Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-151/2022 01.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı ünvan 1 ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli 05.05.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-382/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli 05.05.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbinin əsaslarına görə, iddiaçının atasının nənəsi X5 29.07.1991-ci ildə Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən evi və həyətyanı torpaq sahəsini iddiaçıya vəsiyyət etmişdir. Vəsiyyətnamə əsasında 30.11.2006-cı ildə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və iddiaçının bildirdiyinə görə həmin şəhadətnamə əsasında cavabdeh Ucar ərazi idarəsi tərəfindən çıxarış tərtib edilmişdir. X14 tərəfindən iddiaçıya vəsiyyət edilmiş ev 1 mərtəbəli və 1 otaqlıdır, həyətyanı torpaq sahəsinin ölçüsü 855 kv.m-dir. Lakin həmin torpaq sahəsinin 235 kv.m hissəsinə qonşuluqda yaşayan X3 adına çıxarış verilmişdir. Hər iki torpaq sahəsinin ölçüsü birlikdə 1455 kv.m-dir. Rəfael Yəhyazadə 235 kv.m torpaq sahəsinə öz adına çıxarış alarkən sənəd kimi X2 mülkünün və torpaq sahəsinin pasportunu sənəd kimi cavabdeh orqana təqdim etmişdir. Elə bütün qanunsuzluqlar da bundan sonra baş vermişdir. Əslində 17.10.2014-cü ildən atasının adına olan 600 kv.m torpaq sahəsi X3 adına keçmişdir. 235 kv.m torpaq sahəsi daxil olmaqla 0,0832 ha torpaq sahəsinə çıxarış isə 14.05.1999-cu il tarixində verilmişdir.
3. İddiaçı cavabdeh orqana müraciət edərək, Rəfael Yəhyazadənin adına tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 13.09.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
4. Cavabdeh 08.12.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, X3 832,48 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı Göyçay Rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli, 50 saylı qərarı və həmin qərar əsasında verilmiş A seriyalı 285741 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında aparılmışdır. Göyçay Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli 2(046)-50/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı ünvan 3 ünvanda yerləşən 855 kv.m torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına verilmiş hissəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair **********0510301 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Göyçay Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli 2(046)- 50/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(107)-679/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(107)-679/2021 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində İddiaçı istinad etdiyi texniki pasporta münasibət bildirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(107)-679/2021 nömrəli qətnaməsinin preyudisial əhəmiyyətli olmasını nəzərə alaraq, cavabdeh hesab edir ki, X3 hüquqlarının qeydiyyatı qanunamüvafiq olaraq aparılmışdır. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. İş üzrə üçüncü şəxs X7 17.11.2021-ci il tarixli iddia tələbinə münasibət məktubunda qeyd etmişdir ki, iddiaçı həmin mülkiyyət üzrə tam mülkiyyətçi olmadığından belə bir iddia tələbi etmək huququna malik deyildir. Belə ki, həmin mülkiyyət paylı mülkiyyətdir. Bu mülkiyyət natura şəklində tam bölünməmiş və həmin mülkiyyət üzrə 1/2 hissədə mülkiyyətçi vərəsə qoyandır. Vərəsə qoyanın hal-hazırda 6 nəfər vərəsəsi vardır. Bu mülkiyyətlə bağlı uzun illərdir ki, məhkəmə çəkişmələri olmuşdur. Bu səbəbdən Rəfael Yəhyazadə və o biri vərəsələr vərəsəlik payının müəyyən edilməsi ilə bağlı məhkəməyə bu yaxın günlərdə müraciət etmişlər. Rəfael Yəhyazadə həmin mübahisələndirilən ümumi torpaq və bir otaqlı fərdi yaşayış evində vərəsə qoyanın əmlakını idarə etmiş və qorumuşdur. Bir sözlə həmin vərəsəliyi Rəfael Yəhyazadə faktiki yaşamaqla qəbul etmişdir. Rəfael Yəhyazadənin bacısı və qardaşları da bu mülkiyyətlə sıx əlaqədə olaraq, həmin mirasın qorunub saxlanmasında vəsait xərcləmişlər. Miras qoyanı Rəfael Yəhyazadənin, onun bacısının və qardaşlarının vəsaiti hesabına dəfn etmişlər. Bütün yas mərasiminin xərclərini onlar çəkmişlər. Vəsiyyətnamə ilə bu gün həmin mirasa yiyənlənməmiş X19 oglu, miras qoyanın yas mərasimində bir manat belə xərc çəkməmişdir. Miras qoyan Rəfael Yəhyazadə, onun bacısı və qardaşlarının nənəsidir. Anaları isə nənələrinin yeganə vərəsəsi olmuşdur.
6. Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-382/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı ünvan 1 ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli 05.05.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərardadda “iş üzrə iddiaçının hazırkı iddia tələbinə Göyçay Rayon Məhkəməsində baxılmış, iddia tələbi birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də müvafiq qətnamə ilə təmin edilməmiş, qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir” əsası ilə iddianın mümkünsüz hesab edilməsi tamamilə əsassızdır. Belə ki, Göyçay Rayon Məhkəməsində baxılmış 2(046)-50/2020 nömrəli iş üzrə icraatda cavabdeh qismində X7 qeyd olunduğu halda, hazırkı iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi qeyd olunmuşdur. Həmçinin, Göyçay Rayon Məhkəməsində qaldırılmış iddia mülki iddia olmuş, hazırkı iddia tələbi isə cavabdeh qismində qeyd olunmuş dövlət orqanın hərəkətsizliyi nəticəsində qaldırılmışdır və mahiyyət etibarilə inzibati mübahisə hesab olunur. Belə olan halda Göyçay Rayon Məhkəməsində baxılıb yekunlaşmış mülki iş ilə hazırkı inzibati mübahisə ilə əlaqədar irəli sürülmüş iddianı eyniləşdirmək əsaslı və qanuni deyildir. Həmçinin, mübahisələndirilən qərardadda iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməməsi, həmçinin, iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməməsi qeyd olunmuş, məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Sözügedən məhkəmə iclasının başqa tarixə təxirə salınması barədə anası X8 tərəfindən 06.04.2022-ci il tarixdə məhkəməyə teleqram göndərilmişdir. Lakin həmin teleqram barədə qərardadda məlumat qeyd olunmamış, həmçinin, məhkəmə prosesi təxirə salınmadan onun iştirakı olmadan keçirilmişdir. Bu hal qanunvericiliyin tələblərini pozan kobud prosessual pozuntudur. Həmçinin, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X3 12.11.2021-ci il tarixli məktubu məlumat üçün ona göndərilmiş və həmin məktuba münasibət bildirməsi təklif olunmuşdur. X7 tərəfindən həmin iddia ərizəsinə edilmiş etiraza yazılı şəkildə münasibət bildirirərək məhkəməyə təqdim etmişdir. Lakin şikayət olunan qərardadda yalnız X3 etirazı yer almış, onun yazılı qaydada məhkəyə təqdim etdiyi məlumata ümumiyyətlə toxunulmamışdır. X7 ilə aralarında olan məhkəmə mübahisələri 2006-cı ildən 2017-ci ilə qədər davam etmişdir. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsi qərar çıxarmış, X3 bütün iddiaları ləğv olunmuşdur. Ali Məhkəmənin 14 iyun 2016-cı il tarixli 2(102)- 2880/2016 nömrəli qərarına əsasən X2 vəsiyyətnaməsi etibarlı hesab edilmişdir. Başqa sözlə həmin vəsiyyətnaməyə əsasən ona vəsiyyət edilən Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 1 otaqlı yaşayış evi və ölçüsü 855 kv.m təşkil edən həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları tanınmışdır. Beləliklə, mübahisələndirilən ərazinin onun mülkiyyətində olması faktı Ali Məhkəmənin 14 iyun 2016-cı il tarixli 2(102)- 2880/2016 nömrəli qərarı ilə öz təsdiqini tapır. Belə olan halda sözügedən torpaq sahəsinin onun mülkiyyətində olmasını sübut etmək kimi bir vəzifəsi yoxdur. Qeyd olunan bu halların məhkəmə tərəfindən araşdırılmaması və qərardadda qeyd olunmaması inzibati məhkəmə prosesində işin hallarının araşdırılmaması prinsipinin kobud şəkildə pozulmasını təsdiq edir. İddianın mümkünsüz sayılması ilə əlaqədar olaraq yuxarıda qeyd olunan tələblərin heç biri məhkəmə tərəfindən yerinə yetirilməmiş, Şəki İnzibati Məhkəməsi tərəfindən məhkəmənin yardım etmək vəzifəsi həyata keçirilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-382/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-382/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2- 1(116)-382/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxslər X10 və X1 məhkəmə iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 49.1.3. Sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: zəruri sənədləri (arayışları, məlumatları) toplamaq. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd).Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.4-cü bənd). Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd).
15. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
16. Mülki Prosessual Məcəllə: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli 2(046)-50/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı ünvan 3 ünvanda yerləşən 855 kv.m torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına verilmiş hissəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair **********0510301 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Göyçay Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli 2(046)-50/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(107)-679/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli 2(046)- 50/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iş üzrə iddiaçının hazırkı iddia tələbinə Göyçay Rayon Məhkəməsində baxılmış, iddia tələbi birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də müvafiq qətnamə ilə təmin olunmamış, qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
21. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
22. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
23. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(107)-679/2021 nömrəli qətnaməsinə əsasən, Göyçay Rayon Məhkəməsinin 06.11.2020ci il tarixli 2(046)-50/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı ünvan 3 ünvanda yerləşən 855 kv.m torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına verilmiş hissəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair **********0510301 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Göyçay Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli 2(046)-50/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(107)-679/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.
25. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, Göyçay Rayon Məhkəməsi tərəfindən baxılan həmin iş mülki məhkəmə icraatı qaydasında baxılmış, iş üzrə tərəflər isə İddiaçı, X11 və X7 olmuşdur. Qeyd olunan mülki işə baxılması da mülki qanunvericiliyin normaları ilə tənzimlənmişdir. Lakin İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı ünvan 1 ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli 05.05.2017-ci il tarixli **********05- 10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə inzibati orqanın qanunsuz hərəkətləri mübahisələndirildiyindən, həmin işə baxılması inzibati icraat haqqında qanunvericiliklə tənzimlənməlidir.
26. Göründüyü kimi, hazırkı iddia tələbi ilə Göyçay Rayon Məhkəməsinin 06.11.2020ci il tarixli 2(046)-50/2020 nömrəli qətnaməsi qanuni qüvvəyə minsə də onun məcburilik və preyudisiallıq xüsusiyyətləri pozulmamışdır. Belə ki, birinci iş mülki xarakterli, hazırkı iş isə inzibati xarakterlidir.
27. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbindən də göründüyü kimi çıxarışın verilməsinə əsas olan Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı hazırkı işdə mübahisə predmeti olmamışdır. Belə ki, iddiaçı Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli 05.05.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir.
28. Belə olan halda iddia tələbi inzibati orqan tərəfindən qəbul edilmiş qərarın (hərəkətlərin), yəni onun tərəfindən həm iddiaçıya, həm də üçüncü şəxsə eyni torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi ilə bağlı olmuşdur.
29. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, apellyasiya şikаyəti təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-382/2022 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.