Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-143/2024 21.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ bələdiyyəsinin 27 mart 2007-ci il tarixli, 03 saylı qərarı ilə satılmış 35 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və planölçü sənədinin, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2-1(116)-1196/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ bələdiyyəsinin 27 mart 2007-cı il tarixli, 03 saylı qərarı ilə satılmış 0,35 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan-ölçü sənədinin, çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1196/2023 nömrəli qərardadı ilə Qəbələ bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbi dəqiqləşdirərək “Qəbələ bələdiyyəsinin 27 mart 2007-cı il tarixli, 03 saylı qərarı ilə satılmış iddia olunun torpaq sahəsinin ölçüsünü dəqiqləşdirək 35 kv.m qeyd etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatına yararsız torpaq sahəsindən ticarət obyektinin tikintisi məqsədi ilə alqı-satqı yolu ilə 35 kv.m torpaq sahəsi satılmış, sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin sxemi hazırlanaraq Qəbələ rayon İH-nin memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, lakin torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, Qəbələ bələdiyyəsinin İddiaçı Bəxtiyar oğluna 0.35 kv.metr həyətyanı torpaq sahəsinin ayrılmasına dair 03 saylı qərarı xx.xx.2007-ci il tarixli olsa da torpağın alqı-satqısına dair akt ləğv edilmiş DTvə XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin Plan və ölçüsü sənədi hazırlanmamış və müvafiq rəylər təqdim edilməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 11 dekabr 2023-cü il tarixli 2- 1(116)-1196/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlər araşdırılan zaman məlum olmuşdur ki, bələdiyyə tərəfindən torpaq satılarkən “Torpaq bazarı haqqında və Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının qanunlarına tam şəkildə riayət olunmamışdır. Torpaq sahəsinin satılması zamanı alqı-satqı sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır. “Torpaq sahəsinin plan və ölçüsü” sənədi təqdim edilməmişdir. İddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 35 kv.m torpaq sahəsində Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, iddiada edilən torpaq sahəsinə dair üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) təqdim edilmədiyinə görə sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. Təqdim edilmiş ilkin yerquruluşu planında göstərilmiş 35 kv.m torpaq sahəsinin yeri, keçmiş İ.B.Qutqaşınlı küçəsinə (indiki Qəbələ şəhəri, H.Əliyev prospekti) və keçmiş Qəbələ internat məktəbinin (indiki Qəbələ şəhər 4 saylı Orta Məktəb) ərazisinə istinad edilərək nəzəri olaraq təyin edilmişdir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 38.88 kv.m torpaq sahəsi Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən Qəbələ şəhər inzibati ərazisinin sərhədləri daxilində yaşayış məntəqələri torpaqları (ictimai tikililər) uqodiyası tikinti altı ərazidə yerləşir. Sözügedən 38.88 kv.m torpaq sahəsinin 36.66 kv.m hissəsi Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazidə, 2.22 kv.m hissəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşir. X1 X2 (TEKUİS) əsasən faktiki naturada ölçülmüş 38.88 kv.m torpaq sahəsi yaşayış məntəqələri torpaqları daxilində Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2-1(116)-1196/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2- 1(116)-1196/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati 11 dekabr 2023-cü il tarixli 2-1(116)- 1196/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı və xx.xx.2007-ci il tarixli qəbzdən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 35 kv.m torpaq sahəsi ticarət obyektinin tikintisi məqsədilə İddiaçı satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına 70 manat pul vəsaiti ödənmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2108/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia tələbində qeyd edilən, Qəbələ bələdiyyəsinin qərarı ilə satılmış 35 kv.m torpaq sahəsinə dair üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (plan ölçü) təqdim edilmədiyinə görə sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. İddiaçı Bəxtiyar oğlunun istifadəsində olan faktiki naturada ölçülmüş 0,003888 hektar (38,88 kv.m) torpaq sahəsinin 0,003666 hektar (36,66kv.m) hissəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə, 0,000222 hektar (2,22 kv.m) hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən 0,003888 hektar (38,88 kv.m) torpaq sahəsi İddiaçı Bəxtiyar oğlunun istifadəsindədir. - Qəbələ bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 518 nömrəli məktubundan görünür ki, Qəbələ bələdiyyəsində arxiv sənədləri saxlanılmamışdır. Vətəndaş İddiaçı adına Qəbələ bələdiyyəsinin üçot kitabının 112-ci sırasında 35 kv.m sahibkarlıq məqsədi torpaq sahəsi qeydiyyata alınmışdır və vətəndaş hal-hazırki tarixə kimi heç bir torpaq vergisini ödəməmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6494/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiada göstərilmiş torpaq sahəsinə dair üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (plan ölçü) təqdim edilmədiyinə görə sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. Təqdim edilmiş ilkin yerquruluşu planında göstərilmiş 35 kv.m torpaq sahəsinin yeri, keçmiş İ.B.Qutqaşınlı küçəsinə (indiki Qəbələ şəhər H.Əliyev prospekti) və keçmiş Qəbələ İnternat məktəbinin (indiki Qəbələ şəhər 4 saylı Orta Məktəb) ərazisinə istinad edilərək nəzəri olaraq təyin edilmişdir. İddiada göstərilmiş faktiki naturada ölçülmüş 0,003888 hektar (38,88 kv.m) torpaq sahəsinin 0,0035 hektar (35,0 kv.m) hissəsi ilkin yerquruluşu planında qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,003888 hektar (38,88 kv.m) torpaq sahəsi Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən Qəbələ şəhər inzibati ərazisinin sərhədləri daxilində yaşayış məntəqələri torpaqları (ictimai tikililər) uqodiyası tikinti altı ərazidə yerləşir. Sözügedən 0,003888 hektar (38,88 kv.m) torpaq sahəsinin 0,003666 hektar (36,66 kv.m) hissəsi Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazidə, 0,00222 hektar (2,22 kv.m) hissəsi Dövlət mülkiyyətinə aid ərazidə yerləşir. X1 X2 (TEKUİS) əsasən faktiki naturada ölçülmüş 0,003888 hektar (38,88 kv.m) torpaq sahəsi yaşayış məntəqələri torpaqları daxilində Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qəbələ bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 113 nömrəli məktubuna əsasən, Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhər sakini İddiaçı 35 kv.m sahibkarlıq məqsədilə tikmək üçün torpaq sahəsi satılmışdır. Hal-hazırda Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı qüvvədədir və ləğv olunmamışdır. Torpaq sahəsi İddiaçı istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin qeydiyyata alınmasına Qəbələ bələdiyyəsi etiraz etmir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
19. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Qəbələ bələdiyyəsinin ərazisində yerləşən 35 kv.m yararsız torpaq sahəsi Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı əsasında iddiaçıya satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, Qəbələ Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin ayrılmasına sahəni seçmə aktı, o cümlədən torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İş materiallarından göründüyü kimi həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi etiraz etməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır.
28. Cavabdehin apellyasiya şikayətinin dəlilləri bələdiyyə tərəfindən torpaq satılarkən “Torpaq bazarı haqqında və Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının qanunlarına tam şəkildə riayət olunmaması ilə bağlı olmuşdur.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisənin (bələdiyyə qərarının qəbul edildiyi vaxt) yarandığı zaman qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 5-ci bəndinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir.
30. Həmin bəndə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə edilən və 11 iyul 2014-cü il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə həyata keçirilir.
31. Mübahisəli münasibətlərin yarandığı tarixin 2007-ci ildə olduğu nəzərə alındıqda görünür ki, bələdiyyə orqanı tərəfindən “Torpaqların alqı-satqısı Qaydaları”nın tələblərinə riayət edilmiş, torpaq sahəsi iddiaçının mülkiyyətinə həmin Qaydalarda nəzərdə tutulan bələdiyyə qərarı əsasında verilmişdir.
32. Beləliklə, torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən zaman qüvvədə olan maddi hüquq normalarına əsasən bələdiyyə torpaqlarının vətəndaşların mülkiyyətinə verilməsi ilə bağlı notarial qaydada müqavilənin bağlanması tələbi mövcud olmamış, torpaq sahəsi hüququn yarandığı zaman qüvvədə olan normaların tələblərinə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
34. Alqı-satqı aktının olmaması barədə məhkəmə əlavə olaraq qeyd edir ki, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir. Əgər alqı-satqı aktı olmasa idi pulun ödənilməsi də mümkün olmazdı. Ümumiyyətlə qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alqı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Alqı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlk və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir.
35. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
36. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
37. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
38. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
39. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
40. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
41. Bundan əlavə Qəbələ bələdiyyəsi xx.xx.2024-cü il tarixli 113 nömrəli məktubunda xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı 35 kv.m sahibkarlıq məqsədilə tikmək üçün torpaq sahəsi satıldığını, hal-hazırda Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarının qüvvədə olduğunu və ləğv olunmadığını, torpaq sahəsinin İddiaçı istifadəsində olduğunu, qeyd olunan torpaq sahəsinin qeydiyyata alınmasına bələdiyyənin etiraz etmədiyini bildirmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
43. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Qəbələ bələdiyyəsinin 27 mart 2007-ci il tarixli, 03 saylı qərarı ilə satılmış 35 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan-ölçü sənədinin, çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2-1(116)-1196/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.