Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-150/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağdaş bələdiyyəsinə qarşı «fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında qərarın ləğvinə dair cavabdehin qərarlarının ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(116)-2133/2024 nömrəli qərardadından iş üzrə cavabdeh Ağdaş bələdiyyəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. Ağdaş bələdiyyəsinin 292 nömrəli 27 oktyabr 2007-ci il tarixli qərarı ilə Ağdaş şəhəri, M.P.Vaqif küçəsinin cənubundakı boş, istifadəsiz ərazidə 800 kv.m ölçüdə (3 saylı yer) torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir.
2. Həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 27 iyul 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********37 nömrə ilə qeydiyyata alınmışdır.
3. Ağdaş bələdiyyəsi tərəfindən 292 nömrəli 27 oktyabr 2007-ci il tarixli qərarın ləğv edilməsi barədə 18 nömrəli 14 dekabr 2022-ci il tarixli və 4 nömrəli 7 fevral 2023-cü il tarixli qərarlar (protokolla) qəbul olunmuşdur.
4. İddiaçı cavabdeh Ağdaş bələdiyyəsinə qarşı cavabdehin 18 nömrəli 14 dekabr 2022-ci il tarixli və 4 nömrəli 7 fevral 2023-cü il tarixli qərarlarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. İş üzrə məhkəmə icraatının gedişində cavabdehin vəkili Şəki İnzibati Məhkəməsinə üçüncü şəxslər qismində cəlb edilmə barədə vəsatət (ərizə) təqdim etmişdir.
7. Cavabdeh vəsatətində bildirir ki, iş üzrə tərəflər arasında mübahisənin yaranmasına səbəb Ağdaş bələdiyyəsinin 27 oktyabr 2007-ci il tarixli qərarı ilə İddiaçı torpaq ayrıldıqdan sonra onun həmin torpaqdan təyinatı üzrə istifadə etməməsidir. Şəhər stadionunun giriş hissəsində yerləşən həmin sahədə sakinlər tərəfindən çoxlu sayda ağac əkilmişdir. Stadiona giriş-çıxış üçün yolun və qapının bağlanması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Elm və Təhsil Nazirliyinin maraqlarına toxunduğundan, hər iki qurumun üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməsi xahiş olunur.
8. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, qeyd etmişdir ki, vəsatətdə adları qeyd olunan Nazirliklər mübahisə predmeti olan qərarlar qəbul olunarkən cavabdeh tərəfindən inzibati icraata cəlb olunmamışlar.
9. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 04 dekabr 2024-cü il tarixli e- 2-1(116)-2133/2024 nömrəli qərardadı ilə cavabdeh Ağdaş bələdiyyəsinin vəkilinin (nümayəndəsinin) üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlbi barədə vəsatəti təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, hazırda qaldırılan məsələ inzibati məhkəmə icraatına cəlb olunmanı əhatə etsə də, mübahisə predmeti olan qərarların qəbulu üzrə inzibati icraatı aparan cavabdeh inzibati orqan Ağdaş bələdiyyəsi həmin icraatı hər hansı şəxsin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin və Elm və Təhsil Nazirliyinin üçüncü (maraqlı) şəxs qismində iştirakı olmadan aparmışdır. Hazırkı inzibati məhkəmə icraatına cəlb olunma ilə bağlı vəsatətdə qeyd olunan dəlilə gəldikdə isə, məhkəmə xüsusilə diqqətə çəkir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyi inzibati orqanların məhkəmə icraatında vahid icra hakimiyyəti sisteminin, yəni dövlətin icra hakimiyyəti qolunun tərkibinə aiddir. Hazırkı iş üzrə cavabdeh Ağdaş bələdiyyəsi icra hakimiyyətinə aid olmasa da, inzibati orqan qismində çıxış edir və qərar qəbul etməkdə müstəqil qurumdur. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisə predmeti olan inzibati aktların ləğvi və ya qüvvədə saxlanılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə münasibətdə birbaşa konkret hüquqlar və vəzifələr yaratmır, yaxud mövcud hüquqları və vəzifələri ləğv etmir və ya dəyişdirmir, eləcə də maraqlarına toxunmur. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qərarının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi üçün hüquq və vəzifələrin dəyişdirilməsi və ləğv edilməsi ehtimalları mövcud olmadığından, adıçəkilən inzibati orqanın inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması məqsədəuyğun deyil.
11. Cavabdeh Ağdaş bələdiyyəsi qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli e-2-1(116)-2133/2024 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadından narazıdır. Vəsatət onunla əsaslandırılmışdır ki, həmin iş üzrə tərəflər arasında mübahisənin yaranmasına səbəb İddiaçı iddia ərizəsində mübahisələndirilən fərdi yaşayış evi tikdirmək məqsədi ilə həyətyanı torpaq sahəsi Ağdaş bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli qərarı ilə verilmişdir. Həmin torpaq sahəsi iddiaçıya verildikdən sonra o keçən müddətdə həmin torpaq sahəsində fərdi yaşayış tikdirərək orada yaşamaqla torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir. Həmin torpaq sahəsi Ağdaş şəhər Mərkəzi stadionunun giriş istiqamətində sol tərəfdə, stadionun alternativ giriş-çıxış qapısına şəhərin M.P.Vaqif küçəsindən gedən yol ərazisində yerləşir. Stadionun qaşı tərəfində Vaqif küçəsi arasında yerləşən küçəboyu ərazidə, o cümlədən iddiaçıya verilmiş həmin həyətyanı torpaq sahəsində təxminən 10 il bundan əvvəl həmin küçədə yaşayan sakinlər tərəfindən 500 ədəd küknar və şam ağacları əkilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi iddiaçıya ayrılan və verilən zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi prosesdə həlledici səs hüququ ilə iştirak etməmiş, eləcə də hər hansı müsbət rəy verməmişdir. Şəhər stadionun ikinci giriş-çıxış qapısı stadionun ərazisinə birbaşa daxil olmaq üçün əsas alternativ qapı olduğundan, stadionda baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr, eləcə də yanğın hadisələri zamanı yanğınların söndürülməsi, insanların və qiymətli əşyaların təxliyyə olunması üçün nəzərdə tutulduğundan (Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin X3 yanğın Nəzarəti İdarəsinin 3-18-74/2-808/2024 saylı. xx.xx.2024-cü il tarixli məktubu), eləcə də sözügedən şəhər mərkəzi stadionu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansında olduğundan (Nazirliyin Mərkəzi Aran Regional Təhsil İdarəsinin 3-2940/2- 130/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu) stadiona alternativ gediş-gəliş üçün nəzərdə tutulmuş yolun və qapının bağlanması hər iki nazirliyin maraqlarına toxunduğuna görə hesab edirik ki, hər iki nazirlik iş üzrə üçüncü şəxs kimi işə cəlb edilməlidir. Ona görə də vəsatətin təmin edilməsini xahiş etmişik. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə qərardadını bununla əsaslandırmışdır ki, iş üzrə qəbul ediləcək məhkəmə qərarının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi üçün hüquq və vəzifələrin dəyişdirilməsi və ləğv edilməsi ehtimalları mövcud olmadığından, adıçəkilən inzibati orqanın inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması məqsədəuyğun deyil. Göründüyü kimi işə baxan məhkəmə vəsatətə baxarkən çox səthi araşdırma aparmış, yuxarıda qeyd etdiyi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, stadionun hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansında olmasını, alternativ qapı və gediş-gəliş yolu bağlanarsa stadionda baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr, eləcə də yanğın hadisələri zamanı yanğınların söndürülməsi, insanların və qiymətli əşyaların təxliyyə olunmasının mümkün olmaması isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin maraqlarına toxunmasını nəzərə almamışdır. İşə baxan məhkəmə qeyd edilən işin faktiki hallarını nəzərə almamış, vəsatəti təmin etməməklə hər iki orqanın hüquqlarını pozmuşdur. Ona görə də hesab edir ki, qərardad prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir.
Tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası da onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunu Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Maddə 36.5. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı
Apellyasiya şikayətinin mümkünlüyü
17. Apellyasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə ərizənin dəlillərini təkrarlamaqla onuna eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı ərizə üzrə zəruri olan həcmdə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ərizəçinin tələbi üzrə 3-cü şəxs qismində cəlb olunması üçün tələb olunan şərtlərin mövcudluğu ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
20. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Apellyasiya şikayətlərinin dəlillərində məhkəmə qərarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Elm və Təhsil Nazirliyinin hüquqlarına toxunacağı bələdiyyə tərəfindən qeyd edilsə də, işin müəyyən edilmiş hallarından da görünür ki, hazırki vəziyyətdə qəbul olunacaq məhkəmə qərarının hansı hissədə bələdiyyə tərəfindən cəlb olunması tələb edilən orqanların hüquqlarına və ya qanuni mənafeyinə toxunmasını, yəni hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu göstərməmişlər.
23. Cavabdeh, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Elm və Təhsil Nazirliyinin üçüncü şəxs qismində cəlbetmə barədə vəsatətini onunla əsaslandırır ki, iş üzrə tərəflər arasında mübahisənin yaranmasına səbəb Ağdaş bələdiyyəsinin 27 oktyabr 2007-ci il tarixli qərarı ilə İddiaçı torpaq ayrıldıqdan sonra onun həmin torpaqdan təyinatı üzrə istifadə etməməsidir. Şəhər stadionunun giriş hissəsində yerləşən həmin sahədə sakinlər tərəfindən çoxlu sayda ağac əkilmişdir. Stadiona giriş-çıxış üçün yolun və qapının bağlanması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və stadionun hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansında olması isə sonuncunun maraqlarına toxunduğundan, hər iki qurumun üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməsi xahiş etmişdir. Ona görə də hesab edirlər ki, bütün bunlar onların maraqlarına toxunur.
24. Bununla bağlı isə nəzərə almaq lazımdır ki, şəxsin üçüncü şəxs qismində cəlb edilməsi üçün qəbul olunması nəzərdə tutulan məhkəmə qərarının ən azından həmin şəxsin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olmalıdır. Maraq anlamında publik-hüquqi və ya mülki hüquqi maraq qəbul edilməlidir, hər hansı digər maraq, o cümlədən faktiki maraq əhəmiyyət kəsb etmir. Bu qərarın 14-cü bəndində istinad olunan norma baxımından, hüquqi maraq cəlb edilən şəxslərlə tərəflərdən biri və ya hər ikisi arasında, yaxud da mübahisə predmeti arasında hər hansı əlaqənin olmasını və yekun məhkəmə qərarının onun hüquqi vəziyyətinə potensial hüquqi təsirini ehtiva edir. Başqa sözlə, yekun məhkəmə qərarı cəlb edilən şəxsin hüquqi vəziyyətini məhdudlaşdırmaq və ya yaxşılaşdırmaq potensialına malik olmalıdır.
25. Hazırkı mübahisə predmeti olan inzibati aktların ləğvi və ya qüvvədə saxlanılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Elm və Təhsil Nazirliyinə münasibətdə birbaşa konkret hüquqlar və vəzifələr yaratmır, yaxud mövcud hüquqları və vəzifələri ləğv etmir və ya dəyişdirmir, eləcə də maraqlarına toxunmur. Bu halları təsdiq edən hər hansı sənəd mübahisəyə dair iş üzrə materiallarda yoxdur. Ərizəçi tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Bu mənada ərizəçinin tələbi ilə qeyd olunan Nazirliklərin hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edən, yəni onların hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasına səbəb ola biləcək şərtlərin və qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların hüquqi vəziyyətinə potensial təsirinin mövcudluğu iş üzrə materiallardan müəyyən olunmur.
26. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ərizəçinin istinad etdiyi hallar hazırkı mübahisəyə münasibətdə onların 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün yetərli sayıla bilməz. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Elm və Təhsil Nazirliyinin hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması öz təsdiqini tapmadığından onların üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması məqsədəuyğun deyil. Bir sözlə məhkəmə icraatında qəbul ediləcək məhkəmə aktına münasibətdə həmin qurumların hüquqi marağı formal xarakterlidir. Qanunvericiliyin tələbinə əsasən də məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında ifadə olunmuş hüquqi mövqe ondan ibarətdir ki: - “37... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... - 38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. - 42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. - 43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır.
48. Beləliklə, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Əgər vəsatətlər verilərkən bu tələblərə riayət olunmursa, o halda, məhkəmə İPM-in 48-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinin tələb etdiyi yardım etməni həyata keçirməlidir. Belə yardım etmə vəsatətlə bağlı yuxarıda qeyd edilən halların müəyyənləşdirilməsini təmin etməyə yönəlməlidir.
53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.
58. Cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Məhkəmələr işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edirlərsə, bunu, üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və.s istifadə etməklə həyata keçirməlidirlər. ” - 77. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
28. Yuxarıda qeyd olunan inzibati işin hallarını, qanunvericiliyin tələblərini, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh Ağdaş bələdiyyəsinin vəkilinin (nümayəndəsinin) “üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlbi barədə” vəsatətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli e-2-1(116)-2133/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Ağdaş bələdiyyəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli e-2-1(116)-2133/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.