Məhkəmə qərarları › İş №2-1(107)-148/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-148/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-148/2024 08.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “iddiaçının həqiqətən anadangəlmə ciddi xəstəliklərinin tibbi arayışlarla təsdiq olunduğunu, 2011-ci ildəki Kliniki diaqnoz əsasə xəsətlik: sol bud-çanaq oynağının kontrakturası, 6-7 sm qısalığı, koksartroz 3-4-cü mərhələsi, bronxial astma, qarşışıq forma, orta ağır gedişli, kəskinləşmə 3-cü mərhələsi, yanaşı gedən xəstəliklər: Dəmir defisitli anemiya, təngnəfəslik, boğulma, halqıslıq, çətin bəlğəm gəlişi, başağrısı Kolkulyar xolesistit, tibb rəylərinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və “Əlilliyin müəyyən olunması meyarları”nın tələblərinə müvafiq olaraq XBT10 üzrə S72.1, M16.0, Q65.8, M21.7, R52.2, R26.8 kodu ilə 2021-2022-2023-cü illərdə, bu gün də eynən həmin rəy verildiyini, vəziyyətinin daha da pisləşdiyini, iddiaçının təqsiri olmadan xx.xx.2021-ci ildən cavabdehlər tərəfindən 6 aylıq müddətin qəsdən ötürüldüyünü, süni süründürməçiliyə məruz qaldığını nəzərə alaraq, xx.xx.2021-ci il tarixdən əlillik qrupunun ömürlük 1-ci qrup təyin olunmasına, xx.xx.2021-ci ilədək iddiaçıya ödənilmiş, əsassız və qanunsuz dayandırılmış sosial müavinətin bərpa edilməsinə və ödənilməsinə məcburetmə barədə ədalətli, əsaslı və qanuni qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-1(116)-2850/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının həqiqətən anadangəlmə ciddi xəstəliklərinin tibbi arayışlarla təsdiq olunduğunu, 2011-ci ildəki Kliniki diaqnoz əsasə xəsətlik: sol bud-çanaq oynağının kontrakturası, 6-7 sm qısalığı, koksartroz 3-4-cü mərhələsi, bronxial astma, qarşışıq forma, orta ağır gedişli, kəskinləşmə 3-cü mərhələsi, yanaşı gedən xəstəliklər: Dəmir defisitli anemiya, təngnəfəslik, boğulma, halqıslıq, çətin bəlğəm gəlişi, başağrısı Kolkulyar xolesistit, tibb rəylərinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və “Əlilliyin müəyyən olunması meyarları”nın tələblərinə müvafiq olaraq XBT-10 üzrə S72.1, M16.0, Q65.8, M21.7, R52.2, R26.8 kodu ilə 2021-2022-2023-cü illərdə, bu gün də eynən həmin rəy verildiyini, vəziyyətinin daha da pisləşdiyini, iddiaçının təqsiri olmadan xx.xx.2021-ci ildən cavabdehlər tərəfindən 6 aylıq müddətin qəsdən ötürüldüyünü, süni süründürməçiliyə məruz qaldığını nəzərə alaraq, xx.xx.2021-ci il tarixdən əlillik qrupunun ömürlük 1-ci qrup təyin olunmasına, xx.xx.2021-ci ilədək iddiaçıya ödənilmiş, əsassız və qanunsuz dayandırılmış sosial müavinətin bərpa edilməsinə və ödənilməsinə məcburetmə barədə ədalətli, əsaslı və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçıya xx.xx.2023-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında şifahi şəkildə hüquqi yardım göstərərək iddiaçıya bildirilmişdir ki,iddianın ikinci hissəsi birinci hissədən asılı olmaqla mümkünlük şərtlərinə cavab vermir.

3. Həmçinin, iddiaçıya izah olunmuşdur ki, “öhdəliyin icrası haqqında” iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İddiaçının həmin tələblə bağlı müvafiq müraciətinin olmadığı iş materialları ilə təsdiq olunur.

4. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 noyabr 2023-cü il tarixli 2- 1(116)-2850/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır .

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-1(116)-2850/2023 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

15. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

16. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

17. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

18. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında şifahi şəkildə hüquqi yardım göstərərək hazırkı iddia tələbinin iki hissədən ibarət olduğu izah edilmişdir. İddia tələbinin birinci hissəsinə əsasən iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin verilməsini, ikinci hissəsinə əsasən həmin inzibati orqana qarşı “xx.xx.2021-ci ilədək iddiaçıya ödənilmiş, əsassız və qanunsuz dayandırılmış sosial müavinətin bərpa edilməsinə və ödənilməsinə məcburetmə barədə” ədalətli, əsaslı və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddianın ikinci hissəsi birinci hissədən asılı olmaqla mümkünlük şərtlərinə cavab vermir. Belə ki, sosial müavinətin bərpa edilməsinə və ödənilməsinə cavab verməli inzibati orqanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olmadığı, həmin hissədə cavabdeh inzibati orqanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olduğu ona izah olunmuşdur.

20. Həmçinin, iddiaçıya izah olunmuşdur ki, “öhdəliyin icrası haqqında” iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İddiaçının həmin tələblə bağlı müvafiq müraciətinin olmadığı iş materialları ilə təsdiq olunur. Bununla belə iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1 və 1.2-ci bəndlərinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növündən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “xx.xx.2021-ci ilədək iddiaçıya ödənilmiş, əsassız və qanunsuz dayandırılmış sosial müavinətin bərpa edilməsinə və ödənilməsinə məcburetmə barədə” hissəsi düzgün cavabdehə qarşı yönəlmədiyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbinə cavab verməli orqan olmadığından iddia mümkün sayılmamalıdır.

24. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya zəruri hüquqi yardım göstərilmişdir.

25. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-1(116)- 2850/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-1(116)-2850/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar