Məhkəmə qərarları › İş №2-1(107)-145/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-145/2020

12.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-145/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Mingəçevir şəhər şöbəsi) qarşı “təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-214/2020 nömrəli qərarından DSMF-in Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1976-cı il tarixli qərarı ilə ona orta məktəbdə riyaziyyat müəllimi ixtisası verilərək adına Г-İ seriyalı 016218 nömrəli diplom hazırlanmışdır. İddiaçıya xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Halhazırda aylıq pensiyasının məbləği 215,75 manatdır. 3 il 5 ay əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilərsə, aylıq pensiyasının üzərinə 9,54 manat əlavə olunaraq 225,75 manat ola bilər. İddiaçı təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığından iddiaçının təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilmir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək Azərbaycan Respublikası H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri nəzərdə tutulmuşdur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlərin məcmusudur Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-214/2020 nömrəli qərarı ilə iddia təmin edilərək DSMF-in Mingəçevir şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək Azərbaycan Respublikası H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Mingəçevir şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu Qanunun Vİ fəsil, 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman, yəni vətəndaş pensiya yaşına çatdığı zaman (xx.xx.2014) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda vətəndaşın təhsil müddətinin onun sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmasının qanunvericiliyin tələblərinə zidd olmasına baxmayaraq işə baxan məhkəmə bu halı nəzərə almamış, iddia tələbini təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 214/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında gəlməmiş, DSMF-in Mingəçevir şəhər şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara Г-İ seriyalı 016218 nömrəli diplomun təsdiqlənmiş surəti, DSMF-in Mingəçevir şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubu, xx.xx.1977-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-in Mingəçevir şəhər şöbəsinin xx.xx.2019-cu il **********4 nömrəli etirazı və xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubları aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-214/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək DSMF-in Mingəçevir şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək Azərbaycan Respublikası H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1976-cı il tarixli qərarı ilə ona orta məktəbdə riyaziyyat müəllimi ixtisası verilərək adına Г-İ seriyalı 016218 nömrəli diplom hazırlanmışdır. İddiaçıya xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq pensiyasının məbləği 215,75 manatdır. 3 il 5 ay əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilərsə, aylıq pensiyasının üzərinə 9,54 manat əlavə olunaraq 225,75 manat ola bilər. İddiaçı təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığından iddiaçının təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilmir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək Azərbaycan Respublikası H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndində ali və orta ixtisas təhsili məktəblərində təhsil dövrü iş stajına daxil edilirdi. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Apelyasiya şikayətinin xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1972-1976-cı illərdə əldə etdiyindən və bu hüquq onun qazanılmış hüququ olduğundan yuxarıda qeyd olunan maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Odur ki, apelyasiya şikayətinin həmin dəlili əsassızdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, DSMF-in Mingəçevir şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, iddiaçıya xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq pensiyasının məbləği 215,75 manatdır. 3 il 5 ay əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilərsə, aylıq pensiyasının üzərinə 9,54 manat əlavə olunaraq 225,75 manat ola bilər. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-in Mingəçevir şəhər şöbəsinin iddiaçının xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək Azərbaycan Respublikası H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-214/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-214/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar