Məhkəmə qərarları › İş №2-1(107)-143/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-143/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-143/2025 15.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X5 və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “18 mart 2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 2-1(116)-2422/2024 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Gəncə İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək “18 mart 2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi ” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə iddiaçıya 2016-cı ildə “qulluq və davranış tələb edən ciddi davranış pozuntusu, debillik dərəcəsində ağıl zəifliyi, psixopatiyabənzər davranış” diaqnozu qoyulmuş və ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən olunmuş, xx.xx.2023-cü il tarixdə müayinə edilmədən diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina cavabı verilmişdir. İddiaçı bildirir ki, cavabdeh orqanın 18 sentyabr 2023-cü il tarixli imtina məktubunu dekabr ayında əldə etmişdir.

3. Hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Gəncə İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli e-2-1(114)- 2032/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 noyabr 2024-cü il tarixli 2- 1(116)-2422/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçının nümayəndəsi və vəkili X1 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 2-1(116)-2422/2024 nömrəli qərardadının ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 2-1(116)-2422/2024 nömrəli qərardadının ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.

17. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

18. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

19. Əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

20. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, iddiaçı ona xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya əlillik təyinatının aparılması ilə bağlı toplanmış icraat materialları cavabdeh orqandan sorğu edilərək götürülmüş və müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir.

22. Yəni, iddiaçının ona əlilliyin təyin edilməsini tələb etdiyi tarix - xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin başa çatma tarixidir.

23. Bununla belə nəzərə alınmalıdır ki, əlilliyin təyin edilməsi üçün ilk növbədə səhiyyə müəssisəsi tərəfindən tibbi göndəriş tərtib olunmalı, daha sonra isə müvafiq qaydada qiymətləndirilməsi üçün cavabdeh orqana göndərilməlidir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

25. Göründüyü kimi iddiaçı faktiki olaraq xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitmə tarixinə istinad edərək ona əlilliyin təyin edilməsini cavabdeh orqandan tələb etsə də, həmin tarixdə onun barəsində səhiyyə müəssisəsi tərəfindən tibbi göndərişin cavabdeh orqana göndərilməsi müəyyən edilmir.

26. 2016-2021-ci illər üzrə təyin edilmiş əlillik zamanı növbəti müayinə tarixinin xx.xx.2021-ci il qeyd edilməsinə münasibətdə isə qeyd edilməlidir ki, növbəti müayinə tarixi barədə qeyd şəxsin əlil hesab edildiyi müddət intervalını ehtiva etməklə həmin müddət ərzində şəxsin əlillik statusunda olmasını və göstərilən tarixdən tez müayinəyə cəlb olunmasının mümkünsüzlüyünü bildirir. Yəni, əlillik müddətinin başa çatması cavabdeh orqanın avtomatik qaydada əvvəllər təyin edilmiş əlillik üzrə yenidən qiymətləndirmə aparmaq öhdəliyini yaratmır. Yuxarıda qeyd edildiyi kimi bunun üçün səhiyyə müəssisəsi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin daxil edilməsi zəruridir.

27. İş materiallarından görünür ki, iddiaçının əlillik müddəti başa çatdıqdan sonra (xx.xx.2021) növbəti dəfə onun barəsində tibbi göndəriş səhiyyə müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh orqana göndərilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2021-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina cavabı verilmişdir.

28. Daha sonra səhiyyə müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh orqana növbəti tibbi göndəriş verilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2021-ci il tarixdə “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı verilmişdir.

29. Səhiyyə müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh orqana növbəti tibbi göndəriş verilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2022-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina cavabı verilmişdir.

30. Səhiyyə müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh orqana növbəti tibbi göndəriş verilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2023-cü il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina cavabı verilmişdir.

31. Səhiyyə müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh orqana sonuncu tibbi göndəriş verilmiş və həmin tibbi göndərişə baxılaraq xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verilmişdir.

32. Beləliklə əlillik müddəti başa çatdıqdan sonra cavabdeh orqan ilk imtina cavabı xx.xx.2021-ci ilə, sonuncu imtina cavabı isə xx.xx.2023-cü ilə aid olmuşdur. İddia tələbində göstərilən tarixə (xx.xx.2021) münasibətdə isə hər hansı imtina cavabı verilməmişdir.

33. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hətta əlilliyin xx.xx.2021, yaxud xx.xx.2023-cü il tarixdən təyin edilməsi tələbi irəli sürülsə belə iddia tələbi yenə də mümkün şərtlərinə cavab verməyəcəkdi. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçının mütəmadi şəkildə həkim müayinələrində olması aşkar görünür.

34. İddiaçı faktiki olaraq ona imtina cavabı verilməsindən məlumatlı olmuş və ardıcıl olaraq səhiyyə müəssisəsinə müraciət edərək müvafiq tibbi göndərişlərin cavabehə göndərilməsinə nail olmuşdur.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.

36. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçının onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, faktiki olaraq o, cavabdeh orqanın ona əlilliyin təyin edilməsindən imtina etməsindən məlumatlı idi. Yuxarıda qeyd edildiyi kimi iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi.

37. Odur ki, xx.xx.2021-ci il tarixdə verilmiş imtina cavabından iddiaçının məlumatsız olması işin yuxarıda göstərilən halları ilə təkzib olunur.

38. xx.xx.2023-cü il tarixli imtina cavabına münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı müvafiq imtina cavabını 2023-cü ilin dekabr ayında əldə etməsini əsaslandırmağa çalışsa da, nəzərə alınmalıdır ki, tibbi göndərişin cavabdeh orqana göndərilməsindən sonra iddiaçının ona əlilliyin təyin edilib-edilməməsi ilə maraqlanmaması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır).

39. Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkündür.

40. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir.

41. Cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi.

42. Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 7 aydan artıq müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır.

43. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir.

44. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir.

45. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

46. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 2-1(116)- 2422/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 2-1(116)-2422/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar