Məhkəmə qərarları › İş №2-1(107)-15/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-15/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-15/2024 17.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), X7 və X6аn ibаrət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1212/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı xx.xx.1964-cü ildə Vartaşen rayonu Qoxmuq kəndində anadan olmuş və hazırda Şəki rayonu Qoxmuq kəndində yaşayır. İddiaçı aşağıdakı iş yerlərində işləmişdir: - xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü, - xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativinin üzvü, - xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən.

2. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü olmaqla tütünçü işləmiş və həmin illərdə təsərrüfatda əmək iştirakı minimumu 170 adam/gün müəyyən edilmişdir. İddiaçı həmin minimumu bütün illərdə yerinə yetirmiş və onun kolxozda sosial sığorta stajı 14 il təşkil edir.

3. Bundan başqa, İddiaçı bir mənzildə yaşadığı, yaşı 70-ə çatmış xx.xx.1930-cu il təvəllüdlü anası X2 xx.xx.2000-ci ildən başlayaraq qulluq etmişdir.

4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci ildə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və ona əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay 25 gün (xx.xx.2004 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 12 il kolxozda işlədiyi dövr və 2006-2009-cu illər üzrə cəmi 2 il 10 ay)), eyni zamanda, güzəştli iş stajı da yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48720 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12673,60 manat təşkil edir.

5. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. O, tələbini belə əsaslandırmışdır ki, onun kifayət qədər ümumi və güzəştli sığorta stajı vardır.

7. Cavabdeh iddianı qəbul etməyərək iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********5 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2022-ci il tarixli 2-1(107)-381/22 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 may 2023-cü il tarixli 2-1(102)-839/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2022-ci il tarixli 21(107)-381/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

12. Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(107)-15/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "52 yaşının tamam olduğu xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə icraat Şəki Rayon Məhkəməsinin icraatında olan İddiaçıın xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan anası X2 bir mənzildə yaşayaraq qulluq etmə hüquqi faktının müəyyən edilməsinə dair mülki işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır.

13. Şəki Apellyasiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2-1(107)-15/2024 nömrəli qərardadı ilə 2-1(107)-15/2024 nömrəli inzibati iş üzrə icraat təzələnmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2-1(107)-15/2024 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı ahıllığa qulluq etmə faktının müəyyən edilməsi barədə ərizəsi ilə bağlı 2(107)-935/2024 nömrəli mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(075)-494/2024 nömrəli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə bаxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(107)-15/2024 nömrəli inzibati iş üzrə icrааt dayandırılmışdır.

15. Şəki Apellyasiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2-1(107)-15/2024 nömrəli qərardadı ilə 2-1(107)-15/2024 nömrəli inzibati iş üzrə icraat təzələnmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi təmin edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi 5 iyun 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, ümumi iş stajı 20 ildən az (16 il 8 ay 25 gün (xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 12 il kolxozda işlədiyiniz dövr və 2006-2009-cu illər üzrə cəmi 2 il 10 ay)), eyni zamanda güzəştli iş stajı da yoxdur. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48720,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12673,60 manat təşkil edir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün və həmçinin də ümumi iş stajı qanunvericilikdə nəzərədə tutulan müddətdən az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1212/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)-88/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçı adına olan xx.xx.1985-ci il tarixli ******* nömrəli "Kolxozçunun əmək kitabçası"ndan görünür ki, o, xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativinin üzvü olmuş, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən işləmişdir. - Şəki Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 822 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Şəki rayonu Qoxmuq kənd "1 May" kolxozunda 1984-cü ildə 248 adam/gün, 1985-ci ildə 251 adam/gün, 1986-cı ildə 347 adam/gün, 1987-ci ildə 185 adam/gün, 1988-ci ildə 310 adam/gün, 1989-cu ildə 308 adam/gün, 1990-cı ildə 252 adam/gün, 1991-ci ildə 245 adam/gün, 1992-ci ildə 245 adam/gün, 1993-cü ildə 287 adam/gün, 1994-cü ildə 256 adam/gün, 1995-ci ildə 234 adam/gün, 1996-cı ildə 241 adam/gün, 1997-ci ildə 255 adam/gün tütünçü işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1984-1997-ci illərdə 170 adam/gün müəyyən olunmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən peşəsində işləmiş və orada işləyən zaman 2004-cü və 2005-ci ilin 11 ayı ərzində əmək haqqı almışdır. - 11.07.1964-cü il tarixli AZ seriyalı 669849 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, İddiaçı anası X3r. - AZE seriyalı 04554235 nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndən görünür ki, X4 xx.xx.1930-cu ildə Şəki rayonu Qoxmuq kəndində anadan olmuş və həmin ünvanda yaşayır. - İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yazılmış və xx.xx.2022-ci ildə notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o, xx.xx.1930-cu il təvəllüdlü 70 yaşdan yuxarı qoca olan doğma anası X2 xx.xx.2000-ci ildən hal-hazıradək bir mənzildə yaşayaraq qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılamış və qayğısına qalmışdır. - X4 tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yazılmış və xx.xx.2022-ci ildə notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o, xx.xx.1930-cu ildə anadan olmuşdur. 70 yaşı tamam olduğu xx.xx.2000-ci ildən hal-hazıradək doğma qızı İddiaçı ona bir mənzildə yaşayaraq qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılamış və qayğısına qalmışdır. - X1 xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, İddiaçı 70 yaşı tamam olduğu xx.xx.2000-ci il tarixdən hal-hazıradək ona bir mənzildə yaşayaraq qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılaşmış və qayğısına qalmışdır. - AZ-İİ seriyalı 317848 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin ərizəçi İddiaçı 1 iyul 1930-cu ildə anadan olmuş və xx.xx.2022-ci ilədək vəfat etmiş anası X2 2000-ci ildən xx.xx.2022-ci ilədək ahıl yaşlarında qulluq etməsi hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. xx.xx.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: ...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

23. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanun Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; ... Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:

1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası" 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 52 yaşının tamam olduğu vaxt "Əmək pensiyaları haqqında" Qanunun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, İddiaçı xx.xx.1964-cü ildə Vartaşen rayonu Qoxmuq kəndində anadan olmuş və hazırda Şəki rayonu Qoxmuq kəndində yaşayır. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativinin üzvü, xx.xx.2004cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən işləmişdir. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü olmaqla tütünçü işləmiş və həmin illərdə təsərrüfatda əmək iştirakı minimumu 170 adam/gün müəyyən edilmişdir. İddiaçı həmin minimumu bütün illərdə yerinə yetirmiş və onun kolxozda sosial sığorta stajı 14 il təşkil edir. İddiaçı xx.xx.2016-cı ildə 52 yaşına çatmışdır. Onun həmin günədək topladığı ümumi sığorta stajı Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunda işlədiyi 14 il, Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativində işlədiyi 7 ay, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-də işlədiyi müddətin əmək haqqı aldığı 1 il 10 ay 24 gün hissəsindən ibarətdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci ildə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və ona əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay 25 gün (xx.xx.2004 xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 12 il kolxozda işlədiyi dövr və 2006-2009-cu illər üzrə cəmi 2 il 10 ay)), eyni zamanda, güzəştli iş stajı da yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48720 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12673,60 manat təşkil edir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

35. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2022-ci il tarixli qərarını ləğv edərək işi təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərən Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, iddiaçının 52 yaşının tamam olduğu vaxt 20 il sığorta stajına malik olması apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. İddiaçının anasına qulluq etməsi müddəti ilə bağlı rayon icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, iddiaçının anasının, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt apellyasiya məhkəməsinə təqdim edildiyi halda, aktda göstərilən müddət sığorta stajına daxil edilə bilər.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən müəyyən edilir.

37. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, İddiaçı 70 yaşı tamam olduğu xx.xx.2000-ci il tarixdən halhazıradək ona bir mənzildə yaşayaraq qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılaşmış və qayğısına qalmışdır.

38. Məhkəmə kollegiyasına təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin ərizəçi İddiaçı 1 iyul 1930-cu ildə anadan olmuş və xx.xx.2022-ci ilədək vəfat etmiş anası X2 2000-ci ildən xx.xx.2022-ci ilədək ahıl yaşlarında qulluq etməsi hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Göründüyü kimi, ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında, yaxud qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən daxil edilir.

40. Lakin ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında müəyyən edilməsinə baxmayaraq, işdə belə akt mövcud olmamış, ümumiyyətlə iddiaçının mərhum anası X2 2000-ci ildən xx.xx.2022-ci ilədək ahıl yaşlarında qulluq etməsi hüquqi əhəmiyyəti faktı müəyyən edilməmişdir.

41. Bundan başqa Ali Məhkəmə qərarında göstərmişdir ki, iddiaçı 1 iyul 1964-cü ildə doğulmuş, 1 iyul 2016-cı ildə 52 yaşı tamam olmuşdur. 1 yanvar 2006-cı ilə qədər sığorta stajı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunda xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativində, 6 fevral 2004-cü ildən 1 yanvar 2006-cı ilədək Şəki İpək” ASC-də işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda bəhs edilən müddəalarına görə 1 yanvar 2006-cı ildən sonrakı iş dövrü ilə bağlı yalnız 13 mart 2009-cu ilədək "xxxx" ASC-də barama açan istehsalatında barama döyən işləmişdir. Belə olan halda 1 yanvar 2006-cı ildən sonrakı dövr üzrə sığorta stajı 3 il 2 ay 13 gün nəzərə alınır. 13 mart 2009-cu ildən sonra 52 yaşının tamam olduğu 1 iyul 2016-cı ilə qədər, həmçinin 1 avqust 1998-ci ildən 6 fevral 2004-cü ilədək sığorta stajına malik olması ilə bağlı apelyasiya məhkəməsi ətraflı araşdırma aparmamışdır.

42. Məhkəmə kollegiyası işə əlavə edilmiş sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının mərhum anası X2 2000-ci ildən xx.xx.2022-ci ilədək ahıl yaşlarında qulluq etdiyi illərin sosial sığorta stajına daxil edilməməsini nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələb olunan 20 il ümumi sosial sığorta stajı tamamlanmamışdır. Belə olan halda iddiaçının xüsusi iş stajı ilə bağlı araşdırılma aparılmasına da zərurət qalmamışdır.

43. Ona görə də cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

44. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar