Məhkəmə qərarları › İş №2-1(107)-141/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-141/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-141/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X7 və X17 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “onun barəsində verdiyi əmrin “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması hissəsinin “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyata buraxılması kimi dəyişirilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-1350/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “onun barəsində verdiyi əmrin “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması hissəsi “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyata buraxılması kimi dəyişirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5875/2022 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, iyul 2001-ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində həqiqi hərbi xidmətə başlamış, müxtəlif hərbi hissələrdə xidmət keçmiş və sonuncu xidmət yeri DSX SQ Komandanlığı DSMŞ-də olmuşdur. Adı çəkilən idarədə polkovnik-leytenant hərbi rütbəsində DSX SQ X6 Mühafizəsi Şöbəsinin baş zabiti vəzifəsində xidmət keçmişdir. Xidmət etdiyi dövrdə rəhbərlik tərəfindən hər hansı bir ciddi intizam tənbehinə məruz qalmamışdır. Əksinə, dəfələrlə nümunəvi və qüsursuz xidmətinə görə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 24 il 3 ay, güzəştli 30 il 7 ay xidmət etmişdir. İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuşdur. Bildirir ki, X16 5-ci X1 zaman “Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9 maddəsinə uyğun olaraq (öz arzusu ilə) DSX-dən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlığa raportla (»Sərhəd Komendantlığının hazırlanmış sənədlərin qeydiyyat jurnalı»nda qeydiyyata almaqla Sənəd № 5/58 tarix xx.xx.2020-ci il) müraciət etmişdir. Raportu 11 Fevral 2020-ci il tarixdə məxfi hissədə 327 № ilə qeydiyyata alınmışdır. 11 fevral 2020-ci il tarixdə 327 № ilə qeydiyyata alınmış raportu əsasında hərbi hissə komandiri polkovnik E.Zeynalov tərəfindən 24 fevral 2020-ci il tarixdə 09 nömrəli göndərişlə Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı üçün Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilmə üçün göndərilmişdir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 03.03. 2020-ci il tarixli qərarı ilə a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 JVfa-li qərarı ilə təsdiq edilmiş “ Xəstəliklər cədvəlinin 13 “e” maddəsinin İİİ qrafasına əsasən: Hərbi xidmətə yararlıdır. Diaqnoz: Birinci dərəcəli alimentar piylənmə. Hepatosteatoz onikibarmaq bağırsağın xora xəstəliyi. Onikibarmaq bağırsağın soğanağının xorasından (2017-ci il) sonrakı çapıq Eroziv qastroduodenit. Mərkəzi Hərbi Həkim Komissiyasının rəyindən sonra ehtiyata buraxılmağı barədə əmrini gözlədiyi halda onun xidmət yeri 2020-ci ilin mart ayında X16 X10 Bölməsinin rəisi vəzifəsinə dəyişdirilmişdir. O, tərxisə əmrini gözlədiyi halda onu yuxarı vəzifəyə təyin etmişlər. İddiaçı yenidən ehtiyata buraxılması üçün şifahi olaraq həmin vaxt hərbi hissə komandiri olan polkovnik Eldəniz Zeynalova yuxarı komandanlığa müraciət etməsini xahiş etmişdir. 2020-ci il mart ayının sonlarında dövlət sərhəddində baş vermiş hadisə ilə əlaqədar Horadiz sərhəd dəstəsinə ezamiyyətə gələn X15 General-leytenant A.Məmmədova müraciətinin olması ilə əlaqədar hərbi hissə komandirinə (polkovnik E.Zeynalova) məruzə etmişdir. Hərbi hissə komandirinin məruzəsindən sonra X15 General-leytenant A.Məmmədov onu yanına dinləmək üçün çağırmış və iddaçı ona əsəblərinin artıq tab gətirmədiyini övladlarının təhsili ilə əlaqədar ailəsindən uzaq qaldığını, himayəsində yaşlı və xəstə valideyinlərinin olmasını, onların müalicəsi ilə əlaqədar tez-tez həkimə aparmalı olduğunu nəzərə alaraq ehtiyata buraxılması barədə yenidən müraciət etmişdir. O, iddiaçıya xidmətini davam etdirməyi və onu tərxis etməyəcəyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra hərbi hissə komandirinin və qərargah rəisinin xidməti yeri dəyişdirilmişdir. Yenidən raport yazıb məxfi hissəyə təqdim etmək istədikdə məxfi hissənin rəisi bildirdi ki, göstəriş verilib ki, tərxislə əlaqədar raportlar məxfi hissə tərəfindən qəbul edilməsin. İddiaçı əlacsızlıqdan yeni təyin edilən hərbi hissə komandiri polkovnik Zəfər Bayramova dəfələrlə ehtiyata buraxılması barədə şifahi olaraq müraciət etmiş, o, iddiaçının müraciətini X11 məruzə etdiyini və heç kimin raportuna baxılmayacağını bildirdirmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində xidməti zərurətlə əlaqədar hərbi hissəyə ezamiyyətə gələn X15 General-leytenant Araz Məmmədova müraciəti olduğunu hərbi hissə komandirinə məruzə etmişdir. İddiaçının məruzəsinə əsasən General-leytenant A.Məmmədov onu yanına çağırmış və bildirmişdir ki, qarşıda mühüm tapşırıqlar var, hərbi hissə cəbhə bölgəsində yerləşir və tapşırıqlar yerinə yetirildikdən sonra o, ehtiyata buraxılacaqdır. İddiaçı bununla razılaşmışdır. Horadiz sərhəd dəstəsində X19 Bölməsinin rəisi vəzifəsində xidmət etdiyi müddətdə 2-ci Vətən Müharibəsi vaxtı azad edilmiş ərazilərdə yeni yaradılan Sərhəd Zastavalarının yaradılmasında, zastavanın inzibati binasının mühafizəsinin və sərhəd zastavasının xidməti ərazisində xidmətin təşkil edilməsində və ərazinin minalardan təmizlənməsində yaxından iştirak etmişdir. Daim şəxsi heyətlə birlikdə xidməti ərazidə olmuşdur. Şəxsi heyətin ərazidə təhlükəsliyinə, döyüşsüz itkilərin olmamasını təmin etmişdir. 2-ci X12 başa çatandan sonra iddiaçı təkrarən X15 General-leytenant A.Məmmədova dəfələrlə şifahi olaraq müraciət etmiş, lakin General-leytenant A.Məmmədov bildirmişdir ki, onu tərxisə buraxmayacağdır. Bu müraciətlərindən sonra onun xidməti yeri 2021-ci ilin mart ayında DSX-nin X3 DSMŞ-nin baş zabiti vəzifəsinə dəyişdirilmişdir. İddiaçı, aprel ayında yeni xidmət yerinə gəldikdən sonra X15 General-leytenant A.Məmmədov onu qəbuluna çağıraraq xidmətini bu vəzifədə davam etdirməyini və onu tərxis etməyəcəyini bildirmiş və iddiaçı öz növbəsində yuxarıda sadaladığı problemlərinin olduğunu və xidmət edə bilməyəcəyini bildirmişdir. Həmin gündən sonra dəfələrlə DSX SQ komandanı müavinlərinin qəbulunda olmuş və tərxis olunmaq istədiyini bildirmiş və nəhayət Generalleytenant A.Məmmədov onun inadkarlıq edərək ordu sıralarından ehtiyata buraxılmaq istədiyini görüb iyul ayının sonlarında onu otağına çağıraraq xidmət etməsə rütbəni alacağını, xidməti uyğunsuzluqla tərxis edəcəyini və onu DSX SQ aparatına gətirməyinə, DSMB rəisi vəzifəsindən aşağı vəzifəyə verməməyinə peşman olduğunu bildirərək onunla qərəzli mövqe apararaq yanında X13 Şöbəsinin rəisinə (polkovnik-leytenant Ə.Kamilov) telefonla zəng edərək göstəriş vermişdir ki, onunla atestasiya keçirib iddiaçını atestasiyanın qərarı ilə xidməti uyğunsuzluqla tərxis etsinlər. General-leytenant A.Məmmədov kadrlar bölməsinə necə göstəriş vermişdisə avqust ayının əvvəlində elədə etdilər. Attestasiya üzvləri də ona bildirdilər ki, General-leytenant A.Məmmədov belə göstəriş verdiyini və onu diğər tərxis olunmaq istəyənlərə nümunə göstərmək üçün xidməti uyğunsuzluqla tərxis edirlər. İddiaçı bununla razılaşmamış və nə əsasla onu xidmətə uyğunsuzluqla tərxis edildiyi barədə sual verdikdə X8 müavini General-leytenant Aqşin Məhərrəmov DSMŞ-nin rəisinin onun intizamsızlığı barədə raport yazdığını və həmin raporta əsasən ona atestasiya keçirdikləri bildirilmişdir. Halbu ki, rəhbərlik və DSMŞ-nin rəisi tərəfindən verilən bütün tapşırıq və göstərişlər vaxtında və düzgün onun tərəfindən icra edilmişdir. Əks halda Sərhəd Qoşunlarının qərargahında xidmət etdiyi 4 aydan artıq bir müddətdə onun hər hansı bir intizam cəzası olardı. Əksinə iddiaçı DSX rəisi tərəfində “Qüsursuz xidmətlərə” görə medalı ilə iyul ayında təltifləndirilmişdir. Yuxarıda sadaladıqlarını bir daha sübut edir ki DSX SQ komandanı generalleytenant A.Məmmədov ona qarşı qərəzli mövqe tutmuş və vəzifə səlahiyyətlərindən istifadə edərək onun ordu sıralarlından “Xidmətə uygunsuzluqla” tərxis edilməsi barədə təqdimatın hazırlanaraq Dövlət Sərhəd Xidmətinin rəisinə göndərilməsi üçün göstəriş vermişdir. DSX SQ komandanlığı tərəfindən hazırlanmış təqdimata uyğun olaraq 20 avqust 2021-ci il tarixli Dövlət Sərhəd Xidməti rəisinin 1592 nömrəli əmrinə əsasən iddiaçı ordu sıralarından xidmətə uyğunsuzluqla ehtiyata buraxılmışdır. Bununla da onun hüquqları yenidən kobud şəkildə pozulmuşdur. İddiaçı ordu sıralarından ehtiyata buraxılmağı ilə əlaqədar raportla müraciət etdiyi vaxt xidmət etdiyi hərbi hissə cəbhə bölgəsində yerləşdiyi üçün 25 faiz əlavə olaraq xüsusi şəraitə görə məvacib alırdı. Lakin torpaqlar işğaldan azad olunduqdan sonra qeyd edilən əlavə 25 faiz məvacib kəsildi və bununla da onun maddi və mənəvi olaraq hüquqları pozulmuşdur. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə (ünvanına göndərilmə xx.xx.2021-ci il ünvanına çatma xx.xx.2021-ci il) ərizə təqdim etmiş, lakin bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət (35 gündən artıq) keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Ona görə də bu faktı (ərizəsinin cavablandırılmaması) inzibati orqanın imtinası hesab edir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi komissiyasının iclasında dinlənilmiş və “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı barədə qərar qəbul olunmuş, qərar nəzərinə çatdırılaraq attestasiya vərəqəsi ilə tanış edilmişdir. Keçirilmiş attestasiya materiallarından görünür ki, İddiaçı özünü intizamlı zabit kimi göstərməyə çalışsa da, xidməti vəzifələrinin icrasına həvəssiz və laqeyd münasibət göstərmiş, X10 üzrə verilmiş tapşırılqarın dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrə vaxtında və düzgün çatdırılmasından müxtəlif bəhanələrlə yayınmağa çalışmışdır. Yol verdiyi nöqsanlarla bağlı irad tutularkən tərxis olunmaq arzusunda olduğunu bildirməklə ezamiyyətə getməkdən yayınmaqla yanaşı şöbədəki sənədlərin icrasına da ciddi yanaşmamış, səthi münasibət göstərmiş, tutduğu vəzifədə ona göstərilən etimadı doğrultmamışdır. Bundan başqa qeyd edirik ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı maddəsinə əsasən (Hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiya keçirilir. Attestasiya zamanı hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir) attestasiyaların keçirilməsi həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 87-ci maddəsinin (Dinc dövrdə zabitlərin attestasiyası dörd ildən bir dəfə keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bütün hərbi qulluqçuların, yaxud ayrı-ayrı kayeqoriyalarının attestasiyası başqa müddətlərdə də keçirilə bilər) tələbləri nəzərə alınmaqla planlaşdırılır və həyata keçirilir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini nəzərə alaraq iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alınmasını və iddianın təmin edilməməsi birinci instansiya məhkəməsindən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndələri iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: SHXÇDX-nin Qəbələ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 0107 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş iddiaçının şəxsi işindən görünür ki: - iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2001-ci il tarixli 043 nömrəli əmri ilə leytenant rütbəsi verilmiş, - DSX rəisi-SQ Komandanının xx.xx.2004-cü il tarixli 151 ş/h nömrəli əmri ilə baş leytenant rütbəsi verilmiş, - DSX rəisi-SQ Komandanının xx.xx.2008-ci il tarixli 1696 ş/h nömrəli əmri ilə kapitan rütbəsi verilmiş, - DSX rəisi-SQ Komandanının xx.xx.2013-cu il tarixli 1072 ş/h nömrəli mayor rütbəsi verilmiş, - Dövlət Sərhət Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 544 ş/h nömrəli əmri ilə polkovnik-leytenant rütbəsi verilmiş, - DSX rəisi SQ Komandanın xx.xx.2004-cü il tarixli 1259 ş/h nömrəli əmri ilə, Silahlı Qüvvələrin 10 illiyi yubiley medalı təltif edilmiş, - DSX rəisi SQ Komandanın xx.xx.2008-ci il tarixli 0129 ş/h nömrəli əmri ilə, Silahlı Qüvvələrin 90 illiyi yubiley medalı təltif edilmiş, - DSX rəisi SQ Komandanın xx.xx.2008-ci il tarixli 0129 ş/h nömrəli əmri ilə, Sərhəd Mühafizəsinin 90 illiyi yubileyi medalı ilə təltif edilmiş, - DSX rəisi SQ Komandanın xx.xx.2008-ci il tarixli 0112 ş/h nömrəli əmri ilə, iddiaçını Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilmiş, - DSX rəisi SQ Komandanın xx.xx.2013-cü il tarixli 0298 ş/h nömrəli əmri ilə, Silahlı Qüvvələrin 95 illiyi yubiley medalı ilə təltif edilmiş, - DSX rəisi SQ Komandanın xx.xx.2013-cü il tarixli 0300 ş/h nömrəli əmri ilə, Sərhəd Mühafizəsinin 95 illiyi yubiley medalı ilə təltif edilmiş, - DSX rəisi SQ Komandanın xx.xx.2021-ci il tarixli 079 ş/h nömrəli əmri ilə, Qüsursuz xidmətdə fəqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilmiş, - 20.08.2021-ci il tarixdə “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən AR SQ-dən ehtiyata buraxılmışdır. İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.2020-ci il tarixldə 5/58 nömrə ilə qeydiyyata alınmış raportdan görünür ki, iddiaçı “öz arzusu ilə” silahlı qüvvələrin ehtiyatına buraxılması üçün yuxarıda komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, DSX-nin MHHK-da şəhadətləndirilməyə ehtiyacının olduğunu qeyd etmişdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini X9 cənab general-leytenant A.Məmmədova ünvanlanan raportda qeyd edilmişdir ki, polkovnik-leytenant Ağayev X18 Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 520 ş/h Ns-İi əmri ilə Sərhəd Qoşunları aparatına X10 şöbəsinin baş zabiti vəzifəsinə təyin olunmuşdur. Göstərilən vəzifədə xidmət etdiyi müddət ərzində polkovnik-leytenant İddiaçı özünü intizamlı zabit kimi göstərməyə çalışsa da, xidməti vəzifələrinin icrasına həvəssiz və laqeyd münasibət göstərmiş, X10 üzrə verilmiş tapşırıqların dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrə vaxtında və düzgün çatdırılması və əməli köməkliyin göstərilməsi məqsədilə sərhəd dəstələrinə ezamiyyətlərə getməkdən müxtəlif bəhanələrlə yayınmağa çalışmışdır. Yol verdiyi nöqsanlarla bağlı irad tutularkən tərxis olunmaq arzusunda olduğunu bildirməklə vəziyyətdən çıxmağa cəhdlər etməkdə davam edir, ezamiyyətə getməkdən yayınmaqla yanaşı şöbədəki sənədlərin icrasına da ciddi yanaşmır, səthi münasibət göstərir. Həmçinin məruzə edirəm ki, polkovnik-leytenant İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmaqla əlaqədar yazılı raportla müraciət etməmişdir. Şöbənin baş zabiti olaraq xidmətə göstərdiyi münasibəti ilə digər hərbi qulluqçulara da öz mənfi təsirini göstərir. Bir sözlə polkovnikleytenant İddiaçı tutduğu vəzifədə ona göstərilən etimadı doğrultmamışdır. Qeyd olunanları nəzərə alaraq polkovnik-leytenant İddiaçı xidməti fəaliyyətinə Sərhəd Qoşunları aparatının attestasiya komissiyasında baxılması və barəsində müvafiq tədbirlərin görülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2020-xx.xx.2021-ci ilə qədər olan dövr üçün DSX SQ Attestasiya Komissiyası iclasının xx.xx.2021-ci il tarixli 15 №-li iclas protokolundan çıxarışdan görünür ki, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasının məqsədəuyğunluğu barədə rəy verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X8 xx.xx.2021-ci il tarixli, 0213 №-li əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq X10 şöbəsinin baş zabiti polkovnik-leytenant İddiaçı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1350/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Dövlət Sərhəd Xidməti X8 xx.xx.2021-ci il tarixli, 0213 №-li əmrinin İddiaçı “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması hissəsinin “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması kimi dəyişdirilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi məqsədilə 12 iyul 2021-ci il tarixdə X3 attestasiya komissiyasının iclasında dinlənilmiş və "Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı barədə qərar qəbul olunmuş, qərar nəzərinə çatdırılaraq attestasiya vərəqəsi ilə tanış edilmişdir. Attestasiyanın nəticəsi 12 iyul 2021-ci il tarixində İddiaçı elan edilmiş və sonuncunun imzası ilə təsdiq olunmuşdur. xx.xx.2021-ci il tarixində attestasiya vərəqəsini imzalamaqla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı İddiaçı aşkar şəkildə bəlli olduğuna baxmayaraq o, məqsədyönlü şəkildə bu faktı məhkəmədən gizlətməyə nail olmuşdur. N nömrəli hərbi hissənin ‘Təyinatların qeydiyyatı kitabından görünür ki. İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmişdir. Bununla da o, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinə ehtiyatına buraxılması barədə tam məlumatlı idi. X22 Məhkəməsi tərəfindən qeyd olunan faktiki hallar nəzərə alınmamış, buraxılmış prosessual müddət heç bir əsas olmadan bərpa edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində attestasiya vərəqəsini imzalayan zaman “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı artıq İddiaçı aşkar şəkildə məlum idi. Digər tərəfdən xx.xx.2021-ci il tarixində təyinat vərəqəsi İddiaçı təqdim edilmiş, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması və şəxsi işinin SHXÇDX-nın Qəbələ rayon şöbəsinə göndərilməsi şifahi şəkildə bir daha onun nəzərinə çatdırılsa da, o, məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec, yəni 27 yanvar 2022-ci il tarixində müraciət etmiş və qeyd olunan halları məhkəmə düzgün araşdırmayaraq maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Bununla da həmin hallar Dövlət Sərhəd Xidmətinin qanuni maraqları və mənafelərinə xələl gəlməsinə səbəb olmuşdur. İddiaçı Sərhəd Qoşunlarının aparatına X10 şöbəsinin baş zabiti vəzifəsinə təyin olunduqdan sonra davamlı surətdə intizamsız hərəkətlərə yol verməsi, birbaşa və bilavasitə rəislərin tapşırıq və göstərişlərini icra etməkdən yayınmağa cəhd etməsi, tabesizlik göstərməsi barəsində attestasiyanın keçirilməsi və yekunda adıçəkilən Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün əsas qismində çıxış etmişdir. İddiaçı “Qüsursuz xidmətə görə 3-cü dərəcəli" medalı ilə təltif edilməsi Şəki İnzibati Məhkəməsi tərəfindən qərarın nəticəvi hissəsində adıçəkilən qərarın qəbul edilməsində əsas rol oynamışdır. İddiaçı 1997-ci ildən 2021-ci ilin avqust ayına qədər, yəni 24 ildən çox Silahlı Qüvvələrdə xidmət etmişdir. Əgər o, qeyd olunan müddət ərzində “qüsursuz xidmət” etmiş olsaydı, o zaman nəinki “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, hətta “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif edilməli idi. İddiaçı xidmətdə olarkən yol verdiyi nöqsanlar, barəsində tətbiq olunmuş intizam tənbeh tədbirləri Şəki İnzibati Məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə təqdim edilmiş sübutlarla birgə qiymətləndirilməli halda qeyd olunan faktlar araşdırılmamışdır Beləliklə 20 mart 2021-ci il tarixdə Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edildikdən sonra 5 ay ərzində, yəni tərxis olduğu tarixə qədər İddiaçı davamlı şəkildə nizam-intizamsızlıqları barəsində adıçəkilən əmrin verilməsinə səbəb olmuşdur ki, qeyd olunan əmrin sözügedən medalla hər hansı bir bağlılığı olmamışdır. Təəssüf ki, məhkəmə tərəfindən qeyd olunan məsələlər düzgün tədqiq edilməmiş, sözügedən hallara qərəzli şəkildə yanaşılaraq əsassız qərar qəbul edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-1350/2022 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X14 və X21 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-1350/2022 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)- 1350/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1350/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı hazırkı iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Həmçinin, iddia mahiyyət etibarilə əsaslıdır, lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-1350/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli əmri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə ilk növbədə hərbi qulluqçuların öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X4»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Həmçinin «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; Əsasnamənin 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məlum olduğu kimi iddiaçı X8 xx.xx.2021-ci il tarixli, 0213 №-li əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, hərbi qanunvericiliyin sadalanan normalarının mənasına görə, hərbi qulluqçuların öz arzusu ilə yaxud xidməti uyğunsuzluqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müxtəlif faktiki və qanuni əsaslara söykənir. Bu eyni zamanda buraxılmağa təqdim olunmazdan qabaq bilavasitə rəis tərəfindən tərtib olunan buraxılma haqqında təqdimatın (raportun) əsaslarının da fərqli olması deməkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların təhlili onu göstərir ki, iddiaçı “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir. Bundan əlavə, iddiaçı qeyd edir ki, mübahisələndirilən əmr verilməmişdən öncə, o, öz arzusu ilə hərbi xidmətdən buraxılması ilə əlaqədar müvafiq raportlarla cavabdehə müraciət etmişdir. İddiaçının hüquqi marağını iki hissəyə bölmək olar: 1) “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılmasının qanunsuz hesab edilməsi; 2) mübahisələndirilən əmrin verilməsindən əvvəl təqdim etdiyi hərbi xidmətdən öz arzusu ilə buraxılması barədə ərizəsinin icra edilməsi. İddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün bilavasitə rəisinə raportla müraciət etməsi iş materialları ilə öz təsdiqi tapmasına baxmayaraq, cavabdeh tərəfindən həmin raport verildikdən sonra aparılmış icraatla bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmiş və məhkəmə iclasında cavabdehin nümayəndələri sözügedən raportun cavablandırılmamasını və bununla bağlı icraatın aparılmamasını iddiaçının vəzifəsində olan dəyişikliklərlə izah etmişlər. Belə ki, cavabdeh orqanın qənaətinə görə iddiaçının ilkin raportu əvvəlki vəzifəsinə uyğun olmuş, vəzifəsi dəyişdirildikdən sonra iddiaçı, yeni vəzifəsini qeyd etməklə təkrar raportla müraciət etməli olduğu bunu etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh orqanın həmin dəlilini əsassız hesab etmişdir. Belə ki, cavabdeh orqan iddiaçının vəzifəsində olan dəyişiklikdən asılı olmayaraq verilmiş raportun məzmununa uyğun inzibati araşdırma aparmalı, vəzifə dəyişkənliyindən sonra iddiaçının öz arzusu ilə silahlı qüvvələrin ehtiyatına buraxılması ilə bağlı eyni mövqedə olub-olmamasını öyrənməli idi. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının rütbəsində və vəzifəsində baş vermiş dəyişikliklər onun iradəsi ilə baş verməmişdir. Belə olan halda cavabdeh orqan öz iradəsi ilə iddiaçının vəzifəsini dəyişməklə, sözügedən raporta uyğun inzibati araşdırma aparılması vəzifəsinin icrasından yayına bilməz. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmrin qanuniliyinə hüquqi qiymət verilməsi üçün iddiaçı barəsində xx.xx.2020-xx.xx.2021-ci ilə qədər olan dövr üçün keçirilmiş Attestasiya Komissiyası iclasının xx.xx.2021-ci il tarixli 15 №-li iclas protokolu təhlil olunmalıdır. Belə ki, sözügedən attestasiya vərəqəsində yuxarıda məzmunu qeyd edilmiş, Dövlət Sərhəd Xidməti rəisinin müavini X9 cənab general-leytenant A.Məmmədova ünvanlanan raportda qeyd edilən məsələlər öz əksini tapmış, həmçinin qeyd edilmişdir ki, “iddiaçı xidməti fəaliyyətini tənzimləyən rəhbər sənədləri, hərbi texnika və silahdan istifadə qaydalarını bilir, komandir və peşə hazırlığı, idarəetmə qabiliyyəti, tələbkarlığı və icraçılıq qabiliyyəti olsa da, son zamanlar böyük rəislər tərəfindən verilən əmr və göstərişlərin icrasına məsuliyyətlə yanaşmamış, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün keçirilən tədbirlərdə həvəssiz və zəif iştirak etmişdir. Xasiyyətcə təmkinlidir, kollektivdə müəyyən hörmət qazana bilmişdir. Bununla da, müəyyən edilir ki, polkovnik-leytenant İddiaçı hərbi qulluqçu olaraq tutduğu vəzifənin məsuliyyətini dərk etməsinə baxmayaraq, tərxis olmaq fikrində qəti olduğuna görə xidməti fəaliyyətini düzgün qurmaq istiqamətində çalışmır”. Göründüyü kimi iddiaçının öz arzusu ilə ehtiyata buraxılmaqla müraciəti və mövqeyi attestasiyanı həyata keçirən orqana məlum idi. Yəni, cavabdeh orqan iddiaçını attestasiyadan keçirərəkən onun tərxis olmaq fikrində qəti olduğunu və iddiaçının müvafiq müraciətinin olduğunu bildiyi halda, iddiaçının “öz arzusu ilə” yox, “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı icraat aparmışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, attestasiyada iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktlaşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə və ya töhmət verilməsinə dair sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, attestasiya komissiyasının rəyi ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş, əsaslandırılmamış, orada qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmr verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdehin nümayəndələri tərəfindən iddiaçının xidməti vərəqəsindən çıxarış təqdim edilmiş, 2018-2021-ci illərdə iddiaçı barəsində müxtəlif intizam cəzalarının verilməsinə istinad edilmişdir. Təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya verilmiş intizam cəzaları ilə bağlı bir çox qeydlər SHXÇÜDX-nin Qəbələ rayon şöbəsi tərəfindən təqdim edilmiş iddiaçının şəxsi işində yoxdur. Həmçinin qeyd edilən müxtəlif illərə aid intizam cəzalarının əksəriyyəti onun verən vəzifəli şəxs tərəfindən imzalanmamış, həmçinin iddiaçıya elan edilməmişdir. Digər tərəfdən ümumiyyətlə attestasiya vərəqəsində həmin intizam cəzalarına istinad edilməmiş, attestasiya vərəqəsində iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması subyektiv mülahizələrlə əsaslandırılmışdır. Əksinə, xidmət dəftərçəsindən görünür ki, iddiaçı dəfələrlə müxtəlif yubiley medalları ilə, həmçinin xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla, xx.xx.2021-ci il tarixdə “Qüsursuz xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunmuşdur. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, cavabdeh orqanın iddiaçı barəsində təqdim etdiyi attestasiya vərəqəsindən və hazırda mübahisələndirilən inzibati aktdan, görünür ki, cavabdeh orqan iddiaçını, verilən əmr və göstərişlərin icrasına məsuliyyətlə yanaşmayan zabit kimi xarakterizə edir və bununla bağlı 2018-2021-ci il tarixlərdə (təsdiqlənməyən və iddiaçıya elan edilməyən) verildiyi bildirilən intizam cəzalarının qeyd olunduğu xidmət vərəqəsindən çıxarışa və X5 ünavnlanmış raportda qeyd edilən məlumatlara istinad edir. Həmçinin cavabdeh orqanın nümayəndələri məhkəmə iclasında izahat verərkən iddiaçının “öz arzusu ilə” ehtiyata buraxılma barədə raportunun nəzərə alınmamasını iddiaçının vəzifəsinin dəyişməsi ilə izah edir və yeni təyin edilən vəzifənin əvvəlki vəzifə ilə müqayisədə yuxarı vəzifə olduğunu bildirir. Belə olan halda dəfələrlə intizam cəzası verilmiş, verilən əmr və göstərişlərin icrasına məsuliyyətlə yanaşmayan zabitin vəzifədə irəli çəkilməsi ilə bağlı cavabdeh orqanın fəaliyyəti anlaşılan deyil. Nəzərə alınmalıdır ki, iddiaçıya “Qüsursuz xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal xx.xx.2021-ci il tarixdə verilmişdir. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıbalmamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQ-nin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesb edir ki, iddiaçı barəsində mübahisəli əmr qəbul olunarkən heç bir araşdırma aparılmamış, onun dinlənilmə hüququ təmin edilməmiş, xx.xx.2021-ci il tarixdə Qüsursuz Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilmiş hərbi qulluqçunun “verilən əmr və göstərişlərin icrasına məsuliyyətlə yanaşmayan zabit olması” dəlili əsaslandırılmamışdır. Xidmət vərəqəsində qeyd edilmiş intizam cəzaları isə hazıda mübahisələndirilən əmrin qanuni sayılması üçün yetərli hesab edilə bilməz. İddiaçı öz arzusu ilə ehtiyata buraxılma raportu ilə müraciət etdiyi halda, attestasiya vərəqəsində iddiaçının ehtiyata buraxılma ilə bağlı müraciətinin olmadığı qeyd edilmişdir. Belə olan halda cavabdehin iddiaçını məhz xidməti uyğunsuzluqla tərxis etməsinin məqsədi məhkəməyə aydın deyil. Cavabdeh tərəfindən də bu istiqamətdə tutarlı heç bir dəlil irəli sürülməmişdir. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən onun birdən-birə qüsurlu xidmət etməsi, nəticə etibarı ilə qüsursuz xidmətə görə əldə edə biləcəyi güzəştlərdən özünü məhrum etməsi məhkəməyə inandırıcı gəlmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan normalara istinadən, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, Dövlət Sərhəd Xidmətinin İddiaçı barəsində verdiyi əmrin “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması hissəsi “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyata buraxılması kimi dəyişirilməlidir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, cavabdeh inzibati orqanın nümayəndələri apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdükləri dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişlər. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-1350/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-1350/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar