Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-147/2024 15.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2433/2023 nömrəli qərarından İddiaçı, nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə iddiaçı 07 iyun 1987-ci il tarixdə Gürcüstan SSRnin Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Bəzi sənədlərdə soyadı, adı və ata adı X1 qeyd edilsə də, onun əsil soyadı, adı və ata adı İddiaçıdur. Onun atası milliyyətcə azərbaycanlı X5 (bəzi sənədlərdə X6), anası isə milliyyətcə azərbaycanlı Fətəlova (bəzi sənədlərdə Məmmədova) Göyçək Məmməd qızı adlı şəxslərdir. Anası 1988-ci ildə Ermənistan SSR-in Noyamberyan rayonunun Ləmbəli kəndindən qaçqın kimi Azərbaycana köçüb Oğuz şəhərində məskunlaşmışdır. Atası isə eyni tarixdə Gürcüstandan Azərbaycana köçmüşdür. Qeyd edilən tarixdən hal hazıradək anası Azərbaycan Respublikasında yaşamışdır. Hazırda uzun müddətdir ki, Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı da 1988-2001-ci illərdə anası ilə birlikdə onun ailə üzvü və övladı kimi Oğuz rayonu ərazisində yaşamışdır. 2001-ci ilədək Oğuz şəhər 2 saylı Tam orta məktəbdə təhsil almışdır. 2001-ci ildə babası Fətəlov Ələddin onu öz yaşadığı Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndinə aparmışdır. 2009-cu ildə yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Həmin tarixdən ailə üzvləri ilə birlikdə Oğuz rayon Calut kəndində yaşayır. Həmin ünvanda yerləşən xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan fərdi yaşayış evi vardır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ona pay torpaq sahəsi də verilmişdir. X2 1994-cü İldə vəfat etmişdir. Azərbaycanda yaşamağına baxmayaraq, dəfələrlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, o Azərbaycan Respublikası vətəndaşlığını ala bilməmişdir. 2009-cu ildən hal hazıradək fasiləsiz Azərbaycanda yaşayır. Hər il ona müvəqqəti yaşamaq üçün icazə vərəqəsi verilir. Müvəqqəti icazə vərəqəsi bir il müddətində ona Azərbaycanda yaşamaq imkanı verir. O, Azərbaycan vətəndaşı olmaq istəyir. Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək üçün axırıncı dəfə xx.xx.2023-cü il tarixli müraciətinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07 iyun 2023-cü il tarixli ******* saylı qərarı ilə imtina edilmişdir.
3. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli soğrusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixdə ******* saylı qərar qəbul edilmişdir. Hesab edilmişdir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki o, 07 iyul 1987-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuş və Gürcüstan vətəndaşlığını əldə etmişdir (Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumat mövcud deyildir, bu barədə sistem üzrə məlumat etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasf’nın (qaydaların 4.4-cü bəndi) müddəalarına əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Göründüyü kimi, sözügedən şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz.
4. İddiaçı və iddiaçının vəkili birinci instansiya məhkəməsinin iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 dekabr 2023-cü il tarixli, 2- 1(116)-2433/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
6. İddiaçı, nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. İddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, o, 1988-2001-ci illərdə və son 16 ildə (2009-2023-cü illərdə) fasiləsiz olaraq Azərbaycan Respublikasında qanuni əsaslarla yaşamış, Azərbaycan Respublikası ərazisində orta təhsil almışdır. Anası Azərbaycan Respublikası vətəndaşıdır. Onun Azərbaycan Respublikası ərazisində öz adına fərdi yaşayış evi, xüsusi mülkiyyətində pay əkin torpaq sahsəi olmaqla fərdi əmək fəaliyyəti ilə məşğul olaraq daimi gəlirə malikdir. Bütün bu hallar hazırkı iş üzrə qərar qəbul edilərkən nəzərə alınmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2433/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2433/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2433/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-ci il tarixli, ******* №-li qərarından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş MYİ seriyalı ******* nömrəli icazə vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan vətəndaşıdır, vəsiqənin verilmə tarixi xx.xx.2023-cü il, etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək qeyd olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. İddiaçının və onun nümayəndəsi və vəkilinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2433/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
17. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
18. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. İddia ərizəsinin göndərildiyi zərfdən isə görünür ki, iddia ərizəsi 07 iyul 2023-cü il tarixdə məhkəməyə göndərilməsi üçün poçta təqdim edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir.
21. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
22. Məhkəmə kollegiyası müəyyən edir ki, şəxsin vətəndaşlığa mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınması tələb edilən İddiaçı xx.xx.1987-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur və Gürcüstan respublikasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir). Bunu təsdiq edən rəsmi sənədlər iş üzrə materiallara əlavə olunmuşdur.
23. Eyni zamanda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş halların heç biri iddiaçıya münasibətdə mövcud deyil. Odur ki, məhkəmə kolegiyası hesab edir ki, cavabdeh orqan haqlı olaraq hazırda Gürcüstan Respublikasının vətəndaşı olan iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir.
24. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının və nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
25. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı, nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2433/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.