Məhkəmə qərarları › İş №2-1(107)-141/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-141/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-141/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının və həmin qərar əsasında verilmiş xx.xx.2008-ci il tarixli A seriyalı, 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2023cü il tarixli 2-1(116)-3541/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının və həmin qərar əsasında DTXK-nın Qax rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A seriyalı, 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya təqdim edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 dekabr 2023-cü il tarixli 2- 1(116)-3541/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

5. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2-1(116)-3541/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X22 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2- 1(116)-3541/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmir.

8. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

9. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZ-İİ 284344 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2012ci il tarixdə vəfat etmişdir. - AZ-İİ 306513 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. - A 067436 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən Qax şəhərində yerləşən 900,03 kv.m torpaq sahəsi ilə bağlı X1 adına tərtib edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə olunmuş Qax şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X4 və onun ailə üzvlərinin adları qeyd olunmuş hissədən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, arxivdə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli Qərarı, Qax şəhəri üzrə mövcud subyektlərin siyahılarında İddiaçı adı, eləcə də adına Şəhadətnamə, Plan-ölçü və Dövlət Aktının tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Təqdim edilmiş siyahıda X5, X11, X7 və X3 adları qeyd edilmiş, qanuni istifadədə olan həyətyanı torpaq sahəsi 0,09 ha göstərilmişdir. - Qax şəhər İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 1995-2010-cu illərə aid ünvan 1 ünvanına dair uçot vərəqələrindən görünür ki, ilkin uçot qeydlərdinə X8 təsərrüfat başçısı, X11, X4, X6, X10 və X9 təsərrüfat üzvləri olaraq qeyd edilmişlər. Sonrakı qeydlərdə isə təsərrüfat başçısı - X11, təsərrüfatda qeydiyyatda olanlar isə X10, X6, X12, X13 və X18 qeyd edilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan görünür ki, DT və XK Qax rayon şöbəsinin xx.xx.2007-ci il tarixli təklifi nəzərə alınmış, Qax şəhərinin həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilmiş, müvafiq sənədlərə uyğun olaraq kadastr planının işlənməsinə köməklik göstərmək DT və XK-dən xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

11. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə əsasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X28 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir.

17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X28 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X28 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir.

12. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X28 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X28 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X28 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X28 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

13. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X24 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.

14. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir.

15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X24 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X24 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir.

17. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

23. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

24. Belə ki, iddia tələbi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının və həmin qərar əsasında DTXK-nın Qax rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A seriyalı, 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunmasından ibarətdir

25. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir və iddia, tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın.

26. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir.

27. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur.

28. Hazırda iddiaçının etibarsız sayılmasını xahiş etdiyi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının qəbulundan 16 ilə yaxın müddət keçmişdir. Odur ki, həmin qərarın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı kifayət qədər marağınının olması müəyyən edilməmişdir.

29. Azərbaycan Respublikası İPM-də müəyyən etmə və tanınma haqqında iddialara münasibətdə iddia müddətləri müəyyən olunmamışdır. Lakin, iddiaçının etibarsız sayılmasını tələb etdiyi inzibati akt 2007-ci ildə qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində həmin dövrdə qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır.

30. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni etibarsız sayılması tələb edilən inzibati aktın qəbul olunduğu dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.

31. Belə ki, həmin dövrdə qüvvədə olmuş, MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

32. X21 Məhkəməsinin icraatında olmuş 2-1(116)-693/2023 nömrəli inzibati iş üzrə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli daşınmaz əmlaka 2007-ci ildən faktiki sahibliyi həyata keçirmişdir. Belə olan halda iddiaçı, faktiki istifadəsində olan torpaq sahəsinin hüquqi taleyi ilə bağlı tərtib edilmiş sənədlərdən və həmin sənədlərin tərtib edilməsinə əsas olmuş digər sənədlərin məzmunundan mübahisəli daşınmaz əmlaka 2007-ci ildən faktiki sahibliyi həyata keçirdiyinə görə məlumatlı olmalı idi. Faktiki istifadə etdiyi torpaq sahəsinə dair tərtib edilmiş sənədlərin məzmunu ilə iddiaçının 16 il ərzində maraqlanmamasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıların hüquq və azadlığının pozulduğunu bilməli olduğu tarix onların həmin torpaq sahəsinə faktiki sahibliyi həyata keçirdiyi tarix hesab olunmalı və iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır.

33. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək iddiaçıya izah etmişdir ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının etibarsızlığı ilə bağlı iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu isə iddia tələbinin qeyri-mümkün sayılması üçün əsasdır.

34. İddia tələbinin “DTXK-nın Qax rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A seriyalı, 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə isə izah edilmişdir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. İlkin tələbin qeyri-mümkün sayılması sözügedən plan-ölçü sənədinin etibarsız sayılması ilə bağlı tələbin də mümkünsüzlüyünə səbəb olur.

35. Hazırkı iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçüni iddaçıya 5 gün müddət təyin edilmişdir. İddiaçının xx.xx.2023cü il tarixdə daxil olmuş məhkəmənin hüquqi mövqeyinə münasibətdən görünür ki, iddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır.

36. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

37. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

38. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2-1(116)- 3541/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2-1(116)-3541/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar