Məhkəmə qərarları › İş №2-1(107)-142/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-142/2020

05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-142/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-436/2020nömrəli qərardadından İddiaçıtərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdeh qarşı “Cavabdeh onun adına olan, şəxsi mülkiyyətində olan Azərbaycan küçəsi ev 19, mənzil 8 evindən qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə müraciət etməzdən öncə analoji tələblə cavabdehə müraciət etməli olduğu barədə xx.xx.2019-cu il tarixdə məktub ünvanlanmış və həmin məktub xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Yardım məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən nəzərinizə çatdırılır ki, fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Sizin tələbiniz isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxsə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Nəzərinizə çatdılır ki, qəbul ediləcək məhkəmə qərarı Cavabdeh maraqlarına toxunacağından o, iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin 2.1-ci birinci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Göründüyü kimi, iddia tələbinizə cavab verməli inzibati orqan Daxili İşlər Nazirliyinin Zərdab rayon Polis Şöbəsidir. Bunlardan başqa inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinin ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtlərindən biridə iddiaçının məhkəməyə müraciət etməzdən öncə cavabdeh kimi müəyyən etdiyi inzibati orqana müraciət etməsidir. İddia ərizəsinə Cavabdeh qeydiyyatdan çıxarılması ilə bağlı polis orqanına müraciətinizi əks etdirən sübutlar əlavə edilməmişdir. Bundan başqa nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Tərəfinizdən hər hansı inzibati orqan tərəfindən hüquq və qanunla qorunan maraqlarınızın pozulması halları iddia ərizəsində əsaslandırlmamışdır. Qeyd olunanlara əsasən hazırkı tələbinizə mahiyyəti üzrə baxılması mümkün olmamış, iddianızın mümkünlüyü məsələsinin müzakirə edilməsi zərurəti yaranmışdır. Odur ki, iddia tələbinə cavab verməli inzibati orqana qarşı yönəlmiş və İPM-in 27, 35, 46-cı maddələrinin tələblərinə cavab verən iddia ərizəsinin, habelə Cavabdeh qeydiyyatdan çıxarılması ilə bağlı polis orqanına müraciətinizi əks etdirən sübutların və ya polis orqanının imtinasının məhkəməyə təqdim olunması üçün Sizə 10 (on) gün müddət təyin edilir. Müəyyən olunmuş müddət ərzində tələb olunanlar məhkəməyə təqdim olunmayacağı təqdirdə İnzibati-Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən şifahi məhkəmə iclası keçirilmədən iddianın mümkünlüyünə hüquqi qiymət veriləcəyi barədə Sizə xəbərdarlıq edilir.” Göstərilən nöqsanların aradan qaldırılması üçün 10 (on) gün müddət təyin edilmiş, lakin həmin müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-436/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, hüquq normaları düzgün tətbiq edilməmiş, faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə Zərdab rayon Polis Şöbəsinə rəsmi müraciət etmiş, keçmiş gəlini Cavabdeh onun şəxsi mülkiyyəti olan evdən qeydiyyatdan çıxarılmasını xahiş etsə də rayon polis şöbəsinin xx.xx.2019-cu il tarixli ***-*******-3219 nömrəli ona ünvanladığı məktubunda məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. Bildirmişdir ki, yaşadığı ev Zərdab şəhəri Azərbaycan küçəsi ev 19 mənzil 8 onundur, evin bütün sənədləri onun adınadır. X1 rayonu Çallı kənd sakini Cavabdeh ilə xx.xx.2008-ci ildə evlənərək ailə qurmuşlar. O vaxt gəlini olaraq Mətlubəni öz şəxsi evinə qeydiyyata saldırmışdır. Oğlu Mirələm və Mətlubə arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin qərarına əsasən ləğv edilmişdir. Nikahın ləğv edilməsinə baxmayaraq dəfələrlə deyilsə də Cavabdeh onun şəxsi evindən qeydiyyatdan çıxmamış, yeni şəxsiyyət vəsiqəsi alarkən vəsiqədə qeydiyyat ünvanını onun şəxsi mənzilinin, yəni Azərbaycan küçəsi ev 19 mənzil 8 ünvanı olduğunu göstərmişdir. O, Zərdab rayon Polis Şöbəsinə, Zərdab rayon Mənzil İstismar İdarəsinə müraciət etmişdir. Onlar bildirmişlər ki, məhkəmənin qərarı olmadan vətəndaşı mənzildən qeydiyyatdan çıxara bilməzlər. Qeyd olunan mənzil onun şəxsi mülkiyyətindədir, Cavabdeh evinə gəlin gələrkən o, qeydiyyata saldırmışdır. O, hal-hazırda gəlini deyil, Çallı kəndində atası evində yaşayır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 436/2020nömrəli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 436/2020nömrəli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 436/2020nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Belə ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minməsindən öncə ötürülmüş iddia müddətlərini bərpa etməmiş və mübahisələndirmək imkanı qanunla tükənmiş mübahisələrə dair hər hansı imkan tanımamışdır. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi maddə-11.1). Qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə əsasən bütün inzibati işlərə işdə iştirak edən şəxslər üçün eyni olan qayda və prosessual formalarla baxılır. İşdə iştirak edən şəxslərin qanuni tələbləri bərabər olaraq təmin olunur, onlara öz mənafelərini məhkəmə qaydasında qorumaq üçün eyni imkanlar verilir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən qanun və məhkəmə ilə təmin olunan istifadə etmək imkanına malikdirlər. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki,iddiaçı tərəfindən irəli sürülən iddia tələbi həmin iddia tələbinə cavab verməli olan inzibati orqana qarşı deyil, fiziki şəxs olan Cavabdeh yönəlmiş, həmçinin, iddiaçı tərəfindən rəsmi qaydada iddia tələbinə cavab verməli olan inzibati orqana müraciət edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, mübahisə predmeti olan iddiaçıya məxsus ünvan 2 mənzil 8 ünvanında yerləşən yaşayış evinə özünün və iki uşağının istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırkı iddia tələbi isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxsə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Əgər qəbul ediləcək məhkəmə qərarı Cavabdeh maraqlarına toxunacağı halda o, iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin 2.1-ci birinci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Göründüyü kimi, iddia tələbinə cavab verməli inzibati orqan Daxili İşlər Nazirliyinin Zərdab rayon Polis Şöbəsidir. Bunlardan başqa inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinin ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtlərindən biri də iddiaçının məhkəməyə müraciət etməzdən öncə cavabdeh kimi müəyyən etdiyi inzibati orqana müraciət etməsidir. İddia ərizəsinə Cavabdeh qeydiyyatdan çıxarılması ilə bağlı polis orqanına iddiaçının müraciətini əks etdirən sübutlar əlavə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddia tələbinin fiziki şəxsə qarşı yönəlməsi və iddianın xüsusi mümkünlük şərtlərindən olan cavabdeh inzibati orqana rəsmi müraciət edilməməsi və inzibati orqanın imtina məktubunun olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçıya məxsus olan yaşayış evindən qeydiyyatdan çıxarılması ilə razı deyildir və buna görə də mübahisə predmeti olan iddiaçıya məxsus ünvan 2 mənzil 8 ünvanında yerləşən yaşayış evinə özünün və iki uşağının istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, Cavabdeh sözügedən evdən qeydiyyatdan çıxarılması ilk öncə Cavabdeh həmin mənzildən istifadə hüququnun olub-olmaması məsələsinin müəyyən edilməsindən asılıdır. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-436/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-436/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar