Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-141/2022 25.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu Zarağan kəndində yerləşən mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2-1(116)-66/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qəbələ rayonu Zarağan kəndində yerləşən mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, cavabdeh tərəfindən verilən 08.12.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən hərracdan alqı-satqı yolu ilə əldə edilən 0,03 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs iddiaçıya həmin 0,03 ha torpaq sahəsindən istifadə etməyə imkan vermir və iddiaçı sözügedən torpaq sahəsinə plan-ölçü sənədi ala bilmir. Belə ki, üçüncü şəxs cavabdeh orqanın mütəxəssislərinə planölçü sənədinin hazırlanmasına şərait yaratmır. İddia tələbində qeyd edilən 0,03 ha torpaq sahəsi JN-065F nömrəli şəhadətnaməyə əsasən üçüncü şəxs və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin hərrac yolu ilə iddiaçıya satılmış hissəsidir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 06.01.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, 0,03 ha torpaq sahəsinə dair notariat qaydada təsdiq olunmuş bölgü planı təqdim edildiyi təqdirdə iddiaçının müraciətinə qanunvericiliyin tələblərinə uyğun baxılacaqdır.
3. Cavabdeh orqan 05.05.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında faktiki istifadədə olan tropaq sahəsinə baxış keçirilmiş və ərazidə aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, JN-065F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,27 ha torpaq sahəsindən hərrac yolu ilə 0,03 ha hissə satılıb. X1 payına düşən torpaq sahəsi ilə bağlı pay bölgüsü aparılmamış və müvafiq bölgü sxemi hazırlanmamışdır. Notariat qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi JN-065F saylı şəhadətnamə əsasında X4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,27 ha torpaq sahəsində deyil, X5 məxsus 0,06 ha torpaq sahəsinin üzərinə düşür.
4. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 10 fevral 2022-ci il tarixli 2- 1(116)-66/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 0,03 ha torpaq sahəsindən ona istifadə etməyə X7 və onun ailə üzvləri imkan verməmişlər. Qeyd olunan torpaq sahəsinə öz adına plan-ölçü sənədi ala bilməmişdir. Çünki öz mülkiyyətində olan torpaq sahəsinə onu buraxmamış və ona mülkiyyətindən istifadə etməyə imkan verməmişdir. X7 qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərini hazırlamağa cavabdehin əməkdaşlarına imkan verməmiş və şərait yaratmamışdır. Torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması üçün cavabdehə müraciət etsə də ona əlavə olaraq bildirmişlər ki, JN-065F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,27 ha torpaq sahəsində hərrac yolu ilə 0,03 ha hissəsi ona satılmışdır. X1 payına düşən torpaq sahəsi ilə bağlı pay bölgüsü aparılmamış və müvafiq bölgü sxemi hazırlanmamışdır. Notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim etməlidir. X7 da bu məsələlərin həll edilməsindən boyun qaçırmışdır. Qeyd olunanları nəzərə alaraq torpaq sahəsi başqasının sahibliyində və istifadəsində olduğundan mülkiyyət hüququnun pozulması baş vermiş və bu hüquq pozuntusu mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən bərpa olunmalıdır. Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmaması səbəbindən bunu sübut edə bilməmişdir. Ona görə də 0,03 ha torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmalıdır. Cavabdehə müraciət etmiş və idarə də ona əsassız olaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasından imtina etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2-1(116)-66/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.
9. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
10. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-065F nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahatı Komissiyasının 29.11.1997-ci il tarixli 26 saylı qərarı ilə 0,27 ha həyətyanı torpaq sahəsi X7, X6 və X2 mülkiyyətinə verilmişdir. - Qəbələ Rayon Məhkəməsinin 2(025)-824/2017 nömrəli 13.06.2017-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X3 İddiaçı xeyrinə 1850 manat məbləğində pul, həmçinin, 200 manat məbləğində yardım xərci və iddiaçının iddia qaldırarkən ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır. - 26.10.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, qərarın icra edilməsi məqsədilə icra və probasiya şöbəsinə məktub ünvanlanmışdır. - Qəbələ Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli 8(025)-95/2018 nömrəli qərardadından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-824/2017 nömrəli 13.06.2017-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsi məqsədilə borclunun mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması və satılması hesabına borcun ödənilməsi barədə Qəbələ rayon İcra və probasiya şöbəsi təqdimat vermiş, təqdimat təmin edilmiş, JN-065F nömrəli şəhadətnaməyə əsasən X4 adına 3 nəfər ailə üzvləri ilə birlikdə olan 0,27 ha həyətyanı torpaq sahəsindən X4 payına düşən hissəsindən 0,03 ha hissəsinin üzərinə həbs qoyulmuş, tələb həmin torpaq sahəsinə yönəldilmiş və həmin torpaq sahəsinin satılması hesabına borcun ödənilməsi qərara alınmışdır. Qərardadın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilmişdir. - “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, X5 məxsus Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsindən 0,03 ha hissə 2100 manata İddiaçı satılmışdır. Hərracda torpaq sahəsinin satılması zamanı bölgü sxemi tərtib edilməmişdir. - Qəbələ Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli 8(025)-129/2019 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli 8(025)-95/2018 nömrəli qərardadına əsasən 0,03 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. - 08.12.2020-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonunun Zarağan kəndində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - 18.05.2021-ci il tarixli ŞM-082 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmədiyi üçün döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. JN-065F nömrəli şəhadətnamə əsasında X4 mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsi, Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Qəbələ rayonu Zarağan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən Qəbələ rayonu Zarağan kəndi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aiddir, uqodiyası çoxillik əkmələrdir. Sözügedən 0,27 ha torpaq sahəsi mülkiyyətçi X4 istifadəsindədir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununu: Maddə 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 13.11. Dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
16. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
17. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
18. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçıya iddia tələbində qeyd edilən 0,03 ha torpaq sahəsi üçüncü şəxs və onun ailə üzvlərinə AİK-nın qərarı ilə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsindən üçüncü şəxsin payına düşən hissədən hərracla satılmış və bununla bağlı iddiaçının adına çıxarış tərtib edilmişdir. Lakin torpaq sahəsinin bölgü sxemi tərtib edilmədiyindən faktiki sərhədləri məlum deyildir. Cavabdeh orqanın etiraz məktubu və ona əlavə edilən sxemdən isə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üçüncü şəxs və ailə üzvlərinin mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin deyil, üçüncü şəxsə məxsus digər ərazidə yerləşən 0,06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Belə ki, iddiaçının müraciəti əsasında onun faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, faktiki istifadə edilən torpaq sahəsi iddiaçıya hərracla satılmış və 0,27 ha torpaq sahəsinin üçüncü şəxsə məxsus payının sərhədləri daxilində deyil, ümumiyyətlə digər ərazidə və üçüncü şəxsə məxsus başqa 0,06 ha torpaq sahəsində yerləşir.
21. Göründüyü kimi, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə iddia tələbində qeyd edilən və adına çıxarış tərtib edilmiş 0,03 ha torpaq sahəsi fərqli ərazidə yerləşir.
22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
23. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
24. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 0,03 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
25. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2-1(116)-66/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.