Məhkəmə qərarları › İş №2-1(107)-14/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-14/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-14/2024 19.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən, məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mərhum X1na məxsus əmlakların (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş)) X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2- 1(116)-44/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş)) dair qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1354/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-81/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(116)-1354/2020 nömrəli qərardadı ləvğ edilərək iddia tələbi mümkün sayılmış, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-44/2022 nömrəli qərardadı ilə İsmayıllı rayon Əhən bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

5. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş)) X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

7. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İsmayıllı rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli arayışına əsasən İsmayıllı rayon Əhən kənd İƏD-si üzrə RİHB-nın nümayəndəliyinin (XDS-nin) Qoydan kəndi üzrə 1943-1944-cü illərin Təsərrüfatbaşına kitabında mərhum X1nın ailə başçısı olmaqla həyətyanı torpaq sahəsi - 0550 ha və yaşayış evinin tikintisi 1934-cü il qeyd edilmişdir. Anasından qalan miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmişdir. X1 xx.xx.1973-cü ildə vəfat etmişdir və qanunvericiliyin tələblərinə əsasən mərhumun yeganə vərəsəsi özüdür. Bu barədə DƏDRX İsmayıllı rayon şöbəsinə İsmayıllı rayon Notariat ofisi xx.xx.2019-cu il tarixli, 1096№-li məktubla məlumat vermişdir. Qeyd edilənlərə əsasən mərhum X1na məxsus əmlaklara- (həyətyanı torpaq sahəsi - 0550 və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. DƏDRX İsmayıllı rayon şöbəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin əməkdaşları onun iştirakı ilə ərazidə olaraq torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planını işləmişdir. Lakin Qoydan bələdiyyəsi, İsmayıllı rayon İcra Hakimiyyətinin Əhən İƏD üzrə nümayəndəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi yerquruluşu planını imza etməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

8. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı Əliyev X7 rayonu Qoydan kəndində yerləşən mərhum anasından miras qalmış 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddia edilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında İsmayılı rayonu Əhən bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin statusu biçənəkdir. Faktiki iddia edilən torpaq sahəsi kəndin yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşir. Torpaq sahəsi üzərində hər-hansı bir tikili mövcud deyil. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Torpaq sahəsi bir tərəfdən yol digər tərəflərdən isə bələdiyyə torpaqları ilə sərhəddir. İddiaçı tərəfindən təqdim edilən yerquruluşu planı vətəndaşın çoxsaylı müraciətlərinə əsasən mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxem tərtib edilərkən hər-hansı sənədə istinad edilməyib. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

9. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia olunan İsmayıllı rayon Qoydan kəndində yerləşən iddiaçının mərhum anasından miras qaldığı bildirilən 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi haqqında Əhən bələdiyyəsinin şəxsi təsərrüfat kitabında vətəndaş vergi subyekti kimi qeydiyyatda deyil və bu barədə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olan sənədlər təqdim etməmişdir. İddia olunan torpaq sahəsi elektron baza məlumatlarında İsmayıllı rayon Əhən bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmçinin iddiaçı İƏD-si üzrə qeydiyyatda deyil. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 05 avqust 2022-ci il tarixli 2- 1(116)-44/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-17/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2-1(116)-44/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1477/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-17/2023 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anasından qalan miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmişdir. X1 xx.xx.1973-cü ildə vəfat etmişdir və qanunvericiliyin tələblərinə əsasən mərhumun yeganə vərəsəsi özüdür. Bu barədə DƏDRX İsmayıllı rayon şöbəsinə İsmayıllı rayon Notariat ofisi xx.xx.2019-cu il tarixli, 1096№-li məktubla məlumat vermişdir. Qeyd edilənlərə əsasən mərhum X1na məxsus əmlaklara- (həyətyanı torpaq sahəsi - 0550 və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. DƏDRX İsmayıllı rayon şöbəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin əməkdaşları onun iştirakı ilə ərazidə olaraq torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planını işləmişdir. Lakin Qoydan bələdiyyəsi, İsmayıllı rayon İcra Hakimiyyətinin Əhən İƏD üzrə nümayəndəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi yerquruluşu planını imza etməkdən imtina etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2- 1(116)-44/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında mübahisə predmenti olan torpaq sahəsində hər hansı tikilinin mövcud olmadığını bildirdi və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2-1(116)-44/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.

17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

18. Məhkəmə kollegiyası iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AZ-İİ 021033 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 284 №-li arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu 138 №-li arxiv fondunda saxlanılan Əhən kənd İƏD-si üzrə RİHB-nın nümayəndəliyinin (XDS-nin) Qoydan kəndi üzrə 1943- 1944-cü illərin təsərrüfatbaşına kitabında mərhum X3 ailə başçısı olmaqla şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər aşağıdakı kimidir: Ailə başçısı: X9 1895-ci il təvəllüdlü. Torpaq sahəsi : 0550 qeyd olunub, Evin tikili tarixi: 1934-cü il qeyd olunub. - İsmayıllı rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli 251 №-li məktubundan görünür ki, İddiaçı, X3 vərəsəsidir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İsmayıllı rayonu Əhən kəndi üzrə pay torpaq sahəsinə dair subyektlər siyahısında X9 və İddiaçı adları aşkar edilməmişdir. - "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 284 nömrəli arxiv arayışında, İsmayıllı Rayon İcra hakimiyyəti başçısının Əhən kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinin Qoydan kəndi üzrə 1943-1944-cü illərin Təsərrüfat başına kitabında X3 adına qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerini və koordinatlarını təyin etmək mümkün deyil. İddiaçı nümayəndələri tərəfindən göstərilmiş, İsmayıllı rayonu Qoydan kəndi erazisində yerləşən torpaq sahəsi naturada ölçülmüş, sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmişdir. Faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları yerquruluşu planında göstərilmişdir. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 284 nömrəli arxiv arayışında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Qoydan kəndi üzrə 1943-1944-cü illərin Təsərrüfat başına kitabında X3 adına qeyd edilmiş torpaq sahəsi ilə İddiaçı nümayəndələri tərəfindən göstərilmiş, naturada ölçülmüş torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün deyil. - İddiaçı ƏliyevMəmmədşah Səlim oğlunun övladları X10 və X2 göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi S= 1.228 ha torpaq sahəsinin döngə nöqtələrinin kordinatları: X - 283892.68, 283891.96, 283886.47, 283884.12, 283877.43, 283876.47, 283870.33, 283864.21, 283852.72, 283817.25, 283802.04, 283797.45, 283756.75, 283766.08, 283779.17, 283802.26, 283809.9, 283841.18, 283846.92, 283857.92, 283865.69, 283876.63 Y - 4529489.11, 4529483.39, 4529460.76, 4529448.95, 4529432.82, 4529420.84, 4529371.14, 4529371.74, 4529373.43, 4529403.8, 4529412.78, 4529416.2, 4529430.43, 4529451.05, 4529475.26, 4529514.84, 4529512.94, 4529506.38, 4529514.82, 4529520.21, 4529518.77, 4529508.81 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********86 nömrəli məktubundan görünür ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı 0.55 ha torpqa sahəsinə dair qeydiyyat üçün əsas olan sənədlər tam təqdim edilməmişdir. Eyni zamanda Ərazı İdarəsinin mütəxəssisləri tərəfindən qeyd olunan torpaq sahəsinə baxış keçirilərək müvafiq mərzçəkmə işləri aparılmışdır. Əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunan zaman məlum olmuşdur ki, sözögedən torpaq sahəsi yaşayış məntəqələrindən kənarda yerləşməklə bir hissəsi İsmayıllı rayonunun Əhən bələdiyyəsinin örüş torpaqlarına, bir hissəsi isə kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olan ərazidə yerləşir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 22 may 2020-ci il tarixli, **********19 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinə əsasən 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin əməkdaşları İddiaçı iştirakı ilə ərazidə olmuş və iddia etdiyi torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planını işləyərək aidiyyatı təşkilatların nümayəndələri ilə razılaşdırılması üçün İddiaçı təqdim edilmişdir. Lakin Qoydan bələdiyyəsi, İsmayıllı RİH-nin Əhən İƏD üzrə nümayəndəsi və İsmayıllı RİHnin başçısı aparatının Memarlıq və tikinti şöbəsi və yerquruluşu planını imza etməkdən imtina etmişlər. İsmayıllı rayon Notariat ofisinin mərhum anası X6 vərəsəsi olmağı barədə x.N1096 nömrəli 28 avqust 2019-cu il tarixli məktubu hazırda mövcud olan daşınmaz əmlaka şamil edilir. Lakin vərəsəlik qaydasında iddia edilən torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyildir. İsmayıllı rayon Dövlət Arxivinin arayış 1943-1944-cü illərdə mövcud olmuş tikiliyə aiddir. Vərəsəlik mövcud olan əmlaka və həmin əmlaka hüquqları təsdiq edən hüquqmüəyyən edici sənədə əsaslanaraq müəyyənləşdirilir. Mərhum anası dünyasını dəyişdiyi dövrdə torpaqlar xüsusi mülkiyyətə verilməmişdir. Torpaq islahatı aparılarkən anası həyatda olmadığından və vərəsələri barədə məlumat olmadığından və həmçinin torpaq üzərində istifadədə olan tikili olmaması səbəbindən mərhumun yaxud vərəsənin adı subyektlər siyahısına qeyd edilməmişdir. Həmçinin vərəsəlik qaydasında tələb etdiyiniz torpaq sahəsini qanunla müəyyənləşdirilmiş normadan çox olmaqla yaşayış məntəqəsindən kənarda və örüş sahəsinə aid olması da müraciətinizin qanunazidd olduğunu bildirir. - cavabdehin xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İsmayıllı Rayon Əhən kənd İƏD üzrə nümayəndəliyinin (XDS-nin) 1943-1944-cü illərin Təsərrüfatbaşına kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X3 adı Təsərrüfatbaşına kitabında qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir;

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

24. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış ...

25. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyəedici sənəd yəni, akt, şəhadətnamə, qeydiyyat vəsiqəsi və ya digər rəsmi sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı qeyri-mümkündür. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı təsərrüfatbaşına kitabda qeyd edilmiş məlumatlara istinad edərək həmin torpaq sahəsinin mərhum anasına məxsus olmasını bildirsə də, nəzərə alınmalıdır ki, müvafiq sənəd iddia olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-17/2023 nömrəli qərarını ləğv edərək təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərən Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, işə baxan məhkəmələr iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmiş, arxiv arayışından olan 1943-1944-cü illərin təsərrüfatbaşına kitabındakı qeydlərə dair hər hansı münasibət bildirməmişlər. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər kserosurətdir. Məhkəmə tərkibi qeyd edir ki, növbəti apellyasiya baxışında həmin sənədlərin əsli tələb edilməli və həmin sənədlərin mötəbərliyi müəyyənləşdirilməlidir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyasının İsmayıllı Rayon Dövlət Arxivinə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş İsmayıllı rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli arayışının təsdiq edilmiş arxiv nüsxəsində qeyd edilmişdir ki, İsmayıllı rayonu 138 №-li arxiv fondunda saxlanılan Əhən kənd İƏD-si üzrə RİHB-nın nümayəndəliyinin (XDS-nin) Qoydan kəndi üzrə 1943-1944-cü illərin təsərrüfatbaşına kitabında mərhum X3 ailə başçısı olmaqla şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər aşağıdakı kimidir: Ailə başçısı: X9 1895-ci il təvəllüdlü. Torpaq sahəsi : 0550 qeyd olunub, Evin tikili tarixi: 1934-cü il qeyd olunub. Bununla yanaşı təqdim edilmiş İsmayıllı Rayon Əhən kənd İƏD üzrə nümayəndəliyinin (XDS-nin) 1943-1944-cü illərin Təsərrüfatbaşına kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X3 adı Təsərrüfatbaşına kitabında qeyd edilmişdir.

34. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı Əliyev X7 rayonu Qoydan kəndində yerləşən mərhum anasından miras qalmış 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddia edilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında İsmayıllı rayonu Əhən bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin statusu biçənəkdir. Faktiki iddia edilən torpaq sahəsi kəndin yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşir. Torpaq sahəsi üzərində hər-hansı bir tikili mövcud deyil. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Torpaq sahəsi bir tərəfdən yol, digər tərəflərdən isə bələdiyyə torpaqları ilə sərhəddir. İddiaçı tərəfindən təqdim edilən yerquruluşu planı vətəndaşın çoxsaylı müraciətlərinə əsasən mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxem tərtib edilərkən hər-hansı sənədə istinad edilməyib.

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə görə, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində təsbit olunmuşdur.

36. Həmin Fərmanın 2-ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

37. Göründüyü kimi, 1943-1944-cü illərin təsərrüfatbaşına kitabında iddiaçının mərhum X1nın ailə başçısı olmaqla şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər mövcuddur. Lakin birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

38. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, 1943-1944-cü illərin təsərrüfatbaşına kitabında iddiaçının mərhum X1nın ailə başçısı olmaqla şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər mövcud olduğundan cavabdeh iddiaçının torpaq sahəsinə dair müraciətindən imtina etməkdə haqlı olmamışdır.

39. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş)) X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə dair cavabdeh inzibati orqan tərəfindən təqdim edilən iddia tələbinə etirazı, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı və torpaq sahəsi ilə bağlı təqdim edilən fotoşəkilləri nəzərə alaraq belə qənaətə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində hər-hansı bir tikili mövcud olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.

40. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, birinci instansiya məhkəməsi inzibati işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmamış və bununla da düzgün nəticəyə gəlməmişdir.

41. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə görə, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində təsbit olunduğundan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 0550 ha həyətyanı torpaq sahəsinin iddiaçının X1nın adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair hissədə təmin edilməlidir.

42. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının mərhum X1na məxsus 0550 ha həyətyanı torpaq sahəsinə X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-44/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ Ərazi Ərazi İdarəsinin üzərinə mərhum X1na məxsus 0550 ha həyətyanı torpaq sahəsinə X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar