Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-147/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “staja görə əmək pensiyası təyin olunması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-2119/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1972-xx.xx.1974-cü il tarixlərdə təhsil aldığı illərin və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixlərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı peşə təhsili aldığı və əmək fəaliyyəti müddətlərini nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının xx.xx.1996 – xx.xx.1999-cu il tarixlərdə Şəki “Günəş” firmasında işlədiyi dövrün yoxlanılmasının mümkünsüzlüyünü bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.
3. İddiaçı tələb hüququnu təhsil aldığı müddətin 297 nömrəli attestatla, əmək fəaliyyəti müddətinin xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçası ilə sübut olunması ilə əsaslandırmışdır.
4. Cavabdeh orqan iddia tələbinə etirazını Şəki “Günəş” firmasının sənədlərinin X3 Filialına təhvil verilməməsi və hüquqi ünvanının məlum olmadığı üçün həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması, buna görə də iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az olması, xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, iddiaçının peşə təhsilini əyani alması ilə bağlı sübutun təqdim edilməməsi ilə əsaslandırmışdır.
5. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 noyabr 2022-ci il tarixli 2- 1(116)-2119/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirilən iş stajının dövrləri xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək peşə təhsili aldığı dövr (1 il 10 ay 21 gün), xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixinədək “Günəş” firmasındakı əmək fəaliyyəti dövrü (2 il 11 ay 13 gün), cəmi 4 il 10 ay 4 gün olmuşdur. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 1 ay 4 gün sığorta stajına uyğun olaraq 17152,16 manat, xx.xx.2018ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 66,74 manat olmaqla, ümumilikdə 17218,90 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericilikdə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək fəaliyyəti dövrlərinə münasibətdə araşdırma aparmaq zərurəti yaranmışdır. Belə ki, X3 Filialının xx.xx.2022-ci il tarixli və 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli məktublarına əsasən xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək “Günəş” firmasının sənədləri X3 Filialına təhvil verilmədiyi və sözügedən müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrlərin araşdırılması və iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək peşə təhsili aldığını qeyd etmişdir. Bununla bağlı cavabdeh orqana peşə təhsili ilə bağlı attestat təqdim edilsə də əyani təhsil almasını təsdiq edən arayış təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının təhsil dövrünün də ümumi sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsini 22 noyabr 2022-ci il tarixli 2-1(116)-2119/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-2119/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)- 2119/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvəsə saxlanılmasını xahiş etdi.
12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - SHXÇDX-nin xx.xx.2021-ci il tarixli, 819 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. - 297 nömrəli attestatdan görünür ki, iddiaçı xx.xx.1972 – xx.xx.1974-cü illərdə texniki peşə təhsili almışdır. - xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1974 – xx.xx.1976, xx.xx.1978 – xx.xx.1995, xx.xx.1996 – xx.xx.1999. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. - ДТ-772539 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1982-ci il tarixlərdə Bakı Baza Enegetika Texnikumunda təhsil almışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
16. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
19. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
20. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.
21. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
22. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununun 10.7-ci maddəsində peşə təhsili müəssisələrində təhsilalmanın əyani formada həyata keçirilməsi qeyd edilmişdir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-2119/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
29. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, SHXÇDX-nin xx.xx.2021-ci il tarixli, 819 №-li arayışına əsasən, iddiaçı xx.xx.1976xx.xx.1978-ci il tarixlərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 297 nömrəli attestatdan görünür ki, iddiaçı xx.xx.1972 – xx.xx.1974-cü illərdə texniki peşə təhsili almışdır. xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1974 – xx.xx.1976, xx.xx.1978 – xx.xx.1995, xx.xx.1996 – xx.xx.1999. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. ДТ-772539 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1982-ci il tarixlərdə Bakı Baza Enegetika texnikumunda təhsil almışdır.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin müddəalarından da göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - tələbdə qeyd edilən müddətin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1957-ci ildə doğulub).
32. Cavabdehin apellyasiya şikayətinin dəlili iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1996-xx.xx.1999-cu il tarixlərdə Şəki “Günəş” firmasında işlədiyi dövrün yoxlanılmasının mümkünsüzlüyü ilə bağlıdır. Belə ki, cavabdeh orqan bildirir ki, sözügedən müəssisənin sənədləri X3 Filialına təhvil verilmədiyi və hüquqi ünvanı məlum olmadığı üçün həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilmir. Göründüyü kimi cavabdeh orqan iddiaçının sosial sığorta stajının 21 il 2 ay 4 gününü mübahisələndirmir. Mübahisə yalnız iddiaçının xx.xx.1972-xx.xx.1974-cü il tarixlərdəki peşə təhsili aldığı və xx.xx.1996xx.xx.1999-cu illərdəki əmək fəaliyyəti müddəti ilə bağlıdır.
33. Cavabdeh orqan iddiaçının peşə təhsili aldığı müddəti sığorta stajı kimi qəbul etməməsini iddiaçının təhsilinin əyani olması ilə bağlı sübutun təqdim edilməməsi ilə əsaslandırır. Bununla belə nəzərə alınmalıdır ki, həmin təhsilin qiyabi formada alınmasına dair sözügedən attestatda hər hansı qeyd yoxdur və cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
34. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik texniki peşə təhsili müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də iddiaçı həmin müddətin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir.
35. Bununla bağlı olaraq məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir.
36. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
37. İddiaçının xx.xx.1996 - xx.xx.1999-cu illərdəki əmək fəaliyyəti müddətinin mübahisələndirilməsinə münasibətdə isə cavabdeh orqanın yeganə dəlili müəssisənin sənədlərinin arxivdə olmaması və hazırda müəssisənin hüquqi ünvanının məlum olmaması ilə bağlıdır. Bununla belə cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında olan qeydlərin məzmunu ilə razı olmamasını əsaslandırmamış və həmin qeydlərin mötəbərliyini şöbhə altına alacaq hər hansı sübut təqdim etməmişdir.
38. Həmin müəssisənin sənədlərinin sənədlərinin arxivdə olmamasına və sözügedən dövrün yoxlanılmasının mümükünsüzlüyünə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməsi və saxlanılması iddiaçının vəzifəsi olmadığından qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmə hesab edir ki, əmək kitabçası iddiaçının əmək stajını təsdiq etdiyindən həmin sənədin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
39. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı, xx.xx.1996-cı ildən Şəki “Günəş” firmasında əmək fəaliyyətinə başlamamışdır. Belə ki, işdə olan əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdə Bakı Poçtamtının Təmir Tikinti İdarəsinə 5-ci dərəcəli dülgər işinə qəbul edilmiş, sözügedən müəssisə xx.xx.1998-ci ildə “Günəş” firması kimi fəaliyyət göstərməyə başlamışdır.
40. İddiaçının xx.xx.1998-ci il tarixədək Bakı Poçtamtının Təmir Tikinti İdarəsində işlədiyi 2 il 25 gün, peşə təhsili aldığı 1 il 10 ay 21 gün və mübahisələndirilməyən iş stajı olan 21 il 2 ay 4 gün toplandıqda 25 il 1 ay 20 gün sosial sığorta yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının Şəki “Günəş” firmasında əmək fəaliyyəti müddətinin araşdırılmasına ümumiyyətlə lüzum qalmır. Bununla belə cavabdeh orqan iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etmədiyindən məhkəmə, iddiaçının Şəki “Günəş” firmasında işlədiyi xx.xx.1999-cu ilədək müddətin də onun sosial sığorta stajına daxil edilməli olması qənaətinə gəlir.
41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş minimal 25 illik sığorta stajı tələbinə cavab verməsi iş materialları ilə öz təsdiqini tapır.
42. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-2119/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.