Məhkəmə qərarları › İş №2-1(107)-149/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-149/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-149/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh orqanın **********3760 saylı 10 mart 2022-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1321/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh orqanın **********3760 saylı 10 mart 2022-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, ali təhsilli olmaqla Tibb Universitetini bitirmişdir. Tibbi fəaliyyətlə məşğul olmaq məqsədilə 2016-cı ildə Ağdaş şəhəri, H.Əliyev prospektində otaq əldə edərək və lazımi sənədləri toplayaraq aidiyyati üzrə cavabdehə müraciət etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 03 oktyabr 2016-cı il tarixdə cavabdeh 9 saylı Ərazi Vergilər idarəsində qeydiyyata alınaraq müvafiq şəhadətnamə almışdır. Fiziki şəxs kimi qeydiyyata alındıqdan sonra tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibbi fəaliyyətlə məşğul olmaq və vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım ləvazimatları əldə etdikdən sonra tibbi fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq, yəni lisenziya tələb olunduğundan fəaliyyət göstərməmişdir. Belə ki, vergi ödəyicisi kimi, fəaliyyəti 05 mart 2017-ci il tarixdə müraciəti əsasında 5 il müddətinə, yəni 05 mart 2022-ci il tarixədək dayandırılmışdır və bu cavabdeh orqanda qeydə alınmışdır. Fəaliyyət göstərmədiyinə görə yararsız hala düşməsin deyə obyektə nəzarət-kassa aparatı qoymamışdır.

3. Fəaliyyət göstərməməsi cavabdehə verdiyi rüblük hesabatlarla tam təsdiq olunur. Yəni ötən müddətdə həmin obyektdə tibbi fəaliyyətlə məşğul olmamışdır. Bu barədə, yəni fəaliyyətinin həmin müddətə dayandırılması cavabdeh orqanın elektron informasiya sistemindən çıxarış ilə təsdiq olunur. 26 yanvar 2022-ci il tarixdən sonra da həmin idarədə işlədiyini öyrəndiyi cavabdehin əməkdaşı həmin obyektə gələrkən fəaliyyət göstərmədiyi halda, obyektin qapısından içəri baxaraq çıxıb getmişdir. Həmin vaxt o, obyektdə tək olmuşdur və internet səhifəsində Azərbaycanda və dünyada baş verən hadisələrlə maraqlanmışdır. Bundan bir müddət sonra eşitmişdir ki, həmin əməkdaş onun həmin obyektdə olduğuna görə barəsində hansısa akt və ya protokol tərtib edərək aidiyyati üzrə baxılması üçün idarəyə təqdim etmişdir.

4. Cavabdehin 10 mart 2022-ci il tarixli qərarı ilə o, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna görə Vergilər Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur.

5. Cavabdeh orqan qərarını bununla əsalandırmışdır ki, o, 26 yanvar 2022-ci il tarixdə sahibkarlıq fəaliyyəti göstərdiyi Ağdaş şəhəri, H.Əliyev prospekti, 135 ünvanında yerləşən obyektdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı qərarının 8.3.16-cı bəndinin və əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına dair vergi qanunvericiliyinin tələblərini pozmuşdur. O, cavabdeh orqanın həmin qərarından narazıdır və hesab edir ki, qanunsuz olduğundan həmin qərar ləğv edilməlidir.

6. Belə ki, barəsində toplanmış materialın baxılması ilə əlaqədar ona işə baxılma yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə rəsmi qaydada məlumat verilməmişdir və işin baxılmasında iştirakı təmin olunmamışdır.

7. Həmin obyekt onun xüsusi mülkiyyətidir və həmin obyekt üzərində hüquqlarını istəyinə uyğun həyata keçirmək onun toxunulmaz və müdafiə olunan hüququdur, ona görə də iddiaçını bu hüququndan heç kim məhrum edə bilməz. O, istədiyi vaxt həmin obyektdə gələ və gedə bilər. Orada qanunlara zidd olmayan özünə aid hər hansı şəxsi işləri ilə məşğul ola bilər.

8. Cavabdeh orqanın əməkdaşı və ya əməkdaşları həmin obyektə gəlməmişlər, müşahidəçilərin iştirakı ilə obyektə baxış keçirməmişlər və onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını aşkar etməmişlər. Fəaliyyətini əks etdirən, yəni sübut edən foto və ya video çəkilişdən istifadə olunmamış, baxış zamanı protokol tərtib olunmamışdır. Fəaliyyət göstərib- göstərməməsilə bağlı protokolda müşahidəçi və onun barəsində qeydlər aparılmamış, izahatı alınmamış, ümumiyyətlə iştirakı ilə hər hansı formada akt və ya protokol tərtib olunmamış və imza etmək təklif olunmamışdır.

9. Cavabdeh xx.xx.2022-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır:

10. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********2451 nömrəli qərarına və xx.xx.2022-ci il tarixli, KY221709422 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanında yerləşən diş texniki kabinetində xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir.

11. Keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisi X2 tərəfindən pasiyentin dişi çəkilmiş və bunun müqabilində 12,0 (on iki) manat ödənilmiş pula görə NKA çekinin verilmədiyi aşkar edilmişdir. Araşdırma zamanı obyektdə ciddi hesabat blankından və ya nəzarət kassa aparatından istifadə edilmədiyi və bununla da əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən edilmişdir. Göstərilən qanun pozuntusunun nəticələri qanunamüvafiq qaydada xx.xx.2022-ci il tarixli DVX seriyalı 012456 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etdiyi üçün aktda qeydlər aparılmış və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir (akt etiraza əlavə olunur).

12. Vergi ödəyicisi İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmiş akt və eyni zamanda barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********540100 nömrəli vergi orqanına dəvət olunması haqqında bildiriş göndərilməsinə baxmayaraq (poçt qəbzi etiraza əlavə olunur), materiallara baxılmasında iştirak etməmiş və vergi orqanı tərəfindən onun iştirakı olmadan barəsində xx.xx.2022-ci il tarixli **********063200 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000,0 (min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

13. Vergi orqanı tərəfindən məsuliyyət qərarı və tələbnamə xx.xx.2022-ci il tarixli **********063200 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir (poçt qəbzi etiraza əlavə olunur).

14. İddiaçı ərizəsində vergi orqanının əməkdaşlarının həmin obyektə gəlmədiyini, baxışın keçirilmədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilmədiyini və onun iştirakı ilə heç bir protokol və ya akt tərtib olunmadığını göstərmişdir.

15. Vergi orqanının əməkdaşları tərəfindən vergi ödəyicisinə operativ vergi nəzarətinin keçirilməsi barədə qərarla və çıxarışla tanış olması və həmçinin aktı imzalaması təklif olunsa da o əməkdaşları obyektdən qovaraq heç bir qərarla tanış olmayacağını və heç bir sənədə imza atmayacağını kobud şəkildə bildirmişdir.

16. Vergi ödəyicisi tərəfindən fəaliyyətinin dayandırılmasına baxmayaraq keçirilmiş müşahidələr zamanı onun tərəfindən dəfələrlə pasiyentlərə xidmət göstərildiyi müəyyən edilmişdir.

17. Göstərilənlərdən də aydın olur ki, 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı tərəfindən qanunamüvafiq qaydada tərtib etdiyi akt əsasında xx.xx.2022-ci il tarixli **********3760 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı vergi orqanının nüfuzuna xələl gətirə bilən şər və böhtanlardan istifadə etməklə məsuliyyətdən yaxa qurtarmağa, ona tətbiq edilmiş maliyyə sanksiyası üzrə vəsaiti dövlət büdcəsinə ödəməkdən yayınmağa çalışır.

18. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış maliyyə sanksiyasını ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır.

19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsinin iclasında şahid X5 izahat verərək göstərmişdir ki, o, cavabdeh orqanın əməkdaşıdır və baş mühasib vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə onlar Ağdaşa tədbirə gedirdilər, dişi ağrıyırdı, müalicə olunası kimi deyildi o, dişi çürüdüyü üçün Gündüz həkimə müraciət etmiş, Gündüz həkim onun dişini müalicə etməmiş və dişini rentgenə salınması üçün göndərmişdir. Rentgen olunduqdan sonra o, təkrar həkimin yanına qayıtmış və həkim tərəfindən dişi çıxarılmışdır. O, həkimdən borcunun nə qədər olduğunu soruşmuş və həkim tərəfindən 10 manat ödənilməli olduğu bildirilmişdir. O, həkimə 20 manat ödəniş etmiş, həkim isə xırdasının olmadığını bildirərək ona 8 manat qaytarmışdır. Ödəniş edilən məbləğlə bağlı həkimdən qəbz verilməsini tələb etmiş, lakin ona qəbz verilməmişdir. Obyektdə ümumiyyətlə kassa aparatı yox idi. Bu zaman obyektdə növbədə gözləyən Röyal adlı şəxs də var idi. Həkimlə aralarında mübahisə yarandıqdan sonra həkim onu və digər əməkdaşı obyektdən çıxarmışdır. Baş vermiş mübahisənin şahidi Röyal adlı şəxs olmuşdur.

22. Daha sonra şahid Akif Sədirov ona verilmiş sualları cavablandırarkən izahatında göstərmişdir ki, Röyal adlı şəxsi xx.xx.2022-ci il tarixədək tanıyırdı. Belə ki, Röyal əvvəllər şadlıq evlərinin birində ofisiant işləyirdi və xx.xx.2022-ci il tarixdə mübahisə baş verərəkən həmin obyektdə olmuşdur. Röyalın növbəsini gözlədiyi yerdən həkimin otağının və baş vermiş hadisənin görülməməsi mümkün deyildir. Bununla belə tərtib edilmiş aktda nəyə görə Röyalın adının qeyd edilməməsinin səbəbini bilmir. O, həkimə dişinin çəkilməsi üçün mrüaciət edərkən obyektdə başqa müştəri yox idi.

23. Birinci instansiya məhkəməsinin iclasında şahid X3 izahat verərək göstərmişdir ki, Akif bəyi tanıyır və məhkəmə iclasından əvvəl Akif bəy ona baş vermiş və şahidi olduğu hadisə ilə bağlı məhkəmə iclasında şahid qismində izahat verməyi təklif etmiş və o da razılaşmışdır. İddiaçını əvvəllər tanımamış həkim olduğu üçün qəbuluna getmiş və xx.xx.2022-ci il tarixdə növbədə gözləyərkən ilk dəfə görmüşdür. Belə ki, o, dişinə plomb vurdurmaq üçün xx.xx.2022-ci il tarixdə həmin obyektdə növbəsini gözləyərkən içəridə Akif bəylə həkim arasında münaqişə olduğunu görmüşdür. Belə ki, Akif bəy həkimdən çek tələb edirdi.

24. Daha sonra şahid ona verilmiş sualları cavablandırarkən izahatında göstərmişdir ki, növbədə gözlədiyi obyektin içərisinin necə olmasını ümumiyyətlə xatırlamır, hadisə zamanı orada olsa da, cavabdeh orqanın tərtib etdiyi heç bir sənədə imza çəkməmişdir. Ümumiyyətlə həkimi görməmişdir. Əslində o, çöldə qapının yanında gözləmiş və içərini görməmişdir. Həkimin üzünü görməyib və həkimin əynində xalat olub-olmadığını bilmir. Güman edir ki, Akif bəyin münaqişəsi həkimlə ola bilərdi. Həkimi tanımır və məhkəmə iclasınadək ümumiyyətlə həkimin üzünü görməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

25. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 noyabr 2022-ci il tarixli 2- 1(116)-1321/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

26. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********2451 nömrəli qərarına və xx.xx.2022-ci il tarixli, KY221709422 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanında yerləşən diş texniki kabinetində xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisi X2 tərəfindən pasiyentin dişi çəkilmiş və bunun müqabilində 12,0 (on iki) manat ödənilmiş pula görə NKA çekinin verilmədiyi aşkar edilmişdir. Araşdırma zamanı obyektdə ciddi hesabat blankından və ya nəzarət kassa aparatından istifadə edilmədiyi və bununla da əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən edilmişdir. Göstərilən qanun pozuntusunun nəticələri qanunamüvafiq qaydada xx.xx.2022ci il tarixli DVX seriyalı 012456 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etdiyi üçün aktda qeydlər aparılmış və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsində proses zamanı dindirilmiş Akif Sədirov nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktının konkret şahidi olmuşdur (belə ki, məhkəmə prosesi zamanı iddiaçı özü də etiraf etmişdir ki, qeyd olunan şəxsin dişini çəkmişdir). Nağd pul hesablaşmalarının aparılması zamanı yaranan münasibətləri tənzimləyən istər Vegi Məcəlləsində, istərsə də “Dövlət vergi orqanı tərəfindən operativ vergi nəzarətinin keçirilməsi barədə” Qaydalarda müştəri qismində vergi orqanının əməkdaşının olmasını qadağan edən norma və ya göstəriş yoxdur. Akif Sədirovun verdiyi izahatla işin halları arasında heç bir ziddiyyət aşkar edilməmişdir. Belə ki, Akif Sədirov pasiyent qismində çıxış edən bir şəxs kimi vergi qanunvericiliyinin pozulması hallarını olduğu kimi proses zamanı qeyd etmiş, həkim tərəfindən rentgen müayinəsinə göndərildiyini, çəkilmiş dişə görə 12 manatın əvəzinə 20 manat ödədiyini, həkim tərəfindən isə ona 8 manat geri qaytarıldığını bir daha öz ifadəsində qeyd etmişdir, bu hərəkətlər iddiaçı tərəfindən də etiraf edilmişdir, lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)- 1321/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1321/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)- 1321/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

30. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli **********063200 nömrəli məsuliyyət qərarının və tələbnaməsinin göndərilməsi haqqında məktubundan görünür ki, 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən barənizdə tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 012456 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2022-ci il tarixli **********3760 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" Qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə iddiaçıya göndərilmiş, lakin “bü ünvanda yaşamır” qeydi icra edilməklə sözügedən sənədlər iddiaçıya çatdırılmamışdır. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3760 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə görə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə iddiaçı 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli **********035100 nömrəli fəaliyyətin dayandırılması haqqında məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə və yenidən rəsmi müraciəti əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2072-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyət vəziyyəti xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv olmuşdur. - xx.xx.2022-ci il tarixli Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi qanunvericiliyinə əməl olunması tövsiyyə olunmuşdur. - Operativ vergi nəzarətinin həyəta keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********2451 nömrəli qərarından görünür ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarətinin 1-ci dərəcəli müfəttiş X6 3-cü dərəcəli müfəttiş X5 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. - KY221709422 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq subyektinin adı İddiaçı (VÖEN **********), yoxlamanın müddəti xx.xx.2022 – xx.xx.2022, yoxlamanın növü – operativ vergi nəzarəti, yoxlamanın tipi – plandankənar (növbədənkənar) və digər məlumatlar qeyd edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

32. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

33. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarətkassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

35. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1321/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

37. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

38. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində 1000 manat maliyyə sanksiyasının hesablanması barədə qəbul edilən qərarın əsasını əhali ilə pul hesablaşmalarının aparılması zamanı pasiyentin dişini çəkmiş həkim tərəfindən dişi çəkilmiş şəxsə çek verilməməsi (ödənilmiş 12 manat pul məbləğinin müqabilində) təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin maddi hüquq normalarının tələbinə görə müvafiq vəzifəsinin qüvvəyə minməsi üçün nağd pul hesablaşmasının aparılması baş verməlidir. Hazırkı işdə vergi orqanı tərtib etdiyi aktda xx.xx.2022-ci il tarixdə saat 15:00-da operativ vergi nəzarəti zamanı iddiaçının pasiyentin dişini çəkməsini və 12 manat ödəniş edilməsinə baxmayaraq, ödənilmiş məbləğ müqabilində NKA çekinin müştəriyə təqdim edilməməsini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilməməsini göstərsə də, həmin akt yalnız onun tərtibində iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki, vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır.

42. Belə ki, “pasiyent” qismində çıxış edən şəxs - cavabdeh orqanın əməkdaşı, yəni operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********2451 nömrəli qərarın həyata keçirilməsi həvalə edilmiş X5 olmuşdur. Birinci instansiya məhkəməsinin iclasına Akif Sədirov şahid kimi dəvət edilərək izahatı alınmış, lakin sonuncunun verdiyi izahatla işin halları arasında zidiyyətlər aşkar edildiyindən, həmçinin, şahid Akif Sədirovun hazırkı iş üzrə cavabdehlə eyni hüquqi maraqları olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq Akif Sədirovun izahatını işin həqiqi hallarını müəyyən etməyə imkan verən mötəbər sübut olaraq qəbul etməmişdir.

43. Bundan başqa cavabdeh orqan iddiaçı tərəfindən yol verilmiş pozuntularla bağlı izahatının alınması üçün birinci instansiya məhkəməsinin iclasına şahid olaraq X1 təqdim etmişdir. X12 məhkəmə iclasında zidiyyətli ifadələr verərək əvvəlcə növbədə gözlədiyini, həkimlə Akif Sədirov arasında mübahisənin şahidi olduğunu və mübahisənin çeklə bağlı olduğunu bildirsə də, sonradan həkimi (iddiaçını) ümumiyyətlə görmədiyini, mübahisənin iddiaçı ilə Akif Sədirov arasında baş verməsini güman etməsini bildirmiş, mübahisənin baş verdiyi ərazini isə ümumiyyətlə heç bir sözlə təsvir və ifadə edə bilməmişdir. Həmçinin qeyd etmişdir ki, Akif bəy ona baş vermiş və şahidi olduğu hadisə ilə bağlı məhkəmə iclasında şahid qismində izahat verməyi təklif etdiyinə görə məhkəmə iclasına gəlmişdir.

44. Lakin, şahid Akif Sədirov izahatında bildirmişdir ki, Röyal adlı şəxsin növbəsini gözlədiyi yerdən həkimin otağının və baş vermiş hadisənin görülməməsi mümkün deyildir və həmin vaxt Röyal adlı şəxs orada olduğuna görə məhkəməyə şahid qismində gəlməsini xahiş etmişdir.

45. İş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə cavabdeh orqan tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında, o cümlədən iddiaçı tərəfindən obyektin daxilində aktın tərtib edilməsinə imkan verilməməsi ilə bağlı aktlar tərtib edilmiş, lakin tərtib edilmiş aktlar yalnız Akif Sədirov və Babək Mahmudov tərəfindən imzalanmış, tərtib edilmiş heç bir aktda Röyal Sadıqovun adı qeyd edilməmiş və sonuncu tərəfindən imzalanmamışdır.

46. Müvafiq aktın tərtib edildiyi tarixdən (xx.xx.2022) 10 ay keçdikdən sonra aktın tərtib edilməsi zamanı Röyal Sadıqovun orada olduğunu xatırlayan Akif Sədirov, akt tərtib edilərkən Röyal Sadıqovu hal şahidi kimi qeyd etməməsini əsaslandıra bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq Röyal Sadıqovun izahatını da işin həqiqi hallarını müəyyən etməyə imkan verən mötəbər sübut olaraq qəbul etməmişdir.

47. Nəticədə vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir

48. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli 2-1(102)- 1079/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

49. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, bunu etməmiş və bununla da qanunsuz inzibati akt qəbul etmişdir.

50. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1321/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar