Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-151/2024 14.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin JN- 7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı daşınmaz əmlakın xx.xx.2011-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Yevlax şəhər sakini X2 JN 7276A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini satın almış və reyestr idarəsinin əməkdaşları tərəfindən şəhadətnamədə göstərilən torpaq sahəsi ölçülərək ona verilmiş və həmin torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixdə Çıxarış almışdır. Həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmiş və bununla əlaqədar evə və həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün 17 saylı Yevlax ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçıya məlum olmuşdur ki, verilmiş torpaq sahəsinin hüdudlarından kənara çıxılmışdır. Ona görə də həyətyanı torpaq sahəsinin koordinantlarının naturada dəqiqləşdirilməsi ilə bağlı araşdırılma aparılmış və məlum olmuşdur ki, həyətyanı torpaq sahəsinin ilkin sənədi hesab edilən JN 7276A saylı şəhadətnamə reyestr xidmətinin bazasında qeydiyyata götürülməmiş və ya qeydiyyata salınmamışdır. Alqı-satqı müqaviləsindən sonra iddiaçıya verilmiş torpaq sahəsinin planı və ölçüsü şəhadətnamədəki ölçülərlə deyil, saxta koordinantlar əsasında verilmiş, nəticədə torpaq sahəsinin planı və ölçüsü şəhadətnamədə olan koordinantlarla üst-üstə düşməmişdir. Ona görə də fərdi yaşayış evinin torpaq sahəsinin hüdudlarından kənara çıxması yaranmış, bu səbəbdən fərdi yaşayış evi və torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmamış və qeydiyyata alınmasından imtina edilmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********32 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Yevlax şəhərində yerləşən Yevlax Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-486 reyestr nömrəli müqaviləsi əsasında əldə etdiyi mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınarkən, iddiaçıdan əvvəlki mülkiyyətçinin iştirakı ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və sözügedən torpaq sahəsinin planı və ölçüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsində qeyd olunan qaz kəməri ilə yaşayış və ictimai binalar arasındakı müəyyən olunmuş (5 metr) məsafə nəzərə alınmaqla tərtib olunmuşdur.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********05 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, elektron baza və arxiv məlumatlarına əsasən Yevlax şəhəri ərazisində iddiaçının mülkiyyətində olan **********41 reyestr nömrəli 0,05 hektar torpaq sahəsinin yerləşmə yeri və konfiqurasiyası elektron baza məlumatlarında göstərilsə də, torpaq sahəsinin həmin ölçülərə uyğun naturada döngə nöqtələrinin müəyyən edilməsinə etiraz etmişdir. Eyni zamanda iddiaçının inşa etdiyi fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxma ilə müşahidə olunur. Ona görə də iddiaçı könüllü qaydada inventarlaşma işlərinin aparılmasından imtina etmişdir.
5. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həyata keçiriləcək tədbirlər çərçivəsində adıçəkilən ərazidə yerləşən torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Fərmanının tələblərinə uyğun olaraq hazırlanacaq yekun xəritələr Ərazi İdarəsinə təhvil verildikdən sonra yenidən baxılacaqdır.
6. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-952/2022 nömrəli qərardadı ilə X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Yevlax Bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2-1(107)-278/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2805/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-278/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı qismən, yəni Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)- 80/2023 nömrəli qərarının iddiaçının iddiasının 72 kv.m aid torpaq sahəsinə dair hissəsinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş və iş həmin hissədə təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)- 80/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişlər.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)- 80/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, mübahisələndirilən hissə 72 kv.m torpaq sahəsinə aiddir. Bununla bağlı həm cavabdeh orqana, həm də Yevlax şəhər bələdiyyəsinə sorğu ünvanlanmışdır. Həmin 72 kv.m torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyil, yəni torpaq sahəsi üçün bələdiyyənin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Lakin ekspert rəyində qeyd olunub ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Həmin torpaq sahəsi bələdiyyənin balansındadır. Qeyd olunan torpaq sahəsinə dair bələdiyyənin çıxarışı olsa idi, həmin çıxarışdan vətəndaşda da olmalı idi. Hətta bələdiyyə də həmin torpaq sahəsinə çıxarış almaq üçün müraciət etsə, həmin müraciətə imtina olunacaq. Çünki həmin torpaq sahəsi qaz xəttinin mühafizə zonasına düşür.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştitrak edən üçüncü şəxs X8 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X11 bildirmişdir ki, o, 2006cı ildə ev tikmək üçün Yevlax rayon İcra Hakimiyyətinə torpaq sahəsi almaqla bağlı müracət etmişdir. Torpaq şöbəsinin əməkdaşları yerində ölçü işləri aparmaqla ona 0,05 ha torpaq sahəsi ayırmışlar. Bir müddət sonra torpaq sahəsinə dair şəhadətnamə almışdır. Sonradan ev tikməyə imkanı olmadığından həmin torpaq sahəsini İddiaçı satmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəhadətnamə əsasında torpaq sahəsinə dair çıxarış almışdır. Ona torpaq sahəsi veriləndə heç bir problem olmamış, hamı kimi ona da 0,05 ha torpaq sahəsi verilmişdir. O, torpaq sahəsini alanda oradan qaz xətti keçməyib. Həmin torpaq sahəsinin bir hissəsinin bələdiyyə torpağı olması ilə bağlı heç bir söhbət olmayıb.
21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-7276A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə X6 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - xx.xx.2011-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X11 0,05 ha həyətyanı torpaq sahəsini İddiaçı satmışdır. - MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********41 reyestr nömrəli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. - AA seriyalı, 003963 nömrəli, xx.xx.2011-ci il tarixli plan-ölçü sənədinin surətindən görünür ki, Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (əsas Yevlax rayonu 1 saylı DNK, xx.xx.2011-ci il tarixli, 486 nömrəli alqısatqı müqaviləsi). - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Yevlax şəhəri ərazisində tərəflərin naturada göstərdiyi mübahisəli 0.0558 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı torpaq sahəsidir. Mübahisəli 0.0558 ha torpaq sahəsinin 0.0428 ha hissəsi **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0.0130 ha hissəsi Yevlax bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir. Torpaq sahəsinin faktiki istifadəçisi X3r. Torpaq sahəsinin koordinatları əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax bələdiyyəsinin xəritə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) JN-7276 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0,05 ha torpaq sahəsinə dair məlumatlar olmadığından MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşübdüşməməsini, kənaraçıxmanın olub-olmamasını müəyyən etmək olmadı. Əlavə məlumat üçün bildirilir ki, JN-7276 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş ölçülərlə MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışda göstərilən ölçülər eynilik təşkil edir. - İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Şəhadətnamənin surətinə əsasən müəyyən edilmişdir ki, şəhadətnamədə torpaq sahəsinin dəqiq koordinatları öz əksini tapmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
25. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin qismən əsaslıdır.
29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2805/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-278/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı qismən, yəni Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)- 80/2023 nömrəli qərarının iddiaçının iddiasının 72 kv.m aid torpaq sahəsinə dair hissəsinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilib və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
33. Ali Məhkəmə hazırkı iş üzrə 2-1(102)-2805/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, mütəxəssisin rəyində göstərilmiş 130 kv.m. (o cümlədən iddiaçının iddia etdiyi 72 kv.m) torpaq sahəsinin Yevlax bələdiyyəsinin mülkiyyətində olmasına gəldikdə isə, həmin məsələ tam və hərtərəfli araşdırılmamışdır, belə ki, 130 kv.m. torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən hüquq müəyyənedici sənəd tələb edilməlidir.
34. Ali Məhkəmənin həmin göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır.
35. Beləliklə məhkəmə kollegiyası tərəfindən Yevlax şəhər bələdiyyəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu edilmişdir.
36. Yevlax şəhər bələdiyyəsi 9 aprel 2024-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Yevlax bələdiyyəsində elektron baza sistemi mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə kollegiyasının 10 may 2024-cü il tarixli iclasında bildirmişdir ki, qeyd edilən 72 kv.m torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyil, yəni torpaq sahəsi üçün bələdiyyəni heç bir hüquq müəyyənedici sənədi yoxdur.
37. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş məktubun məzmunundan görünür ki, iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi Bələdiyyənin balansında olmaqla, hüquqların dövlət reyestrindən çıxarışla mülkiyyət hüquqları rəsmiləşdirilməlidir. Faktiki vəziyyətdə Bələdiyyənin də müraciəti daxil olacağı təqdirdə, eyni əsaslarla (qaz xəttinin mühafizə zolağının qorunması səbəbindən) çıxarışın verilməsindən imtina edilməsi istisna edilmir. Hesab edilir ki, bu hal artıq Birinci instansiya Məhkəməsi tərəfindən araşdırılmışdır. Hansı ki, Birinci instansiya Məhkəməsinin yekun məhkəmə aktı “iddia tələbinin rədd edilməsi” formasında olmuşdur. Əgər Bələdiyyənin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrindən qeydiyyatdan keçməsi və çıxarışla rəsmiləşdirilməsi məhkəmə araşdırması gedişatında müşayiət olunsa idi, iddia tələbi artıq başqa şəxslərin yüklü edilmiş hüquqları ilə əhatə olunduğundan və iddia tələbinə ilk öncə həmin hüquqların ləğvi barədə ərizəyə baxılmasından sonra mümkün olacağı əsasları ilə mümkün hesab edilməzdi. Etirazı müdafiə edir. Apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdirlər.
38. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə yerli bаxışа gələn şəxslərin iştirаklаrı ilə mübаhisə predmeti оlаn mübаhisə predmeti оlаn Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinə bаxış keçirərək müəyyən etmişdir ki, qeyd edilən torpaq sahəsinin hasarlanmış hissəsi ölçülərək eni 20 metr olmaqla onun 5 metri ərazi qaz kəməri ilə yaşayış və ictimai binalar arasında olan məsafə götürülməklə çıxılmışdır, Həmin ərazinin uzunluğu isə 27 metr olduğu müəyyən edildi. Lakin çıxarışdan görünür ki, 30 metr olmalı idi. Bu halda isə həmin ərazi yola çıxır.
39. Məhkəmə kollegiyasının 15 mart 2024-cü il tarixli iclasında şahid X11 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2006-cı ildə ev tikmək üçün Yevlax rayon İcra Hakimiyyətinə torpaq sahəsi almaqla bağlı müracət etmiş, torpaq şöbəsinin əməkdaşları yerində ölçü işləri aparmaqla ona 0,05 ha torpaq sahəsi ayırmışlar. Bir müddət sonra torpaq sahəsinə dair şəhadətnamə almışdır. Sonradan ev tikməyə imkanı olmadığından həmin torpaq sahəsini İddiaçı satmışdır. O, torpaq sahəsini alanda oradan qaz xətti keçməyib və həmin torpaq sahəsinin bir hissəsinin bələdiyyə torpağı olması ilə bağlı heç bir söhbət olmamışdır.
40. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ilk olaraq 28 mart 2006-cı il tarixində JN-7276A kod 90101002 üzrə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında keçmiş X5 Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən X4 mülkiyyətinə verilmiş, həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,05 hektar göstərilmiş, verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü barədə müvafiq sənəd tərtib edilmişdir ( işin İ cildinin 4-7-ci səhifələri).
41. Həmçinin iş materiallarında olan (işin İ cildinin 9-cu səhifəsi) Daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X11 onun mülkiyyətində olan sözügedən torpaq sahəsini İddiaçı satmışdır. Adıçəkilən müqavilənin 1-ci bəndində deyilir ki, “Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli, 9212 çıxış №-li arayışına əsasən Yevlax şəhərində yerləşən 0,05 (sıfır tam yüzdə beş) hektar həyətyanı torpaq sahəsini tam alıcının mülkiyyətinə verir”.
42. Həmçinin müqavilənin 2-ci bəndində yazılmışdır ki, “Satılan daşınmaz əmlak Yevlax rayon aqrar islahat komissiyasının xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə verilmiş, xx.xx.2006-cı il tarixli, JN №7276A, 90101002 kodlu torpağına mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında satıcıya məxsusdur”.
43. Eyni zamanda iş materiallarında olan (işin İ cildinin 11-ci səhifəsi) cavabdeh tərəfindən iddiaçının adına verilmiş xx.xx.2012-ci il tarixli, Seriya MA, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi, 0,05 hektar ölçüsündə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
44. İşin həmin cildinin 12-ci səhifəsində isə sözügedən torpaq sahəsinə dair iddiaçının adına cavabdeh tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və adıçəkilən torpaq sahəsinin ölçüsü 0,05 hektar olaraq yazılmış, torpaq sahəsinin planı və döngə nöqtələrinin koordinatları da mövcuddur.
45. Beləliklə, yuxarıda göstərilən bütün sənədlər müvafiq dövlət səlahiyyətli orqanları tərəfindən hazırlanaraq tərtib edilmişdir. Burada məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, “İnzibati icraat haqqında” qanunun 13-cü maddəsində “Etimad hüququnun qorunması prinsipi” müəyyən edilmişdir. Belə ki, həmin qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
46. Göründüyü kimi, iddiaçı Natiq Əliyevdən mübahisə predmeti olan torpaq sahəsinin məhz 0,05 hektar ölçüsündə qanuni qaydada almış və bütün formal tələblərə riayət edilmişdir.
47. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyinə görə müəyyən olunur ki, Yevlax şəhəri ərazisində tərəflərin naturada göstərdiyi mübahisəli 0,0558 ha torpaq sahəsinin 0,0428 ha hissəsi **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
48. Həmçinin mütəxəssisin rəyində 130 kv.m. (o cümlədən iddiaçının iddia etdiyi 72 kv.m) torpaq sahəsinin Yevlax bələdiyyəsinin mülkiyyətində olması göstərilsə də, 130 kv.m. torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən hüquq müəyyənedici sənəd təqdim edilməmiş, eyni zamanda kollegiyanın iclaısnda iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında qeyd edilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmamasını bildirmişdir.
49. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
50. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarı qismən, yəni mübahisə predmeti olan torpaq sahəsinin 72 kv.m hissəsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax şəhərində yerləşən 72 kv.m torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyi qoyulmalı, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)- 80/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarı qismən, mübahisə predmeti olan torpaq sahəsinin 72 kv.m hissəsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax şəhərində yerləşən 72 kv.m torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyi qoyulsun. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-80/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.