Məhkəmə qərarları › İş №2-1(107)-145/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-145/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-145/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “Şəhid çavuş X2 şəhid olduğu vaxtdan, xx.xx.1994-cü ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüd və ya kompensasiyalara uyğun məbləğin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1430/2020 nömrəli qərarından DSMF-nın Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəhid çavuş X2 şəhid olduğu vaxtdan, xx.xx.1994-cü ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüd və ya kompensasiyalara uyğun məbləğin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının oğlu çavuş X3 “Balakən” X4 Məntəqəsindən müddətli həqiqi hərbi xidmətdə olduğu zaman xx.xx.1994-cü ildə sərhəd pozucularının və quldur dəstələrinin sərhəd naryadına silahlı hücumunun qarşısını alarkən “Həyəcan” qrupunun tərkibində xidməti vəzifəsinin icrası zamanı quldurlar tərəfindən açılan atəş nəticəsində yaralanmış və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etmişdir. Bu səbəblə iddiaçıya xx.xx.2020-ci il tarixdən Şəhid statusu verilmiş və həmin vaxtdan etibarən cavabdeh orqan tərəfindən iddiaçıya şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. İddiaçı cavabdeh orqana əvvəlki illərin təqaüdünün ödənilməsi üçün müraciət etsə də, cavabdeh orqan sözügedən təqaüdün onu almaq hüququ yarandığı gündən təyin edildiyini və iddiaçının hüququnun da xx.xx.2020-ci il tarixdən yaranmasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan etiraz məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X2 “Balakən” X4 Məntəqəsindən müddətli həqiqi hərbi xidmətdə olduğu zaman xx.xx.1994-cü il tarixdə sərhəd pozucularının və quldur dəstələrinin sərhəd naryadına silahlı hücumunun qarşısını alarkən “Həyəcan” qrupunun tərkibində xidməti vəzifəsinin icrası zamanı quldurlar tərəfindən açılan atəş nəticəsində yaralandığı və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etdiyidən mərhum X3 itkilərin uçot sənədlərinə şəhid hesab edilən hərbi qulluqçu kimi əlavə olması barədə DSMF-nin Ağsu rayon Filialına xx.xx.2020-ci il tarixli, M\162 saylı məktub ünvanlanmışdır. Qeyd edilən məktuba əsasən xx.xx.2020-ci il tarixdən vətəndaşa şəhid ailəsi statsu verilmiş və həmin vaxtdan etibarən DSMF-nin Ağsu rayon Filialı tərəfindən vətəndaş İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü - 300 (üç yüz) manat təyin edilərək ödənilir. Bununla yanaşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən birdəfəlik ödəmə kimi müəyyən edilmiş 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi şəhid çavuş X2 ailəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, M\162 saylı məktubuna əsasən İddiaçı xx.xx.2020-ci il tarixli 005308 saylı şəhid vəsiqəsi verilmişdir. İlk olaraq bildirilir ki, hər bir hüquq, status onu təsdiqləyən rəsmi sənədlərlə yaranır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının" təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti. Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Mərhum çavuş X1 pozucularının və quldur dəstələrinin sərhəd naryadına silahlı hücumunun qarşısını alarkən “Həyəcan" qrupunun tərkibində xidməti vəzifəsinin icrası zamanı quldurlar tərəfindən açılan atəş nəticəsində yaralandığı və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etməsi faktı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, M\162 saylı arayışına əsasən təsdiqlənmişdir. Belə ki, şəxsin şəhid ailə üzvü kimi statusu ölüm faktı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayşına əsasən yaranmış və həmin andan şəhid ailə üzvü kimi şəxsə təqaüd ödənilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli M/162 nömrəli sənədi əsasında İddiaçı xx.xx.2020-ci il tarixdən Şəhid ailəsi statusu verilib, həmin tarixdən də ona DSMF pubik hüquqi şəxsin Ağsu rayon filialı tərəfindən 300 manat Şəhid ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək plastik kart hesabına köçürülür. Bundan əlavə əmək pensiyasına həmin tarixdən Şəhid ailəsinin üzvü kimi 93.50 manat məbləğində pul əlavə edilmişdir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü onu almaq hüququ yarandığı gündən təyin edilir, İddiaçı hüququ xx.xx.2020-ci il tarixdən yarandığı üçün əvvəlki dövrə iddiaçıya təqaüdün ödənilməsi qanunamüvafiq deyil. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1430/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüdün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nın Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X2 “Balakən” X4 Məntəqəsindən müddətli həqiqi hərbi xidmətdə olduğu zaman xx.xx.1994-cü il tarixdə sərhəd pozucularnın və quldur dəstələrinin sərhəd naryadına silahlı hücumunun qarşısını alarkən “Həyəcan” qrupunun tərkibində xidməti vəzifəsinin icrası zamanı quldurlar tərəfindən açılan atəş nəticəsində yaralandığı və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etdiyidən, mərhum X3 itkilərin uçot sənədlərinə şəhid hesab edilən hərbi qulluqçu kimi əlavə olmalı olması barədə DSMF-nin ünvan 2 ünvanlanmışdır. Qeyd edilən məktuba əsasən xx.xx.2020-ci il tarixdən vətəndaşa şəhid ailəsi statusu verilmiş və həmin vaxtdan etibarən DSMF-nin Ağsu rayon filialı tərəfindən vətəndaş İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü- 300(üç yüz) manat təyin edilərək ödənilir. Bununla yanaşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uqrunda həlak olmuş, ölmüş yə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi Qulluqçuların yə daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasə birdəfəlik ödəmə kimi müəyyən edilmiş 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi şəhid çavuş X2 ailəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 22.01,2020-ci il tarixli, M\162 saylı məktubuna əsasən İddiaçı xx.xx.2020-ci il tarixli 005308 saylı şəhid vəsiqəsi verilmişdir. Bildirmişdir ki, hər bir hüquq, status onu təsdiqləyən rəsmi: sənədlərlə yaranır. ‘‘Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Mərhum çavuş X1 pozucularnın və quldur dəstələrinin sərhəd naryadına silahlı hücumunun qarşısını alarkən “Həyəcan” qrupunun tərkibində xidməti vəzifəsinin icrası zamanı quldurlar tərəfindən açılan atəş nəticəsində yaralandığı və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etməsi faktı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 22.01,2020-ci il tarixli, M\162 saylı arayışına əsasən təsdiqlənmişdir. Belə ki, şəxsin şəhid ailə üzvü kimi statusu ölüm faktı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aravsına əsasən yaranmış və həmin andan şəhid ailə üzvü kimi şəxsə təqaüd ödənilmişdir. Müharibə əlillərinə Prezident Təqaüdünün verilməsi ilə bağlı analoji münasibətlərin tənzimlənməsinə nəzər yetirsək görərik ki, baxmayaraq ki, şəxs faktiki olaraq vətənin bütövlüyü uğrunda döyüşlərdə xəsarət alması anından əllil olmuşdur, hüquqi cəhətdən isə əlilliyinin müəyyən edilməsi barədə qərar çıxarıldığı andan müharibə əlili hesab olunur. (1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.” “Əlilliyin qiymətləndirilməsi Qaydasfnın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” NK-nın qərarı). Bu mövqe müharibə əlillinə təqaüdün ödənilməsiylə bağlı Ali Məhkəmənin 2-1(102)-575/2018 saylı Qərarında və digər Qərarlarında qeyd olunmuşdur. Həmin Qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin Təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, xx.xx.2016-cı il tarixdən yaranmışdır. Ali Məhkəmənin bu Qərarından da aydın görünür ki, müharibə əlili statusunun verildiyi an döyüşlərdə iştirak anı deyil, əlilliyin müəyyən olunduğu andır və həmin andan da təqaüdü almağa hüquq yaranmış hesab olunur. Nəzərə alsaq ki,müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) an müəyyən olunur, eyni zamanda şəhid ailə üzvünə münasibətdə də tətbiq olunmalıdır. Çünki aşağıdakı əsaslara görə bu münasibətlər tamamilə analoji münasibətlərdir. 1) Hər iki kateqoriyadan olan şəxslərin xüsüsi statusunun yaranması üçün faktiki əsas (şəhid və müharibə əlili statusu) Vətənin bütövlüyü uğrunda döyüşlərdə iştirak zamanı yaranmışdır. 2) Hər iki kateqoriya şəxsin statusu rəsmiləşdirilir (müharibə əlillərində- əlillik arayışı ilə, şəhidlərdə- məhkəmə qətnaməsi, arayış). Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, şəhid statusu – qanunvericilikdə şəhid ailə üzvü üçün müəyyən edilmiş istənilən hüquq ,o cümlədən, Prezident Təqaüdü almağa hüquq müharibə əlillərində olduğu kimi onların xüsusi statusunun rəsmiləşdirildiyi anda - hazırkı iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı andan yaranmış olur. Belə ki, həm şəhid statusunun, həm də müharibə əlili statusunun yaranmasının faktiki və hüquqi əsası fərqli anlarda yaranır və yuxarıdakı normalara əsasən bu xüsusi statuslara görə qanunvericiliklə müəyyən edilmiş hüquqlar faktiki əsasın deyil, hüquqi əsasın yarandığı andan mövcud olur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1430/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir(Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1430/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli M/162 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu, iddiaçının pensiya işinin təsdiq edilmiş surəti, 005308 nömrəli xx.xx.2020- ci il tarixli Vəsiqənin təsdiq edilmiş surəti, 473941 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 143 nömrəli arayışı, cavabdehin etiraz məktubu, DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1-ci bəndinə əsasən Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin qaydaların 2-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Həmin qaydaların 7-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Həmin qaydaların 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci bəndinə əsasən bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. Hazırkı iş üzrə qanunvericiliyə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, M/162 nömrəli arayışı verilmiş və həmin arayışda X2 xx.xx.1994-cü il tarixdə vəzifəsini yerinə yetirərkən yaralandığı və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, M/162 nömrəli arayışı şəhidlik statusunu təsdiq edən hüquq müəyyənedici sənəddir. Beləliklə, iddiaçının mərhum övladının şəhid statusu tanındığından “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 493 saylı, xx xxxxxx 2006-cı il tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qaydalara əsasən iddiaçının şəhid ailəsi üçün verilən təqaüdü almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabineti isə 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı həmin Qaydaları təsdiq etmişdir. Sözügedən Qaydaların 8-ci bəndində müraciət anından asılı olmayaraq “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün onu almaq hüququnun yarandığı andan təyin edilməli olduğu təsbit edilmişdir. Göründüyü kimi təqaüdün hansı tarixdən ödənilməli olduğuna münasibətdə qanunverici iki meyar müəyyən etmişdir – 1) müraciət anından asılı olmayaraq və 2) onu almaq hüququnun yarandığı andan təyin edilmə. Hazırkı halda, təqaüdü almaq hüququnun yaranma anı müəyyən edilməlidir. Bununla bağlı işin hallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışında iddiaçının oğlunun xx.xx.1994cü il tarixdə vəzifəsini yerinə yetirərkən şəhid olmasının müəyyən olunduğunu bildirmişdir. Prezident təqaüdünün verilməsini müəyyən edən Fərman xx xxxxxx 2006-cı il tarixdə, Nazirlər Kabinetinin qərarı isə xx xxxxxx 2007-ci il tarixdə qəbul edilmiş və qərarın xx xxxxxx 2007-ci il tarixdən qüvvəyə mindiyi göstərilmişdir. Odur ki, iddiaçının sonrakı tarixdə müraciət etməsinə baxmayaraq onun oğlunun 1994-cü ildə vəfat etməklə şəhid statusu əldə etdiyi müəyyən edildiyindən xx xxxxxx 2007-ci il tarixdən etibarən həmin təqaüdü almaq hüququ yaranmışdır. Ona görə də, təqaüdün yalnız xx xxxxxx 2020-ci il tarixdən sonrakı dövrlər üzrə ödənilməli olduğuna dair mövqe əsaslı deyildir. Göründüyü kimi, X3 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci bəndinə əsasən bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə mindiyi üçün iddiaçının tələbi qismən təmin edilməli, cavabdehin üzərinə xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüdün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1430/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh DSMF-nın Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1430/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar