Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-146/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil aldığı müddətin nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-1512/2022 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil aldığı müddətin nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, nəzərə alınmalı müddəti 5 il olaraq qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6259/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6259/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu əyani təhsil aldığı müddətin Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin arayışı və ИВ 027487 №-li diplomla sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsinin nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdi. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, nəzərə alınmasını tələb etdiyi müddətin xx.xx.1978-ci ildən - xx.xx.1983-cü ilədək olan müddət olduğunu, əvvəlki iddia ərizəsində 5 il müddətin yuvarlaq yazıldığını bildirmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ИВ 027487 №-li diplomdan görünür ki, iddiaçı 1978-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və xx.xx.1983-cü il tarixdə Dövlət imtahan komissiyasının qərarı ilə ona inşaatçı-mühəndis ixtisası verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.1983-cü il tarixli “184u/p” saylı əmrindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.1978-ci il 141u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaattexnologiya” fakultəsinin əyani şöbəsinə qəbul olmuşdur (qr.658a). xx.xx.1983-cü il, 184u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun İnşaattexnologiya” fakultəsinin əyani şöbəsinin “Tikinti məmulatı və konstruksiyalarının istehsalı” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “inşaatçı-mühəndis texnoloq” ixtisası verilmişdir. Diplom: ИВ 027487, qeydiyyat №199. Əmək pensiyasının təyin edilməsi haqqında cavabdehin qərarından və iddiaçının pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ümumi iş stajı 36 il 07 ay 1 gün, güzəştli iş stajı 15 il 2 ay 20 gün olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçının əyani təhsil aldığı müddət ümumi iş stajı hesablanarkən nəzərə alınmamışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1512/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.1978ci ildən xx.xx.1983-cü ilə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil aldığı müddəti nəzərə alaraq, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-1512/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması üçün normanın məzmununda göstərilmiş şərtlər mövcud olmalıdır: Sığortaolunanlar qanunla tələb edilən yaş həddinə çatdıqda (kişilər 60 yaş, qadınlar 55 yaş); Sığortaolunanlar qanunla tələb edilən ümumi sosial sığorta stajına malik olduqda (kişilər 25 il, qadınlar 20 il); Sığortaolunanlar qanunla tələb edilən güzəştli sosial sığorta stajına malik olduqda (kişilər 12 il 06 ay, qadınlar 10 il); Sığortaolunanların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin vo xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki. sığorta stajına daxil edilən iş və ya digər fəaiiyyət müddətləri "Əmək pensiyaları haqqında” Qanunun 21 -ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5 maddələrinin tələblərinə görə, sıqortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin. dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-1512/2022 nömrəli qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-1512/2022 saylı iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)- 1512/2022 saylı iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Belə ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı əyani təhsil aldığı müddətin ümumi sosial sığorta stajında nəzərə alınmaqla, ona təyin edilmiş edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. Cavabdeh orqanın təqdim etdiyi iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı hesablanarkən onun ИТ ******* №-li əmək kitabçasında qeyd edilmiş iş stajı məlumatlarına və hərbi xidmətdə olduğu dövrə istinad edilmişdir. Sözügedən əmək kitabçasına əsasən iddiaçının sosial sığorta stajı xx.xx.1977xx.xx.1978, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1985, xx.xx.1985-xx.xx.1994, xx.xx.1994-xx.xx.2020-ci illəri əhatə edir və göründüyü kimi iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi əyani təhsil aldığı müddət ümumiyyətlə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 17 №-li qərarının 4.2.2-ci bəndinə əsasən yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Müvafiq qaydaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, cavabdeh orqan, iddiaçının əyani təhsil aldığı müddəti nəzərə almadan xx.xx.2006-cı ilədək ümumi sosial sığorta stajını hesablayarkən nəzərə aldığı sosial sığorta stajı müddətini hər il üçün 306 manatdan hesablamışdır. Halbuki, iddiaçının yuxarıda qeyd edilən əyani təhsil aldığı müddət nəzərə alınmaqla hesablama aparılmalı, 4 il 10 ay müddət hər il üçün 306 manatdan hesablanmaqla sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı müəyyən edilməli idi. ((4 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 10 ay) =1479 manat). Göründüyü kimi hazırkı iş üzrə müəyyən edilmiş iddiaçının 4 il 10 ay sosial sığorta stajının nəzərə alınmaması onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək qeydə alınmalı olan pensiya kapitalının düzgün müəyyən edilməməsinə, bu isə pensiya kapitalı indeksləşdirilərkən məbləğin az hesablanmasına gətirib çıxartmışdır. Odur ki, iddiaçı, pensiyasının yuxarıda qeyd edilən müddətlər nəzərə alınmaqla yenidən hesablanmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə (xx.xx.2021-ci il tarixdən) sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-1512/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-146/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-146/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver