Məhkəmə qərarları › İş №2-1(107)-145/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-145/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-145/2022 01.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və iddiaçının vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Hacallı Bələdiyyəsi və X6) “Qəbələ rayonunun Hacallı kəndində sahibliyində olan 90 kv. m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2-1(116)-69/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayonunun Hacallı kəndində sahibliyində olan 90 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi hüquq müəyyənedici sənəd olan çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək “Qəbələ rayonunun Hacallı kəndində sahibliyində olan 90 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qəbələ rayonu Hacallı bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 nömrəli qərarı ilə iddiaçıya maşınların texniki xidmət stansiyasının tikilməsi məqsədilə 90 kv.m torpaq sahəsinin satılması qərara alınmış, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu sözügedən torpaq sahəsini bələdiyyə qərarı ilə əldə etməsi, torpaq sahəsinin dəyərini ödəməsi, bələdiyyə ilə arasında alqı-satqı aktının bağlanması və torpaq sahəsinin yeruquluşu planının tərtib edilməsi ilə əsaslandırmışdır. Cavadeh iddia tələbinə etirazını 01 dekabr 2007-ci il tarixdən bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə satılması, bələdiyyənin öz hüquqlarını dövlət qeydiyyatına aldırdıqdan sonra alqı-satqı edə bilməsi, torpaq sahəsi ilə bağlı X6 ilə iddiaçı arasında mübahisənin olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs X6 iddia tələbinin qanuna müvafiq qaydada həll edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qəbələ rayonu Hacallı bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 nömrəli qərarından görünür ki, Qəbələ bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Çarxana kənd sakini İddiaçı maşınların texniki xidmət stansiyasının tikilməsi məqsədilə 90 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. - xx.xx.2007-ci il tarixli qəbzdən, xx.xx.2008-ci il tarixdə 8 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktdan və torpaq sahəsinin yerquruluşu planından görünür ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına 144 manat məbləğində ödəniş edilmiş, iddiaçıya satılmış 90 kv.m torpaq sahəsinə dair tərəflər (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi, Qəbələ bələdiyyəsi, iddiaçı) arasında alqısatqı aktı tərtib edilərək təsdiq edilmiş və ayrılmış torpaq sahəsinin yeri razılaşdırlaraq təsdiq edilmişdir. - DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi faktiki 90 kv.m torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar (ictimai tikili) olmaqla Qəbələ rayonu Hacallı bələdiyyəsinin mülkiyyətinə aiddir. Torpaq sahəsi şimal-şərq tərəfdən **********09 nömrəli çıxarış ilə mülkiyyətə verilmiş, cənub qərb tərəfdən **********38 nömrəli çıxarış ilə mülkiyyətə verilmiş torpaq sahələri ilə həmsərhəddir, kənarları bərkidilməmişdir, boş istifadəsiz ərazidən ibarətdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 1 mart 2022-ci il tarixli, 2-1(116)- 69/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Hacallı Bələdiyyəsi) “Qəbələ rayonunun Hacallı kəndində sahibliyində olan 90 kv. m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2- 1(116)-69/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətin də qeyd etmişdir ki, o, torpaq sahəsini alarkən Qəbələ rayonu Hacallı bələdiyyəsi ilə aralarında alqı-satqı aktı bağlanmış və tərəfindən onun üzərinə düşən bütün öhdəliklər (ödəniş edilməsi və sair) icra edilmiş və tərəfindən həmin torpaq sahəsidən istifadə edilməyə başlanmışdır. O sıravi bir vətəndaş olaraq hardan bilə bilərdi ki, bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqı qaydaları dəyişilib, torpaq sahəsi yeni qaydalara əsasən satılmalıdır. O, Qəbələ rayon Hacallı kənd bələdiyyəsinə və digər dövlət orqanlarının hərəkətlərinə etimad edərək torpaq sahəsini almış və istifadə etmişdir. Həmin akta keçmiş DTXK-nın Qəbələ rayon Şöbəsinin müdiri və baş mütəxəssisi tərəfindən imza edilmişdir. Həmçinin diqqət yetirilməli məsələlərdən biri də ondan ibarətdir ki, hazırkı torpaq sahəsi ilə bağlı tərtbi edilmiş “tikinti üçün torpaq sahəsinin (sahələrinin) ayrılması və obyektin mühəndis təminatına aid texniki şərtlərin razılaşdırılması haqqında 22 yanvar 2008-ci il tarixdə tərtib edilmiş akta Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər şəxslər imza etmiş və müvafiq möhürlə təsdiqləmişlər. Belə bir sual ortaya çıxır ki, həmin tarixdə edilmiş dəyişikliklə bağlı dövlət orqanları məlumatsız ola bilərdimi? Əgər məlumatları var idisə niyə akta imza edib, möhür vururdular. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şəki İnzibati Məhkəməsi qərarında göstərmişdir ki, “Hacallı bələdiyyəsinin iddiaçıya sahibkarlıq məqsədi ilə 90 kv.m torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2008-ci il tarixli 02 nömrəli qərarı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz.” X11 Məhkəməsi aydınlıq gətirməmişdir ki, onun bu məsələdə günahı nədir. Məhkəmənin mövqeyindən belə çıxır ki, torpaq sahəsinin ona satılması ilə bağlı aktlara imza edən dövlət qurumlarının rəsmiləri saxtakarlıq etmişlər. Bəs onda niyə həmin şəxslər barəsində heç bir rəsmi tədbir görülməmişdir. Hazırkı vəziyyətdə o, torpaq sahəsinin vicdanlı alıcısıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2-1(116)-69/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 və iddiaçının vəkili X8 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2-1(116)-69/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər Hacallı Bələdiyyəsinin nümayəndəsi və X6 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). . Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, Qəbələ rayonu Hacallı bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 nömrəli qərarı iddiaçıya sahibkarlıq məqsədi ilə 90 kv.m torpaq sahəsinin satılması qərara alınmış, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş, ayrılmış torpaq sahəsinin sxemi hazırlanmış və iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Lakin, nəzərə alınmalıdır ki, Hacallı bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 nömrəli qərarı qəbul edilərkən “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” xx.xx.2007-ci il tarixli Qanun qəbul edilmiş (xx.xx.2007-ci il tarixdə qüvvəyə minib) və həmin Qanunda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində aşağıdakı kimi dəyişiklik edilmişdir: - Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, bələdiyyənin xx.xx.2008-ci il tarixli qərarı qanunsuz olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi Hacallı bələdiyyəsinin iddiaçıya sahibkarlıq məqsədi ilə 90 kv.m torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2008-ci il tarixli 02 nömrəli qərarı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. Bundan başqa “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə xx.xx.2008-ci ildə 709-İİİQD №-li qanunvericilik aktı ilə dəyişiklik edilərkən də, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsinin mümkünlüyü təsbit edilmişdir. İddiaçıya həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün yox, sahibkarlıq məqsədi ilə ayrılması işin mübahisəsiz halıdır. Belə olan halda müvafiq qərarın qəbul edildiyi vaxt və bundan sonra müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq məqsədi ilə bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsini müəyyən etmişdir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli istinad olunan qərarın məzmunundan göründüyü kimi bələdiyyə tərəfindən qərar qəbul edilərkən yol verilmiş pozuntulara hüquqi qiymət verilərkən həmin pozuntuların qəbul ediləcək yekun qərarın hüquqi qüvvəsinə təsiri nəzərə alınmalıdır. Hazırkı işdə isə bələdiyyənin qəbul etdiyi yekun qərarın özü qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Yəni, bələdiyyə tərəfindən səlahiyyəti olmadığı halda hərrac və ya müsabiqə yolu ilə satılması nəzərdə tutulan torpaq sahəsi birbaşa torpaq ayırma qaydasında iddiaçıya satılmışdır. Odur ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməm kollegkiyasına təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi faktiki naturada ölçülmüş 0,0159 hektar torpaq sahəsi **********36 nömrəli çıxarış ilə X3 mülkiyyətinə verilmiş 0,0223 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsində bünövrə, tikili və yarımçıq tikili yoxdur. Üçüncü şəxs X7 ilə Qəbələ rayon Hacallı bələdiyyəsi arasında bağlanmış torpaq alqı-satqı aktından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində qeydə alınması tələbi olmuş, torpaq sahəsi Valeh Rəhimovun istifadəsinə 16 mart 2006-cı il tarixdə verilmişdir. Lakin iddiaçıya həmin torpaq sahəsi 20 fevral 2008-ci ildə satılmışdır. İş materiallarının 31-ci səhifəsində olan Qəbələ rayon Hacallı bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli, 59 nömrəli arayışında İddiaçı iddia etdiyi torpaq sahəsinin ona məxsus olmaması göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2-1(116)-69/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar