Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-140/2021 05.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 923 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd olunan müəssisələrdə işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1277/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1970, 1971, 1972, 1976 və 1977-ci illərdə Şəki rayonu Baltalı kənd partiyanın XXİİİ qrultayı adına kolxozda, 1973-cü ildə Şəki kolxozlararası üzümçülük bağçılıq birliyində, 1977-ci ildə Şəki 5 nömrəli X1, 1980-2001-ci illərdə Şəki təsərrüfatlararası cins mal-qara müəssisəsində işlədiyi illərin və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi və bununla bağlı əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin belə əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1970-ci il tarixdə Şəki rayonu Baltalı kənd partiyanın XXİİİ qrultayı adına kolxozda başlamışdır. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına müraciət etmiş, lakin Azərbaycan xx.xx.2020-ci il tarixli **********6 məktubla bildirmişlər ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən xx.xx.1955-ci ilədək anadan olmuş kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş əmək haqqı-arxiv və hərbi xidmət müddətini təsdiq edən arayışlara əsasən xx.xx.2006-cı il tarixinədək 25 il sosial sığorta stajı tamam olur. Lakin “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı təsdiq edən sənəd kimi əmək kitabçası qeyd olunmuşdur. Yuxarıdakıları nəzərə alaraq sosial sığorta stajını təsdiq edən sənəd yəni, əmək kitabça olmadığına görə əmək pensiyası təyin olunması Qanunvericiliyə uyğun olaraq mümkün olmamışdır. Belə ki, xx.xx.2020-ci ildən iddiaçıya sosial müavinət təyin olunmuşdur. İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli **********6 imtina məktubunu tamamilə qanunsuz və əsassız hesab edir. Arxiv arayışlarına və AR Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 542 nömrəli arayışına əsasən iddiaçının 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, “Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 923 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd olunan müəssisələrdə işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, 1970-1972 və 1976-1977-ci illərdə Şəki rayonu Baltalı kənd partiyanın XXİİİ qurultayı adına kolxozda, 1973-cü ildə Şəki kolxozlararası üzümçülük-bağçılıq birliyində, 1977-ci ildə Şəki 5 nömrəli X1, 1980-2001-ci illərdə Şəki təsərrüfatlararası cins mal-qara müəssisəsində işlədiyi bildirmişdir. xx.xx.2020ci il tarixdə 64 yaş 6 ayı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialına müraciət etmişdir. Müraciətə cavab olaraq, Şəki şəhər filialı xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı təsdiq edən sənəd kimi əmək kitabçası qeyd olunmuşdur. Yuxarıdakıları nəzərə alaraq vətəndaşın sosial sığorta stajını təsdiq edən sənəd yəni, əmək kitabçası olmadığına görə ona əmək pensiyası təyin olunması Qanunvericiliyə uyğun olaraq mümkün olmamışdır. Vətəndaşa xx.xx.2020-ci ildən sosial müavinət təyin olunmuşdur. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 542 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2018-ci il tarixli 923 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı 1970-1972ci illər və 1976-1977-ci illərdə Şəki rayonu Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda, 1973-cü ildə kolxozlararası üzümçülük bağçılıq birliyində, 1977-1979-cu illlərdə Şəki 5 nömrəli X1, 1980-2001-ci illərdə Şəki Təsərrüfatlararası cins mal qara müəssisəsində işləmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Akta əsasən Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2018-ci il tarixli 923 nömrəli Arxiv arayışının doğruluğu öz təsdiqini tapmışdır. İş materiallarında olan DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020ci il tarxili **********1 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “Asan Xidmət” mərkəzinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış, vətəndaşın əmək kitabçası üzrə tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. İddiaçının əmək pensiyası yaşı 64 yaş 6 ayı tamam olduğu, xx.xx.2020-ci il tarixində yaranmışdır. İddiaçının fərdi uçot məlumatlarına əsasən xx.xx.2006-cı il tarixdən hal-hazırki tarixədək pensiya kapitalı müəyyən edilməmişdir. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 1 il 11 ay 28 gün hərbi xidmət müddəti, mübahisələndirilən sosial sığorta stajı tələbində qeyd olunan, arxiv arayışına əsasən 23 il 11 ay təşkil edir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020ci il tarixli **********6 nömrəli imtina məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 542 nömrəli arayışı, Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2018-ci il tarixli 923 nömrəli Arxiv arayışı, DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarxili **********1 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Akt, cavabdehin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında təqdimetdiyi etiraz aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1277/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 923 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışında qeyd olunan müəssisələrdə işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öyhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1277/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “1970,1971,1972,1976 və 1977-ci illərdə Şəki rayonu Baltalı kənd partiyanın XXİİ qurultayı adına kolxozda, 1973-cü ildə Şəki kolxozlararası üzümçülük bağçılıq birliyində, 1977-ci ildə Şəki 5 nömrəli X1, 1980-2001-ci illərdə Şəki təsərrüfatlararası cins mal-qara müəssisəsində işlədiyi illərin və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixədək hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi və bununla bağlı əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1 (116)-1277/2020 saylı x xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1970,1971,1972,1976 və 1977-ci illərdə Şəki rayonu Baltalı kənd partiyanın XXİİ qurultayı adına kolxozda, 1973-cü ildə Şəki kolxoziararası üzümçülük bağçılıq birliyində, 1977-ci ildə Şəki 5 nömrəli X1, 1980-2001-ci illərdə Şəki təsərrüfatlararası cins mal-qara müəssisəsində işlədiyi illərin və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixədək hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi və bununla bağlı əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialına həvalə edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddiası təmin edilməməlidir. İş materiallarından da göründüyü kimi iddiaçının əmək kitabçası yoxdur və işlədiyini iddia etdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Buna baxmayaraq birinci instansiya məhkəməsi arxiv arayışlarını əsas tutaraq iddianı təmin etmiş, əsassız qərar çıxarmışdır. Belə ki, şəxsin işlədiyini iddia etdiyi illər əmək kitabçasında öz əksini tapmamışdır. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Dövlət arxivinin Şəki filialının 30.11,2020-ci il tarixli 169 nömrəli arayışı əsasında 1970,1971,1972,1976 və 1977-ci illərdə Şəki rayonu Baltalı kənd partiyanın XXİİ qurultayı adına kolxozda,1973-cü ildə Şəki kolxozlararası üzümçülük bağçılıq birliyində, 1977-ci ildə Şəki 5 nömrəli X1, 1980-2001 -ci illərdə Şəki təsərrüfatlararası cins mal-qara müəssisəsində işlədiyi 23 il 11 ay müddət əmək stajının müəyyən edilməsi zamanı nəzərə alınması yuxarıda qeyd edilən səbəblərdən qanunvericiliyə görə mümkün hesab edilmir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1277/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarın ləğv olunması və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1277/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1277/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia həmçinin əsaslıdır. Belə ki, iddiaçı cavabdeh orqana ona hüququnun yarandığı tarixdən yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh orqan iddiaçının təqdim etdiyi əmək haqqı arxiv və hərbi xidmət müddətini təsdiq edən arayışlarına əsasən xx.xx.2006cı il tarixədək 25 il sosial sığorta stajı tamam olduğunu bildirmiş, lakin iddiaçının əmək kitabçasının mövcud olmamasını əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən olunmuş və iş materiallarına əlavə edilmiş Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2018-ci il tarixli 923 nömrəli Arxiv arayışında iddiaçının mübahisələndirilən 23 il 11 ay iş stajına onun mübahisələndirilməyən 1 il 11 ay 28 gün hərbi xidmət müddətini əlavə etdikdə cəmi 25 il 10 ay 28 gün ümumi sosial sığorta stajı edir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta müddətini tamamlayır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin üzərinə iddiaçının Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 923 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışında qeyd olunan müəssisələrdə işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmaqda haqlı olmuşdur. İddiaçı tələbinin dəqiqləşditrilməsi barədə ərizədə arxiv arayışının tarixini xx.xx.2019-cu il qeyd etsə də, arayışın əslində xx.xx.2018-ci il tarixli olduğu müəyyən edilmişdir ki, məhkəmə bunu adi texniki səhv hesab etmiş və işin mahiyyətinə təsiri olmayan hal kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1277/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-140/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-140/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver