Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-148/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X5 ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə-cavabdeh) qarşı “Mingəçevir şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün "İddiaçı" MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati- İqtisаdi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-1016/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarı ilə "Kür" kooperativinə göl balığı yetişdirmək üçün 10,61 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 360 №-li qərarı ilə "Kür" kooperativinin təşkil edilməsinə icazə verilmiş və Nizamnaməsi qeydiyyatdan keçirilmişdir. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 856 №-li qərarı ilə "Kür" kooperativinə Şüşə-mahlıc zavodunun nəzdindən çıxıb, müstəqil fəaliyyət göstərməsinə icazə verilmişdir. "İddiaçı" MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1996cı il tarixli 706 №-li Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Kür" kooperativinin adı və təşkilatı-hüquqi formasının dəyişilməsi ilə onun bazasında və hüquqi varisi kimi təsisçilərin xx.xx.2004-cü il tarixli 01 №-li ümumi yığıncağının qərarı ilə yenidən təşkil edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli **********04 nömrəli məktubla bildirmişdir ki, elektron baza xəritəsinə əsasən "İddiaçı" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi aşkar edilmişdir. Texniki baxış zamanı həmin torpaq sahəsinin üzərində 15x8 m ölçüdə bir mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi və 2 ədəd süni göl yaradıldığı məlum olmuşdur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işlərinin aparılması və süni göllərin yaradılması qanunazidd olduğundan Mingəçevir şəhəri ərazisində yerləşən 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması imkan xaricindədir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarı ilə göl balığını yetişdirmək üçün "Kür" kooperativinə 10,61 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1996-cı il tarixli 706 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Kür" kooperativi dövlət qeydiyyatından keçən zaman üç nəfər üzvü olmuşdur. Üzvlərdən ikisi ayrı-ayrı vaxtlarda öz ərizələri ilə kooperativ üzvlüyündən çıxmışlar. Ona görə də kooperativdə yeganə təsisçi əmr verərək kooperativə yeni üzv qəbul etmiş, sonra isə onlar ümumi yığıncaq keçirərək kooperativin təşkilatı-hüquqi formasını, adını dəyişərək onu yenidən təşkil etmişlər. "İddiaçı" MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1996-cı il tarixli 706 №-li Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Kür" kooperativinin adı və təşkilatı-hüquqi formasının dəyişilməsi ilə onun bazasında və hüquqi varisi kimi təsisçilərin xx.xx.2004-cü il tarixli 01 №-li ümumi yığıncağının qərarı ilə yenidən təşkil edilmişdir. Həmin vaxtdan cəmiyyətə ayrılan 10,61 ha torpaq sahəsi "İddiaçı" MMCnin istifadəsindədir. Cavabdeh etirazında bildirmişdir ki, elektron baza xəritəsinə əsasən, "İddiaçı" MMCnin istifadəsinə verilmiş 10,61 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı ərazidə yerləşir və həmin torpaq sahəsi üzərində 15x8 m ölçüdə bir mərtəbəli qeyri-yaşayış binası inşa edilərək 2 ədəd süni göl yaradılmışdır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işlərinin aparılması və süni göllərin yaradılması qanunazidd olduğundan Mingəçevir şəhəri ərazisində yerləşən 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması imkan xaricindədir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-1016/2018 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia təmin edilmiş, xidmət haqqı və dövlət rüsumu iddiaçı "İddiaçı" MMC tərəfindən ödənildikdən sonra Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün "İddiaçı" MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X8 üzərinə qoyulması, iddiaçı "İddiaçı" MMCdən 60 manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasını xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-667/2018 saylı qərarı ilə sözügedən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. Bundan sonra cavabdeh sonuncu qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(102)-908/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-667/2018 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtiadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(107)-431/2019 nömrəli qərardadı ilə Mingəçevir şəhər bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmiş, işə aid olan sübutlar tələb edilmişdir. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndəsi X1 bildirdi ki, 2001-ci il tarixə Mingəçevir şəhər Bələdiyyəsinin mülkiyyətinə aid edilmiş torpaq sahələrinin yerquruluşu xəritəsindən çıxarışa əsasən mübahisli torpaq sahəsinin 4 hektar hissəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir. Ona görə də həmin fakt nəzərə alınmalıdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtiadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-431/2019 nömrəli qərarı ilə Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-1016/2018 saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün "İddiaçı" MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtiadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-431/2019 nömrəli qərarından iddiaçı "İddiaçı" MMC-nin direktoru Vəliyev Şahin Əlisahib oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3562/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtiadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-431/2019 nömrəli ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə yerində baxış keçirilən və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılan, həmçinin təqdim olunan sənədlər araşdırılan zaman məlum olmuşdur ki, elektron baza xəritəsinə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı ərazidə yerləşmişdir. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarı ilə göl balığını yetişdirmək üçün ayrılmış 10.61 ha torpaq sahəsinin 4 ha hissəsi Mingəçevir şəhər bələdiyyəsinin mülkiyyətində olmaqla, uqodiyası örüş olan kənd təsərrüfatlı torpaqlara, yerdə qalan 6.61 ha hissəsi isə dövlət su fondu torpaqlarına aiddir. Həmçinin baxış zamanı həmin torpaq sahəsinin üzərində 15x8 m ölçüdə bir mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi və 2 ədəd süni göl yaradıldığı da məlum olmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və 10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas olduğu üçün qeyri-yaşayış binalarına dair hüququ və texniki sənədlər tam şəkildə təqdim edilməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işlərinin aparılması və süni göllərin yaradılması qanunazidd olduğundan Mingəçevir şəhəri ərazisində yerləşən 10.61 hektar torpaq sahəsi üzərində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması qanuna müvafiq deyildir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2016-cı il tarixli 818 nömrəli Fərmanına uyğun olaraq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması həyata keçirilməlidir. Ona görə də, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-1016/2018 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X3 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2-1(84)- 1016/2018 saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC, üçüncü şəxslər Mingəçevir şəhər bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Həmin sübutlara Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarı, xx.xx.1988-ci il tarixli 360 №-li və xx.xx.1991-ci il tarixli 856 №-li qərarları, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********36 nömrəli məktubu, mütəxəssis rəyi, torpaq sahəsinin planı, DƏDRX-nin 17 saylı X8 xx.xx.2018-ci il tarixli **********04 nömrəli məktubu, xx.xx.2017-ci il tarixli **********60 nömrəli etirazı, Mingəçevir şəhər Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 1316 nömrəli məktubu, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli **********29 nömrəli məktubu və həmin məktuba əlavə edilən texniki sənədlər aiddir. Əsaslandırma hissəsi Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-1016/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Birinci instansiya məhkəməsi iddianı haqlı olaraq mahiyyəti üzrə də əsaslı hesab etmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3562/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtiadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-431/2019 nömrəli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki,iddia tələbi 10,61 ha torpaq sahəsinə iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və ona bu barədə reyestrdən çıxarış verilməsindən ibarətdir. İddiaçı öz tələbini həmin torpaq sahəsinin ayrılmasını Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 1988-ci il 22 sentyabr tarixli 323 nömrəli qərarı ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Oxşar məzmunlu müddəa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdir. Beləliklə, iddiaçının qeyd edilən normalardan və İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququnun müəyyən edildiyi halda, məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuniliyini yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2019-cu il 10 aprel tarixli 2-1(102)-908/2019 nömrəli qərarında da apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin səbəblərindən bir kimi məhz inzibati orqanın imtinasının qanuniliyinin məhkəmələr tərəfindən araşdırılmaması olmuşdur. Apellyasiya instansiyası məhkəməsi torpağın hüquqi statusunu, ilk növbədə onun istifadəyə verildiyi vaxtda qüvvədə olan qanuna əsasən yoxlamalı, yalnız bundan sonra, istifadə müddətində torpağın statusunun qanunla müəyyən edilmiş qaydada dəyişdirilməsinin baş verdiyi halda, tərəflərin dəlillərini torpağın mövcud statusuna uğun olaraq yoxlamalı və qiymətləndirməli idi. İşdə olan mütəxəssis rəyinə görə, İddiaçı MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsinin 4 ha hissəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası örüşdür... Torpaq sahəsinin qalan 6,61 ha hissəsi dövlət su fondu torpaqlarına aid olmaqla axmaz ərazisinə düşür (İ cild, iş v.34-36). Mingəçevir şəhər XDS İK-nin 1988-ci il 22 sentyabr tarixli 323 nömrəli qərarında qeyd edilən torpaq sahəsi həmin normaların tələblərinə uyğun olaraq iddiaçının istifadəsinə verilmişdir (iddiaçı da həmin torpaq sahəsi üzərində məhz istifadə hüququnun qeydə alınmasını tələb edir). Həmin qərarın qüvvəsi, mötəbərliyi (qanuna uyğunluğu) və iddia olunan torpaq sahəsinin koordinatlarının həmin qərarla ayrılan torpaq sahəsinə uyğunluğu qəbul edildikdə, qərarın qəbul edildiyi vaxtda ayrılan torpaq sahəsinin onun ayrılma məqsədinə və təyinatına uyğunluğu da qəbul edilməlidir. Bunun əksini, habelə torpağın təyinatının sonradan qanunla müəyyən edilmiş qaydada dəyişdirildiyini cavabdeh sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd edir ki, “...qanunvericiliyin tələbinə görə, iddiaçının müvafiq torpaq sahəsi üzərində istifadə hüququnun yaranması üçün əsas mülkiyyətçinin razılığıdır. İddiaçı ilə Mingəçevir Bələdiyyəsi arasında mübahisə predmeti olan torpaq sahəsinin müvafiq hissəsi ilə bağlı hər hansı bir hüquq münasibəti mövcud deyildir.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, iddia olunan torpaq sahəsi iddiaçıya mülkiyyətçinin (dövlətin) razılığı və qərarı ilə verilmişdir. Hətta həmin torpaq ərazisinin sonradan bələdiyyə torpaqlına aid edilməsi vəziyyəti iddiaçının zərərinə dəyişmir. Belə ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur (Mülki Məcəllənin 158.2-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, “...mübahisəli torpaq sahəsinin su fonduna aid hissəsi bataqlıq vəziyyətində olmaqla istifadəsiz olmaqla təyinatına uyğun istifadə edilmir.”. Apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırmasının hazırkı mübahisə ilə heç bir bağlılığı yoxdur. Belə ki, torpaqdan təyinatı üzrə istifadə edilib-edilmədiyi torpaq sahəsinin mülkiyyətçisi ilə istifadəçisi arasında yaranmış torpaqdan istifadəyə dair münasibətlərə aiddir və cavabdeh inzibati orqan həmin münasibətlərin subyekti deyil. Çünki inzibati orqanın həmin torpaq sahəsinə hər hansı əmlak maraqları (hüquqları) yoxdur. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Torpaq sahəsinin ayrıldığı vaxtda qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 153-cü maddəsinə əsasən, sututarların (çaylar, göllər, dəryaçalar, kanallar, daxili dənizlər, məhəlli sular və i. a.), buzlaqların, hidrotexnika və digər su təsərrüfatı qurğularının yerləşdiyi torpaqlar, habelə sututarların sahilləri boyunca zolaqlar üçün, mühafizə zonaları və sair üçün ayrılan torpaqlar dövlət su fondu torpaqları hesab edilir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən, dövlət su fondu torpaqları bu Məcəllənin 13, 18 — 20 və 47 — 51-ci maddələri ilə müəyyən edilmiş qaydada istifadəyə verilir. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən, X9 X6 Sovetinin İcraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə, həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Məhkəmə kollegiyasına görə, birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, Mingəçevir şəhər XDS İK-nin dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarı həmin torpaq üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Halbuki, cavabdeh tərəfindən iddiaçıdan müvafiq sənədlərin təqdim edilməsinin tələb olunması “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun “Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi” adlanan 10-cu maddəsinin tələbləri ilə ziddiyyət yaradır. Kollegiya yuxarıda qeyd edilən işin hallarını, qanunvericilik normalarını, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 323 nömrəli qərarına əsasən göl balığı yetişdirmək üçün "İddiaçı" MMC-yə ayrılmış 10,61 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-1016/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-148/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-148/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver