Məhkəmə qərarları › İş №2-1(107)-153/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-153/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-153/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “12.03.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2-1(116)-180/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 19.09.1972-ci ildən 04.03.1974-cü ilədək X11 Ticarəti İdarəsinin 118 nömrəli mağazasında satıcı vəzifəsində və 05.01.1998-ci ildən 26.12.2003-cü ilədək Yevlax “xxxx” Təmir Tikinti İdarəsində ekspeditor vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1954-cü ildə Yevlax rayon Cırdaxan kəndində anadan olmuşdur. 19.09.1972-ci ildən 04.03.1974-cü ilədək X11 Ticarəti İdarəsinin 118 nömrəli mağazasında satıcı vəzifəsində və 05.01.1998-ci ildən 26.12.2003cü ilədək Yevlax “xxxx” Təmir Tikinti İdarəsində ekspeditor vəzifəsində işləmişdir. Yaşı və iş stajı ilə əlaqədar olaraq əmək pensiyasına çıxmaq üçün DSMF-nun Yevlax rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan 30.09.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu ilə bildirmişdir ki, İddiaçı 19.09.1972-ci il tarixdən 04.03.1974-cü il tarixədək X11 ticarəti idarəsində və 05.01.1998-ci il tarixdən 28.12.2003-cü il tarixədək “xxxx” Təmir Tikinti müəssisəsində işlədiyi müəssisələr hal-hazırda işləmədiyindən, hüquqi ünvanı məlum olmadığına və Azərbaycan Respublikası Dövlət Yevlax Arxivinə verilmədiyinə görə həmin illəri sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı Şəki İnzibati Məhkəmənin dəftərxanasına 04.12.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “12.03.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10.12.2020-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə protokol qərardadı ilə icraata qəbul olunmuşdur. Cavabdehin iddiaya münasibəti: Aşağıda göstərilən qeydlərə əsasən iddia əsassızdır və təmin edilməməlidir:

1. İddiaçı 19.09.1972-ci ildən 04.03.1974-cü ilə qədər X11 ticarət idarəsində işlədiyini iddia edir. Lakin AR Yevlax rayon Dövlət Arxivinin 19 oktyabr 2020-ci il 36/10 nömrəli cavab məktubunda qeyd olunub ki, vətəndaşa aid sənədlər təhvil verilməmişdir, bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil.

2. İddiaçıya məxsus əmək kitabçasında X4 işə daxil olma tarixi 29.06.1994, əmrin nömrəsi isə 15 olaraq qeyd olunmuşdur. Həmin müəssisədə işdən çıxma tarixi göstərilsədə, heç bir möhürlə təsdiq edilməmişdir. AR Yevlax rayon Dövlət Arxivinin 19 oktyabr 2020-ci il 35/10 nömrəli cavab məktubunda işə daxil olma haqqında əmrin tarixi 20 iyun 1994-cü il nömrəsi 09 saylı olaraq göstərilmişdir. Bundan başqa, işdən çıxma əmr kitabı arxiv tərəfindən müəyyən edilməmişdir. Əlavə olaraq, arxiv arayışında göstərilən qeydlər yəni işə daxil olma və əmrin nömrəsi əmək kitabçasında göstərilən qeydlərlə üstüstə düşmür.

3. Vətəndaş İddiaçı 05.01.1998-ci ildən 28.12.2003-cü ilə qədər “xxxx” Təmirtikinti müəsissəsində işlədiyini iddia edir. AR Yevlax rayon Dövlət Arxivinin 19 oktyabr 2020-ci il 36/10 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Yevlax xxxx Təmir-tikinti İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X9 təhvil verilmədiyindən İddiaçı həmin müəsissələrdəki iş stajını müəyyən etmək mümkün olmadı. Bundan başqa, iddiaçının işdən çıxma ilə bağlı aparılan sənədləşmə qeyri iş gününə təsadüf edir. Göstərilənləri nəzərə alaraq, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Birinci instansiya məhkəməsinin 10.12.2020-ci il tarixli iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz təqdim etmiş yuxarıda qeyd olunan 3 səbəbdən başqa iddiaçının pambıqtəmizləmə zavodunda işlədiyi müddəti də mübahisələndirmiş, əsası kimi əmək kitabçasında olan möhürün latın qrafikası ilə olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan 25.07.1974-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 19.09.1972-ci il tarixdən 04.03.1974-cü il tarixədək 118 nömrəli mağazada satıcı vəzifəsində, 05.01.1998-ci ildən 28.12.2003-cü ilədək “xxxx” Təmir Tikinti Müəssisəsində ekspeditor vəzifəsində işləmişdir. İş materiallarında olan DSMF-nun Yevlax şəhər şöbəsinin 05.11.2019-cu il tarixli **********4 nömrəli məktubundan görünür ki, İddiaçı əyani təhsil illəri sosial sığorta stajına daxil edilərsə eyni ilə ümumi stajı 25 ildən artıq olarsa onun yaşa göə ümumi əsaslarla pensiya hüququ yaranır. İş materiallarında olan DSMF-nun Yevlax şəhər şöbəsinin 15.04.2020-ci il tarixli **********0 nömrəli xidməti məktubunda qeyd olunmuşdur ki, İddiaçı 28.02.2018-ci il tarixində pensiya almaq hüququ yaranır, onun 19.09.197404.03.1974-cü illərdə Qarışıq Mallar Ticarəti İdarəsində, 05.01.1998-26.12.2003-cü illərdə Yevlax “xxxx” Təmir Tikinti İdarəsində işləməsi mübahisəli iş stajına daxildir və 7 il 5 ay 4 gün olmaqla pensiya kapitalı 6257,48 manat təşkil edir. Vətəndaşın mübahisələndirilməyən iş stajı 21 il 6 ay 29 gün olmaqla 18179,79 manat pensiya kapitalı təşkil edir. Vətəndaşın tələbində qeyd olunan müddət daxil edilərsə pensiya almaq hüququ yaranır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 29.04.2020-ci il tarixli 88/10 nömrəli məktubunda qeyd olunmuşdur ki, X11 Ticarəti İdarəsinin və Yevlax “xxxx” Təmir Tikinti İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X9 təhvil verilmədiyindən İddiaçı həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 12.11.1974-cü ildən 11.11.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsinin 29.09.2020-ci il tarixli **********446700 nömrəli məktubunda qeyd olunmuşdur ki, “xxxx” Təmir Tikinti Müəssisəsi 08.01.1997-ci il tarixdə 32220 saylı şəhadətnamə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. X1 tərəfindən təsis edilmiş, 17.01.1997-ci il tarixdə ********* saylı 9 rəqəmli VÖEN ilə, 12.12.2019-cu il tarixdən isə ********** saylı 10 rəqəmli VÖEN ilə vergi uçotuna alınmışdır. Müəssisə 10 rəqəmli VÖEN ilə vergi uçotuna 12.12.2019-cu il tarixdən alındığı üçün həmin tarixdən əvvəlki dövrdə fəaliyyəti haqqında məlumatın verilməsi mümkün deyildir. Məlumat-uçot bazasına əsasən müəssisənin fəaliyyəti 12.12.2019-cu il tarixdən aktivdir və 05.12.2019-cu il tarixdən X8 müəssisənin direktoru vəzifəsinə təyin olunmuşdur. Məlumatuçot bazasında İddiaçı “xxxx” Təmir Tikinti Müəssisəsində işləyibişləməməsi, vergi və sosial sığorta ödənişləri barədə məlumatların verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 19.10.2020-ci il tarixli 35/10 nömrəli məktubunda qeyd olunur ki, yevlax rayonu X2 20.06.1994-cü il tarixli 09 saylı əmrinə əsasən İddiaçı X3 baş aqronom vəzifəsinə təyin olunmuşdur. Yevlax rayon X2 1997-ci ilin əmr kitabı X9 verilmədiyindən iddiaçının işdən çıxma əmrini müəyyən etmək olmamışdır. Yevlax rayon X2 1994-1997-ci illər şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı təsərrüfatda işləyərək 1994-cü il 230100 manat, 1995-ci il 538900 manat, 1996-cı il 887380 manat, 1997-ci il ******* manat əmək haqqı almışdır. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara DSMFnun Yevlax şəhər şöbəsinin 30.09.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti, 25.07.1974-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surəti, DSMF-nun Yevlax şəhər şöbəsinin 05.11.2019-cu il tarixli **********4 nömrəli məktubu, DSMF-nun Yevlax şəhər şöbəsinin 15.04.2020-ci il tarixli **********0 nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 29.04.2020-ci il tarixli 88/10 nömrəli məktubu, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti başçısının 1 saylı sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 21.08.2020-ci il tarixli 175 nömrəli məktubu, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsinin 29.09.2020-ci il tarixli **********446700 nömrəli məktubu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 19.10.2020-ci il tarixli 35/10 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2-1(116)-180/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının üzərinə İddiaçı hüququ yarandığı 12.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2-1(116)- 180/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına (Yevlax rayon filialına) qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “12.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməst' barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-180/2020 saylı 10 dekabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 12.03.2018-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon filialına həvalə edilmişdir. Hesab edirik ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin müvafiq filialına ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialı ərizəyə 23 sentyabr 2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı 19.09.1972-ci il tarixdən 04.03.1974-cü il tarixədək X11 ticarəti idarəsində və 05.01.1998-ci il tarixdən 28.12.2003-cü il tarixədək xxxx Təmir Tikinti müəssisəsində işlədiyi müəssisələr halhazırda işləmədiyindən, hüquqi ünvanı məlum olmadığından və sənədləri Azərbaycan Respublikası X9 verilmədiyinə görə həmin illəri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçı 19.09.1972-ci ildən 04.03.1974-cü ilə qədər X11 ticarət idarəsində işlədiyini iddia edir. Lakin AR Yevlax rayon Dövlət Arxivinin 19 oktyabr 2020-ci il 36/10 nömrəli cavab məktubunda qeyd olunub ki, iddiaçıya aid sənədlər təhvil verilməmişdir, bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçıya məxsus əmək kitabçasında X4 işə daxil olma tarixi 29.06.1994, əmrin nömrəsi isə 15 olaraq qeyd olunmuşdur. Həmin müəssisədə işdən çıxma tarixi göstərilsədə, heç bir möhürlə təsdiq edilməmişdir. AR Yevlax rayon Dövlət Arxivinin 19 oktyabr 2020-ci il 35/10 nömrəli cavab məktubunda işə daxil olma haqqında əmrin tarixi 20 iyun 1994-cü il nömrəsi 09 saylı olaraq göstərilmişdir. Bundan başqa, işdən çıxma əmr kitabı arxiv tərəfindən müəyyən edilməmişdir. Əlavə olaraq, arxiv arayışında göstərilən qeydlər yəni işə daxil olma tarixi və əmrin nömrəsi əmək kitabçasında göstərilən qeydlərlə üst-üstə düşmür. Vətəndaş İddiaçı 05.01.1998-ci ildən 28.12.2003-cü ilə qədər “xxxx” Təmir-tikinti müəsissəsində işlədiyini iddia edir. AR Yevlax rayon Dövlət Arxivinin 19 oktyabr 2020-ci il 36/10 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Yevlax xxxx Təmir-tikinti idarəsinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X9 təhvil verilmədiyindən İddiaçı həmin müəsissələrdəki iş stajını müəyyən etmək mümkün olmadı. Bundan başqa, iddiaçının işdən çıxma ilə bağlı aparılan sənədləşmə qeyri-iş gününə təsadüf edir. İddiaçı 01.04.1977-25.06.1984, 01.08.1984-28.01.1992, 21.09.1992-20.06.1994-cü illərdə xxxxtəmizləmə zavodunda işlədiyini iddia edir. 25.06.1984-cü ildə işdən azad olma ilə bağlı möhür latın dilindədir və dövlət gerbi əks olunmuşdur. 30 sentyabr 2002-ci il “Azərbaycan Respublikasının dövlət dili haqqında” AR Qanununun 17- ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. “Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 19 yanvar 1993-cü ildə qəbul olunmuşdur. Göstərilənləri nəzərə alaraq bu hal xüsusi şübhə doğurur. Bundan başqa, 1992-ci ildə işdən azad olma möhürü əvvəlkindən tamamilə fərqlidir, baxmayaraq ki müəssisə eynidir. 1994-cü ildə isə 1984-cü ildə əks olunmuş möhür qeyd olunmuşdur. Belə ki, İddiaçı 19.09.1972-ci il tarixdən 04.03.1974-cü il tarixədək X11 ticarəti idarəsində və 05.01,1998-ci il tarixdən 28.12.2003-cü il tarixədək xxxx Təmir Tikinti müəssisəsində işlədiyi müəssisələr hal-hazırda işləmədiyindən, hüquqi ünvanı məlum olmadığından və sənədləri Azərbaycan Respublikası X9 verilmədiyinə görə həmin illəri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının tələb olunan sosial sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81 və 83 maddələrini nəzərə alaraq, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-180/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi yeni qərar qəbul edilməsini xahiş edirik.

Tərəflərin izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2-1(116)-180/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının 15 aprel 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2-1(116)-180/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi

Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslıdır və Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının üzərinə İddiaçı hüququ yarandığı 12.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı iddia ərizəsində 19.09.1972-ci ildən 04.03.1974-cü ilədək X11 Ticarəti İdarəsinin 118 nömrəli mağazasında satıcı vəzifəsində və 05.01.1998-ci ildən 26.12.2003cü ilədək Yevlax “xxxx” Təmir Tikinti İdarəsində ekspeditor vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi 1992-ci ildə qəbul edilmiş və 01.01.2006cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etmişdir. Həmin normalara görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Sözügedən normaların mübahisəyə tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İşdəolan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 19.10.2020-ci il tarixli 35/10 nömrəli məktubunda qeyd olunur ki, Yevlax rayonu X2 20.06.1994-cü il tarixli 09 saylı əmrinə əsasən İddiaçı X3 baş aqronom vəzifəsinə təyin olunmuşdur. Yevlax rayon X2 1997-ci ilin əmr kitabı X9 verilmədiyindən iddiaçının işdən çıxma əmrini müəyyən etmək olmamışdır. Yevlax rayon X2 1994-1997-ci illər şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı təsərrüfatda işləyərək 1994-cü il 230100 manat, 1995-ci il 538900 manat, 1996-cı il 887380 manat, 1997-ci il ******* manat əmək haqqı almışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş 16.03.2021-ci il tarixli, 98/10 nömrəli arayışla təsdiq edilir ki, iddiaçı 1994-1997-ci illərdə X3 işləmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, 19.09.1972-ci il tarixdən 04.03.1974-cü il tarixədək X11 ticarəti idarəsində və 05.01.1998-ci il tarixdən 28.12.2003-cü il tarixədək “xxxx” Təmir Tikinti müəssisəsində işlədiyi müəssisələr hal-hazırda işləmədiyindən, hüquqi ünvanı məlum olmadığına və Azərbaycan Respublikası Dövlət Yevlax Arxivinə verilməməsi olmuşdur. Qeyd olunan halı cavabdeh orqan məhkəməyə göndərdiyi ilk etirazda da qeyd etmişdir. Bundan sonra cavabdehin nümayəndəsi iddiaya etirazda artıq ilkin imtinanın əsası olmayan digər dəlil irəli sürmüş, axırıncı iclasda isə bundan başqa ümumiyyətlə mübahisələndirilməmiş məsələ ilə bağlı dəlil gətirmişdir. Cavabdeh inzibati orqan tərəfindən ümumiyyətlə inzibati araşdırma aparılmamışdır. Hətta iddiaçının pensiya hüququnun yarandığı vaxtı da səhv qeyd etmişlər. İddiaçı xx.xx.1954-cü ildə doğulduğu halda onun pensiya yaşına 28.02.2018-ci il tarixində çatdığını bildirmişlər. Etirazda X3 iddiaçının işləməsini mübahisələndirən cavabdehin özünün etiraza əlavə etdiyi arxiv arayışından iddiaçının orada işləməsi təsdiqini tapır. Pambıq təmizləmə zavodunda olan iş stajı ilə bağlı isə dəlillər sonradan düzgün aparılmamış inzibati icraatın qanuni və əsaslı olması görüntüsü yaratmaq məqsədi ilə irəli sürülmüşdür. Əmək kitabçasında şübhəyə əsas veriləcək qaralama və düzəliş edilməmiş, əmək kitabçasında qeydlərin ardıcıllığı və aparılma qaydasına əməl edilmişdir. “xxxx” Təmir-tikinti müəsissəsində iddiaçının işdən çıxması ilə bağlı aparılan sənədləşmənin qeyri iş gününə təsadüf etməsi isə qeyd olunan stajın saxta olmasına dəlalət etmir. Şənbə və bazar gününün qeyri-iş günü olması həmin günlərdə işləməyin qanunsuz olmasına səbəb olmur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı “xxxx” Təmir Tikinti müəssisəsində işləməsi hal-hazırda fəaliyyət göstərən müəssisəsinin məhkəməyə təqdim edilmiş 15.05.2021-ci il tarixli 02 nömrəli arayışı ilə bir daha təsdiq edilir. Belə ki, həmin arayışda göstərilir ki, İddiaçı 01.05.1998-ci ildən 26.12.2003-cü il tarixə kimi Yevlax şəhərində yerləşən “xxxx” Təmir Tikinti müəssisəsində ekspeditel vəzifəsində işləmişdir. Arayışda həm də göstərilir ki, İddiaçı işdən azad edilməsi barədə 131 saylı Əmr 26.12.2003-cü il tarixdə verilməsinə baxmayaraq onun əmək kitabçasında 28.12.2003-cü il kimi göstərilmişdir. Bu formal xətanın aradan qaldırlması xahiş edir. Göründüyü kimi İddiaçı mübahisələndirilən 01.05.1998-ci ildən 26.12.2003-cü ilə kimi “xxxx” Təmir Tikinti müəssisəsində işləməsinə dair heç bir şübhə yoxdur. Cavabdeh orqanın İddiaçı xxxxtəmizləmə zavodunda 01.04.1977-25.06.1984, 01.08.1984-28.01.1992, 21.09.1992-20.06.1994-cü illərdə işləməsini şübhə altına alır. Lakin apellyasiya məhkəməsi baxışında təqdim edilmiş “xxxx” ASC-nin təqdim etdiyi 05.04.2021-ci il tarixli, 01/19 nömrəli, 11 mart 2021-ci il tarixli 01/04 nömrəli, 16 mart 2021ci il tarixli, 01/09 nömrəli, 05 may 2020-ci il tarixli, 01/15 nömrəli arayışlarla müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 17 iyun 1997-ci il tarixli № 315 Sərancamına əsasən xxxxtəmizləmə zavodunun bazasında “xxxx” ASC təsisi edilmişdir. İddiaçı da əmək kitabçasına göstərilən illərdə həmin cəmiyyətdə işləmişdir. Beləliklə İddiaçı hərbi xidmət illərini də iş stajına əlavə etmiş olsaq onun 25 il iş stajı tamamlanmış olur. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ilə bağlı məhkəmə qeyd edir ki, 1 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, onun istinad etdiyi normalarda təsbit olunanlar həmin qanunların məqsədlərinə cavab versə də Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqularının yaranmasının əsasları, bu hüquqların həyəta keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında’’ Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənışsız məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

qərаrа аldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2-1(116)-180/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar