Məhkəmə qərarları › İş №2-1(107)-148/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-148/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-148/2022 26.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon İcra Hakimiyyəti aparatının 02.02.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli **********87 saylı imtina aktının ləğvi edilməsi, Göyçay rayon İcra Hakimiyyəti Aparatının 02.02.2015-ci il tarixli 69 saylı icazə məktubundan yaranan hüquqi münasibətlərin tanınması, Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Göyçay rayon İcra Hakimiyyəti aparatının 02.02.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 13.01.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən müvafiq olaraq 0.0097 ha və 0.00562 ha torpaq sahələri iddiaçının tam xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu tikilinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətində olması, tikilinin inşası üçün Göyçay RİHB-nin icazəsinin olması, tikilinin memarlıq-planlaşdırma bölməsinin tərtib edilməsi və Göyçay RİH tərəfindən istismara qəbul edilməsi ilə əsaslandırmışdır. Cavabdeh müraciətin təmin olunmasından imtinasını qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarın yox, Göyçay RİH-nin məktubunun təqdim edilməsi, Göyçay rayon İHB-nın 10.05.2019-cu il tarixli, 17 №-li tikinti obyektinin istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi, qeyri-yaşayış binasının qərb hissəsindən 5.70 metr məsafədən 10kV-luq yüksək gərginlikli hava elektrik xəttinin keçməsi və qeyri yaşayış binası həmin xəttin mühafizə zolağında yerləşməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: "xxxx" ASC “Mərkəzi Aran” regional Enerji Təchizatı və satış İdarəsi Göyçay Elektrik şəbəkəsinin 29.12.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının 5.7 metr məsafəsindən 110/35/10kV-luq Göyçay y/st-dan qidalanan 10 kV-luq iki dövrəli 6-cı şəhər və RRS-7 hava xətləri keçir.10 kV-luq 6-cı şəhər hava xətti işlək vəziyyətdə, RRS-7 hava xətti isə işlək vəziyyətdə deyildir. Qeydiyyatın aparılmasına etiraz edilmir. X2 Agentliyi Kürdəmir filialının 04.11.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinin ön divarına paralel şəkildə avtomobil yolunun kənarı ilə 10 kV-luq ikidövrəli hava elektrik veriliş xətti keçir. İkidövrəli xəttin sol tərəfində olan (avtomobil yoluna tərəf) 10kV-luq “RRS-7” hava xətti şəbəkədən açıqdır və hazırda istismarda deyildir. İkidövrəli xəttin sağ tərəfində yerləşən (obyektə tərəf) 10kV-luq “6-cı şəhər” hava xəttinin kənar naqillərinin yer səthindəki proyeksiyasından (şaquli müstəvidən) sözügedən obyektin çöl divarınadək olan məsafənin təqribən 5.2 m, obyektin giriş (ön) hissəsinin dam örtüyünədək olan məsafənin isə təqribən 3.2m olması müəyyən olunmuşdur. Vətəndaşa məxsus obyektin ön tərəfinin təqribən 4.8m (xəttə paralel) hissəsi ərazidən keçən 10 kVluq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda müəyyən olunur ki, sözügedən 10 kV-luq hava xəttinin mühafizə zonasında onlarla fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri mövcuddur. Göyçay rayon İcra Hakimiyyətinin 02.02.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçıya Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda mülkiyyətində olan torpaq sahəsində müasir üslubda tərtib edilmiş layihə əsasında 14mx7m ölçüdə 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma layihəsindən görünür ki, müvafiq qeyri-yaşayış sahəsinin layihəsi Göyçay rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılaraq möhürlə təsdiq edilmişdir. 16.10.2020-ci il tarixli 004141 №-li istismara hazırlıq aktından görünür ki, tikintinin başlanması tarixi 15.02.2015-ci il, tikintinin qurtarması tarixi isə 20.12.2015-ci il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri olaraq: 1 mərtəbəli binanın ümumi sahəsi 98.0 kv.m, tikintialtı sahəsi 115.4 kv.m, həcmi 550.0 kub.m göstərilmişdir. 10.05.2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. ********** qeydiyyat nömrəli, 18.08.2020-ci il tarixli və ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli çıxarışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən müvafiq olaraq 0.0097 ha və 0.00562 ha torpaq sahələri iddiaçının tam xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 12.04.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. cavabdeh tərəfindən təqdim edilən 21.02.2022-ci il tarixli rəydən görünür ki, inşa olunmuş qeyri-yaşayış binasının bir hissəsi – 56.64 kv.m tikintialtı sahəsi – 0.0097 ha torpaq sahəsi üzərində inşa olunmuşdur. İnşa olunan qeyri yaşayış binası vətəndaşa məxsus, **********52 və **********74 reyestr nömrəli 0.0097 ha və 0.00562 ha torpaq sahələrinin üzərində inşa olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 09 mart 2022-ci il tarixli, 2- 1(116)-80/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon İcra Hakimiyyəti aparatının 02.02.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarının ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, , Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası üçüncü şəxs Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdeh DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən müvafiq olaraq 0.0097 ha və 0.00562 ha torpaq sahələri iddiaçının tam xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu tikilinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətində olması, tikilinin inşası üçün Göyçay RİHBnin icazəsinin olması, tikilinin memarlıq-planlaşdırma bölməsinin tərtib edilməsi və Göyçay RİH tərəfindən istismara qəbul edilməsi ilə əsaslandırmışdır. Cavabdeh müraciətin təmin olunmasından imtinasını qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarın yox, Göyçay RİH-nin məktubunun təqdim edilməsi, Göyçay rayon İHB-nın 10.05.2019-cu il tarixli, 17 №-li tikinti obyektinin istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi, qeyri-yaşayış binasının qərb hissəsindən 5.70 metr məsafədən 10kV-luq yüksək gərginlikli hava elektrik xəttinin keçməsi və qeyri yaşayış binası həmin xəttin mühafizə zolağında yerləşməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair bağçılıq pasportu hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Cavabdeh orqanın verdiyi apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qeyriyaşayış binasının qərb hissəsinidən 5.70 metr məsafədən 10 kv-luq yüksək gərginlik hava elektrik xətti keçir və qeyri-yaşayış binası həmin xəttin mühafizə zolağında yerləşir. Birinci instansiya məhkəməsi qeyri-yaşayış binasını yüksək gərginlik hava elektrik xəttin mühafizə zolağında yerləşməsi dəlilinə qeyri-obyektiv qiymət verərək məhkəmə qeyd etmişdir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Lakin birinci instansiya məhkəməsi iddia predmetinin torpaq sahəsi deyil, qeyriyaşayış binasının olmasını nəzərə almamışdır. Belə ki, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 2-ci bəndinə əsasən, bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydanın 5-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır, a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq. Həmin Qaydanın 9-cu bəndinə əsasən, hüquqi və fiziki şəxslər gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonasında zədələnməyə gətirə bilən hər hansı işləri (partlayış, tikinti və s.) apararkən, işlərə başlamazdan 3 gün əvvəl elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdırmalı və bu işləri yerinə yetirən zaman həmin şəbəkələrin qorunmasını təmin edən tədbirlər görməlidirlər. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonaları daxilində həmin xətlərin mühafizəsini təmin etməklə işlərin aparılması Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları” ilə) müəyyən edilir. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir. Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV >l<20 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30 Həmin Qaydanın 12-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır. a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qeyri-yaşayış binası yüksək gərginlik hava elektrik daşıyıçısının mühafizə zolağı altındadır. İşdə olan 25 yanvar 2016-cı il tarixli Aktda komissiaya üzvü olan Göyçay rayon Paylayıcı Elektrik şəbəkəsinin rəhbəri sahibkarlıq fəaliyyəti ilə nəşğul olmaq üçün İddiaçı şəhərin Ə.Kərimov küçəsi 56 saylı ünvada mülkiyyətdə olan sxem üzrə 14 m x 7 m ölçüdə 1 mərtəbələi qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi məqsədə müvafiq hesab etsə bu qanuna zidd olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(116)-80/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon İcra Hakimiyyəti aparatının 02.02.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar