Məhkəmə qərarları › İş №2-1(107)-151/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-151/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-151/2021 03.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 01.01.2008ci il tarixdən 27.05.2016-cı il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair işə DSMF-nin Ağsu rayon filailı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1976-cı ildə Ağsu rayonunda anadan olmuşdur. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı 1992-ci ildə gedən döyüşlər zamanı ağır yaralanmışdır. İddiaçı 27.05.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, ona əlillik təyin olunmuş və cavabdeh orqan tərəfindən Prezident təqaüdü ödənilir. İddiaçı əvvəlki illərə görə ona verilən təqaüdün ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazı: İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. 1-ci qrup əlil və Prezident təqaüdçüsüdür. X5 Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əlillik təyin edilmişdir. Həmçinin Prezident təqaüdü alır. Bundan sonra isə o, əsassız olaraq əvvəlki illər üzrə, yəni 2008-ci ildən 2016- cı ilədək təqaüd məbləğinin birdəfəlik ödənilməsini tələb etmişdir. Müraciətinə uyğun olaraq onun əlillik vəziyyətini müəyyən edən arayış 27.05.2019cu il tarixdə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququnun olması təsbit ediimişdir. Odur ki, bu tip iddialar verilməklə sosial təminat hüququ olan digər vətəndaşların hüquqları pozulmuş olur. İddiaçının tələbi üzrə heç bir hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya, müavinət və digər ödənişlərin təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna əsaslanmalı, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması prinsiplərinə uyğun həyata keçirilməlidir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(116)-1420/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 01.09.2008-ci il tarixdən 27.05.2016-cı il tarixədək fərq məbləğinin İddiaçı ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nin Ağsu rayon filialı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, iddiaçının müraciətinə uyğun olaraq onun əlillik vəziyyətini müəyyən edən arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 27.05.2019-cu il tarixdə verilmişdir. Dolayısı ilə belə qənaətə gəlmək olur ki, iddiaçının əlillik vəziyyəti 27.05.2019-cu il tarixdən təsdiq edilmişdir. Odur ki, iddiaçının əvvəlki illər üzrə birdəfəlik ödəmə tələb etməsi qanunsuz və əsassızdır və məhkəmə qərar qəbul edərkən bu halı nəzərə almalı idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2010-cu il tarixli Qərarı). Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, X1 10.12.2020-ci il tarixli, 2-1(116)-1420/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(116)- 1420/2020 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(116)-1420/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: “TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədindən müəyyən edilir ki, iddiaçıya 27.05.2019-cu il tarixdə birinci qrup əlillik təyin edilmişdir. 15.03.2019-cu il tarixli 228 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının Qərarının surətindən müəyyən edilir ki, iddiaçı Ağsu RHK tərəfindən may 1992-ci ildə könüllü hərbi xidmətə daxil olmuş və aprel 1993-cü ilədək hərbi xidmət keçmişdir. Bu fakt Ağsu Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli 2(016)- 1475/2018 nömrəli Qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bundan sonar iddiaçı 1994-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçının 31.12.1992-ci ildən 06.01.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Kəskin respirator xəstəlik, rinotraxeobronxit tip” və 21.01.1993-cü ildə döyüşdə yaralanaraq aldığı və 21.01.1993-cü ildən 08.02.1993-cü ilə kimi Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Sol sağrı nahiyyəsinin kor qəlpə yarası və 26.04.1993-cu ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sol sağrı nahiyyəsinin odlu kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozları olmuşdur. Həmçinin qərarda qeyd edilir ki, iddiaçının əlilliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29.07.2020-ci il tarixli 2-1(102)-1560/2020 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X3 rayon şöbəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 27.05.2016-cı il tarixdən - 27.05.2019-cu il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 19.12.2019-cu il tarixli, 2-1(84)- 1499/2019 nömrəli (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 28.04.2020-ci il tarixli, 2-1(107)-123/2020 nömrəli (hakimlər Mübariz Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə iddiaçı Elnur Sadəm oğluƏfəndiyevin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin19.12.2019-cu il tarixli, 2-1(84)-1499/2019 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə İddiaçı 27.05.2016-cı il tarixdən 27.05.2019-cu il tarixədək olan dövr üçün müharibə əlil kimi təyin edilən Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-123/2020 nömrəli iş üzrə 28.04.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti sözü gedən qərarla təmin olunmamış, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2020-ci il tarixli,2- 1(107)-123/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında qeyd olunmuşdur ki, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya AR Prezidentinin təqaüdünün təyin edilməsinə əsas Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 27.05.2019-cu il tarixdə birinci dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının AR Prezidentinin təqaüdünü almaq hüququ ona birinci dərəcə əlillik təyin edildiyi andan, yəni 27.05.2019-cu ildən yaranmışdır. Belə olan halda, iddiaçıya AR Nazirlər Kabinetinin 21.09.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 1.4cü maddəsinə uyğun olaraq məhz 27.05.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iddiaçıya 27.05.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edilsə də, iddiaçıya qeyd edilən tarixdən əvvəlki dövrdə 1-ci dərəcəlik əlillik ümumi xəstəlik səbəbindən təyin edilmişdir. Ağsu rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(016)- 1475/2018 saylı qətnaməsi ilə iddiaçının may 1992-ci ildən aprel 1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 15.03.2019-cu il tarixli 228 nömrəli qərarında göstərilmişdir ki, "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdir”. Azərbaycan Respublikası “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Prezidentinin 09.09.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlilləri hesab olunurlar. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli Fərmanına əsasən həmin təqaüdün təsis edildiyi vaxtdan təqaüd almaq hüququ istisna etmir. İddiaçıya münasibətdə isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman 01.09.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunduğu kimi iddiaçıya əlillik 27.05.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 1-ci qrup əlillik təyin edilsə də, əlilliyin yaranma səbəbləri hələ 1992-1993-cü illərdə baş vermiş, bu faktlar işdə olan sübutlarla öz təsdiqini tapmışdır ki, iddia olunan təqaüdlə bağlı Fərman 01.09.2008-ci il tarixdən qanuni qüvvəyə minmişdir. İddiaçının tələbinin “fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi” hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya, müavinət və təqaüd almaq hüququ olan digər vətəndaşların təminat hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu social təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, social hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Məhkəmə kollegiyasının qənaətinə görə,birinçi instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsaslanaraq ona 01.01.2008-ci il tarixdən 27.05.2016-cı ilədək olan dövr üçün Prezident təqaüdü məbləğinin birdəfəlik ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin qeyd olunan sözügedən Fərmanın 4-cü maddəsində Fərmanın 2008-ci il sentyabrın 1-dən qüvvəyə mindiyi qeyd olunur. Bu səbəblə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbi 01.09.2008-ci il tarixdən 27.05.2016-cı ilədək olan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DSMF-nun Ağsu rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(116)-1420/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar