtina məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş xəritə materiallarına əsasən iddiaçının qeydiyyata alınmasının tələb etdiyi 0.80 ha torpaq sahəsinin örüş sahəsinə düşdüyü müəyyən edildiyinə görə həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz. Əsaslandırma hissəsi: Cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(102)- 1875/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2- 1(107)-61/2019 nömrəli qərarınıləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdehin bu barədə bildirməsinə, eləcə də məhkəmənin də xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq mübahisəli torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) və ondan irəli gələrək satılmasının mümkünlüyü ilə bağlı məsələ tam araşdırılmamış və qiymətləndirilməmiş qalmışdır. İşin hallarından göründüyü kimi cavabdeh sözügedən torpaq sahəsinin örüş torpaq sahəsi olduğunu və qanunvericiliyə görə onun alqı-satqı predmeti ola bilməyəcəyini bildirmişdir. Bundan başqa, Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarından müəyyən olunur ki, iddiaçıya satılmış torpaq sahəsi yararsız sahə olmuşdur (i.v. 11). Eləcə də, torpaq sahəsi ayrılmadan əvvəl DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş 3196 saylı, xx xxxxxx 2007-ci il tarixli rəydə İddiaçı satılması nəzərdə tutulan 0,80 ha torpaq sahəsinin Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti təşkil etdiyi, həmçinin sahənin kənd təsərrüfatına yararsız olmaqla satılmasının qanuna müvafiq olduğu bildirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin 298 saylı, xx xxxxxxxx 2010-cu il tarixli rəyində də satılması nəzərdə tutulan torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fonduna aid olduğu bildirilmişdir (i.v.9). İddianın təmin edilməli olduğuna dair mövqeyini apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan torpaq sahəsini almaq üçün əvvəlcə bələdiyyəyə müraciət etmiş, bələdiyyə orqanı həmin torpaq sahəsinin satılması barədə qərar qəbul etməzdən əvvəl həmin torpağın kənd təsərrüfatına yararsız olmaqla alqı-satqı predmeti olması məsələsini səlahiyyətli orqanın (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsinin) rəyi əsasında müəyyən etmişdir. Bundan sonra bələdiyyənin qərarı ilə həmin torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, torpaq sahəsinin alqı-satqısı haqqında müvafiq inzibati orqanların (Böyük Dəhnə Bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsinin) rəhbərlərinin və iddiaçının iştirakı ilə Akt tərtib edilmiş və vətəndaş həmin torpağın bələdiyyə tərəfindən müəyyən edilən dəyərini (3100 manat pul məbləğini) bələdiyyənin hesabına ödəmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılması zamanı uyğun qanunvericilik normalarının və prosedur qaydalarının pozuntusuna yol verilməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin örüş sahəsinə düşdüyünü ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş xəritə materiallarına əsasən müəyyən edildiyini bildirir. Həmin torpaq sahəsi iddiaçıya satılan vaxt isə, müvafiq inzibati səlahiyyətlərin həmin dövrdə daşıyıcısı olmuş inzibati orqan tərəfindən, yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsi tərəfindən satılması nəzərdə tutulan torpaq sahəsinin Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətinə aid olması, alqı-satqının predmeti olması, satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanuna müvafiq olması barədə rəsmi rəy verilmişdir. Əgər keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsi həmin Rəyi verməsə və ya Rəydə torpaq sahəsinin örüş sahəsi olduğunu göstərsə idi, yəqin ki, həmin torpaq sahəsi iddiaçıya satılmaz və ya başqa, uyğun bir yerdən iddiaçıya torpaq sahəsi satılmaqla onun ehtiyacı təmin olunardı. Belə olan halda, cavabdeh inzibati orqanın (DƏDRX-in 12 saylı Ərazi İdarəsinin) vaxtı ilə həmin torpaq sahəsinin alqı-satqının predmeti olması barədə Rəy vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsi tərəfindən onlara təhvil verilmiş xəritə materiallarına istinad etməklə iddiaçının tələbindən imtina etməsini apellyasiya məhkəməsi qanuna uyğun və ədalətli hesab etməmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi cavabdehin əsas dəlili olan torpaq sahəsinin örüş sahəsinə aid olması ilə bağlı dəlil üzrə yalnız torpaq sahəsi ayrılarkən toplanmış sənədlərə istinadla qiymətləndirmə aparmışdır. Apellyasiya məhkəməsinin belə yanaşması nəticəsində isə cavabdehin bildirdiyi əsas dəlil üzrə araşdırma tam aparılmamış qalmış, mübahisəyə dair bütün zəruri hallar müəyyənləşdirilmədən qərar çıxarılmışdır. Kollegiya hesab edir ki, məhkəmə cavabdehin bildirdiyi torpaq sahəsinin örüş sahəsinə aid olması ilə bağlı məsələni həm də işə baxdığı vaxt tam və hərtərəfli araşdırma aparmaqla müəyyənləşdirmək vəzifəsi daşımışdır. Bu, onun İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsində təsbit edilmiş mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olması ilə bağlı xidməti vəzifəsindən irəli gəlir. Bununla bağlı olaraq həmçinin kollegiya qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Bu mənada, məhkəmə qərarının çıxarıldığı vaxt mübahisəli torpaq sahəsinin həqiqətən örüş sahəsinə aid olması ilə bağlı məsələ tam və dəqiq müəyyənləşdirilməlidir. Beləliklə, işə baxan məhkəmələr ilk növbədə mübahisəli torpaq sahəsinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olduğunu, eləcə də onun örüş sahəsinə aid olub- olmadığını dəqiq müəyyən etməli olduqları halda, bunun etməmişlər. Sözügedən məsələ sübutların aidiyyətinə və mümkünlüyünə dair tələblərə uyğun olaraq müvafiq ekspertiza keçirilməklə həll edilməlidir. Apellyasiya məhkəməsi özünün bu vəzifəsini yerinə yetirmədiyindən onun tərəfindən çıxarılmış qərar ləğv edilməklə iş təkrar baxışa qaytarılmalıdır. Təkrar apellyasiya baxışı zamanı isə həmin halın aydınlaşdırılması təmin edilməlidir. Kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı mübahisəli məsələnin aydınlaşdırılması üçün İPM-in 28-ci maddəsinə uyğun olaraq Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinin üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsi də həll edilməlidir. Beləliklə, təkrar apellyasiya baxışı zamanı torpaq sahəsinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız, eləcə də örüş sahəsi olub-olmadığı dəqiq müəyyən edildikdən sonra Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq onun xüsusi mülkiyyətə satılmasının mümkünlüyünə qiymət verilməli, eləcə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla həll edilməlidir. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdırmış, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(107)-490 saylı qərardadı ilə Şəki rayonu Böyük Dəhnə kənd Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan başqa Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)- 490 saylı qərardadı ilə Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən, Şəki rayonu Böyük Dəhnə kənd Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 8 saylı qərarı ilə İddiaçı satılmış və A seriyalı 352735 nömrəli və A seriyalı 352736 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 0,80 ha torpaq sahəsinin hüquqi statusu müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 27789 saylı rəyinə əsasən Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən, Şəki rayonu Böyük Dəhnə kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı satılmış və A seriyalı 352735 nömrəli və A seriyalı 352736 nömrəli torpaq sahəsinin plan-ölçü sənədlərində göstərilən 0,80 ha torpaq sahəsi Böyük Dəhnə kənd Bələdiyyəsinə aid uqodiyası örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Böyük Dəhnə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli iclas protokol qərarı ilə bələdiyyəyə məxsus olan yararsız torpaq sahəsindən 0,80 ha torpaq sahəsinin İddiaçı ayrılması qərara alınmışdır. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki Rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli, 3196 nömrəli rəy verərək bildirmişdir ki, sözügedən 0,80 ha torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla alqı-satqı predmetidir. xx.xx.2007-ci il tarixli, 368 nömrəli torpaqların alqı-satqısına dair akt ilə torpaq sahəsi 3100 manat məbləğə İddiaçı satılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilərək bildirilmişdir ki, torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş xəritə materiallarına əsasən örüş sahəsinə düşür. Göründüyü kimi, bələdiyyə orqanı həmin torpaq sahəsinin satılması barədə qərar qəbul etməzdən kənd təsərrüfatına yararsız olmaqla alqı-satqı predmeti olması məsələsini səlahiyyətli orqanın rəyi əsasında müəyyən etmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və müqavilələr qeydiyyatı üçün əsas hesab olunur. Xəritədə öz əksini tapmış hər hansı bir məlumat, əmlak barədə qeydə alınmanın və yaxud qeydə alınmadan imtinanın əsası kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq Məcəlləsinin 12.1-12.4-cü maddələrinə görə torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibatiərazi vahidlərinin istifadəsinə verilir. Həmin Məcəllənin 16.4-cü maddəsinə görə yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Həmin Məcəllənin 16.6 və 16.7-ci maddələrində isə təsbit edilmişdir ki, yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır”. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1366/2018 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı "A seriyalı 352735 nömrəli və A seriyalı 352736 nömrəli torpaq sahəsinin plan-ölçü sənədlərində göstərilən 0,80 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.