Məhkəmə qərarları › İş №2-1(107)-148/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-148/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-148/2021 05.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "64 yaş 6 ayı tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1031/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1955-ci ildə Zaqatala şəhərində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək və xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək X3 Zaqatala istehsalat kombinatında, xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək "Nord" Elmi-İstehsalat Birliyində, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək "Nord" Elmi-İstehsalat Birliyinin "xxxx-Zaqatala" icarə müəssisəsində işləmişdir. İddiaçı xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının "xxxx-Zaqatala" icarə müəssisəsinə aid iş stajının yoxlanılması tələb olunur, həmin müəssisənin uzun müddət fəaliyyəti olmadığına və müəssisənin maliyyə-uçot sənədləri Zaqatala rayon dövlət arxivinə təhvil verilmədiyinə görə isə yoxlanılması mümkün olmamışdır. İddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajının düzgünlüyünün yoxlanılması mümkün olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "64 yaş 6 ayı tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası tamamilə qanunsuzdur. Çünki onun ümumi iş stajı 27 il 9 ay 13 gündür. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Bundan sonra cavabdeh məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli **********7 nömrəli arayışda bildirmişdir ki, "Nord" Elmiİstehsalat Birliyinin "xxxx- Zaqatala" icarə müəssisəsi Dövlət Sosial Müdafiə Fondu Zaqatala rayon şöbəsində məcburi dövlət sosial sığorta ödəyicisi kimi xx.xx.1993-cü ildən qeydiyyatda olmuş, xx.xx.1997-ci ilədək fəaliyyəti olmuş və həmin tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Həmin müəssisənin xx.xx.1997-ci ildən fəaliyyəti olmadığı səbəbindən məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək və xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək X3 Zaqatala istehsalat kombinatında, xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək "Nord" Elmiİstehsalat Birliyində, xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək "Nord" Elmi-İstehsalat Birliyinin "xxxx-Zaqatala" icarə müəssisəsində işləmişdir. İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, "Nord" Elmi-İstehsalat Birliyinin "xxxx-Zaqatala" icarə müəssisəsi Dövlət Sosial Müdafiə Fondu Zaqatala rayon şöbəsində məcburi dövlət sosial sığorta ödəyicisi kimi xx.xx.1993-cü ildən qeydiyyatda olmuş, xx.xx.1997-ci ilədək fəaliyyəti olmuş və həmin tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Həmin müəssisənin xx.xx.1997-ci ildən fəaliyyəti olmadığı səbəbindən məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1031/2020 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia təmin edilmiş, İddiaçı 64 yaş 6 ayı tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 1031/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik şəxsinin 16 saylı regional ərazi filialına (əvvəlki Zaqatala rayon filialı) qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “64 yaş 6 ayı tamam olduğu 01.01,2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1031/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, göstərilən illər sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Hesab edirlər ki, Səki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1031/2020 saylı qərarı əsassız olduğundan ləğv edilməli, is üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. AR İnzibati Prosessual Məcəllənin 12.1 -ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi hərtərəfli araşdırmamış, qərarında bir sıra qanunvericilik aktlarına və işdə olan materiallara istinad etməklə kifayətlənmiş, İPM-nin 12-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinə görə işi hərtərəfli araşdırmağa borclu olduğu halda bunu etməmişdir. Əvvəla onu qeyd etmək istərdim ki, İddiaçı iddia tələbinə dair məhkəmə işinin mübahisələndirilən halı iddiaçının “Nord” X4 “xxxx” X1 xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi iş illəridir. İddiaçı xx xxxx 1955-ci ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda - xx xxxxxx 2020-ci il tarixdə yaranmışdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə xx xxxxxx 2020-ci il tarixdə müvafiq filiala müraciət etmişdir. Filial tərəfindən məktubunda iddiaçının “Nord” X4 “xxxx” X1 xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbindən iddiaçıya imtina cavabı verilmişdir. İddiaçının digər iş illəri isə işin mübahisələndirilməyən halıdır. Belə ki, İddiaçı mübahisələndirilən illər istisna olmaqla 17 il 6 ay 2 gün iş stajı və 2 il 23 gün hərbi xidmət müddəti daxil olmaqla ümumilikdə 19 il 6 ay 25 gün ümumi iş stajı mövcuddur. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta staj olduqda iddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı mübahisələndirilən xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixinə iş stajının qarşılıqlı araşdırılması məqsədilə məhkəmə tərəfindən verilmiş sorğuya AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin 16 saylı regional ərazi filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilir ki, “Nord Elmi” İstehsalat birliyi “Tala Car” Zaqatala icarə müəsisəsi Zaqatala rayon şöbəsində məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olub. xx.xx.1997-ci il tarixədək fəaliyyəti olmuş və həmin tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəmiş, xx.xx.1997-ci il tarixdən fəaliyyəti olmadığı səbəbindən məcburi dövlət sosial sığorta haqlarını ödəməmişdir. Göründüyü kimi əvvəlki qanunvericiliklə yanaşı hazırda qüvvədə olan qanunvericilik də şəxslərin əmək pensiyası almaq hüququna malik olmalarını bilavasitə işlədiyi müddətdə sığortalı (işəgötürən) tərəfindən onun xeyrinə DSMF-yə sığorta haqlarını (məcburi dövlət sosial sığorta haqqı) ödənilməsi şərti ilə yol verilir. Əksi təqdirdə əgər iddiaçının işlədiyi müəsisələrdə onun xeyrinə sığorta haqları DSMF-yə ödənilmirsə, o zaman həmin iş iləri sığorta stajına daxil edilə və ona pensiya ödənilə bilməz. Beləliklə, mübahisələndirilən iş illəri olan xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixlərinin məcburi dövlət sosial sığorta haqqı ödənilən xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək staja daxil edilə bilər. Bu zaman isə sığorta stajı 23 il 6 ay 25 gün yəni 25 ildən az olmuş olur. Odur ki, Şəki inzibati Məhkəməsinin 2-1(116)-1031/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1031/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1031/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi aşağıdakı hallara görə iddianı əsaslı hesab etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə, iddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajının düzgünlüyünün yoxlanılması mümkün olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. İddiaçı öz iddia ərizəsində pensiya hüququnun pensiya kapitalına deyil, sosial sığorta stajına əsasən yarandığını bildirdiyinə görə, məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bilmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin ikinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin maddənin səkkizinci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göstərilən Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalardan göründüyü kimi, iddiaçının "Nord" Elmi-İstehsalat Birliyinin "xxxx-Zaqatala" icarə müəssisəsində işlədiyi müddətdə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə, şəxsin xx.xx.2002-ci ilədək işləməsi barədə əmək kitabçasında olan qeyd həmin müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayətdir. Həmin normalara görə, xx.xx.2002-ci ildən sonrakı iş müddətinin sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunsa da, həmin günədək olan staja münasibətdə belə bir tələb yoxdur. Belə olan halda, şəxsin xx.xx.2002ci ilədək işlədiyi iş yerində əmək haqqı alıb-almamasının, eləcə də onun işlədiyi müəssisə tərəfindən sosial sığorta haqqı ödənilib-ödənilməməsinin həmin müddətin işçinin sığorta stajına daxil edilməsinə heç bir təsiri yoxdur. İddiaçının "Nord" Elmi-İstehsalat Birliyinin "xxxx-Zaqatala" icarə müəssisəsində işlədiyi müddət istisna olmaqla əmək kitabçasında göstərilən qalan müddətlər cavabdeh tərəfindən mübahisələndirilmir, məhkəmə də həmin müddətlərin sığorta stajına daxil edilməməsi üçün heç bir səbəb görmür. Həmin müddət ümumilikdə 17 il 6 ay 2 gün təşkil edir. İddiaçı keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 23 gün müddət "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə uyğun olaraq, onun sığorta stajına daxil edildikdə, əvvəlki müddətlə bunun cəmi (17 il 6 ay 2 gün + 2 il 23 gün) 19 il 6 ay 25 gün təşkil edir. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək "Nord" Elmi-İstehsalat Birliyinin "xxxx-Zaqatala" icarə müəssisəsində işlədiyi müddətə gəldikdə isə, həmin müəssisənin hüquqi şəxs kimi qeydiyyata alınması tarixini müəyyən etmək mümkün olmasa da, cavabdehin öz arayışı ilə müəssisənin xx.xx.1993-cü il tarixdən etibarən DSMF-nin Zaqatala rayon şöbəsində məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olması müəyyən edilmişdir. Deməli, müəssisə həqiqətən mövcud olmuş və fəaliyyət göstərmişdir. İcarə müəssisəsinin mövcud olması Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Üfüq" İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsindən alınmış xx.xx.2020-ci il tarixli 11/138 nömrəli və xx.xx.2020-ci il tarixli 12/204 nömrəli məktublarla, eləcə də həmin məktuba əlavə edilmiş xx.xx.1997-ci il tarixli 131 nömrəli əmrlə də təsdiq edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə, xx.xx.2002-ci ilədək müəssisə tərəfindən sosial sığorta haqqının ödənilməməsi işçinin həmin günədək işlədiyi müddətin onun sığorta stajına daxil edilməsinə mane olmadığı üçün iddiaçının "xxxx-Zaqatala" icarə müəssisəsində işlədiyi müddətin son tarixinədək sığorta stajına daxil edilməsi qanunidir. Bu müddətin başlanğıcı həmin müəssisənin qeydiyyata alınması barədə məlumatın aid olduğu xx.xx.1993-cü il tarixdən hesablansa belə, bu müddət (7 il 5 ay 28 gün) yuxarıda göstərilən mübahisələndirilməyən müddətlə (19 il 6 ay 25 gün) toplandıqda, alınan rəqəm 25 ildən artıq olar. Bu isə iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək üçün kifayətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1031/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar