Məhkəmə qərarları › İş №2-1(107)-143/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-143/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-143/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "ona məxsus torpaq sahəsinin "Torpaq sahəsinin plan və ölçüsü"nə salınmayan hissəsinin "Torpaq sahəsinin plan və ölçüsü"nə salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərardadından X4 tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 3 avqust 2021-ci il tarixli 2- 1(116)-373/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "ona məxsus torpaq sahəsinin "Torpaq sahəsinin plan və ölçüsü"nə salınmayan hissəsinin "Torpaq sahəsinin plan və ölçüsü"nə salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmişdir.

2. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir.

3. Bundan sonra İddiaçı 17.12.2021-ci ildə birinci instansiya məhkəməsinə göndərdiyi ərizədə cavabdehin sözügedən qərarı tam və dəqiq şəkildə icra etmək istəmədiyini bildirmişdir.

4. Şəki İnzibati Məhkəməsinin 20.12.2021-ci il tarixli məktubu ilə məhkəmənin qərarının icra edilməsi üçün həmin orqana bir ay müddət müəyyən edilmiş və əks təqdirdə, həmin orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir.

5. Şəki İnzibati Məhkəməsinin məktubu 29.12.2021-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə çatdırılmış, lakin təyin olunmuş müddət ərzində məhkəmə qərarının icrasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

6. Ona görə də borcluya cərimənin tətbiqi məsələsinə baxılması üçün məhkəmə iclası 15.03.2022-ci ilə təyin edilərək tərəflərə bu barədə məlumat verilmişdir. Məhkəmə iclasından əvvəl borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəmə qərarının icrasını təsdiq edən sənədi Şəki İnzibati Məhkəməsinə təqdim etmişdir. Eyni zamanda, tələbkar İddiaçı məhkəməyə ərizə verərək qərarın icra edildiyini və ona yeni texniki pasport verildiyini bildirmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərarı icra edildiyinə görə borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə cərimənin tətbiq edilməsindən imtina olunmuşdur.

8. X4 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 və vəkili Vəkil izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və nümayəndəsi və vəkili X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Müəyyən edilmişdir ki, X1 apellyasiya şikayəti Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (İPM) 81-ci maddəsinin tələblərinə cavab vermir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Kollegiya verilmiş şikayətin dəlillərinə uyğun olaraq hüquqi dəyərləndirmə apararaq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyildir.

15. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

16. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

17. Apellyasiya instansiyasının mövqeyinə görə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair məsələlər həll edilərkən ilk növbədə göstərilən hüquqi mövqelər nəzərə alınmalıdır.

18. İş materiallarından göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərardadı tələbkara münasibətdə qəbul edilmiş qərardaddır. Belə ki, Şəki İnzibati Məhkəməsinin 20.12.2021-ci il tarixli məktubu ilə məhkəmənin qərarının icra edilməsi üçün həmin orqana bir ay müddət müəyyən edilmiş və əks təqdirdə, həmin orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu 29.12.2021-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə çatdırılmış, lakin təyin olunmuş müddət ərzində məhkəmə qərarının icrasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Ona görə də borcluya cərimənin tətbiqi məsələsinə baxılması üçün məhkəmə iclası 15.03.2022-ci ilə təyin edilərək tərəflərə bu barədə məlumat verilmişdir. Məhkəmə iclasından əvvəl borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəmə qərarının icrasını təsdiq edən sənədi Şəki İnzibati Məhkəməsinə təqdim etmişdir. Eyni zamanda, tələbkar İddiaçı məhkəməyə ərizə verərək qərarın icra edildiyini və ona yeni texniki pasport verildiyini bildirmişdir. Ona görə də birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, məhkəmə qərarı könüllü icra edildiyi üçün borcluya cərimənin tətbiq edilməsinə zərurət qalmamışdır.

19. İPM-in 120.1 və 120.2-ci müddəalarından görünür ki, qanuni qüvvəyə minmiş qərarla inzibati orqan tərəfindən üzərinə qoyulmuş öhdəliklər icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən etməklə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

20. Şəki İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş və həmin qərar cavabdeh inzibati orqan tərəfindən icra edilərək, iddiaçıya yeni texniki pasport verilmişdir. X4 həmin iş üzrə üçüncü şəxs qismində iştirak etmişdir.

21. Hal-hazırkı mübahisə üzrə qəbul edilmiş Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərardadı isə tələbkar İddiaçı barəsində qanuni qüvvəyə minmiş qərarla üzərinə qoyulmuş öhdəliklərin inzibati orqan tərəfindən icra edilməməsi ilə bağlı olmuşdur. Həmin qərardadla X4 barəsində inzibati orqanın üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Cavabdeh olan inzibati orqana cərimənin tətbiq edilməsi və ya tətbiq edilməsindən imtina edilməsi onun hazırkı vəziyyətini dəyişdirmir.

22. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edildiyindən və həmin qərar icra edildiyinə görə borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə cərimənin tətbiq edilməsindən imtina olunduğundan, Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərardadı X1 hüquq və vəzifələrinə toxunmur.

23. Beləliklə, X4 onun hazırkı məzmunda hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X1 apellyasiya şikayəti mümkün sayılmamalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

X1 Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar