Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-152/2021 02.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialına qarşı “ona yaşa görə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-512/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Zərdab rayonunda anadan olmuşdur. 1964-cü ilin əvvəlindən 1996-ci ilədək tam 27 il Zərdab rayonu, “Şirvan” kolxozunda işləmişdir. İş stajı nəzərə alınmaqla əmək pensiyası ilə əlaqədar iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, guya 1969-1973 və 1975-1996-cı illərdə Zərdab rayon Şirvan kolxozunda əmək fəaliyyəti ilə məşğul olmaqla ümumilikdə 25 il sığorta stajı toplamışdır. Lakin iddiaçının iddia tələbi ilə bağlı hüquqi əsas mövcud deyil. Belə ki, iddiaçının adına heç vaxt əmək kitabçası olmamışdır və o, bununla bağlı heç bir instansiya qarşısında tələb irəli sürməmişdir. Halbuki işçinin əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. Bundan əlavə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışında olduqca ziddiyyətli məqamlar aşkar edilmişdir. Belə ki, arxiv arayışında 1969, 1970, 1973-cü illər qrafasının qeyd hissəsində İddiaçı adı deyil, Mamedov Elxan yazılmışdır. 1971, 1972, 1975, 1976, 1977, 1978, 1979, 1985, 1987-ci illər qrafasının qeyd hissəsində İddiaçı adı deyil, Məmmədov Elxan yazılmışdır. 1981 və 1983-cü illər qrafasının qeyd hissəsində İddiaçı (Elxan), 1984 və 1986-cı illər qrafasının qeyd hissəsində Məmmədov Elxan (Ağacan) yazılmışdır. Bütün bu faktlar həmin arxiv arayışının etibarlılığına əsaslı şübhələr yaradır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 214 nömrəli arxiv arayışından müəyyən edilir ki, iş üzrə İddiaçı 1969-1973 və 1975-1996-cı illərdə Zərdab rayonu “Şirvan” kolxozunda işləmişdir. Arxiv arayışının qeyd sütununda 1969-1979, 1985, 1987-ci illərin qarşısında “Mamedov Elxan”, 1981, 1983-1984, 1986-cı illərin qarşısında “Məmmədov Elxan (Ağacan), 19881996-cı illərin qarşısında “İddiaçı” qeyd edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)1086/2018 nömrəli qətnaməsi ilə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 243 saylı arxiv arayışlarında göstərilən Mamedov Elxan, Məmmədov Elxan ilə AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən İddiaçı eyni şəxs olması faktı müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubunda qeyd edilir ki, İddiaçı yaşa görə pensiya hüququ xx.xx.2018-ci iltarixdə yaranır. İddiaçının mübahisələndirilməyən Zərdab rayon Dövlət arxivi tərəfindən veriliş xx.xx.2018-ci il tarixli 243 saylı arxiv arayışı üzrə 23 il 02 ay qəbul olunmayan sığorta stajı vardır. Sabiq “Şirvan” kolxozunda kişilər üçün minumum adam günü norması 1969-1982-ci illər dövrü 240, 1983-1996-cı illər dövrü 200 adam günü olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.12.7-ci maddəsinə əsasən vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı tələb olunur. Məlumat üçün bildirilir ki, vətəndaş İmişli regional “Asan xidmət” mərkəzi vasitəsilə filiala əmək pensiyası təyin olunması üçün müraciət etmiş və tələb olunan sığorta stayı olmadığı üçün filialın əmək pensiyası təyin edən komissiyasının qərarı ilə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktda qeyd edilir ki, iddiaçının 19691971, 1973, 1975-1996-cı illər dövrü sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanılmış və Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 243 nömrəli arxiv arayışında göstərilənlərin doğru olması müəyyən edilmişdir. İş materiallarında olan 53 nömrəli xx.xx.1972-ci i tarixli Attestatın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək “Mirbəşir” 31 nömrəli texniki peşə məktəbində bənna sənəti üzrə təhsil almışdır. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, Zərdab rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 243 nömrəli arxiv arayışının surəti, 53 nömrəli xx.xx.1972ci i tarixli Attestatın təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli**********8 nömrəli, xx.xx.2019-cu il tarixli **********1 nömrəli, xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtina məktubları, cavabdehin xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Akt, cavabdehin xx.xx.2020-ci il tarixli etiraz məktubu, Zərdab rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)- 1086/2018 nömrəli Qətnaməsi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-512/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialının üzərinə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 512/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zərdab Rayon Filialına qarşı “yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddia ərizəsi liə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-512/2020 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “yaşa görə pensiya təyin edilməsi” öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Zərdab Rayon Filialına həvalə edilməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-1(116)-512/2020 nömrəli qərarını əsassız hesab edirlər. Belə ki, işçinin əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. İddiaçının adına isə heç vaxt əmək kitabçası olmamışdır. Bundan əlavə məhkəmənin tələbinə əsasən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab Rayon Filialının direktorunun imzası təsdiq edilmiş və məhkəməyə təqdim edilmiş arayışda təsbit olunmuşdur ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdə yaranmışdır. Həmin vaxtda iddiaçının yaşa görə pensiyaya çıxması üçün 16742.88 manat pensiya kapitalı tələb olunurdu. İddiaçının mövcud kapitalı isə 16250.81 manat təşkil etmişdir. Həmçinin həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı sosial sığorta stajı cəmi 23 il 2 ay təşkil etmiş və onun təhsil aldığı dövr kolxoz əmək fəaliyyəti ilə eyni dövrü əhatə etdiyindən qanunauyğun olaraq hesablanmaya daxil edilməmişdir. Göründüyü kimi həm pensiya kapitalı çatmadığı, həm də sosial sığorta stajı olmadığı halda məhkəmə bu halı nəzərə almamış və iddianı təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2010-cu il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1 -ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Odur ki, Şəki inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-512/2020 nömrəli qərarı ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-512/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-512/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə iddiaçının ona təqdim etdiyi arxiv arayışında qeyd olunan əmək fəaliyyəti dövrlərini, yəni 23 il 02 ay müddəti mübahisələndirmiş və 25 il sığorta stajının tamamlanmadığını əsas gətirərək müraciətdən imtina etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Cavabdeh orqan arxiv arayışında iddiaçının ad və soyadının bəzi illər üzrə fərqli qeyd edildiyini əsas gətirərək arayışda qeyd edilənlərə şübhə ilə yanaşaraq onu nəzərə almamışdır. Ancaq iş materiallarında olan məhkəmə qətnaməsindən də göründüyü kimi arxiv arayışında qeyd olunan şəxslə hazırkı iş üzrə iddiaçının eyni şəxs olması faktı öz təsdiqini tapmışdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən iddiaçının arxiv arayışına görə 23 il 02 ay sığorta stajı olması müəyyən edilmiş olur. Həmçinin iddiaçının 10 ay 6 gün təhsil müddətini də əlavə etdikdə onun cəmi sığorta stajı (23 il 02 ay + 10 ay 6 gün = 24 il 6 gün) 24 il 06 gün təşkil edir. Göründüyü kimi iddiaçıdan tələb olunan 25 il sığorta müddəti tamamlanmamışdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdə yaranmış, xx.xx.2018-ci il tarixdən 2018-ci ildə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 16742,88 manat təşkil etmiş və 2018-ci ildə xx.xx.2006-cı il tarixədək qazanılmış iş stajının hər ili üçün 701,48 manat pensiya kapitalı hesablanır. Bu da onu deməyə əsas verir ki, iddiaçının pensiya kapitalının müəyyən edilməsi üçün onun iş stajı 701,48 manata vurulmaqla pensiya kapitalı müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının cəmi 24 il 6 gün sosial sığorta stajı müəyyən olunur ki, bu da tələb olunan 16742,88 manat pensiya kapitalı məbləğini tamamlamış olur (701.48x24 il 06 gün=16847.21). İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddiaçı tələbində “ona yaşa görə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qeyd etsə də, məhkəmə hesab edir ki, onun arzusu ona yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə məhkəmə hesab edir ki, cavabdehin üzərinə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar verilməsi iddia tələbindən kənara çıxma kimi qəbul olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-512/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-152/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-152/2021
02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver