Məhkəmə qərarları › İş №2-1(107)-150/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-150/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-150/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,20 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1601/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,20 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbinin əsaslarına görə, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə Qəbələ rayonu Tüntül kəndində 0,12 hektar və 0,20 hektar torpaq sahələri ayrılmışdır. Ayrılan torpaq sahələrinin plan-cizgisi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahələrinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN-345F kod 40616018 saylı və JN-345B kod 40616018 saylı Şəhadətnamələr verilmişdir. Şəhadətnamələr iki nüsxədən ibarət tərtib edilmiş və 16466 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamələrin bir nüsxəsi iddiaçıya verilmiş, ikinci nüsxəsi Qəbələ rayon (şəhər) şöbəsində saxlanılmışdır. Ayrılan torpaq sahəsinin 0,12 hektarında fərdi yaşayış evi tikmişdir. Müraciəti əsasında JN-345F kod 40616018 saylı şəhadətnamədə qeyd edilmiş və üzərində ev tikilmiş torpaq sahəsinə fərdi yaşayış evi ilə birlikdə iddiaçının mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsinə bitişik olan və 25 ilə yaxın müddətdə heç bir maneəsiz sahiblik və istifadəsində olan JN- 345B kod 40616018 saylı Şəhadətnamədə qeyd edilən 0,20 torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır

3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********95 nömrəli imtina məktubunda qeyd etmişdir ki, JN-345B KOD 40616018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında mövcud deyildir. Həmçinin, Ərazi İdarəsinə təhvil verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin qeydiyyat kitabında müvafiq qeydiyyatın olması barədə məlumat mövcud deyil. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında qeyd olunan şəhadətnamə öz əksini tapmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********70 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd edərək iddia tələbinə münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1601/2022 nömrəli qərardadı ilə Qəbələ Rayonu Tüntül Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1601/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti əsasında Ərazi İdarəsi tərəfindən müvafiq araşdırılma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair JN-345B kod 40616018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilməmişdir, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydiyyatın olması barədə məlumat mövcud deyildir. İddiaçı tərəfindən faktiki istifadədə olan torpaq sahəsində Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Faktiki naturada ölçülmüş 0,3312 ha torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, Qəbələ rayonu Tüntül kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aiddir, 0,1233 ha hissəsi **********61 nömrəli çıxarış ilə iddiaçının mülkiyyətinə verilmiş, qalan 0,175 ha hissəsi Tüntül Bələdiyyəsinin mülkiyyətinə aiddir. Faktiki naturada ölçülmüş 0,3312 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. Qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN-345B saylı şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Beləliklə də məlum olur ki, qeyd edilən şəhadətnamə yalnız iddiaçı tərəfindən təqdim edilmişdir və sadalanan bütün bu halların mövcudluğu sözügedən şəhadətnamənin həqiqiliyi haqqında şübhə doğurur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1601/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1601/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Qəbələ Rayon Tüntül Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. JN-345B kod 40616018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi iddiaçıya ayrılmışdır. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 94 nömrəli məktubuna əlavə olunmuş 1996-2000 və 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitablarından çıxarışdan görünür ki, iddiaçı Pənah X1 təsərrüfatında qeydiyyatda olmuş və həmin təsərrüfatda 0,12 ha torpaq sahəsi vardır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********39 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin axivində JN-345B saylı, kod 40616018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” barədə məlumat yoxdur. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,3312 hektar torpaq sahəsi Qəbələ rayonu Tüntül kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aiddir, 0,1233 hektar hissəsi **********61 nömrəli çıxarış ilə İddiaçı mülkiyyətinə verilmişdir, qalan 0,175 hektar hissəsi Tüntül bələdiyyəsinin mülkiyyətindədir. Faktiki naturada ölçülmüş 0,3312 hektar torpaq sahəsi İddiaçı istifadəsindədir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********65 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qanuni istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi vardır və xəritədə nömrəsi 345-dir. İş üzrə üçüncü şəxs Tüntül Bələdiyyəsi xx.xx.2022-ci il tarixli 20 nömrəli məktubunda qeyd etmişdir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış JN-345B kod:40616018 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə ayrılmış 0,20 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə bələdiyyənin etirazı yoxdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********65 nömrəli məktubunda qeyd etmişdir ki, 16466 nömrəsi ilə İddiaçı məxsus 0.12 ha torpaq sahəsinə aid olan JN-345F ilə qeyd edilmiş “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qeydiyyatı aparılmışdır. JN-345B kod 40616018 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

15. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.

16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 22 . Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışla Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. JN-345B kod 40616018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi iddiaçıya ayrılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********39 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin axivində JN-345B saylı, kod 40616018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” barədə məlumat yoxdur. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,3312 hektar torpaq sahəsi Qəbələ rayonu Tüntül kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aiddir, 0,1233 hektar hissəsi **********61 nömrəli çıxarış ilə İddiaçı mülkiyyətinə verilmişdir, qalan 0,175 hektar hissəsi Tüntül Bələdiyyəsinin mülkiyyətindədir. Faktiki naturada ölçülmüş 0,3312 hektar torpaq sahəsi İddiaçı istifadəsindədir. İş üzrə üçüncü şəxs Tüntül Bələdiyyəsi xx.xx.2022-ci il tarixli 20 nömrəli məktubunda qeyd etmişdir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış JN-345B kod:40616018 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə ayrılmış 0,20 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə bələdiyyənin etirazı yoxdur.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair JN-345B kod 40616018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilməmişdir, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydiyyatın olması barədə məlumat mövcud deyildir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən 0,20 ha torpaq sahəsinə dair iddiaçının adına JN-345B nömrəli şəhadətnamə mövcuddur, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdeh torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu iddia etsə də, Qəbələ Rayonu Tüntül Bələdiyyəsi xx.xx.2022-ci il tarixli 20 nömrəli məktubunda iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş üzrə əldə edilmiş mütəxəssis rəyində də, torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olduğu bildirilmişdir.

25. Belə olan halda ,birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

26. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

27. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-345B kod 40616018 saylı şəhadətnamədə qeyd edilən, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,20 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1601/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar