Məhkəmə qərarları › İş №2-1(107)-144/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-144/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-144/2025 15.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X6 və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ”Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolun və Qəbələ RİH başçısının xx.xx.2024-cü il tarixli, 26 saylı Sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2-1(116)-3492/2024 nömrəli qərardadından iş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “azyaşlı uşaqları X5 və X2 ana nənələri X1 qəyyumluğuna və himayəçiliyinə verilməsi haqqında Cavabdeh başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolun və Qəbələ RİH başçısı Səbuhi Abdullayev tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 26 saylı Sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili izahat verərək göstərmişdir ki, o, hazırkı mübahisənin mülki xarakterli olmasını hesab edərək ilkin olaraq iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, lakin yaranmış mübahisəyə inzibati məhkəmədə baxılmalı olması qeyd edilərək xx.xx.2024-cü il tarixli, e-2(025)- 1304/2024 nömrəli qərardadla iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş geri qaytarılmışdır.

3. Həmin qərardaddan apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1161/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Buna görə də, mübahisə mülki xarakterli olsa da, məcburiyyət qarşısında qalaraq inzibati məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 noyabr 2024-cü il tarixli 2- 1(116)-3492/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2-1(116)-3492/2024 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2-1(116)-3492/2024 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

16. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

17. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

18. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Cavabdeh başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolu və Qəbələ RİH başçısının xx.xx.2024-cü il tarixli 26 saylı Sərəncamı ilə həll edilən məsələ Qəbələ rayon sakini xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 ana nənələri Qəbələ rayonu Mirəzbəyli kənd sakini xx.xx.1969-cu il təvəllüdlü X1 qəyyumluğuna və himayəçiliyinə verilməsi ilə bağlıdır.

19. İddiaçı sözügedən sənədləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolu və Qəbələ RİH başçısının xx.xx.2024-cü il tarixli 26 saylı Sərəncamı ilə həll olunan məsələlər xüsusi hüququn tənzimetmə predmetinə aid olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

20. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir.

21. Qəyyumluq və himayəçiliklə bağlı qərarların qəbul edilməsi inzibati orqanlar tərəfindən həyata keçirilsə də, bu, həmin qərarların inzibati akt olmasını birmənalı olaraq müəyyən etmir. Başqa sözlə, qəyyumluq və himayəçilik məsələləri dövlətin ümumi idarəetmə funksiyasını yerinə yetirməkdən daha çox, şəxslərin fərdi hüquq və maraqlarının qorunmasına yönəlir. Bu baxımdan, inzibati orqanın qəyyumluq sahəsində qəbul etdiyi qərarları inzibati akt yox, xüsusi hüquq münasibətləri çərçivəsində qəbul edilmiş fərdi qərarlar hesab olunmaqla Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir və ailə hüququ çərçivəsində konkret şəxslərin fərdi maraqlarını həll etməyə xidmət edir (ailə hüququ xüsusi hüquq münasibətlərini əhatə etməklə ümumi (publik) hüquq sahəsinə aid deyildir).

22. Həmin qərarların hüquqi təsiri yalnız konkret şəxslərə yönəldiyindən, inzibati idarəetmə funksiyasına aid edilə və inzibati akt kimi qiymətləndirilə bilməzlər. Çünki, yuxarıda qeyd edildiyi kimi onlar dövlət orqanlarının və ya vəzifəli şəxslərin publik fəaliyyətindən irəli gələn məsələlərin tənzimlənməsinə yox, ailə hüququ və xüsusi hüquq sahəsinə aid məsələlərin həllinə yönəlmişdir. Bu məsələlər şəxslərin fərdin maraqlarını qorumağa və uşaqların mənafeyini təmin etməyə yönəlib. Publik idarəetmə və ya ümumi hüquq sahəsinə aid deyildir. Buna görə də, Komissiyanın və İcra Hakimiyyəti başçısının qəyyumluqla bağlı qərarları inzibati akt sayılmır.

23. Qəyyumluq məsələsi konkret bir vəziyyəti (uşaqların qəyyumluğa verilməsi) həll edərək hüquqi nəticələr yaratsa da, qeyd olunan hal inzibati idarəetmə funksiyası kimi nəzərdən keçirilmir. Belə ki, bu nəticələr yalnız konkret şəxslərin xüsusi hüquq münasibətlərinə təsir edir. İnzibati aktın əsas xüsusiyyəti isə onun birbaşa dövlət idarəetmə funksiyası ilə bağlı olmasıdır. Lakin mübahisələndirilən sənədlər belə bir funksiyanı yerinə yetirmir, dövlətin inzibati idarəetmə səlahiyyətlərindən irəli gələn inzibati akt qəbul etmək məqsədi daşımır.

24. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

25. Göründüyü kimi inzibati akt dövlətin inzibati idarəetmə funksiyasını həyata keçirən bir orqan tərəfindən qəbul olunmaqla yalnız ümumi (publik) hüquq münasibətlərinin tənzimlənməsi və inzibati idarəetmə ilə əlaqədar məsələlərə aid olur və hüquqi nəticə yaradır. Bu, şəxslərin özəl hüquqları (məsələn, ailə hüququ) ilə deyil, dövlət idarəetmə funksiyaları ilə bağlı olmalıdır.

26. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar olduğu beynəlxalq sənədlər (məsələn, BMT-nin Uşaq Hüquqları Konvensiyası) uşaqların mənafeyinin bütün hallarda üstün tutulmasını tələb edir. Belə olan halda, mülki hüquq sahəsi bu mənafenin qorunması üçün daha məqsədəuyğundur. Odur ki, mübahisəyə mülki məhkəmə icraatı qaydasında uşaqların mənafeyinin qorunması və digər aidiyyəti hüquqi aspektlər əsas götürülməklə hüquqi qiymət verilməlidir.

27. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin normasının mahiyyətindən də göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisənin inzibati məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir və hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

29. Beləliklə kollegiya hesab edir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır.

30. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2-1(116)- 3492/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2-1(116)-3492/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar