Məhkəmə qərarları › İş №2-1(107)-146/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-146/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-146/2021 05.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı “720431 saylı pensiya işi üzrə pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamın ləğv edilməsi, ona təyin edilmiş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, ondan əsassız geri alınmış 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun və xx xxxxxx 2019cu il tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-582/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək xxxxnda (əvvəlki adı S.M.Kirov adına Qırmızı Əmək X2 zavodu) və 1970-1972, 1976-1998-ci illərdə Oğuz rayon Miçurin adına kolxozda işlədiyi, xx xxx 1973-cü il tarixdən xx xxx 1975-ci il tarixədək Sovet ordusunda hərbi xidmətdə olduğu müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin belə əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Oğuz rayon Böyük Söyüdlü kəndində anadan olmuşdur. 1970-ci ilin ikinci yarısında Oğuz rayon Miçurin adına kolxozda işə başlamışdır. 1972-ci ilin birinci yarısınadək həmin kolxozda, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Bakı Maşınqayırma zavodunda işləmişdir. xx.xx.1973cü ildən xx.xx.1975-ci ilədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1976-1998-ci illərdə Oğuz rayon Miçurin adına kolxozda işləmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə pensiya ödənişi dayandırılmışdır. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubu ilə bildirmişdir ki, DSMF publik hüquqi şəxsin Oğuz rayon filialı üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrün seçmə üsullarla araşdırılması zamanı qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığı halda filial tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyinatı aparıldığı aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1.maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, təqdim edilən kş/10-09 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışında xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək (əvvəli adı S.M.Kirov adına X5 X1) indiki adı “Bakı Maşınqayırma Zavodu”nda iddiaçının işlədiyi müddət əmək kitabçasında öz təsdiqini tapmadığına görə sosial sığorta stajı kimi qəbul edilməmişdir. Qanunvericiliklə tələb edilən sosial sığorta stajı olmadığına görə pensiya hüququ ləğv edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbində düzəlişlər aparmış və “720431 saylı pensiya işi üzrə pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamın ləğv edilməsi, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi, həmçinin əsassız geri alınmış məbləğin birdəfəyə ona qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə yenidən ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində cavabdehin 720431 saylı pensiya işi üzrə pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamına əsasən xx xxxxxx 2019-cu il tarixdə artıq alınmış təqaüd qismində YXO-nun tərkibində olan Oğuz Rayon Maliyyə İdarəsinin ******************** nömrəli hesabına 2800 (iki min səkkiz yüz) manat məbləğində pul ödədiyini bildirərək, “720431 saylı pensiya işi üzrə pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamın ləğv edilməsi, ona təyin edilmiş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, ondan əsassız geri alınmış 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun və xx xxxxxx 2019-cu il tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında ərizə protokol qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının tələbinə münasibət bildirirərək qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq ona xx.xx.2017-ci il tarixdən 24 il 02 ay iş stajına əsasən qanunvericiliyə uyğun olaraq 116 manatdan artıq pensiya məbləğinə imkan verən məbləğ yarandığı üçün (24,2 il x4.87=117.70) 117.70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək (əvvəlki adı M.S.Kirov adına Qırmızı Əmək X2 zavodu) indiki "Bakı Maşınqayırma Zavodu"nda işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyinə görə həmin dövr, yəni (11 ay 04 gün) hesablamadan çıxarılmışdır. Nəticədə vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bu barədə vətəndaşa şöbə tərəfindən xx.xx.2019-cu il tarixli **********0 №-li məktubu ilə rəsmi məlumat verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə müraciət edərək xx.xx.1972ci il tarixdən xx.xx.1973-cü il tarixədək Bakı Maşınqayırma Zavodunda (S.M.Kirov adına X5 X1) işlədiyi dövrə aid xx.xx.2018-ci il tarixli, ks\10-09 NQ-İİ arxiv arayışını təqdim edərək iş stajının yenidən hesablanmasını tələb etmişdir. Vətəndaşa bildirilmişdir ki, "Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması Qayda"larının 3.1.1-ci bəndinə görə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyasının hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın hüquqşünasının təqdim etdiyi etirazda qeyd edilir ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı iddiaçının xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək "Bakı Maşınqayırma Zavodu”nda (əvvəlki adı M.S.Kirov adına Qırmızı əmək X2 zavodu) işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyinə görə həmin dövr yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamış və nəticədə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı olmadığı aşkarlanmışdır. Bu səbəbdən iddiaçıya təyin edilmiş əmək pensiyası üzrə ödənişlər xx.xx.2019-cu il tarixdən dayandırılmış və bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktub ilə rəsmi məlumat verilərək pensiya ödənişinin təyin edildiyi xx.xx.2018-ci il tarixindən həmin ödənişlərin dayandırıldığı xx.xx.2019-cu il tarixinədək ona qanunsuz ödənilmiş 2798.22 manat (iki min yeddi yüz doxsan səkkiz manat iyirmi iki qəpik) pensiya ödənişinin geri qaytarılması bildirilmişdir. İddiaçı qanunsuz ödənilmiş 2798.22 manat manat pensiya ödənişini tam şəkildə geri ödəmişdir. İddiaçı ərizəsində xx.xx.1972-xx.xx.1973-cü illərdə “Bakı Maşınqayırma Zavodu”nda (əvvəlki adı M.S.Kirov adına Qırmızı əmək X2 zavodu) işlədiyini dövrləri təsdiq edən “xxxx” ASC “xxxx” TASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ks/10-09 nömrəli arxiv arayışı əsasında həmin faktın doğruluğunu iddia edir. Lakin həmin dövrdə qeyd edilən iş yerinin əmək kitabçasında qeyd edilmədiyi şübhə doğurur və bu məsələnin məhkəmə tərəfindən araşdırılması xahiş edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)1287/2020 saylı iş üzrə x xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən arxiv arayışında qeyd edilən dövrlərin hansı səbəbdən əmək kitabçasında qeyd olunmaması araşdırılmalıdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə is stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə bilrlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxx” ASC “xxxx” TASC-nin xx.xx.2018-ci il tarixli kş/10-9 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə S.M.Kirov adına X5 X1 Elektro sexə 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr № 1589/k, xx.xx.1972-ci il). xx.xx.1973-cü il tarixdə Azərbaycan SSR-nin 36-cı maddəsinin 3-cü hissəsinə əsasən Sovet Ordu sıralarına çağırıldığına görə işdən azad edilmişdir (əmr №957/k, xx.xx.1973-cü il). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 222 saylı qərarına əsasən S.M.Kirov adına Qırmızı Əmək X2 zavodunun adı dəyişdirilərək “Bakı Maşınqayırma Zavodu” adlandırılmışdır. xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 649 saylı Fərmanına əsasən “Bakı Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. xx.xx.2010-cu il tarixdən “Bakı Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən “Bakı Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan qeyd olunmuşdur ki, İddiaçı yaşa görə əmək pensiyasının hesablanmasında iş stajının hesablanması aşağıdakı qaydada aparılmışdır. Vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən 21 il 10 ay 26 gün, hərbi xidmət dövrünə görə 2 il 09 gün, arxiv arayışına əsasən (Bakı Maşınqayırma zavodunda işlədiyi dövr) 11 ay 04 gün olmaqla cəmi 24 il 02 ay ümumi iş stajı olmuşdur. Vətəndaşa 24 il 02 ay staja görə Qanunvericiliyə uyğun olaraq (24.2 il x 4.87 =117.70) minumum pensiya məbləğindən (116.00) artıq məbləğ yarandığına görə 117.70 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın Bakı Maşınqayırma Zavodunda işlədiyi dövr (xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək) 11 ay 04 gün müddət əmək kitabçasında təsdiqini tapmadığına görə ümumi iş stajından çıxarılmışdır. Nəticədə vətəndaşın tələb edilən minumum pensiya məbləği yaranmadığına görə pensiya işi ləvğ edilmişdir. Mübahisə edilməyən iş stajı 23 il 02 ay 26 gün, mübahisə edilən iş stajı 11 ay 04 gün olmuşdur. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubunda həmçinin qeyd olunur ki, xx.xx.1954-cü ildə anadan olmuş İddiaçı əmək pensiyası hüququ yarandığı xx.xx.2018-ci il tarixdən 24 il 2 ay stajı olduğu üçün vətəndaşa 117.7 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyasının hesablanmasında iş stajının hesablanması aşağıdakı qaydada aparılmışdır. 73.05.03 – 75.05.12 (hərbi xidmət) 72.07.21 – 73.06.25 (Milli arxiv arayışına əsasən) 145.12.24 148.11.37 - 145.12.24 2 il 11 ay 13 gün Kolxoz üzrə dolan illər 16 il Dolmayan illər 1344:250=5 il 3 ay Cəmi: 24 il 2 ay Hesablanması (minimum norma 116 manat) 24.2x4.87= 117.7. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın Bakı Maşınqayırma Zavodunda işlədiyi dövr (xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək) 11 ay 4 gün müddət əmək kitabçasında təsdiqini tapmadığına görə ümumi iş stajından çıxarılmışdır. Nəticədə vətəndaşın tələb edilən minumum pensiya məbləği yaranmadığına görə pensiya işi ləğv edilmişdir. İş materiallarında olan 89 (720431) nömrəli pensiya işinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli 89 nömrəli qərara əsasən xx.xx.2018-ci il tarixdən daimi olaraq 117.70 manat pensiya təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli P-6 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, “S.M.Kirov adına Qırmızı Əmək X2 zavodu” arxiv fondunda mühafizə edilən şəxsi kartoçkalar və əmr kitablarında xx.xx.1954cü il təvəllüdlü İddiaçı (əmr № 1589, xx.xx.1972-ci il) 2 nömrəli elektro sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin edilmiş, (əmr №957/k, xx.xx.1973-cü il) hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunmuşdur. İş materiallarında olan 438 nömrəli attestatın surətindən görünür ki, iddiaçı xx.xx.1971-ci ldən xx.xx.1972-ci ilə qədər texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan pensiya işinin dayandırılması barədə sərəncamın surətindən görünür ki, iddiaçının pensiya ödənişi xx.xx.2019-cu il tarixindən dayandırılması və ödənilmiş məbləğin geri qaytarılmasının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Kapital Bank ASC-nin 48458 nömrəli qəbzindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində 2800 manat Oğuz rayon maliyyə idarəsinə ödənilmişdir. Ödənişin təyinatı artıq alınmış təqaüd qeyd olunmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2019cu il tarixli **********0 nömrəli imtina məktubu, “xxxx” ASC “xxxx” TASC-nin xx.xx.2018-cii l tarixli kş/10-9 nömrəli məktubu, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, 551 nömrəli kolxozçunun əmək kitabçasının təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər, Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli P-6 nömrəli Arxiv arayışı, cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-582/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialının 720431 saylı pensiya işi üzrə İddiaçı pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialının üzərinə təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, əsassız geri alınmış 2800 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb İddiaçı ödənilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 582/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdehnə qarşı “şərh edilənlərə əsasən cavabdeh barəsindəki 720431 nömrəli pensiya işi üzrə pensiyanın dayandırılması, ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamın ləğvi, ona təyin edilmiş pensiyanın əsassız dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsi, həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi və əsassız geri alınmış məbləğin birdəfəyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianı qismən təmin etmiş, 720431 saylı pensiya işi üzrə pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncam ləğv edilməsini, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, ondan əssasız geri alınmış 2800 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb iddiaçıya ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdehnə həvalə etmişdir. İşin faktiki halları belədir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı iddiaçının xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək “Bakı Maşınqayırma Zavodu”nda (əvvəlki adı M.S.Kirov adına Qırmızı əmək X2 zavodu) işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyinə görə həmin dövr yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamış və nəticədə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial siğorta stajı olmadığı aşkarlanmışdır. Bu səbəbdən iddiaçıya təyin edilmiş əmək pensiyası üzrə ödənişlər xx.xx.2019-cu il tarixdən dayandırılmış və bu barədə iddiaçıya tərəfimizdən xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktub ilə rəsmən məlumat verilərək pensiya ödənişinin təyin edildiyi xx.xx.2018-ci il tarixindən həmin ödənişlərin dayandırıldığı xx.xx.2019-cu il tarixinədək ona qanunsuz ödənilmiş 2798.22 manat (iki min yeddi yüz doxsan səkkiz manat iyirmi iki qəpik) pensiya ödənişinin geri qaytarılması bildirilmişdir. İddiaçı qanunsuz ödənilmiş 2798.22 manat pensiya ödənişini tam şəkildə geri ödəmişdir. Belə ki, məhkəmə öz qərarında iddiaçının xx.xx.1972-xx.xx.1973-cü illərdə “Bakı Maşınqayırma Zavodu”nda (əvvəlki adı M.S.Kirov adına Qırmızı əmək X2 zavodu) işlədiyini dövrləri təsdiq edən “xxxx” ASC “xxxx” TASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ks/10-09 nömrəli arxiv arayışı mövcud olduğundan həmin arayışın iddiaçının sözügedən müəssisədə işləmə faktını təsdiq edən sübut kimi qiymətləndirmiş, həmçinin qeyd edilən iş yerinin əmək kitabçasında qeyd edilmədiyi qəbul etmişdir. Lakin iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulan sənədləri təqdim edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə is stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə bilrlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1287/2020 saylı iş üzrə x xxxxxxxx 2020-ci ii tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən arxiv arayışında qeyd edilən dövrlərin hansı səbəbdən əmək kitabçasında qeyd olunmamasını araşdırılmalıdır. Habelə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənəarərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sıqortaolunanın arxiv arayışı üzrə is stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə bilrlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Odur ki, məhkəmənin qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 2-1(116)-582/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və İddiaçı iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul etməsini edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-582/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-582/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. İş materiallarından görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə sərəncam xx.xx.2019-cu ildə qəbul edilmiş, iddiaçıya xx.xx.2019-cu il tarixli imtina məktubu verilmiş, ona mübahisəli sərəncam barədə məlumat verilməmiş, pensiyanın dayandırılması səbəbi izah edilməmiş, mübahisəli sərəncam elan olunmamış və ya təqdim edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixində pensiya təyin edilmiş, sonradan iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək indiki "Bakı Maşınqayırma Zavodu”nda işlədiyi 11 ay 04 gün dövr əmək haqqı arayışı təqdim edilmədiyinə görə onun iş stajından çıxarılmış, qanunvericiliyə uyğun olaraq tələb olunan 116 manatdan artıq pensiya məbləğinə imkan verən məbləğ yaranmadığına görə pensiya dayandırılmış və ödənilmiş pensiya məbləği iddiaçıdan geri tələb edilmişdir. İddiaçı cavabdeh orqanın hərəkəti ilə razılaşmamış, ona müraciət etmiş, lakin tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. x xxxxxx 2006-cı il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İddiaçının yaşa görə pensiya almaq hüququ xx xxxxx 2018-ci il tarixdə yarandığından (həmin tarixə qanunvericiliyə uyğun olaraq tələb olunan 116 manatdan artıq pensiya məbləğinə imkan verən məbləğ yarandığından) mübahisəyə xx.xx.2018-ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq xx.xx.2018-ci il tarixdən 24 il 02 ay iş stajına əsasən qanunvericiliyə uyğun olaraq 116 manatdan artıq pensiya məbləğinə imkan verən məbləğ yarandığı üçün (24.2 il x 4.87=117.70) 117.70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın xx.xx.1972-ci il tarixdən xx.xx.1973cü il tarixədək indiki "Bakı Maşınqayırma Zavodu”nda işlədiyi 11 ay 04 gün dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr, yəni 11 ay 04 gün hesablamadan çıxarılmış və qanunvericiliyə uyğun olaraq 116 manatdan artıq pensiya məbləğinə imkan verən məbləğ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. İddiaçının xx.xx.2018-ci il tarixə 24 il 02 ay iş stajının olması, həmçinin həmin stajın qanunvericiliyə uyğun olaraq 116 manatdan artıq pensiya məbləğinə imkan verməsi iş materiallarına əlavə olunmuş pensiya işi, əmək kitabçasının surəti və arxiv arayışı ilə təsdiq olunur. Lakin cavabdeh orqan arxiv arayışı ilə öz təsdiqini tapmasına baxmayaraq iddiaçının 11 ay 04 gün iş stajını hesablamadan çıxararaq iddiaçıya yaşa görə təyin edilmiş pensiyanı dayandırmaqda haqlı olmamış, bununla da iddiaçının pensiya hüquqlarını məhdudlaşdırmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən iş stajından əlavə həm də xx.xx.1971-ci ldən xx.xx.1972-ci ilə qədər texniki peşə məktəbində təhsil almışdır. (10 ay 20 gün) Bu müddəti də cavabdeh inzibati orqan nəzərə almamışdır. Halbuki iddiaçının pensiya hüququ yaranan zaman qeyd olunan müddət nəzərə alınsa idi iddiaçının 25 il stajı tamam olacaqdı. Məhkəmə kollegiyası qeyd edir ki, pensiyanın dayandırılması barədə sərəncam qəbul olunarkən iddiaçının dinlənilmə hüququ təmin edilməmiş, cavabdeh inzibati orqan inzibati araşdırma aparılması barədə üzərinə qanunla qoyulmuş vəzifələri lazımınca yerinə yetirməmiş, iddiaçı barəsində qanunsuz və əlverişsiz inzibati akt qəbul etmişdir. İddiaçının tələbinin “ondan əsassız geri alınmış 2800 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 720431 saylı pensiya işi üzrə pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncam ləğv edilməli, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, ondan əssasız geri alınmış 2800 manat məbləğində pulun və həmin tarixdən halhazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb iddiaçıya ödənilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-582/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar