Məhkəmə qərarları › İş №2-1(107)-15/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-15/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-15/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozun ayırdığı 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli 2-1(116)- 584/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Qoxmuq kənd “1 May” adına kolxozdan aldığı 0,10 ha həyatyanı torpaq sahəsinin sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə ilə əvəz edilmişdir.

3. İddiaçı tələbini dəqiqləşdirərək, “Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozun ayırdığı 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Respublika Dövlət Arxivinin Şəki Filialının xx.xx.2020-ci il tarixli 401 №-li arxiv arayışına istinad edərək ona Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozun 1991-ci il tarixli qərarına əsasən 0.10 ha torpaq sahəsinin ayrıldığını bildirərək, zəbt etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etmiş, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçıya Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli 41 saylı qərarına əsasən 0.164287 ha və 0.06538 ha həyətyanı torpaq sahələri verilmişdir ki, bu da iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli 840 saylı arxiv çıxarışında qeyd olunan 0.23 ha torpaq sahəsinə uyğundur. İddiaçının müraciəti əsasında torpaq sahəsi müayinə olunmuş, mövcud elektron baza məlumatlarına əsasən “kollu örüş” olan ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi üzərində heç bir tikili yoxdur. Torpaq sahəsi cənubdan yol, şimal, şərq və qərbdən qonşu ilə əhatə olunur. Kommunikasiya xətlərinin qorunma zolağında yerləşmir, qərb sərhəddi mişardaşı, digər sərhədləri şərti bərkidilmişdir.

6. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 may 2022-ci il tarixli 2- 1(116)-584/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, rəyin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə həvalə edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli 2-1(116)- 584/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli 2-1(116)-584/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli 2-1(116)-584/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Respublika Dövlət Arxivinin Şəki Filialının xx.xx.2020-ci il tarixli 401 №-li arxiv arayışından görünür ki, Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunun 1986-cı ilin “torpaq kadastrı kitabına” əsasən 59-cu sırada İddiaçı Süley. oğlunun torpağının cəmi 0.13 yazılmış, üstündən xətt çəkilib 0.23 göstərilmiş, tikililər, kolluqlar, meşəliklər və yarğanlar altında olan sahələr 001 olması, qeyd qrafasında isə 1991-ci ildə təzə yer verilib 0.10 ha qeyd edilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı və ailə üzvlərinə məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən torpaq sahələrinə aid subyektlər siyahısından çıxarışdan, Şəki RAİK-nın Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli 41 saylı qərarı və iddiaçıya (ailə tərkibi – cəmi 7 nəfər) məxsus torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Qoxmuq kəndində torpaqların islahatı ilə əlaqədar hazırlanmış sənədlərin təsdiqi haqqında yerli islahat komissiyalarının yekun protokolları təsdiq edilmiş, iddiaçıya ailə üzvləri ilə birlikdə Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli 41 saylı qərarı əsasında 0.23 ha torpaq sahəsi ayrılmış, 1642.87 kv.m torpaq sahəsinə dair A153519 №-li, 653.38 kv.m torpaq sahəsinə dair A153518 №-li torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. - Respublika Dövlət Arxivinin Şəki Filialının xx.xx.2022-ci il tarixli 18 №-li məktubundan görünür ki, İddiaçı Qoxmuq kənd 1 May kolxozunun 1991-ci ilin iclas protokollarına əsasən torpaq sahəsinin verilməsinə dair qeydiyyatı tapılmamışdır. Kolxozun “Torpaq kadastrı kitabına” əsasən 59-cu sırada iddiaçının torpaq sahəsinin olmasına dair vərəqdə 0.13 rəqəminin üzərindən xətt çəkilərək 0.23 yazılmış və “1991-ci ildə təzə yer verilib 0.10 ha” qeyd edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının iddiasında qeyd etdiyi torpaq sahəsi 1504 kv.m olub döngə nöqtələri və koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. Həmin torpaq sahəsi mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası kollu örüş kimi, X4 Uçotu İnformasiya sistemlərində isə yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı torpaqlar kimi qeyd olunmuşdur. İddiada qeyd olunan torpaq sahəsi başqa şəxslər tərəfindən yüklülüyü aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 12-ci maddəsinin 2-ci bəndinə əsasən, torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır; 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.

18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

19. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X6 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir.

21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X6 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X6 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir.

23. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin sxematik planı torpaq sahəsinin yerini müəyyən etmək üçün zəruri olan və qanunvericiliklə hüquqların qeydiyyatı barədə ərizəyə əlavə edilməli sənəddir ki, iddiaçı torpaq sahəsinin təhkim aktını, torpaq sahəsinin sxemini və ya torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və torpaq sahəsini ona təhkim edən səlahiyyətli orqanın təsdiqlədiyi hər hansı sənədi nə cavabdehə, nə də ki məhkəməyə təqdim etməmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, Respublika Dövlət Arxivinin Şəki Filialının xx.xx.2020-ci il tarixli 401 №-li arxiv arayışına əsasən, Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunun 1986-cı ilin “torpaq kadastrı kitabına” əsasən 59-cu sırada İddiaçı Süley. oğlunun torpağının cəmi 0.13 yazılmış, üstündən xətt çəkilib 0.23 göstərilmiş, tikililər, kolluqlar, meşəliklər və yarğanlar altında olan sahələr 001 olması, qeyd qrafasında isə 1991-ci ildə təzə yer verilib 0.10 ha qeyd edilmişdir. İddiaçı və ailə üzvlərinə məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən torpaq sahələrinə aid subyektlər siyahısından çıxarışdan, Şəki RAİK-nın Şəki rayon AİKnın xx.xx.1997-ci il tarixli 41 saylı qərarı və iddiaçıya (ailə tərkibi – cəmi 7 nəfər) məxsus torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Qoxmuq kəndində torpaqların islahatı ilə əlaqədar hazırlanmış sənədlərin təsdiqi haqqında yerli islahat komissiyalarının yekun protokolları təsdiq edilmiş, iddiaçıya ailə üzvləri ilə birlikdə Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli 41 saylı qərarı əsasında 0.23 ha torpaq sahəsi ayrılmış, 1642.87 kv.m torpaq sahəsinə dair A153519 №-li, 653.38 kv.m torpaq sahəsinə dair A153518 №-li torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Respublika Dövlət Arxivinin Şəki Filialının xx.xx.2022-ci il tarixli 18 №-li məktubundan görünür ki, İddiaçı Qoxmuq kənd 1 May kolxozunun 1991-ci ilin iclas protokollarına əsasən torpaq sahəsinin verilməsinə dair qeydiyyatı tapılmamışdır. Kolxozun “Torpaq kadastrı kitabına” əsasən 59-cu sırada iddiaçının torpaq sahəsinin olmasına dair vərəqdə 0.13 rəqəminin üzərindən xətt çəkilərək 0.23 yazılmış və “1991-ci ildə təzə yer verilib 0.10 ha” qeyd edilmişdir.

32. Məhkəmə kollegiyası tərəfindən işin faktiki halları tam araşdırılıb mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəsis rəyi alınmışdır. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının iddiasında qeyd etdiyi torpaq sahəsi 1504 kv.m olub döngə nöqtələri və koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. Həmin torpaq sahəsi mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası kollu örüş kimi, X4 Uçotu İnformasiya sistemlərində isə yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı torpaqlar kimi qeyd olunmuşdur. İddiada qeyd olunan torpaq sahəsinin başqa şəxslər tərəfindən yüklülüyü aşkar edilməmişdir.

33. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

34. Belə ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsini iddia etdiyi 0.10 ha həyətyanı torpaq sahəsi Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozu tərəfindən iddiaçıya verilmiş torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı torpaq olmaqlan başqa şəxslər tərəfindən yüklülüyü aşkar edilməmişdir.

35. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

36. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən verilmiş mütəxəssis rəyini, işin faktiki hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdehin üzərinə “Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozun ayırdığı 0.10 ha həyətyanı torpaq sahəsi (mütəxəsis rəyinə əlavə edilmiş sxemdə göstərilən torpaq sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli 2-1(116)-584/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə İddiaçı “Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozun ayırdığı 0.10 ha həyətyanı torpaq sahəsi (mütəxəsis rəyinə əlavə edilmiş sxemdə göstərilən torpaq sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulsun. İş üzrə verilmiş mütəxəssis rəyinin xərci kimi İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat İddiaçı aid edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar