Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-146/2025 12.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək fəaliyyəti müddəti sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2- 1(116)-2089/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 1960-cı il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1977-ci ilin 2 sentyabr tarixindən başlamış və 29 avqust 1978-ci il tarixədək işləmişdir. 1978-ci ilin sentyabr ayının 1-dən 1983-cü ilin iyun ayının 24-dək Azərbaycan Mühəndis İnşaat İnstitutunda ali təhsil almış, təhsilini başa vurduqdan sonra 18 iyun 1984-cü il tarixdən əmək fəaliyyətini davam etdirmiş və müəyyən fasilələrlə də olsa, 1 may 2002-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. 1 avqust 2002-ci il tarixdən 1 fevral 2003-cü il tarixədək və 2 avqust 2004-cü il tarixdən 3 fevral 2005-ci il tarixədək (ümumilikdə 1 il müddətinə) ona Ağdaş rayon Məşğulluq Mərkəzi tərəfindən işsiz statusu verilmiş və bununla əlaqədar işsizlik müavinəti ödənilmişdir.
2. İddiaçı ona hüququnun yarandığı 63 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan isə həmin məsələnin həllindən imtina etmişdir.
3. İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçının əmək fəaliyyəti müddəti sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. İddiaçı birinci instansiya məhkəməsinə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya 1 avqust 1985-ci il tarixdən 31 avqust 1985-ci il tarixədək, 1 noyabr 1986-cı il tarixdən 30 noyabr 1986-cı il tarixədək, 1 dekabr 1987-ci il tarixdən 31 dekabr 1987-ci il tarixədək, 1988 – 1990-cı illər, 1 yanvar 1991-ci il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, 5 mart 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək, 1993-cü il, 1 yanvar 1994-cü il tarixdən 31 mart 1994-cü il tarixədək, 1 sentyabr 1994-cü il tarixdən 31 oktyabr 1994-cü il tarixədək və 1995-ci il üzrə əmək fəaliyyəti müddətinin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırır ki, 2005-ci ildə əmək kitabçası itdiyindən, ona kitabçanın dublikatı verilmişdir. 18 iyun 1984-cü il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, yəni 7 il 4 ay 6 gün Ağdaş Rayon XDS İK-da iqtisadçı işləmişdir. Rayon Arxivində müvafiq vəzifəyə təyinatı barədə əmrin göstərildiyi kitab olsa da, işdən azad olunması barədə əmrin nəzərdə tutulduğu kitab mövcud deyil. Arxiv qurumu 1990 – 1991-ci illərə aid sənədlərin arxivə təhvil verilmədiyini bildirmişdir. Arxivdə tapılmayan sənədlərə görə o (iddiaçı), məsuliyyət daşımır. Ona yaşa görə əmək pensiyasının təyin olunması üçün 63 yaş (1960-cı il təvəllüdlü olduğundan) müəyyən edilmişdir. 1985 – 1995-ci illər üzrə müvafiq əmək fəaliyyəti müddəti sığorta stajına daxil edilərək hüququ yarandığı vaxtdan ona əmək pensiyası təyin edilməlidir. O, pensiya təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə istinadən imtinanı mübahisələndirir.
6. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdehə müraciət etmiş, lakin həmin məsələnin həllindən onun sosial sığorta stajının və pensiya kapitalının qanunvercilikdə tələb olunan həddən az olması əsası ilə imtina olunmuşdur. Belə ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş 18 iyun 1984-cü il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, 5 mart 1992-ci il tarixdən 29 iyun 1996-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Arxiv qurumundan alınmış məlumata görə Ağdaş XDS İK-nın 1 yanvar 1988-ci il tarixdən 5 mart 1992-ci il tarixədək və Ağdaş RİH başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin 1 yanvar 1992-ci il tarixdən 1 aprel 1994-cü il tarixədək, 1 noyabr 1994-cü il tarixdən 1 yanvar 1996-cı il tarixədək və 1 may 1996-cı il tarixdən 29 iyun 1996-cı il tarixədək olan əməkhaqqı cədvəlləri arxivə təqdim edilməmişdir. Bundan başqa, 1985-ci ildə iddiaçının adına 1 ay əmək haqqı hesablanmamışdır. Beləliklə, iddaçının qanunla nəzərdə tutulan 25 ildən az – 17 il 7 ay 2 gün sığorta stajı var və onun fərdi şəxsi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı, o cümlədən 2018-ci ilin 1 iyul tarixinədək hər hansı məbləğdə pensiya kapitalı qeydə alınmamışdır. İddia əsassızdır və təmin edilməməlidir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 23 oktyabr 2024-cü il tarixli 2- 1(116)-2089/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalara əsasən iddiaçının sosial sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş üzrə icraat materiallarından müəyyən olunur ki, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı ümumilikdə 17 il 6 ay 20 gün təşkil edir. Belə ki, iddiaçının ИT-İ №0301678 əmək kitabçasında qeyd olunmuş xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən İddiaçı 1985-ci ilin avqust ayı, 1986cı ilin noyabr ayı, 1987-ci ilin dekabr ayı, 1988-1990-cı illər, xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, 1993-cü il, 1994-cü ilin yanvar-mart və sentyabr-oktyabr ayları və 1995-ci il üzrə əməkhaqqı almadığı məlum olduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxi edilməmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 397,23 manat pensiya kapitalı qeydə alınmışdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının adında aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə nəzərədə tutulmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2-1(116)-2089/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2-1(116)-2089/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2-1(116)- 2089/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
16. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.5-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işsizlikdən sığorta ödənişinin verildiyi müddətlər daxil edilir. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.
17. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2-1(116)-2089/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxx 1960-cı il tarixdə doğulduğunu və 25 il sığorta stajına malik olduğunu əsas gətirərək 63 yaşına çatmış qadın kimi ona yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını «Əmək pensiyaları haqqında» Qanunu 7 və 22-1.1-ci maddələrinə istinadən onun yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il sığorta stajını toplanmaması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.
25. Belə ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir.
26. Əmək kitabçasında qeyd olunan dövrdə iddiaçının əmək haqqı almamasına gəldikdə müvafiq dövrdə əmək haqqı verilməsə belə iddiaçının işdən azad olunmaması onu başqa qurumda işlə təmin olunma imkanından məhrum etmişdir və belə halda işlədiyi müddət onun sığorta stajına daxil edilməlidir. Onun müvafiq dövrdə əmək haqqı almaması işləməməsi kimi birmənalı şəkildə qəbul oluna bilməz və belə hal iddiaçının iradəsi ilə bağlı olmadığından və məsuliyyət sferasını əhatə etmədiyindən, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
27. Bundan başqa, İddiaçı işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyəti 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti də qoyulmur.
28. Cavabdeh inzibati orqan iddiaçının sığorta stajına onun eyni müəssisədə Rayon XDS-də işlədiyi dövrün bir hissəsini daxil edib digər hissəsini daxil etməmişdir. Qeyd edilən dövrlər 1 yanvar 2002-ci il tarixdən əvvəlki, yəni qanunvericiliklə iş fəaliyyətinin sığorta stajı kimi hesablanmasının məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilmədiyi vaxta aiddir. Belə ki, mübahisəli dövrdən sonra iddiaçının orada işləməsini cavabdeh təkzib etməmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən İddiaçı 1 avqust 1985-ci il tarixdən 31 avqust 1985-ci il tarixədək, 1 noyabr 1986-cı il tarixdən 30 noyabr 1986-cı il tarixədək, 1 dekabr 1987-ci il tarixdən 31 dekabr 1987-ci il tarixədək, 1988 – 1990-cı illər, 1 yanvar 1991-ci il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, 5 mart 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək, 1993-cü il, 1 yanvar 1994-cü il tarixdən 31 mart 1994-cü il tarixədək, 1 sentyabr 1994-cü il tarixdən 31 oktyabr 1994-cü il tarixədək və 1995-ci il üzrə əmək fəaliyyəti müddətinin onun sığorta stajına daxil edilməməsi üçün əsaslar mövcud deyil. Qeyd edilən illər də nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır. Sözügedən dövr nəzərə alınmadan, işsizlikdən sığorta ödənişinin verildiyi müddət də daxil olmaqla mübahisələndirilməyən dövr 17 il 7 ay 2 gün təşkil edir. Həmin dövrlər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır.
30. İddiaçı xx xxx 1960-cı il tarixdə doğulmuş, bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə onun 23 may 2023-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.
31. Belə olan halda, iddiaçının 25 ildən artıq sığorta stajı toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşdan, yəni 23 may 2023-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.
32. Belə ki, iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2-1(116)-2089/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.