Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-147/2022 26.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “ünvan 1i ünvanında yerləşən, qanuni istifadəsində olan 0,29 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(116)-220/2022 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X5, X2, X3 və X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən, qanuni istifadəsində olan 0,29 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ünvan 1i ünvanında yerləşən, ailə üzvlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata alınaraq ailə üzvlərinin adına Dövlət Reyestrindən Çıxarış verilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsindən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində olan 0,29 ha torpağa mülkiyyət sənədi hazırlanmamışdır. Cavabdeh orqan 06.04.2021-ci il tarixli imtina məktubunda iddiaçıya bildirmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci il tarixli 67 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə 0,34 ha, 0,23 ha həyətyanı, və 1,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən JN-362A, JN-362B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər və JN-438 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı hazırlanmışdır. Qeyd olunan sənədlərin bir nüsxəsi Ərazi İdarəsinin arxivində mövcuddur. Ərizədə qeyd olunan və çatışmayan 0,29 ha torpaq sahəsinin heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədən qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid deyildir. Cavabdeh 12.10.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ünvan 1ində yerləşən 0,29 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda iddia edilən torpaq sahəsi faktiki 0,5162 hektardır. Torpaq sahəsinin uqodiyası çoxillik əkmələrdir. Faktiki iddia edilən torpaq yaşayış məntəqəsi torpaqlarına aiddir. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh orqan qeyd edilənlərə əsasən etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 19.11.2021-ci il tarixdə məktub ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbində istifadəsində olan 0,29 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etsə də, mübahisə predmeti olan torpaq sahəsinin hansı ailə üzvlərinin adına qeydiyyata alınmasını xahiş etdiyi dəqiq qeyd olunmamışdır. Əgər tələbi torpaq sahəsinin ailə üzvlərinin adına qeydiyyata alınması ilə bağlıdırsa, həmin ailə üzvləri ilə birgə iddia ilə məhkəməyə müraciət etməlidir. Məktubu aldıqdan sonra iddiaçı birinci instasniya məhkəməsinə 05.01.2022-ci il tarixdə ərizə təqdim etmiş və X5, X2, X4 və X1 da məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 15.02.2022-ci il tarixli hazırlıq iclasının qərardadı ilə X5, X2, X4 və X6 iş üzrə üçüncü şəxs qismində icraata qəbul edilmişlər. İşdə olan Oğuz rayon Aqrar İslahat Komissiyası tərəfindən 10.01.2003-cü il tarixdə təsdiq edilmiş subyektlər siyahısının təsdiq edilmiş surətindən görünür ki, siyahıda iddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmiş, 362 və 362a xəritə nömrələri ilə qanuni istifadələrində 0,30 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İşdə olan “Turan” kooperativi inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısının təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı və onun ailə üzvlərinin qaytanlanmış kitaba əsasən 0,30 ha həyətyanı, 0,86 ha faktiki torpaq sahəsi vardır. İşdə olan JN-362A kod 40509018 nömrəli və JN-362B kod 40509018 nömrəli şəhadətnamələrdən görünür ki, Oğuz rayon AİK-nın 24.07.1998-ci il tarixli 67 nömrəli qərarı ilə 0,34 və 0,23 ha həyətyanı torpaq sahələri iddiaçı və onun ailə üzvlərinə, yəni hazırkı iş üzrə üçüncü şəxslərə verilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 02 mart 2022-ci il tarixli, 2- 1(116)-220/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “ünvan 1i ünvanında yerləşən, qanuni istifadəsində olan 0,29 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X5, X2, X3 və X6 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(116)-220/2022 nömrəli qərarının ləğv edilərək yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X5, X2, X3 və X6 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(116)- 220/2022 nömrəli qərarının ləğv edilərək yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(116)-220/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X5, X2, X3 və X6 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində iddiaçının iddia tələbində qeyd etdiyi 0,29 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə malik olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən işin icraatı zamanı aparılan sorğularla 0,29 ha torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sənədlər və sübutlar aşkar edilməmişdir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X5, X2, X3 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(116)-220/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-147/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-147/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver