Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-149/2021 27.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması” tələblərinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020ci il tarixli, 2-1(116)-587/2020 nömrəli qərarından iş üzrə İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunması və 24.10.2019-cu il tarixli **********144923 nömrəli səyyar vergi yoxlaması haqqında aktın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə İddiaçı (VÖEN **********) 45 241.17 manat dəyərində əlavə vəsait və maliyyə sanksiyası tətbiq olunaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar İddiaçı MMC-də keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələri haqqında 24.10.2019-cu il tarixli **********144923 nömrəli akta və 03.12.2019-cu il tarixli **********1805500 nömrəli sənədə (sənədin məzmunu iddiaçıya məlum deyildir) əsasən qəbul edilmişdir. Bildirilir ki, bu Qərar vergi ödəyicisinin hüquqları və həmçinin qanunvericiliyin bir sıra tələbləri pozulmaqla qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən 15.09.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi daxil olmuş və “13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 24.11.2020-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra mətndə-ƏVİ və ya vergi orqanı) icraatda olan İddiaçı MMC-nin iddia ərizəsində irəli sürdüyü iddia tələbinə qarşı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə, aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, yoxlamanın aparılması müddəti lüzumsuz olaraq uzadılmış və yoxlama bir neçə dəfə dayandırılmışdır. Eləcə də bildirmişdir ki, yoxlama müddətinin uzadılması barədə vergi orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilməmiş və səyyar vergi yoxlamasının keçirilməsi, həmçinin yoxlama müddətinin dayandırılması, uzadılması barədə qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Qeyd olunan hallarla əlaqədar bildiririk ki, vergi ödəyicisinin rəhbəri tərəfindən səhhətində yaranmış problemlərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi ilə bağlı müxtəlif tarixli ərizələrlə səyyar vergi yoxlamasının dayandırılması barədə vergi orqanına müraciət olunmuş və məhz həmin müraciətlər əsasında vergi yoxlaması əsaslandırılmış qərarlarla bir neçə dəfə dayandırılmışdır. Həmçinin keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddəti əsaslandırılmış şəkildə müvafiq qərarlarla artırılmışdır. Bundan əlavə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.03.2018-ci il tarixli qərar və eləcə də yoxlamanın dayandırılması və uzadılması barədə bütün qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyatdan keçmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə vergi yoxlaması vergi orqanının əsaslandırılmış qərarına əsasən dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 45.1-ci maddəyə görə isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. İddiaçı bundan əlavə mənfəət vergisinin azaldılmasına görə hesablanmış 26976,56 manat verginin və həmin məbləğə tətbiq edilmiş 13488,28 manat maliyyə sanksiyası məbləğinin əsassız olduğunu, düzgün müəyyən edilmədiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, yoxlamanın gedişatı ilə bağlı bütün zəruri sənədlər vergi orqanına təqdim olunmuşdur. Qeyd olunanlarla bağlı bildiririk ki, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ilkin mühasibat sənədləri və digər zəruri sənədlər araşdırılarkən həmin sənədlərin yoxlama dövrü üzrə müəssisənin fəaliyyətini tam əhatə etmədiyi və müəssisənin xərclərinin uçothesabat sənədlərində tam əks etdirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərclərin tam əhatə olunmadığı və xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Məhz buna görə də Vergi Məcəlləsinin 83.9-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması” Qaydası əsasında vergilər hesablanmışdır (876734,10/ 120*20=146122,35*20%= 29224,47 29224,47-2247,91=26976,56). Bundan əlavə səyyar vergi yoxlamasının gedişatı ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən tam deyil, natamam qaydada vergi orqanına təqdim olunmuşdur (malların anbar uçot sənədi, mal-materialın istehsala silinməsi sənədləri və s. sənədlər yoxlamaya təqdim olunmamışdır). Yoxlama ilə əlaqədar “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 20.12.2018-ci il tarixli, **********172157 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında 26.12.2018-ci il tarixli, **********172901 nömrəli protokol tərtib edilmişdir. Lakin müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi sənədlərin götürülməsi prosesində iştirak etmədiyinə görə protokol 26.12.2018-ci il tarixli, **********219700 nömrəli məktubla rəsmi qaydada vergi ödəyicisinə göndərilmişdir. Həmçinin səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş 10.12.2019-cu il tarixli, **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar sifarişli poçtla 11.12.2019-cu il tarixdə müəssisənin hüquqi ünvanına göndərilmişdir. Göndərilmiş qərarda vergi ödəyicisinin şikayət etmək hüququnun qaydası və müddəti göstərilmişdir. Eyni zamanda hesab edirik ki, iddiaçının 24.10.2019-cu il tarixli, **********144923 nömrəli “Səyyar vergi yoxlaması haqqında aktın etibarsız hesab edilməsi” barədə iddia tələbi qanunvericilik baxımından əsaslı olmadığından mümkün sayılmamalıdır. Çünki tərtib olunmuş səyyar vergi yoxlaması aktı “İnzibati icraat” haqqında qanunun 2.0.2-ci maddəsinin tələbləri baxımından inzibati akt deyildir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, yoxlama qanunsuz aparılmışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 nömrəli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkəmə 24.11.2020-ci il tarixli qərarında iddia ərizəsində qeyd olunan halları araşdırmamış və hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə iddianın təmin olunmaması üçün əsas kimi qeyd etmişdir ki: “İddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə onun (iddiaçının) tərəfindən mübahisəli qərarla müəyyən olunmuş vergi məbləğinin (əsas borc) dövlət büdcəsinə ödənilməsini məhkəmə onun tərəfindən həmin borcun qanuniliyinin qəbul olunması kimi dəyərləndirir.” Bu zaman məhkəmə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 28.02.2020-ci il tarixli Q200299 nömrəli qərarına istinad etmişdir. Həmin qərara əsasən, vurulmuş ziyanın tamamilə ödəməsi ilə əlaqədar İddiaçı MMC-nin direktoru X2 barəsində cinayət işi, cinayət qanunun müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Cinayət Prosessual Məcəllənin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisələndirilən əlverişsiz inzibati aktın qanunsuz olması ilə bağlı iddia ərizəsində göstərilən hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, həmçinin iddia tərəfinin məhkəmə baxışı zamanı bildirdiyi halların heç biri qərarda əks etdirilməmiş və qiymət verilməmişdir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə əsasən, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iddianın təmin edilməməsi üçün yeganə əsas kimi “iddiaçının borcun qanuniliyini qəbul etməsi” oldğunu göstərmişdir. Mübahisələndirmə haqqında iddia zamanı iddiaçı onun hüquqlarını pozan əlverişsiz inzibati aktın qanunsuz olduğunu bildirərək onun ləğv edilməsini məhkəmədən xahiş edir. İnzibati aktın qanunsuz olması iddiaçının hərəkətləri əsasında deyil, yalmz qanunvericiliyin maddi və prosesual normalarına əməl edilib-edilməməsinin yoxlanılması əsasında müəyyən edilə bilər. İnzibati icraat haqqında Qanunun 67.1 -ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhz qanunvericliyin tələblərinə əsasən məhkəmə, ilk növbədə vergi borcu yaratmış inzibati aktın - 13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli Qərarının qanunvericiliyə uyğun qəbul edilib- edilmədiyini araşdırmalı və hüquqi qiymət verməli idi. İnzibati icraat üzrə münasibətlər mülki hüquq münasibətlərindən fərqli olaraq subyektiv faktorlara əsasən qiymətləndirilməməli, obyektiv cəhətdən nəzərdən keçirilməli, inzibati aktın qanuniliyi məhkəmə tərəfindən həmin akt əsasında ödəniş olunub-olunmamasmdan asılı olmayaraq yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddianın əsaslı olması üçün inzibati akt qanuna zidd olmalı və qanuna zidd olma ilə iddiaçının hüquqlarının pozulması arasında səbəbli əlaqə olmalıdır. Qanuna zidd olma formal hüquqi baxımdan və maddi hüquqi baxımdan yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia hələ mövcud olan əlverişsiz inzibati akta yönəlmişdir. Bu mənada, iddiaçı tərəfindən vergi borcunun ödənilməsi inzibati aktın qanunsuz olmasını aradan qaldırmadığı və inzibati aktı xitam etmədiyi kimi, bu qanunsuz akt nəticəsində iddiaçının pozulmuş hüquqularının bərpa edilməsi kimi qiymətləndirilə bilməz. Əksinə, əlverişsiz inzibati akt üzrə ödəmə etmiş iddiaçımn vəziyyəti daha da pisləşmiş olur. Sözügedən inzibati akt inzibati orqanın iddiaçıdan aldığı ödənişi özündə saxlaya bilməsi üçün hüquqi əsasdır və qüvvədədir. Daha əvvəl də qeyd olunduğu kimi, inzibati aktın qanunsuz olması yalnız onun qəbul edilməsi ilə əlaqədar prosessual və maddi hüquq normalarının qanuniliyinin yoxlanılması ilə müəyyən edilə bilər. Mülki hüquq münasibətləri üçün xarakterik olan öhdəliyin icra edilməsi ilə bağlı yanaşmanın ümumi hüquq sahəsi olan inzibati hüquq münasibətləri üçün tətbiq olunması, bununla da inzibati akt üzrə iddiaçı tərəfindən ödəniş edilməsinə əsaslanaraq məhkəmə tərəfindən inzibati aktın qanuniliyinin təsbit edilməsi yolverilməzdir. Qanunvericilikdə də bu mənada hər hansı norma və ya göstəriş mövcud deyildir, məhkəmənin də mövqeyinin heç bir normaya əsaslanmamış olması həmin mövqeyin qanunsuz olduğunu göstərir. Eyni zamanda bildiririk ki, qeyd olunan məsələ şifahi məhkəmə baxışı zamanı müzakirə olunan zaman yuxarıda göstərilən məzmunda məhkəməyə şifahi qaydada etiraz bildirilmiş, lakin bu etirazla bağlı məhkəmə qərarında heç bir xüsusat göstərilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı-MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020ci il tarixli, 2-1(116)-587/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə İddiaçı MMC məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İşə əlavə edilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 08.07.2020ci il tarixli **********477800 nömrəli məktubuna əlavə edilmiş 28.02.2020-ci il tarixli Q2000299 nömrəli qərarınan görünür ki, xeyli miqdar təşkil edən 30134,11 manat məbləğində vergilərin qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındığına görə İddiaçı direktoru X1 barəsində cinayət işinin başlanması bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir.Həmin qərarın təsviri hissəsindən müəyyən olunur ki, iddiaçı MMC-nin direktoru 28.02.2020-ci il tarixində ərizə ilə müraciət edərək, qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilərin dövlət büdcəsinə tam ödənildiyini nəzərə alaraq barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. İddiaçı 10.01.2020-ci il tarixində poçt vasitəsi ilə məhkəməyə müraciət etmiş, onun iddia ərizəsi 24.01.2020-ci il tarixində məhkəməyə daxil olmuş, buna baxmayaraq İddiaçı direktoru X2 məhkəmə müraciət etdiyi tarixdən 48 gün sonra özü mübahisələndirdiyi vergi məbləğini dövlət büdcəsinə ödəmişdir. İddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə onun tərəfindən mübahisəli qərarla müəyyən olunuş vergi məbləğinin (əsas borc) dövlət büdcəsinə ödənilməsini məhkəmə onun tərəfindən həmin borcun qanuniliyinin qəbul olunması kimi dəyərləndirir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-149/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-149/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver